Vaqif Bəhmənlinin 60
yaşına yubiley töhfələri
Tanınmış şair, publisist və tərcüməçi,
Azərbaycan Yazıçılar
Birliyi (AYB) İdarə
heyətinin üzvü
Vaqif Bəhmənlinin
60 illik yubileyi qeyd olunur.
Müasir
Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri
və rolu olan Vaqif Bəhmənli
universiteti bitirdikdən
sonra “Sovet kəndi” qəzetində şöbə müdiri
(1978-88), “Kommunist” qəzetində
şöbə müdiri
(1988-1991), “Vətən” cəmiyyətinin
“Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), “Həyat”
qəzetində baş
redaktor (1992-1994), “Yazıçı”
nəşriyyatında redaktor
(1994), Gənclər və
İdman Nazirliyində
şöbə müdiri
(1995-1997), “Ədalət” qəzetinin
baş redaktorunun birinci müavini (1997-98),
“XXI-gənclik dərgisi”ndə
redaktor (1998-2000), “XXI - Yeni
Nəşrlər evi”nin
baş redaktoru (2000),
“Mars” dərgisinin baş
redaktorunun müavini
(2003), Beynəlxalq Avrasiya
Mətbuat Fondunun departament rəhbəri
(2003), “Humanitar” qəzetində
redaktor (2004) vəzifələrində
çalışıb. 2006-cı
ildən Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiridir.
Vaqif Bəhmənlinin
şeir və məqalələrdən ibarət
35-dən çox kitabı
işıq üzü
görüb. Çox sayda beynəlxalq
ədəbiyyat və
kitab festivalında iştirak edib. AYB-nin, Azərbaycan
Jurnalistlər Birliyinin
(AJB), Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Əsərləri rus, ingilis, türk, ukrayna, alman, özbək, türkmən, gürcü
dillərinə çevrilib.
Prezident İlham Əliyevin mədəniyyətin
inkişafındakı rolundan
bəhs edən “Vətənin İlhamı
- ömürdən reportaj”,
mərhum prezident Heydər Əliyevdən söz açılan “Heydər Əliyev adına” əsərlərində
Vaqif Bəhmənli bu məsələlərə
yeni nəzər nöqtəsindən baxmağa
çalışıb. Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə elmi məqaləsi dərc edilib.
1986-cı
ildə Respublika Komsomol mükafatına,
1989-cu ildə Azərbaycan
Ali Sovetinin Fəxri Fərmanına, 2004-də İsa
İsmayılzadə adına “İlin ən yaxşı şeiri” mükafatına,
Türk dünyası
poeziyasına xidmətlərinə
görə Şahmar Əkbərzadə adına
mükafata (2003), Azərbaycan
Respublikasının “Əməkdar
mədəniyyət işçisi”
fəxri adına, “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına layiq görülüb. Moskvada,
Ankarada, İstanbulda keçirilən poeziya festivallarının mükafatlarını
alıb.
Bugünlərdə Bəhmənlinin daha bir kitabı işıq üzü görüb. “Artırma”
adlı şeirlər
kitabı “Şərq-Qərb”
nəşriyyatında çap
edilib. 480 səhifə,
500 tirajla çap olunan kitaba şairin
qırx il
ərzində yazdığı
şeirlərdən seçmələr
daxil edilib. Bu toplunu dərin
fəlsəfi, düşündürücü
poeziya və bənzərsiz ahəngin vəhdəti kimi də dəyərləndirmək
olar.
Toplu, Fərid
Hüseynlə Vaqif Bəhmənlinin “Hətta
böyük sevinclərin
də əsl adı ağrıdır” söhbətinin mətni ilə açılır. Söhbətdə
“Bütün mövzular
yazılıb” fikrinə
münasibət bildirən
Vaqif Bəhmənli qeyd edir ki,
bizim xalq nağıllarında deyildiyi
kimi “qırxıncı
qapı” həmişə
var. Pəhləvanın elə
qırxıncı fəndi
var ki, o fəndi şagirdinə öyrətmir, elə o fəndlə də qələbə qazanır.
