Azərbaycan və dünya aqrar elmində
akademik Eyyub Bəşirov imzası
(Əvvəli 4 sentyabr
sayımızda)
Akademik Eyyub Bəşirovun "Azərbaycanda biologiya
elminin və heyvandarlığın inkişaf tarixindən"
adlı kitabında toplanmış elmi məruzələr,
arayışlar onilliklər ərzində aparılan
araşdırmaların, tədqiqatların nəticələri,
məhsuludur.
Kitabdakı "Mal-qaranın məhsuldarlığının
artırılması və keyfiyyətinin
yaxşılaşdırılması yolları", "Azərbaycanda
camışların doğub-törəmə qabiliyyətinin
yaxşılaşdırılması yolları", "Yemləmə
və bəsləmə şəraitinin heyvanların
doğub-törəmə (çoxalma) fəaliyyətinə təsiri",
"Kənd təsərrüfatı heyvanlarının
törədicilərinin tənasül fəaliyyətinə və
verdikləri toxumun kəmiyyət və keyfiyyətinə təsir
edən amillər", "Qaramal və camışların məhsuldarlığının
yüksəldilməsi və sayının
artırılması tədbirləri", "Ekstremal iqlim
şəraitində mal-qaranın məhsuldarlığının
artırılmasında əsas şərtlər",
"Süni mayalamanın camışçılıqda tətbiqinin
elmi əsasları", "Camışların
çoxalmasının biologiyası və süni
mayalandırılmasının metod və
texnologiyalarının işlənib hazırlanması",
"Azərbaycanın heyvandarlığında süni
mayalamanın geniş tətbiqi ən vacib dövlət tədbirləridir",
"Azərbaycanda ətlik maldarlığın inkişaf
etdirilməsi tədbirləri", "Respublikanın təsərrüfatlarında,
damazlıq işlərinin vəziyyəti haqqında",
"Azərbaycanda seleksiya damazlıq işlərində
intensiv texnologiyaların tətbiqi", "Azərbaycanda
camışçılığın inkişafı və
onun müalicəvi-dietik qida məhsullarının
istehsalının əhəmiyyəti", "Azərbaycanda
damazlıq camışçılığın elmi əsasda
inkişaf tarixindən" kimi onlarla məruzələrdə
heyvandarlıqda süni mayalama kimi mütərəqqi,
qabaqcıl metod və texnologiyaların geniş tətbiqi,
damazlıq heyvandarlığın inkişaf problemləri, məhsul
istehsalının artırılması, heyvanların
çoxalma biologiyasının öyrənilməsi, yemləmə,
bəsləmə kimi bir çox şəraitlərin
çoxalmaya təsiri kimi problemlərin elmi həlli və təcrübədə
tətbiqi, istehsalatda həyata keçirilməsi yolları da
göstərilir.
Elmi mahiyyətinə,
respublika heyvandarlığının o dövrdəki
inkişaf potensialına, bu potensialın düzgün istiqamətləndirilməsinə,
istifadə edilməsinə ayrılıqda götürdükdə
bölgələrdə, bütövlükdə isə
respublika üzrə sahənin inkişaf səviyyəsinə,
mövcud imkanlara, yerli şəraitə qiymət verilməsi,
araşdırılması baxımından kitabın ikinci hissəsində
toplanmış arayışlar və təkliflər
mühüm əhəmiyyətə malikdir.
Məruzələrdə
və arayışlarda aydın görünən bir fikir var.
Bu həm müəllifin Azərbaycan Elmi-Tədqiqat
Heyvandarlıq İnstitutunun direktoru, "Azərdamazlıq"
Elmi-İstehsalat Birliyinin rəisi, Dövlət
Üzümçülük Komitəsinin sədr müavini və
s. məsul vəzifələrdə çalışarkən
özünün, həm də bütövlükdə aqrar
sektorun fəaliyyət istiqamətləri, bu istiqamətlərin
yönəldiyi məqsədlər və elm xadiminin
çatdığı, gerçəkləşdirdiyi məqsədlərdən
əldə olunan nəticələrdir. Bu nəticələr
insan ömrünün, insan zəkasının, xalqı, milləti
qarşısındakı göstərdiyi xidmətlərinin,
çəkdiyi zəhmətlərin barıdı, bəhəridi.
Eyyub Bəşirov yaradıcılığının
bir səhifəsi olan "Azərbaycanda biologiya elminin və
heyvandarlığın inkişaf tarixindən" kitabı
heyvandarlıq elmi tariximizin, onun bəlli bir mərhələsinin
salnaməsidir.
