Klassik irsimizin dəyərli
tədqiqatçısı Michael Hess
Klassik türkdilli
Azərbaycan ədəbi
irsi uzun illərdir ki, Qərb şərqşünaslığının
diqqətindən yayınmışdır. Əgər
keçən əsrin
əvvəllərində E. Gibb və V. Minorski kimi böyük şərqşünaslar Qazi
Bürhanəddin, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi kimi şairlərə oçerklər həsr etmişsə də, əsrin ortalarına doğru bu tendensiya
çox zəifləmişdir.
Altmışıncı illərdə K. Burrillin
Nəsimi ilə tədqiqatı istisna olmaqla, klassik irsimiz Qərb şərqşünaslığında ya tam unudulmuş, ya da Osmanlı
çətiri altında
özünə sığınacaq
tapmışdır (V. Andreyusun
tədqiqatları). Bir neçə
ildir klassik irsimizi xaricdə təbliğ edən bir mütəxəssis kimi deyə bilərəm ki, dünyanın bir çox elm mərkəzlərində
və dərgilərində
“Azərbaycan ədəbiyyatı”
anlamının qarşısında
keçilməz sədd
çəkilib.
Klassik irsimiz bizim üçün neftdən də dəyərli bir nemətdir və bu nemətə göz dikənlər çoxdur. Şərqşünaslıq
mərkəzlərini doldurmuş
və “Azərbaycan” sözünü eşitdikdə
qıcıqlanan fars alimləri bir yana qalsın, F. Köprülüdən, H. Ayandan,
Y.Akpınardan, A. Karahandan
fərqli olaraq, bəzi müasir Türkiyə alimlərinin
klassik irsimizin osmanlılaşmasını sakit
bir məmnunluq hissi ilə qarşıladığını da görürük. Bu halda Qərb
şərqşünaslıq məktəbinin yetirməsi
olan hər bir alimin klassik
ədəbiyyatımızla bağlı tədqiqatı
böyük önəm
daşıyır.
Hal-hazırda Qərb şərqşünaslığında klassik Azərbaycan ədəbiyyatını tədqiq
edən yeganə nüfuzlu alimin Michael (almanca tələffüzdə:
Mixael) Hess olduğunu desək, yanılmarıq.
Bu alimin Avropa
elminin böyük mərkəzlərində klassik
irsimizin Qazi Bürhanəddin, Nəsimi,
Xətai və başqa nümayəndələri
ilə bağlı çıxışları və
məqalələri bir
azərbaycanlı kimi
qəlbimizdə hədsiz
minnətdarlıq hissi
doğurur.
Michael Hess 1967-ci ildə Almaniyanın Offenbax şəhərində dünyaya
gəlmiş, 1987-1992-ci illərdə
Frankfurt Universitetinin Şərqşünaslıq
fakültəsində təhsil
almış, universiteti
əlaçı magistr
diplomu ilə bitirmişdir. 1993-1997-ci illərdə
M. Hess Maynz Universitetinin doktoranturasına qəbul olmuş, görkəmli türkoloq alim Lars Johansonun rəhbərliyi altında doktorluq dissertasiyası yazıb,
1997-ci ilə müdafiə
etmişdir. M. Hess Almaniyanın
nüfuzlu Maynz, Freie Universitet Berlin,
Frankfurt am Main universitetlərində elmi tədqiqatlar aparmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərib
Azərbaycan ədəbiyyatından
mühazirələr söyləmişdir.
O, universitet illərində
türk dili və ədəbiyyatı
və islam
elmləri ilə yanaşı, yunan dilini də
öyrənmişdir. Bir haşiyə
çıxıb qeyd
etmək istərdim ki, hal-hazırda qabaqcıl dünya elmində sırf bir sahə ilə
bağlı tədqiqatlardansa,
müxtəlif elm sahələrini
özündə birləşdirən
əsərlərə üstünlük
verilir və kadrların hazırlığında
da bu məqsəd
güdülür. Şərq dilləri
və ədəbiyyatı
ilə yanaşı yunan fəlsəfəsini,
İslam daxilində yaranmış müxtəlif
fikir cərəyanlarını
mükəmməl bir
tərzdə mənimsəmiş
gənc alim tədqiqat sahəsi kimi klassik Azərbaycan
ədəbiyyatını və
Nəsimi yaradıcılığını
seçir. Onun bu sahədə yazdığı əsərlərdə qərbin mükəmməl metodologiyasının
Şərq mədəniyyətinə
tətbiqindəki uğurlar
hiss olunmaqdadır.
