Xan  Altay ucalığı

 

 

Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkoru ilə maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır… Qədim türklər dağları canlı sayırdılar, buna görə də onlara sevgiylə, ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan Altay…   Geniş yayılmış elmi yanaşmaya görə türk, monqol, fin-uqor, tunqus-mancur, kore və yapon dillərinin qohumluğu var, hamısının kökü Altaya bağlıdır; buna görə də bu dilləri Altay dil ailəsi adlandırırlar. Yəni Avrasiya genişliyinə sahib olan əsas güclərin beşiyi, anayurdu Altaydır. Fərqli düşünən, yəni türklərin birmənalı şəkildə yalnız Doğudan Batıya hərəkəti haqqında az qala aksioma çevrilmiş bu fikri qəbul etməyən, türklərin anayurdunun Urmiyə gölünün çevrəsi, Güney Azərbaycan və Qoşaçayarası (Mesapotomiya) olduğu fikrini deyənlər və türk dillərinin ayrıca bir ailə olduğunu irəli sürənlər də vardır. “…Türkdilli xalqların, o cümlədən azərbaycanlıların ulu babalarının beşik yurdlarını təkcə Şərqdə axtarmaq doğru deyildir. Protoazərbaycan, prototürk nüvəsinin çox qədim izlərinin –  yəni qayaüstü yazı və damğaların  oxunuşu sahəsində atılan ilk addımlar, dil və mədəniyyətimizin şumer, akkad, hett, asur, pelask-etrusk mədəniyyətləri ilə çeşidli şəkildə üzə çıxan bağlılığı fikrimizi bir daha təsdiq edir. …Buna görə də bəzi Azərbaycan və dünya alimləri türk soylarını Qafqazın və bitişik ərazilərin ən qədim etnosları sayırlar. …Yəni türklərin ulu babaları çox qədim zamanlardan – hələ Şumer, Babilistan dövründən Kiçik Asiyadan, Balkanlardan tutmuş Uzaq Şərqə qədər, geniş bir ərazidə yayılmışlar və onların sonrakı məlum yürüşləri özlərinə məxsus bir dünyanın daxılındə baş vermişdir”. Bu da mənim fikrimdir. Otuz il əvvəl yazmışdım.   Lakin bu fərqli yanaşmalar Altayın qədim türk yurdu, daha doğrusu, türklərin ilk beşiklərindən biri olması fikrini inkar etmir. Altay həm də bütövlükdə insanlığın ilk uyğarlıqlarının doğulduğu yerlərdən, öz bioloji və mənəvi enerjisi ilə Yer kürəsinin tarazlığını qoruyan mərkəzlərdən biridir.   Arxeologiya tapıntılarına görə, bu ərazilərdə insanlar təxminən bir milyon beş yüz min il öncədən yaşamağa başlamışlar.   Qayaüstü rəsmlər, kurqanlar, kurqanlardan tapılmış əşyalar və mumiyalar, günümüzədək gəlib çatan balballlar, daş babalar, daş nənələr, Pazırık xalçası! Hamısı min illər öncə yaşamış və heç sübhəsiz, bu günkü türklərin əcdadı olan insanların yadigarlarıdır.   Tarix saxtakarları, Avropada türk izlərini silməyə çalışmaları yetərli deyimiş kimi, buralara da əl uzadır, qədim Asiyanın mərkəzindəki bu mədəniyyəti də Avropa adına çıxmağa çalışırlar; amma Hun-Skif-Türk silsiləsi bir etnik kökdən gəldiyi kimi, müxtəlif mədəniyyət qatları arasında da qırılmaz bir varislik var. Skif, Hun imperatorlarından sonra Türk adının önə çıxdığı dövrdə – 545-ci ildə qurulmuş Türk xaqanlığının mərkəz bölgəlrindən biri də Altay olmuşdur. Təsadüfi deyil ki, məhz Altay respublikasının təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Moskvada ilk Türk xaqanlığının 1450 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.   