Hidayət dünyası
Yaradıcı
insan, dəfələrlə deyilmiş fikri bir daha təkrar
etsək, bütöv bir Dünyadır ki, onun zəngin tarixi,
geniş coğrafiyası var. Və bu Dünya mənsub
olduğu xalqın möhtəşəm Dünyasının
ayrılmaz tərkib hissəsidir... Hidayətin Dünyası
kimi...
Müasir
Azərbaycan ziyalılığının görkəmli
nümayəndələrindən olan Hidayət artıq
neçə on illərdir ki, həm Azərbaycanda, həm də
onun sərhədlərindən uzaqlarda böyük şair,
nasir, dramaturq, publisist, tərcüməçi
və ictimai xadim kimi tanınır.
Uzun illər
Azərbaycan təhsilinə uğurla rəhbərlik etmiş görkəmli
(və milli) ictimai xadim, professor Misir Mərdanov, haqlı
olaraq, yazır:
“Ziyalı
xalqın düşünən beyni, mənəvi diriliyidir. Ziyalı Vətən və millət yolunda zəkasını,
ağlını, intellektual potensialını əsirgəməyən
İNSANdır. Ziyalı xalqına,
dövlətinə, dövlətçiliyinə sədaqətli
xidməti ilə, onlara verdiklərinin sanbalı və
miqyası ilə böyükdür. Ziyalı
üçün Vətən sevgisindən, millət
duyğusundan ali hiss yoxdur!!! Hidayət
Orucov məhz bu sadaladığım milli- mənəvi dəyərləri
özündə cəmləşdirən, fəaliyyətində
onları gerçəkləşdirən milli ruhlu, vətəndaş
qeyrətli, xeyirxah ziyalılardandır...”
Hidayət
Xuduş oğlu Orucov 1944- cü ilin sentyabr ayının 5- də Zəngəzur
mahalı Mığrı bölgəsinin Maralzəmi kəndində
anadan olmuşdur. S. Vurğun adına Aldərə kənd orta məktəbini
qızıl medalla qurtardıqdan sonra
təhsilini Azərbaycan (indiki Bakı) Dövlət
Universitetinin Filologiya fakültəsində davam etdirmişdir.
Doğma kəndində məktəb müdiri işləmək
qərarına gələn Hidayət Universitetin daxil olduğu
əyani şöbəsindən qiyabiyə keçir. Və bir neçə il bu vəzifədə
çalışdıqdan sonra İrəvanda çıxan
“Sovet Ermənistanı” qəzetinə ədəbi
işçi dəvət olunur.
Lakin bu işində də çox qalmır... Universiteti
müvəffəqiyyətlə bitirib 1968- ci ildə
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına
direktor təyin edilir. Hidayət on beş
ildən artıq - Bakıya köçənə qədər
Azərbaycanın Ermənistanda bir beyin (və təfəkkür!)
mərkəzi olan həmin teatra rəhbərlik edir.
Bu illər
hələ kifayət qədər gənc qələm (və
coşqun ürək!) sahibinin
dünyagörüşünün genişlənməsində,
həyatı dərindən öyrənməsində, təşkilatçılıq
istedadının mükəmməlləşməsində həlledici rol oynamış,
özünəməxsus (və təkrarsız!)
yaradıcı şəxsiyyətini
formalaşdırmışdı.
Bütün Ermənistanı - qədim Azərbaycan - türk torpaqlarını
öz teatrı ilə addım- addım gəzərək, məlum
açıq və ya gizli maneələr olsa da, geri çəkilməyib
Ermənistan azərbaycanlılarını mədəniyyətə,
dəyanətli, qürurlu
olmağa çağıranda Hidayət iyirmi, otuz
yaşlarında idi. Bir- birinin ardınca İrəvanda şeir kitabları nəşr
olunur, dramları teatrda tamaşaya qoyulurdu.
Azərbaycan ziyalısının 1978-ci ildə Ermənistan
SSR Əməkdar mədəniyyət xadimi fəxri
adını alması təsadüfi deyildi. Və görünür, bu fəxri
adı istedadlı, zəhmətkeş gəncə verməmək,
sadəcə, mümkün olmamışdı...
Artıq
Ermənistanda yaşayıb yaratmağın bir azərbaycanlı
ziyalı üçün tamamilə dözülməz olduğu dövrdə
Hidayət Bakıya köçmək məcburiyyəti
altında qalır. Və çox keçmir ki,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
başlayır, azərbaycanlılar kütləvi şəkildə
Ermənistandan deportasiya edilirlər.
