HABİL KAMANLA
ŞƏRTLƏŞMƏ
Bu gün – 2015-ci il
sentyabr ayının
7-də, axşam saat
8-də böyük sənətkarımız
Habil Əliyevgilə getdim.
Rahat mənizlindəki
o böyük otaqda ki, adətən orada Habil müəllimlə
xörək yeyərdik,
dərdləşərdik, sənət
söhbətləri edərdik,
zarafatlaşrdıq, indi
bura çarpayı qoyulmuşdu və Habil müəllim yataqda idi.
Yanında ixtisasca həkim olan qızı, gecə-gündüz xidmətində
dayanan şəfqət
bacıları, tibb mütəxəssisləri.
Bir neçə
gündür komadadır
və həkimlər də vəziyyətini sabit ağır kimi dəyərləndirirlər.
Olsun ki, tibbi baxımdan həqiqətən də belədir.
Ailəsi də “ümidimiz Allahadır” deyir.
Burası düzdür, onsuz da həmişə bütün ümidlərimiz,
ən munis arzularımız Allaha bağlıdır.
Amma indi çarpayıda uzanan, tibbi qurğulara
qoşulu bu insan sadə xəstə deyil axı!
Bu, Allahın sevimli
bəndəsi, seçib-əzizlədiyi,
Öz İşığından
bir topa nur bağışladığı,
içərisini istedadla,
ilhamla doldurduğu qeyri-adi yavrusudur.
Ömrü boyu Allahla birbaşa
bağlantısı olmasaydı,
Habiı o möcüzələri
yarada bilərdimi?!
Siz onun fiziki vəziyyətini də adi insanlarınkı
ilə tutuşdurmayın.
Ondan hər möcüzəni gözləyin.
Cəsarətlə, inamla gözləyin və həmin möcüzəni həyatı
boyu saysız sehrkarlıqlar göstərmiş
Habil Əliyev sizə mütləq bəxş edəcək.
Habil Əliyev 88-i başa vurub, 89-a adlayıb.
Amma bu halında da öz yaşından
xeyli cavan görünür, rəngi-rufu,
ümumi görünüşü
də məni xeyli ümidləndirdi.
Əllərindən yapışdım, sığalladım,
bu əllər heç üzgün, xəstə adamın əlləri deyildi, taqətsizlik yox, güc hiss olunurdu o əllərdə.
Söhbət etməyə, həmişəki
kimi zarafatlaşmağa
başladım onunla.
Əmin idim ki, eşidir
məni. Çünki bilirəm gəlişimi
gözləyirdi.
Vəfalı, sədaqətli, nəvazişkar,
səbirli həyat yoldaşı Şərqiyyə
xanım da bu gümanımı heç mən ehtimalımı dilə gətirməmiş təsdiqlədi:
“Komaya düşməzdən
bir müddət əvvəl televiziyada Habilin 85 illiyinə həsr edilmiş, sənin apardığın
yaradıcılıq gecəsini
verirdilər. Habil dedi ki, telefonu
götür, Rafaelə
zəng vur, danışacam onunla. Səni tapa bilmədik, xaricdə idin”.
…Danışırdım Habil müəllimlə,
"xəstəliyə mütləq
qalib gəlməlisiniz,
90 illiyinizi də birgə qeyd eləməliyik" deyirdim.
Əli əlimdə,
barmaqlarım nəbzində
idi. Gözüm də monitorda.
Yüz faiz əmin oldum ki, indi
zahirən bayılmış
biz vəziyyətdə olsa
da, məni duyur, eşidir. Sadəcə,
cavab verməyə heyi yoxdur.
Həyəcanlanmasını yeyinləşən nəfəsində
də, sürətlənən
nəbzində də,
ekranda dəyişən
rəqəmlərdə də
aşkarca hiss etdim, gördüm.
Bu günlərdə gecə-gündüz
sərhədçilər kimi
onun yastığının
yanında olan, pərvanə kimi başına hərlənən
övladlarına da, həkimlərə də söylədim ki, siz xəstə Habil Əliyevin deyil, Azərbaycanın qulluğunda durmusunuz. Bunca şərəfli
və məsuliyyətli,
həm də ümummilli savab olan işdir sizin xidmətiniz.
Habil ailəsi Prezident İlham Əliyevdən, Mehriban xanımdan yerdən-göyə razılıq
edir, bu qayğıkeş insanların
mütəmadi olaraq ustadın səhhəti ilə maraqlandıqlarını,
həm də yalnız telefonla soruşmadıqlarını, adam göndərib halından bilavasitə xəbər tutduqlarını
deyir.
Habil müəllimi
çox həyəcanlandırmamaq
üçün qonşu
otağa çay içməyə keçdik. Bu ara İrandan şair Xosrov Sərtibi zəng vurdu mənə, Habil müəllimin vəziyyətini soruşdu,
“nigaranıq, internetdə
ziddiyyətli xəbərlər
yayılır” dedi.
Söylədim ki,ürəyiniz
düzdür, elə bu dəqiqələrdə
Habil müəlimgildəyəm,
Şərqiyyə xanım
da yanımdadır.
Habil müəllimin
durumu ürəyimizcə
olan kimi deyilsə də, ümidliyik.
Xosrov bəy qayıtdı ki, onlarca başqa
dostlar da var, Habil müəllimin
halından xəbər
tutmaq istəyir, hamısı salam
göndərir: "Hamımızın
da əllərimiz göydədir, dualar edirik".
