Nigar İsmayılqızının
sevən ürəyi...
Gecənin bir vaxtı zəng gəlir. Özü də
“votsap”a. Bu kimdi görən? -deyə ürəyimdə
fikirləşirəm. Axırı xeyir olsun. Yoldaşım da mənim kimi ayıq yatır və bu cür zəngləri
məndən qabaq eşidir. Kimdi? -İndi o soruşur. Nə bilim? Bax da.
O da baxır və mesajı aça-aça deyir: Sevən ürək. Dikəlirəm. Canıma vəlvələ düşür. Ürəyində oxuyur, qayıdır ki, bir xanımdı,
İstanbulda yaşayır,
səni tanıyır.
Vay dədə!!! İşə
düşdük də!!!
Alıb oxuyuram. Nigar İsmayılqızıdır.
Zamanında məndən müsahibələr
götürüb, şəklini
də qoyub ki, tanıya bilim. İndi İstanbulda yaşadığını
deyir və istəyir ki, onun kitabının redaktoru olum. Hər ehtimala qarşı çap olunduğu saytların da adını göndərib.
Səhər saytları açıb oxuyuram. Səliqəli yazılardı, cüzi
redaktəyə ehtiyac
var.
Razılaşırıq. Sonra mənə
yazılarını göndərir,
redaktə üçün.
Və...
Və dostlar, mən bir daha
əmin oldum ki, qadın nəsri deyilən bir anlam var. Qadınlar düşüncələrlə
yox, daha çox hisslərlə yazırlar. Yəni hisslər düşüncəni
üstələyir. Onların qəlbi
bir ayna kimi bizə açılır. “Sevən ürək”.
Əla logindir. Düz yerinə düşüb.
Müəllifinə bənzəyir...
Nigar İsmayılqızı
Orxan Pamuk vurğunudu. Hər yazısında onun adını çəkir,
əsərlərindən və
fikirlərindən sitat
gətirir...
...Qadınlar təkcə qəlbləri ilə yox, həm də
qulaqları ilə sevirlər, elə sevinirlər də. “Qadının qəlbi boşdur, onu doldurmaq lazımdır” deyimi burda yerinə
düşür... Qadınlar sevgiyə
möhtacdılar. Onlar hər
məhrumiyyətə dözərlər,
xəyanətə yox.
Kişi-qadın sevgisi, Pyer Lotinin Azidəyə sevgisi kimi, bir
çox xanımı
riqqətə gətirir,
onlarda qibtə hissini alovlandırır.
Nigar xanım İstanbulu gözəl qadına bənzədir. Bir dəfə dostlardan biri İstanbula ilk səfərini belə xatırlayırdı: “İstanbul
üzümə gözəl
gəlin kimi açıldı”. Nigar xanım
da onu gözəl
qadına bənzədir.
Yəqin
ki, bu əfsanəvi
şəhəri igid kişilərə də oxşadanlar var. İndilikdə
isə söhbət qadın nəsrindən və duyğusundan gedir.
İstanbula vurğunluq onun qanına və canına hopub. Bəlkə elə
ona görə də doğma Bakıdan İstanbula köçüb. Bu şəhərdən fəxrlə
danışmaqdan doymur.
Onun küçələrini, adamlarını
vurğunluqla təsvir
edir. Qarı, yağışı, romantik ab-havanı sevir. Qəribəliyi qəfil yoxa
çıxdığı kimi, qəfil də peyda olmaqdadır.
Sevmək üçün ürəyində yer çoxdu, özü də qəlbi həsir kimi yüngüldür, hara istəsən özüylə
daşıya bilər.
Sarı gülləri
sevir, ona görə də “sarı
lalələr alır
çiçək bazarından”.
Ona görə, sarı güllər ayrılıq yox, sevgi rəmzidir... Deyəsən sevgisi də
bütöv, təmənnasızdır.
Hər halda mən belə başa düşdüm. Yazıçı
nədən yazır yazsın, orda özündən də nəsə var: bir az fərqli, bir az başqa rəng
və çalarda...
Nigar İsmayılqızı
həyata bir tamaşa kimi baxanlardandır. Özü də bu tamaşaların
janrı psixoloji dramlardır: öz müəllifi, rejissoru, obrazları və tamaşaçıları ilə
birgə... Dekorlar da yerində - siqaret dumanına kimi...Çox vaxt da tamaşanın
impressiariosu Tanrının
özü olur...
Nigar İsmayılqızı
üslubunda gerçəkçi
olsa da, ruhən impressionistdir. Çünki xatirələrlə yaşamağı
sevir. Nostalji onun ruhunda və qanındadır.
Məşhur deyimi bir qədər improvizə etsək, yaraşar:
“Uşaqlıq onun vətənidir”...
Masal adını
çox sevir və qızı olsa, ona bu
adı verəcək. Mistikaya meylli
olmasa da, inanılmaz hadisələrlə
çox üzləşib.
Ən əsası: hədiyyə
verməyi sevir, yəqin elə almağı da...
Rəngbərəng şərflər,
dördkünc çanta
və çemodanlar, güllü yaylıqlar onun yol yoldaşıdır...
Nə deyim. Kitab bu günlərdə işıq üzü görəcək. Oxuyun və mənim dediklərimə şərik çıxın. Zövqünüzə inanıram...
Avqustun sonu, 2015
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2015.- 5 sentyabr.- S.2.3