Biz pəhləvan deyilik və güləşmirik. Yazıçı yazı prosesində situasiyalar haqqında düşünmür. Əsl yazıçının,
şairin işi janrları, situasiyaları
hesablamaq yox, yazdığı əsəri
peşəkarlıqla yazmaq
olmalıdır. “Leyli və Məcnun”
mövzusu dəfələrlə
işlənib. Ancaq Füzulidən
fərqli yaza bilsən, o mövzu yenə təzədir.
Şairin fikrincə, “əgər
insan ömrü boyu oxusaydı, heç nə yazmazdı. Çünki dərindən oxuyanda
görürük ki, hər şey deyilib. Elə bizim xoşbəxliyimiz də ondadır ki, ömrümüz azdır, bütün yazılanları oxuya bilmirik... Əsl yenilik insanlara
yeni görünə biləcək mövzuları
aşkarlayanda alınır.
Ədəbi təzahürlər isə dövrə görə dəyişir”.
Kitab 5 bölmə,
proloq və epiloqdan ibarətdir. Proloqda insanı
insan edən nəsnənin gözəllik,
düzlük, yaxşılıq
olduğu nəzərə
çatdırılır. Qeyd olunur ki,
nə baş verməsindən asılı
olmayaraq pozitivizmi qorumaq lazımdır:
“Yazıq havalanıb” - deməyin, gülsəm,
Gülər kimdə olsa bu təndə sərvət.
Əgər günü bu gün yıxılıb ölsəm,
Qaşım düyünlənsə, atama lənət!
Kitabda bundan başqa şairin bir çox sevilən şeirləri yer alıb:
Söz də bir nemətdi,
yeyilsin gərək,
Fikrin ağ ununda
boz kəpək yoxdu.
Bir var halal çörək,
var haram çörək -
Vallah bu dünyada pis çörək yoxdu.
Toplu epiloq əvəzi kimi verilən “Allah” şeirilə bitir:
Baxma qayçılayır il ömürləri,
Niqab ömürləri, tül
ömürləri...
Kitab arasında gül ömürləri,
Qurumuş çiçəktək saxlayır
Allah.
“Artırma” ilə
yanaşı şairin
həyat və yaradıcılıq yoluna
işıq tutan, oxuculara şair qəlbini, Vaqif Bəhmənli şəxsiyyətini
açmaqda açar rolunu oynayan “Bir məktub, dörd söhbət” adlı ədəbi düşüncələr toplusu
da işıq üzü görüb. “Renessans- A” nəşriyyatında
çap edilən kitab şairin 60 illik yubileyi münasibəti ilə nəşr edilib. Nəşrə görkəmli
ədəbiyyatşünas alim Nizami Cəfərovun
Vaqif Bəhmənlinin
yaradıcılığı haqqında düşüncələri,
Emin Piri, Fərid Hüseyn, Sərvaz Hüseynoğlu və İntiqam Qasımzadənin şairlə
söhbətləri daxil
edilib.
Kitab Nizami Cəfərovun açıq
məktubuyla başlayır. Açıq
məktubda tanınmış
ədəbiyyatşünas şairin yaradıcılığında
bəyəndiyi yönlərdən
danışır, şeirlərdəki
alt qatlara enməyə
çalışır:
“... Sən elə şairsən ki, yaradıcılığının mükəmməlliyini, ideya-bədii
qüdrətini göstərmək
üçün kitabdan
müvafiq şeirlər,
yaxud şeirərindən
müvafiq misralar seçməyə, inan ki, ehtiyac görmədim...
“Hamı”dakı istənilən şeiri, yaxud istənilən şeirin istənilən misralarını nümunə
gətirmək və sənin şair qüdrətini sübut eləmək olar.
Və sənin şeirlərində
yalnız şeiriyyət
- sözdən şair
kimi istifadə eləmək, sözə
“ehya vermək” qabiliyyəti yox, həm də zəngin ovqat, fikir - təfəkkür materialı var... Başlıcası isə
odur ki, bu materialla, əksər hallarda poza yaratmırsan, “baxın, mən bu obrazın müəllifiyəm” demirsən,
bütün bunları
ürəyinin (və
həyatının!) yaşantıları
kimi xatırlayıb keçirsən...” “... Və
heç kəs şübhə eləməsin
ki, sən də “sözü qudurdub başımıza çıxardan”lardansan...”