Altay uzun müddət Kalmık–Cunqar əsarətində qalmış, 250 il öncə Rusiyaya qatılmışdır. Hər nə qədər könüllü desələr də, bu bir işğal idi. 80-ci illərə qədər yazılan tarix kitablarımızda bizim alimlər də tariximizi bu cür saxtalaşdıraraq, xalqımızın qəhrəmanlıq mübarizəsini, müqavimətini unutduraraq Rusiyaya könüllü birləşdiyimizi iddia edirdilər. Birləşmədən sonra qədim tanrıçılıq və şamanizm diyarına provaslavlığı qəbul etdirməyə başlamışlar. 1 iyun 1922-ci ildə Altay diyarı nəzdində mərkəzi Ulala olan (bu günkü Qorno-Altaysk) Altay respublikası 1933-ci ildə Oyrot Muxtar vilayətinə çevrilmişdi. Yeri gəlmişkən deyim ki, Azərbaycanın Masallı, Lerik rayonlarının meşə ərazilərində monqollarla gəlmiş oratlılar hələ də yaşayırlar. Altaylılara görə oytarlı və oratlı meşə adamı deməkdir.   3 iyun 1991-ci ildə bölgənin statusu yüksəldilir və öncə Dağlıq Altay repsublikası, 1993-cü ildən isə Altay respublikı adlandırılır. Öz Ana Yasası, bayrağı, gerbi var. Ali qanunverici orqanı El Qurultayıdır. Altay respublikası Qazaxıstan, Çin, Monqolostan dövlətləri ilə, Tuva və Xakas respublikaları, Altay diyarı və Kemerova vilayəti ilə sərhədlənir.   Altay Avrasiyanın göbəyində bir neçə ölkə arasında  bölünsə də, tarixi, ruhu, havası və suyu etibarilə bölünməz, bütöv bir tamdır. Tarixin, yolların və ruhun yanında dövlət sərhədləri, siyasi bölgülər boş, mənasız və qısa ömürlü bir şeydir. Yolun ömrü dövlətlərin ömründən uzundur. İpək yolunu ot bassa da unudulmur, yüzillər keçir, dəvə karvanlarını maşın karvanları əvəz edir, yol yenidən işlək hala gətirilir, ancaq onun üstündəki neçə-neçə ölkə əbədilik tarixə qovuşur.   “Altay – Avrasiya materikinin mərkəzidir” fikrinin çoxlu təsdiqi var. Onlardan biri üç tərəfə axan, Şimal Buzlu, Sakit və Hind okeanlarına tökülən iri çayların məhz Altaydan başlanmasıdır.   Hündürlüyü bizim Şahdağ, Savalan qədər olan Üç Sümer (Beluxa) dağından dünya okeanlarına qədər olan məsafə eynidir. Üç zirvəsinin üçü də əbədi buzlarla örtülmüş bu dağ haqqında çoxlu əfsanə var. Bu dağ Altayın ən böyük aşiqlərindən və araşdırıcılarından olan məşhur N.K.Rerixin və Dağlıq Altayın dünyaca ünlü rəssamı, maarifpərvəri, ictimai-siyasi xadimi Q.İ.Çoros-Qurkinin ölməz tablolarına mövzu olmuşdur. Təxminən 2000 km uzunluğu olan Altay silsilələrini Ob, İrtış və Yenisey çayları kəsib keçir… Güney-Doğuya doğru Monqol Altayları və Qobu Altayları uzanır. Altay üç böyük dinin – islamın, buddizmin və xaçpərəstliyin qovuşuq nöqtəsidir. Üstəlk, Altay həm də tanrıçılığın və şamanizmin mərkəzlərindəndir.   “Altay təkcə Sibirin incisi deyil, həm də Asiyanın incisidir. Bu görkəmli  yerin taleyinə böyük gələcək yazılıb”. Bu sözlər də N.K.Rerixə aiddir.   Altayın Monqolstan və Çin, daha doğrusu Doğu Türküstan ərazilərinə düşən hissələrini qismən gəzsəm də, Rusiyanin tərkibindəki Altay diyarını, Dağlıq Altay respublikasını görmək qismət olmamışdi. Hər dəfə bir iş çıxırdı. Ötən il hətta bilet də almışdım, Dağlıq Altaydakı dostlarım məni ənənəvi El-Oyun bayramında gözləyirdilər; lakin qəfildən pasportum yoxa çıxdı, biletı qaytarası oldum… Yəqin Altay ötən il məni qəbul etmək istəmirmiş, bu yayı gözləməyim gərəkirmiş…   El-Oyun altaylıların ümumxalq bayramıdır, dağlarda iki ildən bir keçirilir, bu il oyunları izləyə bilməyəcəkdim, buna baxmayaraq getdim; bugündən sabaha etibar yoxdur.   