Etiraz əlaməti
olaraq on il qabaq aldığı Ermənistan SSR Əməkdar
mədəniyyət xadimi fəxri adından imtina edən Hidayət Bakıda
“Gənclik” nəşriyyatının rəhbəri kimi Ermənistanın
və onun havadarlarının iç üzünü tarixi sənədlərlə
açıb göstərən nəşrlərin meydana
çıxmasında əzmlə, peşəkarlıqla
çalışır. Yazdığı bədii, elmi-
publisistik əsərlərdə Ermənistan azərbaycanlılarının
ən yeni
tarixinin canlı şahidi olaraq çoxlarına ya məlum
olmayan, ya da az məlum olan
ictimai- siyasi hadisələrin hərtərəfli (və obyektiv!) təhlilini verir.
Yaradıcı ruhunun - istedadının “ilk məhəbbəti”
olan poeziyanın ilham pərisi isə Ermənistanda olduğu kimi Azərbaycanda -
Bakıda da Hidayəti heç zaman tərk etmir. Geniş oxucu kütləsinin diqqətini cəlb edən
şeirləri, eləcə də şeir kitabları nəşr
olunur. Və 1991- ci ildə Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi fəxri
adına layiq görülür.
1990-cı illərin əvvəllərindən etibarən
Hidayət bədii yaradıcılığını davam
etdirməklə yanaşı mühüm dövlət işlərinə
irəli çəkilir. 1992- ci
ildə Azərbaycan Respublikası Prezidentinin millətlərarası
münasibətlər üzrə Müşaviri təyin
olunur. Bir il sonra isə Azərbaycan
Respublikasının Milli siyasət məsələləri
üzrə Dövlət müşaviri olur.
Həmin yüksək dövlət vəzifələrində
Hidayət Orucov özünün böyük təşkilatçılıq
istedadını göstərir, ümummilli lider Heydər
Əliyevin öndərliyilə Azərbaycanda gedən
genişmiqyaslı milli dövlət quruculuğu prosesində
fəal iştirak edir. Və 2004-cü ildə “Şöhrət”
ordenilə təltif olunur.
Xalq
şairi Nəriman Həsənzadə Hidayət haqqında
özünəməxsus (və gözəl!) demişdir:
“Hidayət
böyük sənətkarlara xas olan çoxşaxəli
yaradıcılığı ilə ölkəmizin görkəmli
ədəbi simalarından biri kimi, ictimai- siyasi xadimlərindən
biri kimi tanınır və sevilir...
Hidayət bu millətin bəxtinə
doğulanlardandır.
Öz taleyi ağır olsa da, xalqının, başqa
xalqların taleyində mühüm rolu olub. Və indi də
var, zaman onu tamam yeni ruhlu, yeni təfəkkür tərzinə
malik, yeni tipli sənətkar kimi yetişdirdi.
Böyük bir şəxsiyyətin (Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin - N.C.)
yanında formalaşmışdır... Buna görə Hidayət
başqa həmkarlarından, sözün geniş mənasında, seçilir.
Şeirləri, publisistikası, tərcümələri,
çıxışları, müsahibələri
dediklərimi sübut edir.
Hidayətin şəxsində Azərbaycan ədəbiyyatı
müstəqil Azərbaycan dövlətçiliyinə xidmət
edir. Bu onun
taleyi və şərəfli tərcümeyi-
halıdır”.
Hidayət
2005-ci ildə Azərbaycan Respublikasının milli azlıqlar
və dini qurumlarla iş üzrə Dövlət
müşaviri, 2006- cı ildə isə Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri təyin edilir.
Əgər
nəzərə alsaq ki, həmin yüksək vəzifələrə,
yaxud ali dövlət idarəçilik
strukturlarına rəhbərliyə təyin olunanda Hidayət
Orucovun ilk missiyası bu vəzifə- strukturları
formalaşdırmaq idi, o zaman onun nə qədər tarixi
işlər gördüyünü təsəvvür etmək
çətin deyil. O, Azərbaycanda milli siyasətin prinsiplərinin, milli
azlıqlarla, dini qurumlarla işin normativlərinin müəyyənləşməsində
heç zaman unudulmayacaq işlər görmüşdür.
Hidayət
Orucov hal-hazırda Azərbaycan Respublikasının qardaş
Qırğız Respublikasında fövqəladə
və səlahiyyətli səfiridir.
Xalq
yazıçısı Anar Hidayətin istedadından,
ağrı- acılarla, keşməkeşlərlə (və böyük
uğurlarla!) zəngin tərcümeyi- halından, daxili mədəniyyətindən
bəhs etdikdən sonra fikrini belə yekunlaşdırır:
“Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi
vədədə başa vurur. Lakin heç də hər bir insan həyatının
hansısa məqamında arxada qalan ömrə, illərə,
görülmüş işlərə, dəyişdirilməsi
mümkün olmayan əməllərə baxıb, Hidayət
kimi özünəməxsus təvazökarlıqla deyə
bilmir: bəli, mən yaşamışam...”
