"
Televiziyanın Maddi problemlər
olanda hər çalınan havaya oynamaq lazım gəlir”
Etibar
Babayev: “Televiziya rəhbərinin qarşısında “hardan pul
qazanaq?” problemi dayananda milli-mənəvi dəyərlər,
yaradıcılıq arxa plana keçir"
Feyziyyə
ilə Xəzərin sahilində
Yenə Xəzərin sahilindəyəm. Bu dəfə
tanınmış telejurnalist Etibar Babayevlə. Onun həyat və yaradıcılıq yolu olduqca
maraqlıdır. İlk dəfə
mətbuat səhifələrində imzası görünən
gündən
qırx ildən artıq vaxt ötsə də, onun
çoxşaxəli və məhsuldar fəaliyyəti bu
gün də uğurla davam etməkdədi. Çoxsaylı
tele-radio verilişlərinin müəllifi və
aparıcısı kimi şöhrət qazanan jurnalistin Azərbaycanda,
eləcə də
Türkiyədə on kitabı çapdan
çıxıb. Müxtəlif illərdə yüksək rəhbər vəzifələrdə
çalışan, o cümlədən, AzTV-nin sədr
müavini, “Space” teleradio şirkətinin prezidenti olan fəlsəfə
doktoru, dosent Etibar Babayev həm də Bakı Slavyan
Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiridir. Bu yaxınlarda isə onu “Azad Azərbaycan” teleradio
şirkətinin Bədii Şurasına sədr seçiblər.
Etibar müəllimlə söhbətimiz çox səmimi
alındı.
Diktafonu salanda dedi ki, ürəyin istəyən sualı çəkinmədən verə bilərsən. Bir çox
məsələlərə münasibəti, xüsusən də televiziyadakı
problemlərlə bağlı fikirləri, elə bilirəm,
sizi də qane edəcək:
- Bu
yaxınlarda Qulu Məhərrəmli mətbuatda
yazmışdı ki, hər telekanalın bir Etibar Babayevə
ehtiyacı var. Maraqlıdır ki, sizdən hamı nəsə
yenilik gözləyir.
-Yaxşı
bəs, siz məndən nə gözləyirsiniz?
- Məni
çətinə salmayın.
- Siz də
məni çətinə salmayın.
- Mən
bilmirəm, Qulu Məhərrəmli belə deyib.
- Elə
isə, nəyi nəzərdə tutduğunu Qulu müəllimin
özündən soruşun (gülür). İnsanlar hər
zaman televiziyadan yenilik gözləyirlər. Amma nəzərə
almaq lazımdır ki, hər televiziyanın öz sahibi,
öz rəhbəri, ayrıca proqram siyasəti və təbii
ki, kommersiya maraqları var. Verilişlərin mövzu dairəsi,
kanalın gizli-aşkar hədəfləri, televiziyanın
auditoriyası həmin amilləri nəzərə almaqla müəyyənləşir.
Bu gün ATV geniş tamaşaçı kütləsinin sevimli kanalıdır.
Kimsəyə sirr deyil ki, ən yüksək
reytinqə malikdir. Son illər şirkət texniki bazasını əsaslı
surətdə gücləndirməyə, idarəetmə
mexanizmini təkmilləşdirməyə, kollektivdə
sağlam, mənəvi, yaradıcı, işgüzar mühit yaratmağa nail olub. Bir televiziya, iki radio kanalına
malik ATV
öz dəsti-xətti və
dinamik inkişaf sürəti ilə seçilir. Belə bir kollektivdə
çalışmağımdan son dərəcə məmnunam.
Bu sahədə çoxillik
yaradıcılıq, təşkilatçılıq təcrübəmi,
biliyimi, bacarığımı səfərbər edib, vəzifə
səlahiyyətlərim çərçivəsində
böyük həvəslə öz işimi görməyə
başlamışam. Son illər bu kanalda
baş verən müsbət keyfiyyət dəyişikliklərini
kimsə inkar edə bilməz. ATV-də
musiqili-əyləncəli verilişlər üstünlük
təşkil etməsinə isə təbii yanaşmaq
lazımdır. Kanal yarandığı
gündən bu təmayüllü olduğunu bəyan edib.