Onun məruzələri elmi
yaradıcılığının ilkin təməl
daşlarıdır. O, hələ Gəncə Kənd Təsərrüfatı
İnstitutunda, akademik K.A.Timiryazev adına Moskva Dövlət Kənd
Təsərrüfatı Akademiyasında, ÜHİ-nun
aspiranturasında təhsil aldığı illərdə tələbə
elmi cəmiyyətlərində, müxtəlif elmi dərnəklərdə
tez-tez elmi məruzələrlə çıxış
edirdi. Moskva elmi mühiti tərəfindən təqdir
edilən həmin elmi məruzələr alimin yaradıcılığının
bir istiqaməti, xətti kimi formalaşmağa, möhkəmlənməyə,
araşdırdığı mövzuların, problemlərin
elmi həlli, həmin mövzuların aktuallığı
baxımından daha da böyük məna kəsb etməyə,
bitkinləşməyə başladı. Təbii
ki, bunun da məntiqi nəticəsi olmalı idi. Həmin məntiqi nəticə isə elmi məruzələrin
beynəlxalq elmi arenada, beynəlxalq elmi ictimaiyyət tərəfindən
qəbul edilməsi, bəyənilməsi, yüksək qiymətləndirilməsi
idi.
1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi
İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi
Konqres keçirildi. Bu böyük elmi məclisdə 64
ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov
"Camışların törəyib çoxalmasının
biologiyası və süni mayalandırılması"
mövzusunda elmi məruzə etdi. Böyük
maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq
Konqresində birinci yeri tutdu və qızıl medala layiq
görüldü. Roma Papası VI Pavel şəxsən
özü alimimizi böyük uğur münasibətilə təbrik
etdi və öz portretini hədiyyə verdi.
Bu uğur təkcə Eyyub Bəşirovun
deyildi, bu həm də Azərbaycan aqrar elminin uğuru, ona
verilən yüksək qiymət idi.
Eyyub Bəşirovun məruzələri
daşıdığı elmi yükü, mahiyyəti, əhəmiyyətindən
savayı, yazıçıların, ədəbiyyatşünas
alimlərin təbirincə desək, sənətkarlıq
baxımından da güclüdür. Məruzələrin
dili çox rəvan, axıcı, lakonik, ifadələr isə
sərrast və dəqiqdir. Fikirlər
aydın, konkret ifadə olunur. Bütün
bunlar da istər oxucunu, istərsə də dinləyicini
yorulmağa qoymur, mövzuya olan marağı və diqqəti
artırır.
Eyyub Bəşirov
keçən əsrin 70-ci illərində BDU-nun nəzdində
ali məktəb müəllimlərinin
ixtisasartırma fakültəsində təbiətin və
ekologiyanın mühafizəsi mövzusunda çox əhəmiyyətli
mühazirələr oxumuşdur. Keçmiş
İttifaqın, o cümlədən, Azərbaycan ali məktəblərinin müəllimlərinin
də dinlədiyi bu mühazirələr böyük maraqla
qarşılanırdı.
O, ötən
əsrin 50-60-cı illərində Qarşılıqlı
İqtisadi Yardım Şurasının təşkil etdiyi
konqreslərdə, elmi simpoziumlarda daim iştirak edir,
heyvandarlığın müxtəlif sahələrinə,
problemlərinə aid mühazirələr, məruzələrlə
çıxış edirdi. 1954-1964-cü illərdə
Zaqafqaziya respublikaları arasında yeganə alim, mütəxəssis
idi ki, QİYŞ-nin biologiya və heyvandarlıq bölməsinə
üzv seçilmişdi. Alimimiz bu beynəlxalq
qurumdakı müntəzəm fəaliyyəti, elmi tədbirlərdəki
məruzələri, çıxışları, tövsiyələri
ilə böyük nüfuz qazandı.
Eyyub Bəşirov 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində
"Azərdamazlıq" Elmi-İstehsalat Birliyinin rəis
müavini Tağı İsmayılovla birlikdə BDU-nun nəzdində
respublikamızda ilk dəfə, analoqu olmayan məktəb-Ali
Genetika Məktəbi yaratdı. Yüksək səviyyəli
seleksioner-genetiklərin hazırlanmasında bu məktəbin
müstəsna əhəmiyyəti oldu.