İlk
şeirlərini hələ çox gənc yaşlarında -
orta məktəbdə oxuduğu illərdə yazmış, “Nəyim var” adlı
ilk şeiri isə 1963- cü ildə “Ədəbi Ermənistan”
almanaxında dərc olunmuşdur.
“Məni
səsləyəndə” ilk şeirlər kitabı (İrəvan,
1970) nəşr ediləndə Hidayət artıq ilhamlı (və məhsuldar)
şair idi. 70- ci illərdə gənc şairin bir- birinin
ardınca İrəvanda “Məhəbbət qocalmır”, “Bir
az gözləyin məni”, Bakıda
“Dənizi harayladım”
şeir kitabları işıq üzü görür, rəhbərlik
etdiyi teatrda “Məhəbbət yaşayır hələ...”
pyesi tamaşaya qoyulur. Və həmin illərdə
yazdığı “Bir teatrın üç aktyoru” kitabı
Ermənistan Teatr Cəmiyyəti tərəfindən nəşr olunur.
80-ci illər yaradıcılığında poeziya yenə
aparıcı olsa da, Hidayətin nəsr, dramaturgiya və
publisistika sahəsində fəaliyyətinin genişləndiyi
də diqqəti cəlb edir. “Eviniz
analı olsun”, “Zirvə cığırı”, “Qatardan məktub”
şeir kitabları ilə yanaşı “İrəvanda xal
qalmadı”, “Sabaha çox var” nəsr, dramaturgiya və
publisistika kitabları nəşr olunur. İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Məni
qınamayın” pyesi oynanılır ... Və Bakıya
köçüb “Gənclik” nəşriyyatında rəhbərliyə
başladıqdan sonra Hidayətin bir mühüm xidməti də
ondan ibarət olur ki, həm Azərbaycan cəmiyyəti
üçün zəruri ədəbiyyatın (kitabların)
nəşrinə çalışır, həm də “Səməd
Vurğun”, “Didərginlər”, türk ədəbiyyatından
seçmələrdən ibarət “Gözəllik suyu” (M.Aslanla birlikdə), “Şahidlər”, “Azərbaycan. Oktyabr-
94, Mart- 95. Qəsd. Dövlət
çevrilişinin xronikası”, “Əsrin müqaviləsi”
kitablarını tərtib edir. İctimai- siyasi şərait
mürəkkəb, əlverişsiz olsa da, “Gənclik” nəşriyyatı
Hidayətin təşəbbüsü, eləcə də rəhbərliyilə
“Dünya uşaq ədəbiyyatı kitabxanası” (50 cilddə),
“Macəra və fantastika” (25 cilddə), “SSRİ xalqları ədəbiyyatı”
(17 cilddə), “Azərbaycan folkloru” (15 cilddə) və s.
kitabxana- seriyaları qısa bir müddətdə nəşr
etdirməyə nail olmaqla Azərbaycan kitab mədəniyyətinə
böyük töhfələr verir.
70, 80- ci
illərdə olduğu kimi 90- cı illərdə də,
mürəkkəb tarixi şəraitdə yüksək
dövlət vəzifələrində çalışmasına
baxmayaraq, Hidayət bədii yaradıcılıqla
ardıcıl, məhsuldar bir şəkildə məşğul
olur. Və onun “Doxsanıncı
il”, “Həsrət”, “Hərdən
xatırla məni” şeir, “Sözün vaxtı” publisistika
kitabları nəşr edilir, “Bu dünyanın adamları”
pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulur.
Müstəqillik
illəri Hidayətin
yaradıcılığına həm kəmiyyət, həm
də keyfiyyət baxımından öz əhəmiyyətli
təsirini göstərmiş,
görkəmli ziyalı- ideoloqun, ictimai xadimin (və dövlət xadiminin) müxtəlif
janrlardakı əsərləri mövzusunun
aktuallığına, məzmun- mündərəcəsinə,
yüksək vətənpərvərlik (və dövlətçilik!)
ideallarına görə həmişə böyük maraq doğurmuşdur. Xüsusilə
2000- ci illərdə bir
neçə dəfə (Azərbaycan dilindən başqa
ingilis, rus, ərəb, türk və gürcü dillərində)
nəşr olunan “Heydər Əliyev və Azərbaycanda milli
siyasət”, “İrəvana 7 məktub”, “Burdan min atlı
keçdi” , “Əziz Əliyev”, “Azərbaycanda din” və s.
elmi, yaxud elmi-publisistik əsərləri buna misal ola bilər.