Əyləncə televiziyanın 3 əsas vəzifəsindən
biridir. O zaman teleməkanda əyləncə sahəsində müəyyən boşluq vardı
və ATV bu boşluğu doldurmağa çalışdı.
Təsadüfi deyil ki, fəaliyyətinin ilk
dövründə ictimai-siyasi xarakterli proqamlara, o cümlədən,
gündəlik xəbərlərə, ümumiyyətlə,
efirdə yer ayırmırdı. Sonralar proqram siyasətində ciddiləşməyə
doğru müəyyən
addımlar atsa da, bu kanalda
ilkin ana xətt daim qorunub
saxlanmaqdadır və bu xüsusiyyət ictimaiyyət tərəfindən
təbii qarşılanır. Təəccüb və təəssüf
doğuran hal isə
digər kanalların yavaş-yavaş “atv”ləşməsidir.
Məqsəd və məramı tamamən fərqli olan
kanalların bu gün şoulaşmaya aşırı dərəcədə
meyl göstərməsi
cəmiyyətdə haqlı olaraq birmənalı
qarşılanmır. Mənim fikrimcə, hər
kanal təyinatına uyğun proqram siyasəti aparsa, bir-birinə
qarşılıqlı ittihamlar irəli sürməkdən əl
çəkib, efirdə öz yerini tutmağa səy göstərsə,
daha çox uğur qazanar.
- Sizcə
yeni televiziya mövsümündə hansı mövzular efirə
gələ bilərdi?
- Azərbaycanın
dövlət müstəqilliyinin 25 illiyi yaxınlaşır.
Şərqin ilk demokratik respublikası kimi adı tarixə
düşən Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin
100 illiyinə az qalır. Bu
mövzularda uzunmüddətli telelayihələr
hazırlamağa ehtiyac var. Proqram seçimində
sponsorların marağı ilə dövlətçilik
marağı əksər hallarda üst-üstə
düşmədiyindən özəl kanallar ciddi layihələrə
ekran həyatı verməkdə çətinlik çəkir.
Milli Televiziya Şurası bu məsələlərlə
maraqlanmalıdır. Bu haqda müvafiq
nazirliklər də düşünməlidir. Hər sahənin inkişafına ayrılan külli
miqdarda vəsaitin kiçik bir qismi KİV-də və elektron
informasiya vasitələrində təbliğat, maarifləndirmə
işinə niyə də xərcləməsin? Bəziləri elə zənn edir ki, bu məsələ
yalnız KİV əməkdaşlarının vəzifəsidir.
Belə təsəvvürlər kökündən
yanlış olduğu qədər də ziyanlıdır.
Ölkədə və dünyada son dərəcə
ciddi proseslər gedir. Beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi,
iqtisadi mənzərəsinin qeyri-sabitliyi şəraitində fərqli idarəetməçilik
dəsti-xətti ilə seçilən müstəqil yeni Azərbaycan
yeni beynəlxalq layihələri uğurla həyata keçirməyə
hazırlaşır. Bu gedişat istər məlumat şəklində,
istər müzakirə, şərh, analitik söhbət və
ya digər formatda ekranda əksini tapmayanda tamaşaçı
narazı qalır və cavabsız suallardan qurtulmaq üçün
başqa məlumat mənbələrinin
axtarışına çıxır. Öz
auditoriyamızı özgələrin at oynatdığı
geniş meydana çevirməklə mürəkkəb proseslərin
nəbzini tutmağa çətinlik yaratmaq, neqativ halların
artmasına, kriminal aləmin güclənməsinə, mənəvi
eybəcərliyin kütləvi təbliğinə imkan vermək
ağlasığan iş deyil. Sovet
ideologiyası dövründə çəkilən onlarla film
var ki, bu gün də maraqla baxılır. Gəlin
görək, son iyirmi beş ildə yeni
mürəkkəb tarixi inkişaf mərhələmizi əks
etdirən neçə film yaranıb, onların bədii təsir
gücü hansı səviyyədədir? Televiziya məhsulundan
söz düşəndə, bədii, sənədli, cizgi
filmləri də nəzərdə tutulur. Telekanalın
elə imkanı olmalıdır ki, özünə gərəkli
məhsulu istehsal edə bilsin və ya ehtiyac yarananda başqa qurumlarda sifarişlə
iş keyfiyyətli gördürsün. Söhbət
yenə gəlib söykənir maliyyə məsələlərinə.