O
dövrdə FAO, YUNESKO kimi beynəlxalq təşkilatların
dərgilərində elmi məqalələrlə
çıxış edən alimimiz elə indi də onlarla əməkdaşlığını
davam etdirir. FAO dünyada
camışçılığın inkişaf etdirilməsi,
camışçılığın potensial
imkanlarının öyrənilməsi, araşdırılması,
məhsul istehsalının artırılması kimi bir
çox məsələlərin həllində Eyyub Bəşirovla
məsləhətləşmələr, fikir mübadilələri
aparır.
Hörmətli
alimimiz FAO kimi mötəbər bir beynəlxalq təşkilatla
əlaqə yaratmaq, qurulmuş əlaqələri möhkəmlətmək,
qurumun diqqətini, gücünü, potensial imkanlarını
ölkəmizdə heyvandarlığın inkişafına
yönəltmək, heyvandarlarımızın, fermerlərimizin
təşkilatlanmasını sürətləndirmək məqsədilə
tanınmış mütəxəssis, elm və təsərrüfat
təşkilatçısı Beynəlxalq
Camışçılar Federasiyasının Daimi Komitəsinin
üzvü, doktor İmran Əbilovla birlikdə FAO-nun rəhbəri
Çiançarlo Rossiyə məktub yazdılar.
2000-ci il yanvar ayının 10-da yazılmış bu
məktubda Azərbaycanda heyvandarlığın ümumi vəziyyəti,
onun inkişaf perspektivləri xüsusən də
camışçılığın elmi əsasda inkişaf
etdirilməsi, Azərbaycan camışçılıq elminin
tarixi, onun qazanmış olduğu nailiyyətlər barədə
məlumat verildi.
Məktubu yazmaqda məqsəd FAO-nun diqqətini Azərbaycana,
ölkəmizdə heyvandarlığın inkişafına
yönəltmək idi.
Tezliklə həmin məktubun nəticəsi
özünü göstərdi. Bu gün FAO ilə əlaqədar
müntəzəm xarakter alıb.
Bu qurumun
Avropa və Asiya ölkələri üzrə koordinatoru,
Hindistanın dünya şöhrətli alimi doktor-professor
Tanejanın 2005-ci ildə Bakıya üç günlük səfəri
birgə əməkdaşlığın daha da sürətlənməsinə,
inkişaf etməsinə səbəb oldu.
Doktor
Tanejanın akademik Eyyub Bəşirovla olan söhbətlərində
Azərbaycanda və dünyada
camışçılığın inkişafı,
damazlıq, süni mayalandırma, qiymətli heyvan
genefondlarının qorunub saxlanılması və səmərəli
istifadə olunaraq inkişaf etdirilməsi, heyvandarlıq,
xüsusən də camışçılıq məhsullarının
istehsalı və s. kimi məsələlər barədə
geniş müzakirələr, məsləhətləşmələr,
fikir mübadilələri aparıldı.
Doktor
Taneja qayıdandan sonra alimimizə göndərdiyi təşəkkür
məktubunda yazırdı ki, Azərbaycanda və dünyada
camışçılığın inkişaf etdirilməsi
siyasətini Sizin verdiyiniz məsləhətlər
və tövsiyələr əsasında yenidən qurduq.
Bir elm
adamı kimi akademik Eyyub Bəşirovun verdiyi tövsiyələrin,
məsləhətlərin FAO-nun fəaliyyət proqramında,
inkişaf siyasətinin müəyyənləşdirilməsində,
qurulmasında istifadəsi elə Azərbaycan aqrar elminin
dünya miqyasındakı nüfuzundan xəbər verir.
Alimimizin FAO ilə əlaqələri bu gün də
davam edir. Bu təşkilatın ayrı-ayrı dərgilərində
elmi məqalələrlə çıxış edir.
Rusiya elmi dairələri, elmi qurumları Eyyub Bəşirovla
sıx əməkdaşlıq edir, mütəmadi olaraq onu
öz elmi məclislərinə dəvət edirlər.
2004-cü
il mart ayının 22-24-də Rusiya Beynəlxalq Keyfiyyət
Problemləri Akademiyasında akademik V.K.Milovanov və professor
İ.İ.Sokolovskayanın 100 illik yubileyləri münasibətilə
keçirilən Beynəlxalq Elmi Konfransda Eyyub Bəşirov
"Süni mayalanmanın metod və texnologiyaları və Azərbaycanda
heyvandarlığın tərəqqisi" mövzusunda elmi məruzə
ilə çıxış etdi. Konqresdə
birinci yeri tutan bu məruzəyə görə Rusiya Beynəlxalq
Keyfiyyət Problemləri Akademiyası alimimizi
özünün həqiqi üzvü seçdi, həm də
Rusiya Kənd Təsərrüfatı Akademiyasının və
ÜHİ.-nin fəxri fərmanına layiq görüldü.