Altay dağları məni yalnız gözəlliyinə və ya türk tarixindəki yerinə görə çəkmirdi, bu, həm də idman marağına bənzər bir iş idi; dünyadakı bütün türk ellərini  gəzib-görmək arzumun son mərhələrindən biri olacaqdi.   ***   Dağlıq Altayla ilk canlı tanışlığım ədəbiyyat və şairlər üzərindən olmuşdu. 1982-cü ildə Asiya və Afrika gənc şairlərinin Qırğızstanda keçirilən 4-cü konfransında Dağlıq Altaydan gəlmiş Dimanla (İvan İtuloviç Belekov) dostlaşmışdıq və bu dostluq bu günədək davam edir… O vaxt Diman Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunu yeni bitirmişdi. İndi Qazaxstanin və Qırğısıstanın xalq şairi olan Muxtar Şaxanovla da onda yaxınlaşmışdıq, Çingiz Aytmatovla da o zaman tanış olmuşduq. Konfransda iştirak edənlərin bir çoxu indi ərəb ölkələrində, Hindistanda, Afrikada tanınmış qələm sahibləridir, mühüm vəzifələr daşıyırlar.   Dimanın gözəl səsi vardı və görüşlərdə biz şeir oxuyanda, “icazə verin, sizə Altay mahnısı oxuyum!” deyirdi və gitarayla oxudugu qəmli mahnılarıyla bizi sehirləyirdi. Bu mahnıların bir çoxunun müəllifi o özü idi. Nədənsə, məşhur qırğız yazıçı və rejissorları da o boyda qonaqların içindən bizim ikimizi qonaq çağırırdılar və axırıncı axşam az qala səhərə qədər evdən evə keçib məşhur qopuzçalanları dinləmişdik… O vaxt Dimana bir şeir yazmışdım…   Qopuz səsi, şaman duası   Dağlıq Altay şairi Diman Belekova   Oxuduğun bu mahnı Tanrı nəfəsitək yaxındı mənə, Anamın səsitək yaxındı mənə.   Yaxındı, doğmadı öz adın kimi. Bu Qızıl dağları, Savalanları, Bu Xantenqriləri, bu Şahdağları Birlik karvanına qoşub aparan Qədim bir sevginin fəryadı kimi.   Yaxındı ruhuma ölməzlik verən Bir dilin min illər alrında qalan Duyğu bünövrəsi, söz qatı kimi. Bu Ana yerləri, Ata göyləri toxum bərəkəti, söz işığıyla, şaman duasıyla, qapuz səsiylə qarışan ürəyim, həyatım kimi!..   Oxuduğun bu mahnı ömür dediyimiz yalqız limanın sakit sahilindən qoparır məni. Keçmişdən boylanan solğun ay kimi çəkib üzə-üzə aparır məni.   Qanımda hayqıran vuruş eşqinin, Gündoğan eşqinin, yürüş eşqinin sədası bu qədim mahnından gəlir. Ulu bir ulusun beşiyi olmuş o ana qoxulu, o süd qoxulu dağların ruhundan, daşından gəlir!   Mənə qardaş deyib oxudun sonra, Mahnın qardaşlığın himninə bənzər, Balaca yurdunun böyük dünyaya səpilən sevinci, qəminə bənzər…   Uzaqdan iki yurd çəkirdi bizi, dilimiz ayrıla bilmirdi ancaq… Min illər dalında baş-başa yatan yolumuz ayrıla bilmirdi ancaq.     Ehey! Duman qardaş, zirvəndən enmə! Yurdunun günüdür – mahnındakı qəm. Gündoğan beşikdən Ýöíäîüàí işıqla axan Şaman duasıtək, qopuz səsitək Səhralar üstündən, dağlar üstündən, Mən səni həmişə eşidəcəyəm!..   