Ona görə də dünyanın bir çox
ölkələrində telekanallar qüdrətli holdinqlərin
tərkibində yaranır.
Etibar
müəllim sözünü yarıda kəsir:
- Mən
bu mövzuda o qədər danışa bilərəm ki,
Günəş də
dözməyib dənizdən qalxaraq bizə
boylanar. Səni nəsə qane eləmirsə,
söhbətin istiqamətini dəyişə bilərik.
- Yox,
söhbət elə mən istədiyim istiqamətdə gedir. Ona görə çox da müdaxilə eləmirəm.
Bilirsinizmi, əvvəlki qonaqlarıma da
televiziya ilə bağlı müxtəlif suallar
ünvanlamışam. Amma indiyədək
heç kimdən belə geniş və ətraflı cavab
almamışam. Ona görə
sözünüzü kəsmədən maraqla dinləyirəm.
-
Düzünü bilmək istəsən, mən özüm də hər kəsin
sualına belə
geniş cavab vermirəm. Sizin maraqla dinlədiyinizi
görüb geniş
danışıram (gülürük).
-
Televiziyadakı problemləri hamımız bilirik...
- Elə
isə, gəlin sadalayaq görək nədir o problemlər?
-
Aparıcıların səviyyəsindən tutmuş,
verilişlərin formatına qədər çox şey. Yəni, hamımız bu problemləri
görürük. Sizcə aparıcı
necə olmalıdı?
-
Televiziya aparıcısı üçün mühüm olan
bir neçə şərt var: zahirən telegeniklik, səlis
nitq qabiliyyəti, geniş dünyagörüşü, müəyyən
həyat təcrübəsi, müsahibi dinləmək,
auditoriyanı görmək, hiss etmək
bacarığı. İndi bütün
telekanallarda suflyordan istifadə edilir. Xəbər
aparıcısı həmin qurğunu canlı efirdə sərbəst
iradə etməyi bacarmalıdır ki, çaşmasın.
Bununla yanaşı, aparıcı zəngin
söz ehtiyatına malik olmalıdır ki, yeri gələndə,
mürəkkəb vəziyyətdən üzüağ
çıxa bilsin. Müsahibə alarkən, sual verməklə
vəzifəsini bitmiş hesab etməməlidir, müsafirini dinləməyi
bacarmalıdır, yarımçıq qalan fikirlərini
tamamlamaq üçün ona imkan yaratmalıdır. Bir sualdan digərinə, yaxud bir mövzudan
başqasına keçərkən arada körpü
qurmağı bacarmalıdır. Bu keyfiyyətləri ilə
seçilməyənləri aparıcı adı ilə
efirə çıxarmaq qəbahətdir. Bir məsələni
də nəzərə alın ki, aparıcı seçimi həm
də proqramın janrından, formasından
asılıdır.
- Sizcə,
televiziyaya bütün bunları öyrənib gəlmək
üçün ixtisaslaşmış məktəb var?
- Mənim
arzuladığım səviyyədə yoxdur. Söhbət
yalnız aparıcılıqdan, nitq qabiliyyətinin
inkişafından, efir davranışından getmir. Bu məsələləri, bəlkə də
televiziyaların nəzdində emalatxanalar yaratmaq, müəyyən
kurslar açmaqla həll etmək mümkün olardı.
Amma məsələyə köklü
yanaşmaq lazımdır. Söhbət
televiziya səhəsində hər istiqamətdə yüksək
ixtisaslı kadrların hazırlığından gedir.
Telejurnalistika, telerejissor, teleoperator sənəti,
işıq, montaj, tərtibat, dizayn işləri və ən
nəhayət, verilişin efirdə normal yayımının təmin
edilməsi zəncirvari şəkildə bir-biri ilə əlaqəlidir. Hərənin
bir vəzifəsi olsa da, hamının hazırlıq səviyyəsi
eyni dərəcədə yüksək olmalıdır. Televiziyada işıq təkcə aydınlatma vasitəsi
deyil, həm də tərtibat və qrim işində köməkçi
vasitəsidir. Onun köməyi ilə efirdə istənilən
adamın simasını nisbətən yaşlı və ya cavan göstərmək
olar. Bunun üçün işığın
təsir gücünü, hansı bucaq altında
düşdüyünü, ekranda hansı effekti verəcəyini
qabaqcadan bilməsən. Bu işə elektrik montyorunu yox, işıq üzrə rəssam cəlb etməlisən.
