“Zirvələrdən zirvələrə”
PROFESSOR ƏFLATUN NEMƏTZADƏYƏ MƏKTUB
Əzizim
Əflatun müəllim!
Türkiyədə çap olunan çox maraqlı və sanballı “Zirvələrdən zirvələrə”
kitabınız (Ankara, Böyük
Anadolu Media Qrup, 2014,
472 səh.) bir az gec də olsa əlimə
çatdı. Kitabı oxuduqca
ikili hisslər keçirdim. Düşündüm ki, Azərbaycan mədəniyyətini dünyada
yayan, təmsil edən, möhtəşəm
işlər görən
dostum, Azərbaycanda layiq olduğu səviyyədə tanınmır,
qiymətləndirilmir. Təsəllimi kitabında
yer alan
“Rusların 50 il üzünü göstərmədiyi
general, professor Kərim Kərimov”
adlı məqaləndə
tapdım.
Uzun illər
(1966-1987) kosmosa uçuşların
rəhbəri vəzifəsində
çalışan Kərim
Kərimovu kimsə tanımırdı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı,
Sosialist Əməyi Qəhrəmanı, Dövlət
mükafatı laureatı,
azərbaycanlı alim
Kərim Kərimov
1987-ci ildə, 70 yaşında
doğma Bakıya ilk dəfə, 50 il
sonra ayaq basa bilmişdi. Qardaşım, bu məqaləndə
bir məsələyə
də aydınlıq gətiribsən. O vaxt
şayiə yayılmışdı
ki, Kərim Kərimovun arvadı ermənidir. Əslində alimin həyat
yoldaşı Bakıda
orta məktəbdə
onunla bir sinifdə oxuyan Zara xanım Tağıyeva olub. Sonralar başa düşdüm
ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin
ya anasının, ya arvadının erməni olması barədə şayiəni
ermənilər yayırlar.
Guya onların damarlarında erməni qanı axmasaydı, ermənilərin
“ağıllı” məsləhətləri
olmasaydı, bu səviyyəyə çatmazdılar.
Mətləbin üstünə qayıdıram. Azərbaycanda layiq olduğunuz səviyyədə tanınmamağınızın
əsas səbəbini
uzun illərdən bəri ölkəmizin hüdudları xaricində
işləməyinizdə axtarmaq
lazımdır. Əslində əməyinizin lazımınca
qiymətləndirilməməsi də buradan qaynaqlanır. Ataların
hikmətli kəlamı
buna ən tutarlı cavabdır: “Gözdən iraq, könüldən iraq”.
Həmkarlarınız, sənət dostlarınız xaric, çoxmu adam
bilir ki, 1967-ci ildə Teatr İnstitutunu bitirdikdən
sonra professor Cəfər
Cəfərovun rəhbərliyi
ilə dissertasiya yazmağa başlasanız
da, Leninqradda (indiki Sankt Peterburq). Rimsk - Korsakov adına
Dövlət Konservatoriyasının
Opera rejissorluğu bölümünə
daxil olmusunuz. Sonralar Varşava, Krakov, Qdansk Teatrlarında təcrübə
keçibsiniz. Sverdlovsk Opera
Teatrında işə
başlayıbsınız. Eyni zamanda Ulu Öndər
Heydər Əliyevin təlimatına əsasən
Bakıya gələrək
A.Borodinin “Knyaz İqor” operasını səhnəyə qoyubsunuz.
1976-cı ildə Beynəlxalq müsabiqədə
qalib gələrək
Bolşoy Teatrda teatrın Baş rejissoru Boris Pokrovskinin köməkçi rejissoru
olubsunuz. 1980-ci ildə SSRİ Mədəniyyət
Nazirliyinin xətti ilə Yəmən Xalq Respublikasına göndərilibsiniz. Paytaxt Adendə
Dövlət Musiqili Teatrının əsasını
qoyubsunuz. Ancaq hara
getsəniz də, heç vaxt Azərbaycanı unutmayıbsınız.
Yəmən Dövlət Musiqili
Teatrında səhnələşdirilən
ilk əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Məşədi
İbad” musiqili komediyası olub. Təməlini qoyduğunuz teatrda
“Otello” daxil iyirmiyə qədər
dram, faciə, musiqili komediya əsərlərini
qoyubsunuz. Adendə Gözəl
Sənətlər İnstitutunda
aktyorluq sənətindən
dərs deyibsiniz.