Cəsarətlə demək olar ki, Hidayət müstəqilliyin
ilk illərindən başlayaraq nəşr olunan publisistik kitabları ilə Azərbaycan
publisistikasına, ümumən ictimai fikrinə geniş tarixi
təhlil miqyası ilə yanaşı, hadisələri həmin miqyas səviyyəsində
ümumiləşdirmə üslubu (mədəniyyəti!) gətirdi.
Və həmin illərdə bədii
yaradıcılığında (əlbəttə, ilk növbədə,
poeziyasında) publisistikliyin güclənməsi də öz tərcümeyi-
halını mənsub olduğu xalqın tərcümeyi-
halından (tarixindən!) heç zaman ayırmayan bir şair-
ziyalı- ictimai xadim üçün tamamilə təbiidir. Ona görə də “Ömrümün çəhlimləri”,
“Zəngəzurda doğuldum” və s. şeir kitablarında
avtobioqrafik notların çoxluğu və ya bolluğu
heç də təsadüfi deyil.
Akademik İsa Həbibbəyli tamamilə doğru olaraq
göstərir ki, “vətəndaşlıq Hidayətin
çoxcəhətli yaradıcılığının
cövhəri, mahiyyətidir. O, yeni mərhələdə Azərbaycanda
dərin ictimai məzmunlu vətəndaş
poeziyasının, yüksək vətəndaşlıq ruhuna
malik olan publisistikanın və səhnəyə həyat nəfəsi
bəxş edən dramaturgiyanın əsas
yaradıcılarından biri kimi böyük nüfuz
qazanmışdır. Ciddi vətəndaşlıq
mövqeyi və məsuliyyət şair, publisist və
dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə
mənalandırır”.
Həmin sətirlərin müəllifi onu da əlavə
edir ki, “Hidayətin sözü də, özü də təmənnasız,
məsuliyyətdən yoğrulmuş şərəfli
taleyini yaşamaqda davam edir”.
Hidayət
bütün yaradıcılığı boyu dünya ədəbiyyatından
çoxlu tərcümələr etmişdir ki, onların bir qismi “Özüm
yazmaq istərdim” kitabında toplanmışdır. Eyni zamanda
şairin əsərləri dünyanın bir çox dillərinə
tərcümə
olunmuşdur.
Qafqaz
xalqlarının Hidayətə - onun
yaradıcılığına və şəxsiyyətinə
hörmətini, məhəbbətini böyük
Dağıstan şairi Rəsul Həmzətov belə ifadə
edir:
“Hidayətin poeziyasıyla da, onun özüylə də hər görüş mənim qəlbimin milli bayramıdır”.
Hidayətin səkkiz cildlik “Seçilmiş əsərləri”nin nəşri (2011- 2012) heç şübhəsiz müasir Azərbaycan ədəbi- ictimai mühitində mühüm hadisədir. Və səkkizcildlikdə müəllifin, demək olar ki, bütün çoxşaxəli yaradıcılığı (poeziyası, nəsri, dramaturgiyası, publisistikası və s.) əhatə olunmuşdur.
Və nəhayət, Hidayət haqqında danışarkən bir məqama da diqqət vermək lazımdır ki, onun şəxsiyyəti, yaradıcılığı, ictimai fəaliyyəti barədə həm Azərbaycanda, həm də xaricdə görkəmli ədəbiyyat, elm, dövlət adamları maraqlı fikirlər söyləmişlər. Elə bilirik ki, akademik Budaq Budaqovun aşağıdakı sözləri həmin çoxsaylı fikirləri bu və ya digər dərəcədə ümumiləşdirir:
“Hidayət şairdir, nasirdir, dövlət xadimidir, ictimaiyyətçidir. Onun çoxsaylı və həm də sanballı bədii, poetik, eləcə də publisistik əsərləri geniş oxucu kütləsi tərəfindən sevilə- sevilə oxunur. Hidayət sakit təbiətli, mədəni bir ziyalıdır. Qayğıkeşlik onun varlığına hopduğundan o daim xeyirxahlıq etmiş, bir çox insanlara arxa olmuşdur.
Hidayətdə olan milli qeyrət onun bütün yazılarında, rəsmi və qeyri- rəsmi fəaliyyətində özünü göstərir...
Hidayət dəyərli vətəndaşdır, vətən oğludur”.
Şübhə etmirik ki, görkəmli
ziyalı, sənətkar, mütəfəkkir bundan sonra da hələ
neçə illər Azərbaycan ədəbiyyatını, Azərbaycan ictimai fikrini
özünün dəyərli əsərlərilə zənginləşdirəcək,
tükənməz yaradıcılıq enerjisilə mənsub
olduğu Azərbaycan xalqına xidmət edəcəkdir.
Nizami Cəfərov
525-ci qəzet.- 2015.- 5 sentyabr.-
S.18.