Televiziyalarda bahalı kameralar, səs, işıq
qurğuları var. Bu avadanlıqların hər birinin üzərində
müxtəlif təyinatlı xeyli sayda düymələr
quraşdırılıb. Nə yazıq ki, o funksiyaların çoxu əksər
hallarda istifadəsiz qalır. Bütün bunlar televiziya sahəsində
çalışanların peşəkar təhsilə, ixtisasartırmaya
ehtiyacı olduğunu göstərir. Televiziya kanallarının sayı artır. Peyk və kabel yayımının köməyi ilə
dünya televiziyalarını üzləmək
asanlaşıb. Yerli televiziyalar öz səviyyəsini yeni keyfiyyət mərhələsinə
qaldırmasalar auditoriyalarını müəyyən qədər
itirmək təhlükəsi ilə üzləşə bilərlər.
- Sizcə
tamaşaçıların diqqətini daha çox hansı
verilişlər cəlb edir?
- Bu da
çox maraqlı araşdırma mövzusudur.
- Həm
də bir qədər mübahisəli məsələdir. Mənə maraqlıdır, əvvəllər niyə
tamaşaçı şou xəbərlərinə meyl
göstərmirdi? Görünür, məhz
bu istiqamət təqdir və təbliğ olunur deyə,
tamaşaçının başqa yolu qalmır. Olmaz ki, televiziya kütlənin səviyyəsinə
enməsin, ona özü istiqamət versin, necə ki bunu əvvəllər
edirdi?
- Əvvəllər biz başqa ictimai-siyasi formasiyada
yaşayırdıq. Sovet dövründə hər şey
dövlətin mülkiyyətində və nəzarətində
idi. İdeoloji sahənin maliyyələşməsi, istiqamətləndirilməsi
dövlətə, hakimiyyətə faktiki olaraq rəhbərlik
edən Kommunist
Partiyasının inhisarında qalırdı. Kütləvi
informasiya vasitələrinin hamısı eyni məqsədə
xidmət edirdi. O zamam hansı mətbəə kiminsə
sifarişi ilə
“qanunu oğru”ları, dələduzları,
işbazları vəsf edən kitablar nəşr edə bilərdi?
Yaxud Rəşid Behbudov,
Şövkət Ələkbərova, Leyla Bədirbəyli,
Hökumə Qurbanova kimi həqiqi ulduzların
yaşadıqları mənzili, istifadə etdikləri buz
dolabındakı qida məhsullarını, yataq
otağını televiziyada nümayiş etdirmək,
qarderobundakı geyimlərin, taxçadakı zinət əşyalarının
markasından, qiymətindən danışmaq kimin
ağlına gələrdi? O dövrdə də sənət
adamları arasında inciklik, qruplaşma, umu-küsü
olardı. Amma bunları, eləcə də məişət zəminində
baş verən digər xoşagəlməz halları ictimailəşdirməyə
yol verilməzdi. İndi kim-kimdən küsürsə,
ilk fürsətdə onu efirdə, mətbuat səhifələrində,
saytlarda topa tutur. Yaxud başqa bir veriliş, əslində küsülülərin
barışıq mərasiminə çevrilir. Bu
xırdalıqları şişirdib efirə gətirməklə,
elə bil kimlərsə çox təhlükəli kütləvi
kütləşmə prosesinə rəvac verir.
Əvvəllər
bir adamın bədənində döymə görəndə,
yəni nakolka, ilk
ağla gələn o olurdu ki, bu şəxs həbsxanada
yatıb, ya da yeniyetmə yaşlarında pis mühitə
düşüb. İndi döyməni dəbə
salıb gəlirli biznes sahəsinə çeviriblər.