O vaxt Yəməndə
tərcüməçi işləyən
şərqşünas alim,
professor İmamverdi Həmidov
ölkədə böyük
hörmət və izzətə malik olduğunuzdan söz açır və deyir ki, Sizə
vətənə dönməyə
imkan vermirdilər. Lakin iqlim şəraiti
səhhətinizə mənfi
təsir etdiyindən əvvəlki iş yerinə - Bolşoy Teatra dönübsünüz.
Bütün bu dövr ərzində
elmi işdən də aralanmayıbsınız. 1988-ci ildə Gürcüstan Dövlət Teatr İnstitutunda “Müsbət
estetik ideal xarakterlər”
mövzusunda dissertasiyası
müdafiə edibsiniz.
Azərbaycan Dövlət Opera və Balet Teatrında
rejissor kimi çalışmaqla yanaşı,
Azərbaycan Dövlət
Gözəl Sənətlər
Akademiyasında aktyorluq,
rejissorluq və səhnə hərəkətindən
dərs deməyə başlayıbsınız.
1991-ci ildə Türkiyə
Mədəniyyət Nazirliyi
tərəfindən Ankara Dövlət
Opera və Balet Teatrına rejissor vəzifəsinə dəvət
olunubsunuz. Teatrın operetta səhnəsində bəstəkar Süleyman Ələsgərovun “Milyonçunun
dilənçi oğlu”
operettasını səhnəyə
qoyubsunuz. Sonra Mersin Dövlət
Opera və Balet Teatrına Baş rejissor təyin olunubsunuz. Uğurlu işinizə “Arşın
mal alan”la başlayıbsınız. 1992-ci
ildən Türkiyənin
Bilkənt Universitetinin
və Hacəttəppə
Universitetinin Dövlət
Konservatoriyasında aktyorluq,
rejissorluq, opera rejissorluğu
və s.-dən dərs deyibsiniz. Mersinlə bərabər, Bilkənt Universitetində rejissor olmuşsunuz. 2002-ci ildən Ankarada Qazi Universitetin müəllimi, hal-hazırda
həmin Universitetin professoru kimi aspirant və dissertantlara rəhbərlik edirsiniz.
Əzizim Əflatun müəllim, mənə belə gəlir ki, fəaliyyətinizin ən
məhsuldar dövrü
Türkiyədə çalışdığınız
vaxta düşür. Burada türk dünyası ilə dərindən təmasda olmağınız istedadınızın
daha da parlamasına
təkan verdi.
TÜRKSOY-un Baş katibi
professor Düsen Kaseinovun
təqdirəlayiq dəstəyi
ilə “Koroğlu” operasını Türk dünyasında sərgiləmək
kimi təkrarsız bir proyektə imza atıbsınız. İlk dəfə
bu operanı Qırğızıstan, Qazaxıstan,
Azərbaycan, Başqırdıstan,
Tatarıstan və Rusiya Federasiyasından dəvət olunmuş ulduz sənətçilərin
iştirakı ilə
Bişkek səhnəsində
gerçəkləşdiribsiniz. Sonra isə opera Almata, Ankara və Bakıda göstərilmişdir.
Daha sonra ikinci Uluslararası proyekt olaraq “Koroğlu” operası Astana
Dövlət Opera səhnəsində
sərgilənmiş və
I Dünya Opera Festivalında
İstanbul Halıç
Konqre Sarayında göstərilmişdir.
Qardaşım, mətbuatda gedən
yazılar böyük
uğurunuzdan xəbər
verir: “Koroğlu” Bişkek Opera Teatrında tarix yazdı”, “Koroğlu” operası türk dövlətləri
Başkənt (paytaxt)
səhnələrində”, “Koroğlu” operası Almata tamaşaçılarını
heyran etdi. “Üzeyir Hacıbəylinin
musiqisi ankaralıları
ovsunladı. “Koroğlu”
operası Bakıda möcüzə yaratdı,
zəfərə imza atdı”, “Koroğlu” operası Türksoyu Türk dövlətləri
zirvəsinə qaldırdı”,
“Halıç Konqre səhnəsində “Koroğlu”
rüzgarı” və
s.
Əziz qardaşım, bütün bunlar hamısı sizin zəfərinizdən xəbər verir.