“Dualarınızı edin, hər xoş niyyətdə bir fayda var, dualarımız
nə qədər çox olarsa, Allaha da tez
yetişər”, -- dedim”.
İranın böyük müğənnisi
Şəcəriyan da
Habil müəllimin səhhətindən narahatdır. Qərarımız vardı ki, bu gün, sentyabrın
7-də onunla da Habil müəllimin ailəsinin telefon bağlantısını quraq.
Heyf ki, bu gün
ustad Şəcəriyanın
özünün də
halı sən deyən babat olmadı, xəstəxanaya
düşdü. Yəqin sabahda-birigündə
o da ürək sözlərini çatdırar.
Habil Əliyev
məhz budur – Azərbaycanın Birinci ailəsindən, Prezidentlə
Xanımından başlamış
Azərbayacanın ən
ucqarındakı ən
sadə vətəndaşlara
qədər heç kəs bu böyük
sənətkarın səhhətinə
biganə deyil, ona şəfa arzulayır.
Bu Habilin millətə
həyatı boyu bağışladığı gözəlliklərin müqabilində
qazandığı hörmətdir,
minnətsiz sevgidir.
Habilə sevgi sərhədləri də yox edib,
Arazın o tayı ilə bu tayını
qovuşdurub, oradakı
Habilsevərlərin də
yarı canı indilərdə burada, Ustadın yanındadır.
Son 2-3 ildə müxtəlif
vaxtlarda Habil müəllimlə çoxlu
çəkilişlər etmişik,
niyyətim var ki, 2 seriyalı publisistik film hazırlayaq.
Filmi tamamlamaq
üçün bir neçə çəkiliş
etməyə də ehtiyac duyuram.
Bu axşam 2015-ci il, sentyabrın 7-də artıq
axşam saat 11 radələrində Habil müəllimdən ayrılarkən
yenə əlindən
tutdum, yenə dedim ki, mütləq
gözünüzü də
açacaqsınız, ayağa
da qalxacaqsınız,
filmi bitirməçün
gərək olan parçaları da elə bu otaqdaca
çəkəcəyik.
Dünyada bir-birindən dəhşətli
minlərlə xəstəlik
var. O xəstəliklərin ən ağırlarından
biri ermənilikdir.
Habilin millətimiz
qarşısında ən
müstəsna xidmətlərindən
biri budur ki, o, təkbaşına bir sürü ermənini və erməniçiliyi susdura,
kamançamızı onların
əsarətindən qurtara,
erməni mərəzinə
qalib gələ bilib.
İndi
də azar-bezara hökmən qalib gəlməlidir Habil!
Yaşadığı onillər ərzində daim Habilin içərisində
nəbz kimi çırpınan Böyük
Ruh olub.
Bu gün onu yaşamaq uğrunda mübarizəyə yönəldən
də, ölümə
məğlub olmağa
qoymayan da həmin Yenilməz Ruhdur.
Əziz
doktorlar, şəfqətli
bacılar!
Mən sizin hamınıza minnətdarm ki, bu çətin günlərində əsgər
kimi Habil müəllimin varlığı
üçün anaban
çalışırsınız, can qoyursunuz.
Amma bağışlayın məni,
sizin bir az ümidsizlik
saçan “sabit ağır” deyiminizi qəbul edə bilməyəcəyəm.
Bəlkə də bədəninə münasibətdə bu ifadə həqiqətə
oxşaya bilər.
Lakin Habil müəllimi bizim hamımızdan seçdirən,
onu qüdrətli, sarsılmaz edən Böyük Ruhu sönməyib axı.
Dipdiridir.
Siz gümanınızda
qalın.
Buna da Habil deyərlər!
Habil müəllimə onların hamısının yanında dedim ki, mütləq ayılacaqsınız, qalxacaqsınız, bütün həyatınız boyu səhnələrdə göstərdiyiniz möcüzələrdən daha birini nümayiş etdirəcəksiniz, təbibləri mat qoyaraq sübut edəcəksiniz ki, Habil yalnız məcazi mənada deyil, elə gerçəkdən də ölməzdir.
Bir gün sonra yenidən gələcəyimi boyun olaraq Habil müəllimdən rica etdim ki, məni bunların yanında pərt etməsin, çıxsın komadan.
Əli əlimdə idi, gözüm monitiorda, danışırdım və yenə həyəcanlandığını, ekranda da dəyişilkilərin keçdiyini görürdüm.
...Habil hər dəfə kamançasını dizinin üstünə qoyub çalmağa başlayanda mən həmişə heç ilk sədalar ucalmamışdan əmin olmuşam ki, saniyələr, dəqiqələr ötüncə yenə növbəti MÖCÜZƏ baş verəcək.
Və indi də ən böyük arzum odur ki, bir gün sonra Habil müəllimgilə təşrif aparanda bəlkə də indiyəcən ondan umduğum möcüzələrin ən çox, ən həyəcanla, ən səbirsizliklə gözlədiyimi göstərsin: məni oyaq baxışları, təbəssümü ilə qarşılasın, özünəməxsus şuxluqla: “Qayıtdım, ölümqarışıq bunların hamısın pərt eləmişəm, arxayın gəl”, - desin.
Bu axşam hiss edirdim ki səhhət böhranlarının keçəcəyi ilə bağlı qətiyyətlə, inamla dediyim sözlərə Habil müəllim inanır.
Və mən də Habil müəllimə inanıram.
İnanıram ki, şərtimizə əməl edəcək!
7 sentyabr, 2015
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2015.- 9 sentyabr.- S.7.