Döyməli gənclər, müğənnilər
televiziya ekranlarının qəhrəmanlarına
çevrilir. Cinsi azlıqların nümayəndələri
bəzi verilişlərin daimi qonaqları arasında yer
alır. Düşünmürəm ki,
bütün bunlar təsadüfən baş verir.
- Sizcə,
bu vəziyyət uzun sürəcək?
- Yox, belə
davam edə bilməz. Televiziya cəmiyyətdə
baş verən hadisələri göstərməklə
yanaşı, öz mövqeyini nümayiş etdirməli,
sözünü deməyi bacarmalıdır. Bunun
üçün peşəkar idarəetmə, professional
komanda və
yüksək maddi-texniki təminat olmalıdır,
televiziya reklamvericidən
asılı qalmamalıdır. Televiziya rəhbərinin
qarşısında “hardan pul qazanaq?” problemi dayananda milli-mənəvi
dəyərlər, yaradıcılıq arxa plana keçir.
Sizə elementar bir sual verim: jurnalist kimi televiziyada müxbir
işləsəydiz nə qədər aylıq maaş
istərdiniz?
- Daha
çox istəyə bilərdim, amma reallıqları nəzərə
alıb, səkkiz yüz manat deyə bilərəm.
- Nəzərə
alın ki, telekanalda yüzlərlə adam
çalışır. Sizin maaşınız ən
azı min manat olmalıdır ki, müvafiq vergilər
tutulandan sonra təmiz səkkiz yüz manat əlinizə gəlsin.
Peyklə yayımlanmaq, veriliş hazırlamaq,
ezamiyyə, nəqliyyat xərcləri, yeni avadanlıqların
alınması, istismar xərcləri, kommunal xərclər və
gedərlər bir yerə toplananda böyük rəqəm
alınır. Bəzən reklamverici aparıcını,
verilişin formatını da özü israrla təklif edir.
Bəlkə də, başqa halda televiziya rəhbərliyi
o verilişin yayımlanmasına razılıq verməzdi.
Amma maddi problemlərlə qarşılaşanda, başqa gəlir
mənbəyi olmadığından məcburən kompromisə
gedir. Necə deyərlər, hər
çalınan havaya oynamaq lazım gəlir. Efirdən hamıya “bəy tərifi” demək olmaz.
Reklam olunan bütün məhsullar həqiqətən
“bir nömrə”dirmi? Əslində isə
reklam olunan mallar əksər halda
təbliğ olunduğu səviyyədə deyil. Və ya bütün klinikalar “bir nömrə” kimi
tamaşaçıya tanıdılır. Maraqlansaq
görərik ki,
birinin qoyduğu diaqnoz digərində təsdiqlənmir. Nə
qədər ki, televiziyalar sponsordan, reklamçıdan tam
asılı vəziyyətdədir, belə hallar
qaçılmazdır.
- Bəs
sizcə, dil və dublyajla bağlı problemləri necə
çözmək olar?
- Dil və
dublyajla bağlı problem qeyri-peşəkarlıqdan meydana gəlir.
Bunu bisavad və məsuliyyətsiz adamlar
yaradır. Dilində qüsur olan adamı
efirə çıxarırsansa, problemin olacağı əvvəlcədən
bəllidir. Efirdə ləhcə ilə
yalnız dəvət olunan qonaq danışa bilər. Bu, qəbahət deyil. Amma
televiziyanın siması kimi efirə çıxan
aparıcı yalız və yalnız Azərbaycan ədəbi-bədii
danışıq dilində danışmalıdır. Əgər bu tələb gözlənilirsə,
aparıcının görünüşü qıcıq
yaratmırsa, intellektual səviyyəsi ilə seçilirsə,
ekrandan tamaşaçıya müsbət emosiya ötürə
bilirsə, kifayətdir.
Dublyaja gəlincə,
onu deyə bilərəm ki, məsələ süni surətdə
dolaşdırılıb. İndi bütün
kanallar dublyajla məşğuldur. Məsələn,
telekanal filmi necəsə əldə edir (bu məsələdə
qaranlıq məqamlar çoxdur), dublyaj edir və yazır ki, film filan şirkətdə
səsləndirilib. Heç görmüsüz
ki, bir kanalda dublyaj olunan filmi başqa kanal göstərsin?