Novruz bayramının Parisdə ilk dəfə YUNESKO səhnəsində sərgilənməsi də sizin adınızla bağlıdır.
Mən sizi görkəmli sənət adamı olmaqla bərabər, tanınmış ədəbiyyat adamı, elm adamı kimi tanıyıram. “Zirvələrdən zirvələrə” kitabınızda yer alan, xalqımıza başucalığı gətirən şəxsiyyətlərə həsr etdiyiniz yazıları qələminizə böyük hörmət və məhəbbətlə oxudum. Akademiklər Qara Qarayev, Arif Paşayev, Kərim Kərimov, Azərbaycan poeziyasının Şekspiri və Bayronu adlandırdığınız Xalq şairi Rəsul Rza, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, Azərbaycan ədəbiyyatının parlaq simaları Anar və Elçin, Xalq şairi Fikrət Qoca, mədəniyyətimizə sonsuz məhəbbətlə xidmət edən Əbülfəs Qarayev haqqında yazılarınız yüksək elmi və ədəbi potensialınızdan xəbər verir. Kitabda yer alan “Bakı-Kərkük körpüsünün yaradıcısı Qəzənfər Paşayev” məqalənizə görə sizə minnətdaram.
Əflatun müəllim, “Zirvələrdən zirvələrə” kitabınızda seçib verdiyiniz şəkil və portretlər məni heyran etdi. Əgər belə demək caizsə, mən onları özü haqqında danışan sənədlər adlandırardım: Tiflisdə Koroğlu qalası, Çingiz Aytmatovun Qırğızıstanda ağaclar arasında sadə qəbri, akademik Kərim Kərimovun portreti, Ağrı dağı, Nuhun tarixi gəmisi, Şah İsmayıl Xətai və Nadir şahın portretləri və s. belələrindəndir.
Qardaşım, Siz hər dəfə Bakıya gələndə görüş yerimiz “Koroğlu” heykəlinin yanında olur. Hər dəfə də təəssüflə deyirsiniz ki, nə Koroğlu, nə də Qırat dastanda təsvir edilənə oxşamır.
Kitabınızda Ankara və İstanbulda göstərilən “Koroğlu” operasının afişasını gördükdən sonra nə qədər haqlı olduğunuzu duydum. Qırat sanki ayağı ilə düşməni tapdalamağa, dişi ilə parçalamağa, Koroğlu isə misri qılıncını çəkib düşmənin boynunu vurmağa hazırlaşır. Mən hələ Koroğlunun döyüş libasını demirəm.
Əziz qardaşım, xalqın ziyalısı kimi həmişə bizimləsiniz.
Əməkdar İncəsənət Xadimisiniz, Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüsünüz. 1994-cü ildən “Naxçıvan” qəzetinin, indi isə “Respublika” qəzetinin Türkiyə təmsilçisi olaraq Türkiyənin “İl qəzetəsi” və “Anadolu” qəzetində hər həftə Azərbaycanla bağlı bütöv səhifə yazı yazırsınız. Sənətiniz üzrə böyük işlər görürsünüz.
Ankarada TÜRKSOY-un, Türkiyənin Mədəniyyət Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin 70 illik yubileyinizi yüksək səviyyədə keçirmələri çox mətləblərdən xəbər verir. Təntənəli yığıncaq Azərbaycan televiziyasında göstərildi. Baxdıq, qürur duyduq.
Qardaşım, ürəyimdən keçir deyəm ki, Vətənə dönmək vaxtıdır. Necə deyərlər: “Həvəsdi, bəsdi, yaş yetmiş, iş bitmiş”.
Lakin eşidəndə ki, Sizin rejissorluğunuzla bu ilin dekabr ayında “Koroğlu” operası bir vaxt baş rejissoru işlədiyiniz Mersin Dövlət Opera və Balet Teatrında yeni tərtibdə göstəriləcək, 2016-cı ilin aprelində isə tarixdə ilk dəfə “Leyli və Məcnun” operası Ankara Dövlət Opera və Balet Teatrında Sizin quruluşda göstəriləcək və teatrın repertuarına daxil ediləcək fikrimdən vaz keçdim.
Sizə yeni-yeni zirvələr fəth etməyi Yaradandan təmənna edən
Qəzənfər PAŞAYEV
Bakı, 30.08.2015
525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.19