Bu, Eyyub Bəşirov
yaradıcılığının, Azərbaycan aqrar elminin
nüfuzunun beynəlxalq səviyyədə etiraf olunması, təsdiqi
idi.
Alim elmi yaradıcılığını, eləcə
də ictimai fəaliyyətini bu gün də uğurla davam
etdirir. Onun yeni kitabları nəşr edilib, bir neçəsi
də çapa hazırlanır. 2011-ci ildə alimin " Azərbaycanda heyvandarlığın elmi əsasları"
adlı yeni kitabı işıq üzü gördü. Alim öz yaradıcılığında
heyvandarlıq elminin bütün sahələrini dərindən
araşdırıb, öyrənmişdir. Bu kitabda da
heyvandarlığın bütün problemləri, ən
başlıcası, qabaqcıl metod kimi süni mayalanmanın
geniş tətbiqi vasitəsilə genefondların cins tərkibinin,
heyvanların balavermə, alınan balaların yaşama
qabiliyyətinin yaxşılaşdırılması, yeni cinslərin,
heyvandarlıqda əsas sahə olan yem bazasının
yaradılması, möhkəmləndirilməsi, məhsuldarlığın
artırılması, insanların yüksək keyfiyyətli,
ekoloji təmiz, bioloji qiymətli, yüksək
qidalılığa, müalicəvi əhəmiyyətə
malik dietik, camış, arı və digər heyvandarlıq məhsulları
ilə təmin edilməsi məsələləri
araşdırılır və mövcud problemlərin həlli
yolları göstərilir.
Akademik Eyyub Bəşirovun elmi
yaradıcılığı özünəməxsusluğu
ilə seçilir. Bu baxımdan alimimizin ötən əsrin
əllinci illərinin əvvəllərindən bu
günümüzə qədər müxtəlif müəlliflərin
elmi əsərlərinə, dissertasiyalarına,
ayrı-ayrı kitablarına yazmış olduğu elmi rəylər,
eləcə də onun öz əsərləri haqqında rəylər
böyük maraq doğurur. Bu rəylər
ötən əsrin ikinci yarısında heyvandarlıq elmində
aparılan tədqiqatların, araşdırılan elmi problemlərin,
aqrar sahə ilə bağlı bir çox məsələlərin,
tam dolğun, aydın bir mənzərəsini yaradır.
Bu
mühüm, xüsusi əhəmiyyət kəsb edən elmi
sənədlərin aktuallığını nəzərə alaraq müəllif
həmin rəylərin müəyyən hissəsini
toplayıb "Elmi iş"jurnalının 2011-ci il, 3-4
saylarında dərc etdirdi.
Rəylərin toplu halında çap edilməsi
öz-özlüyündə çox nadir, həm də
çox yerinə düşən bir hadisə idi ki, bu da elmi
təcrübədə mütəxəssislərə,
araşdırmaçılara elmi tədqiqat işlərində
geniş imkanlar yaradır.
Eyyub Bəşirov Azərbaycan Heyvandarlıq
Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə
yanaşı, Azərbaycan Camışçılar
Assosiasiyası, Azərbaycan Arıçılar
İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində
fəal iştirak edir. O, səkkiz dildə yazır, oxuyur və
danışır.
Ümidvarıq
ki, söhbətimizi işığı fonunda qurduğumuz
biologiya və heyvandarlıq elmləri tarixinin yeni səhifəsi
olan "Azərbaycanda biologiya elminin və
heyvandarlığın inkişaf tarixindən" kitabı da
hörmətli alimimizin digər əsərləri kimi
oxucuların, mütəxəssislərin, tədqiqatçıların,
elmi ictimaiyyətimizin böyük marağına səbəb
olacaq.
Eyyub Bəşirovun
elmi yaradıcılığı böyük, həm də zəngin
bir irs kimi gələcək nəsillərə
töhfədir, əmanətdir. Əsrlər
ötəcək, nəsillər dəyişəcək,
xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.
Əfqan
MƏMMƏDOV
525-ci qəzet.- 2015.- 8 sentyabr.- S.6.