Bu vasitə ilə kanallar sanki dünya kinosunun məhsullarını
özəlləşdirirlər. Sovet dövründə
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında çəkilən filmlər ümumittifaq əhəmiyyətli
olanda rus dilinə tərcümə edilərək, “Qorki”
adına kinostudiyada dublyaj olunurdu. Hətta bu
filmlərə baxanda elə bilirdin, bizim aktyorlar rusca
danışıblar. Səsi obraza uyğun
seçirdilər. Yaxud Əli Zeynalov,
Şahmar Ələkbərov, Həsən Əbluc, Əminə
Yusifqızı kimi dublyaj ustalarımız vardı. Filmlər Azərbaycan dilində elə səsləndirirdi
ki, tamaşaçı
böyük zövq alırdı. Bu proses peşəkar
səs rejissorlarının, tərcüməçilərin nəzarəti
altında həyata keçirililirdi. Məsələn,
rus dilində “lyublu” sözünün azərbaycanca
qarşılığı “sevirəm”dir. Dublyaj zamanı heca
fərqi ortaya çıxır. Aktyor
artikulyasiyanı elə seçməlidir ki, dodaqların vəziyyəti
səsləndirməyə uyğun gəlsin. Bunlar hamısı nəzərə
alınırdı. Amma indi bunlara çox az
riayət olunur.
Xoşagəlməz
məsələlərdən biri də odur ki, bəzən
dublyaj üçün heç əhəmiyyətsiz, hətta mentalitetimizə,
mənəviyyatımıza zidd filmlər seçilir. Bu
seçimi kim aparır? Yalnız
film efirə çıxandan sonra deyirlər ki, ona
arvad-uşağın yanında baxa bilmirik. Yaxşı olardı ki, filmlər əvvəlcədən
seçilərək vahid bir studiyada dublyaj olunsun. Sonra həmin filmin yayım hüququ müəyyən
müddətə telekanallar arasında
bölüşdürülsün. Amma bizdə bir filmi müəyyən fasilə
ilə üç kanal birdən göstərir. Burda məqsəd,
əlbəttə ki, bəllidir: rəqibin bazarını
öldürmək. Bir məqamı da deyim, bizim
telekanallar türk filmlərini çox tez-tez göstərirlər.
Buna görə də Azərbaycanda Osmanlı
türkcəsi daha çox qavranılır, nəinki Azərbaycan
türkcəsi Türkiyədə. Məsələn,
Nəsibə Zeynalovanı Türkiyədə
tanımırlar. Oğlu Cahangir Novruzov bəlkə
orda dərs dediyinə görə daha çox tanıyan var.
Heç görmüsünüzmü, Türkiyə
kanallarının birində “Qayınana” filmini versinlər?
Yaxud, başqa bir problem: Azərbaycanın cizgi filmləri yox səviyyəsindədir.
Bizim uşaqlar cizgi filmlərinə türk
kanallarından baxırlar. Ona görə də,
körpə dil açanda türkcə danışmağa
başlayır. Bütün dünyada
uşaq telekanalları var. Bizdə niyə olmasın?
Amma lap tutaq ki, sabah bizdə də belə
televiziya açıldı. Orda hansı məhsulu
göstərəcəyik? Televiziyanın
öz məhsulu olmalıdır. Təqdirəlayiq
haldır ki, son vaxtlar filmlərin çəkilməsinə
dövlət pul ayırır. Amma hələ
ki, istənilən nəticə yoxdur. Çox təəssüf
ki, bizdəki teleseriallarda qərb düşüncə tərzini
bir az da eybəcər şəkildə təqdim
edirlər: bu onu qaçırdır, o bunu zorlayır. Bu bizə lazım deyil. Amma
bunları bizə kütləvi şəkildə təbliğ
edirlər. Axı nə qədər olar, qəhrəman
qızını xilas etmək üçün hamını
öldürür. Başqa bir cəlbedici
mövzu yoxdur? Bəzən çoxları
fəxrlə deyir ki, mən Azərbaycan televiziyalarına
baxmıram. Axı burada fəxr ediləsi
bir şey yoxdur. Əksinə,
acınacaqlı haldır. Azərbaycanda bu
qədər telekanal var. Əgər xalq bunların təqdim
etdikləri məhsullara baxmırsa, bu vəziyyətdən
çıxış yolu haqqında düşünmək
lazımdır. Çünki insanlarda milli
şüuru yetişdirən yerli mediadır. Sizcə nə üçün Amerika səfirliyi
ABŞ filmlərinin burada qanunsuz yayımlanmasına etiraz
etmirdi? Bir vaxtlar bu filmlər videosalonlarda
yayımlanırdı. Məqsəd
insanların beyinlərini yumaq idi. Tamaşaçı
düşünürdü ki, xaricdə hamı yağ-bal
içində yaşayır. Hərçənd,
reallıqda vəziyyət belə deyil.