2000-2004-cü illərdə Alman
Elmi-tədqiqat Assosiasiyası Michaell Hess-i böyük Azərbaycan
şairi Nəsiminin türkcə
divanının tədqiqi proyektinə cəlb edir.
Həmin illərdə alim dəfələrlə
Bakıya, İstanbula, Konyaya
səfər edir, şairin
divanının əlyazma nüsxələri ilə
tanış olur. M. Hess 2009-cu ildə bu tədqiqatını
Die Sprache des Menschengottes (Untersuchungen zu Imad əd-Din Nəsimis (d.
ca. 1400) türkischem Divan (Həqq əhlinin dili;
İmadəddin Nəsiminin türkcə divanı üzərində
tədqiqat) adlı kitab halında nəşr
etdirir. Bundan sonra alim Almaniyanın
nüfuzlu universitetlərindən
olan Freie Universitet Berlində müxtəlif proqramlara cəlb olunur. M. Hess hürufilik,
İslamda hərf simvolizminin yaranması və təkamülü, konkret olaraq, Nəsimi yaradıcılığı
ilə bağlı bir sıra sanballı
tədqiqatların müəllifidir.
Əski ərəb əlifbası
ilə yazılmış
orta əsrlər türk əlyazmalarının
oxunması və araşdırılması sahəsində
misilsiz mütəxəssis
olan alim bu sahədə də bir sıra
tədqiqatlar ərsəyə
gətirmişdir.
Michael Hess-in Azərbaycana bağlılığı heç
də ədəbiyyatla
məhdudlaşmır. 2014-cü ilin oktyabrında alim Almaniyanın Oldenburq şəhərində
Carl von Ossietzky universitetində Azərbaycana qarşı
20 Yanvar terroru ilə bağlı məruzə ilə çıxış edib.
Həmin
ilin noyabrında
Michael Hess Berlində Qarabağ
konflikti ilə bağlı məruzə edib.
M. Hess Azərbaycan ədəbiyyatı
ilə bağlı mütəxəssis qismində
Brill nəşriyyatı tərəfindən
İslam Ensiklopediyasının
3-cü nəşrinin hazırlanmasına
cəlb edilmişdir. Çoxcildli İslam Ensiklopediyasının
nə qədər nüfuzlu bir nəşr olmasını
təkrarlamağa ehtiyac
yoxdur. Brill nəşriyyat evi bu nəşrin ətrafında müasir dünyamızın ən
ünlü alimlərini
toplayaraq Ensiklopediyanın
yeni nəşrinin hazırlanmasına başlamışdır.
M. Hess artıq burada “Azərbaycan ədəbiyyatı”
adlı icmal xarakterli yazı və Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy
Haqverdiyev, Əhməd
Cavad, Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazarlarımızla bağlı
oçerklərlə təmsil
olunur. Lakin bu siyahı tam deyil; ensiklopediya üzərində iş davam edir. M.
Hess Almaniyanın özündə
nəşr olunan ədəbiyyatla bağlı
ensiklopediya və lüğətlərdə də
Azərbaycan ədəbiyyatı
ilə bağlı hissələrin yazılmasında
fəal iştirak edir.
Michael Hessin
klassik irsimizlə bağlı xidmətlərini
qeyd etməkdə məqsəd Azərbaycanın
müvafiq elm müəssisələrinin
diqqətini onun
yaradıcılığına cəlb etməkdir. Onun Nəsimi ilə bağlı
monoqrafiyasının doğma dilimizə tərcüməsi
də gündəmə gəlsə yaxşı olar. Eləcə də, alimlə əlaqələri
genişləndirib görkəmli ədib və şairlərimizin
dünyada tanınması sahəsində
nəzərəçarpan uğurlar əldə
edə bilərik.
Aida
QASIMOVA
525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.23