Oktyabr, 1982 Bişkek     İndi Diman Altay respublikası El Kurultayının, yəni parlamentinin sədridir. Telefonda səsimi eşidən kimi “Nə doğma səs! Gəl, səni respublikamızın sərhədində gözləyəcəyik!” demiş, sonra əlavə eləmişdi: “Lazımsa, Novosibirsk təyyarə meydanına maşın göndərim”. “Ehtiyac yoxdur, orda tanışlar, qohumlar var, biri gətirər…” – demişdim.   ***   İyulun 16-da Novosibirskdə təyyarədən endim. Balaca qardaşım Faiq   əmiuşaqlarindan Müşfiq də mənimləydi. Təyarə meydanında Müşfiqin on yeddi ildən bəri Novosibirsk vilayətində yaşayıb-işləyən qardaşları Xaqani və Elçin iki maşınla bizi qarşıladılar. Maşınların biri, vaxt itirmədən, bizi Altaya aparacaqdı.   Lakin hələ hava açılmayıb, gənclər çay içməmiş yola çıxmaq istəmirlər. Öncə hava alanından təxminən otuz-otuz beş  km aralıda, Altay yolunun üstündəki Berdsk şəhərinə – Elçinin evinə getdik… Uzaq Sibirdə doğma bir evə… Çünki Elçinin xanımı da qohumlarımızdandır, gəlinlərimizdən birinin bacısıdır.   Xaqani, Müşfiq, Elçin… Biri-birindən dəyərli, zirək, çörəklərini daşdan çıxarmağı bacaran gənclərdir. Xaqani atalarını itələyib, dayanıb yerində. Ataları Səfixan bizim tayfanın qədim adlarından birini daşıyırdı, məndən bir neçə yaş böyük olsa da, uşaqlıq dostlarımdan idi. Kəndmizdə ədəbiyyyat müəllimiydi, sakit təbiətli, öz həyatını yaşayan adamdı. Xətrini çox istəyirdik. Bircə anam evdəki kitabxanamdan bəzi kitabları aparıb qaytarmadığına görə hərdən hirslənirdi ona. Mən gülürdüm, “ay ana, aparıb-aparıb da, dünya dağılmayacaq ki, yenilərini gətirərəm!” Anam razılaşmırdı: “Ay bala, müəllimlər tez-tez gəlib aparırlar kitablarını, bir söz demirəm, ancaq qaytarmaq istəmirlər. Sən nə əziyyətlə gətirirsən onları Bakıdan. Özünə lazım olur”.   Anamın kitabxanamı qoruması mənə ləzzət verirdi, lakin müəllimlərimizin  kitabxanamla maraqlanmasına da sevinirdim, mənim  gətirdiyim kənd kitabxanasında olmayan, yeni əsərlərdir, qoy ədəbiyyat müəllimlərimiz müasir ədəbiyyatı izləyə bilsinlər.   Səfixan müəllim qəzaya düşüb dünyadan köçəndə də ən çox yananlardan biri anamdı… Yəqin onun ölməməsi, yaşaması üçün onlarla belə kitabxananın qurban  getməsini istərdi. İndi budur, nəslimizdən olan üç gənc  bu uzaq diyarda bizə xoş olsun deyə, əldən-ayaqdan gedirlər. Səhər yeməyindən və beş-on dəqiqə dincələndən sonra Xaqaninin maşınını götürüb yola çıxırıq. Yuxusuz olmasına baxmayaraq, maşını Müşfiq sürür. O da əvvəllər Novosibirskdə işləyib, yolları yaxşı tanıyır…   Buralar mənim təsəvvür etdiyimdən fərql, düzəngah və bərəkətli torpaqları olan yerlərdir. Sonra Altay diyarı başlanır. Yollar rahatdır, ətraf meşə zolaqlariyla bölünmüş ucsuz-bucaqsız əkin-biçin sahələridir: zəmilər, günəbaxan tarlaları doğmalıq saçır. Ancaq narahatam, gecəni yatmayan Müşfiq 450 kilometrlik yolda maşın sürməlidir. Arada birtəhər dilə tutub ona dinclik verirəm, ancaq hiss edirəm ki, mən də yorğunam və maşını rahat sürə bilmirəm. Bəlkə elə bunun nəticəsiydi, Dağlıq Altaya dönmək əvəzinə  gedib Barneula çıxmışdıq. 40-50  km artıq yol getdik, əvəzində diyarın paytaxtını da görmüş olduq…

 

Sabir Rüstəmxanlı

525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.20.21.22