- Söhbətimizin
sonunda bilmək istərdik, peşənizlə bağlı
başınıza gələn maraqlı hadisə olubmu?
Özümü sığortalamaq kimi çıxmasın, müsahibələriniz
alınmayanda nə baş verirdi redaksiyada?
- (Gülüşürük). Qırx ildir, bu işlə məşğulam. Müsahibələrə həmişə məsuliyyətlə yanaşmışam. Kimin yanına gedəcəyəm, nə danışacağam, nəyi soruşacağam, filan cavabı versə, ardınca hansı sualı ünvanlayacağam - bunlara olduqca ciddi hazırlaşırdım. İndi yadıma düşən bir hadisədən danışım. Bəstəkar Rauf Hacıyevlə yaxın münasibətim vardı. Bəstəkarlar İttifaqında görüşdük. Müsahibə almazdan öncə otağındakı royalın arxasına keçib, onun bəstələdiyi məşhur “Sevgilim” mahnısını çalmağa başladım. Bu hərəkətimdən heyrətləndi. İfamı bəyəndiyini söyləndə sonra o məni sorğu-suala tutdu ki, royalda çalmağı harda öyrənmisən? Yəni, müsahibəyə sualla başlamadım. Bir qədər fərqli yanaşdım və ilk sualı müsahibimdən eşitdim. Baxmayaraq ki, atamla da Rauf müəllimin yaxın münasibəti vardı, məni də yaxşı tanıyırdı, o sanki məni özü üçün yenidən “kəşf” etdi, daha səmimi, daha mehriban danışmağa başladı. Nəticədə həqiqətən çox maraqlı müsahibə alındı.
Söhbəti yekunlaşdıranda Etibar Babayev gülümsəyərək dedi:
-Bax, indi
oturmuşuq bulvarda, ətraf mənzərə göz oxşayır. Vaxt vardı bulvarda üfunət qoxusundan gəzmək
olmurdu, hər yeri zir-zibil bürümüşdü. Milli park
statusu alandan sonra vəziyyət kökündən dəyişdi.
Əsaslı sahilbərkitmə, təmir-tikinti,
yaşıllaşdırma, işıqlandırma işləri
aparıldı. Bulvar sağa-sola uzanmağa başladı,
şəhərin infrastrukturu dəyişdi. Sahil
parkı bir yandan Zığa, digər tərəfdən
Şıx çimərliyinə tərəf baş alıb gedir. Yaxın gələcəkdə Bakının panoramı daha cazibədar olacaq. Amma unutmayaq ki,
radio dalğalar daha geniş ərazilərə
yayılır. Birdən məsafəcə uzaqda
olanlar da arzu etsələr, televiziya vasitəsi ilə
yaxından görə bilərlər. Əgər bulvara
göstərilən qayğı, diqqət, münasibət milli televiziyalara da
olsa, günün birində mavi ekranlarımız daha cazibədar
olar. Bulvar bizim sahildə gəzinti, əsas
istirahət yerlərimizdən biridirsə, televiziyalar milli şüurumuzu,
düşüncəmizi, zövqümüzü, ümumi
dünyagörüşümüzü formalaşdıran, məlumat
bazamızı zənginləşdirən əsas
ünvandır. Çox arzu edərdim ki, Xəzərin sahilində
yaranan bu gözəllik, bir gün mavi ekranlarımıza
da gəlsin.
Feyziyyə
525-ci qəzet.- 2015.- 5 sentyabr.-
S.14-15.