Topluda ilk söhbət
Emin Piri ilə olan “Çalışmaq yaşamaq
deməkdir” başlığı
altında verilib. Vaqif Bəhmənliyə mane olmağa
çalışanlar barədə
sualı şair belə cavablandırır:
“Əgər istedad təbiidirsə və qələm sahibi o istedadın xidmətində
qul kimi dayanıbsa, ona bir kimsə mane ola bilməz.
Belə baxıram ki, mənə az-çox mane
olan özüm olmuşam. Ona görə vaxtında can qoyub yetə bilmədiyim ucalıqlar bu gün məni
dara çəkir...”
Şairin dediyinə görə, onu şeirə gətirən işıq hamıdan gələn işıqdı, onunla əkiz doğulan işıqdı, o işığın
yeri nə irəlidə, nə geridə, nə sağda, nə soldadır, onun öz içindədir.
Vaqif Bəhmənli söhbət
zamanı ədəbi
tənqidin bugünkü
durumundan, bədii mətnə olan münasibətindən narazı
olduğunu da gizlətmir:
“Ədəbi tənqidin ümumən ədəbiyyatımıza münasibətindən narazıyam. Bəsit təfəkkür, əsassız tərifnamələr, şablon yanaşma, hələ bu azmış kimi qeyri-obyektivlik, dostbazlıq, otuz ildən bəri sətir yazmayan adamları gündəmdə saxlamaq cəhdi... bütün bunlar müsbət anlamda heç nə vəd etmir”.
Sərvaz Hüseynoğlu ilə söhbət “Sənətkarın vəzifəsi fəlsəfənin obrazını, düşüncənin bədii kodunu yaratmaqdır” adlanır. Müsahibədə fərdi üslub məsələsinə münasibət bildirən V.Bəhmənli hesab edir ki, sənətkar üslubunu başlıca olaraq iki amil müəyyənləşdirir - Allah vergisi olan istedad və təcrübə. Məsələn, Markesin bədii informasiyanı çatdırmaq üçün qurduğu özünəməxsus sehri, tutumu və ifadə tərzi onun yaratmaq qüdrətini bütün parlaqlığı ilə ortaya qoyur... Məncə, bənzərsiz üslub yaratmaq üçün ilk növbədə yaradıcı insanın böyük təfəkkürü olmalıdır. Üslub özbaşına yaranmır, gərək onun üzərində işləyəsən, onu cilalayasan, təcrübələrə öz əlavələrini edəsən...”
V.Bəhmənlinin fikrincə, şeir həyatın can titrəyişlərinin hiss edilməsidir, şeir ruhdur, şeir ürək döyüntüsünün izahıdır, şeir insanın ən ülvi arzusudur, amma elə-beləyə qalanda şeir ədəbi janrlardan biridir.
Şair bu qənaətdədir ki, qələm adamı kitab-kitab boy atır. Hər dəfə kitab çap etdirəndə daha çox püxtələşir.
Fərid Hüseynlə “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” adlı söhbət barədə bir qədər əvvəldə söz açdıq. Kitabdakı sonuncu söhbət isə İntiqam Qasımzadə ilə gerçəkləşib. “Doğulduğu günü xatırlayan adam” başlıqlı söhbətdə Vaqif Bəhmənli poeziya, ümumilikdə ədəbiyyat barədə düşüncələrini sərgiləyir, sözün, şeirin nəyə qadir olduğunu göstərməyə çalışır.
Bütün bunlardan əlavə, Vaqif Bəhmənlinin yubileyi ilə əlaqədar “Bəyaz Gecələr” yaradıcılıq mərkəzində şairin öz səsilə müxtəlif şeirləri səsləndirilərək “Artırma” adı ilə kompakt diskə köçürülüb. Layihənin rəhbəri və musiqi tərtibçisi Səyyad Əlizadə, səs rejissoru Birhan Birer, təşkilatçı isə Ələddin Əsədzadədir.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.16.