Elm və təhsil fədaisi
Böyük
türk şairi Ziya Paşa yaxşı deyib:
Ayinəsi
işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünər rütbeyi - əqli əsərindən.
Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi
onun işi, əməlləridir. Boş sözdən
kar aşmaz. Hər kəsin
ağlının dərəcəsi onun əsərindən məlum
olar.İnsan illərin sayı ilə yox, əməllərinin
nəticəsinə görə hörmət və nüfuz
qazanır. Görkəmli alim, fəal ictimai xadim, təhsil
sisteminin mahir bilicisi, təşkilatçısı və idarəedicisi,
Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar incəsənət
və əməkdar elm xadimi, elmlər doktoru, professor
Timuçin Əfəndiyevin zəhmətsevərliyi və
özünə qarşı tələbkarlığı onun
müvəffəqiyyətlərinin əsasını təşkil
edir. Ömrünü elmə, təhsilə həsr
etmiş bu insanın yazdığı bütün elmi əsərlər
və dərsliklər ziyalılar, eləcə də tələbələr
tərəfindən maraqla qarşılanır. Mən professor Timuçin Əfəndiyevi yüksək
elmi təfəkkürə, geniş elmi
dünyagörüşə malik olan bacarıqlı təşkilatçı
rəhbər və istedadlı alim kimi tanıyıram. Onun çəkdiyi əmək heç bir zaman
boşa getməmişdir. Böyük şairimiz
Hüseyn Cavid deyirdi:
Bəxtiyarsan,
əgər çəkdiyin əmək,
Cahan sərgisinə versə bir çicək.
Professor Timuçin Əfəndiyev yüksək
ixtisaslı elmi kadrların hazırlanması sahəsində də
əhəmiyyətli işlər görmüşdür. Onun elmi rəhbərliyi
altında onlarla elmlər doktorları yetişmişdir.
Timuçin Əfəndiyev çalışdığı
bütün sahələrdə nümunəvi iş bacarığı,
yüksək məsuliyyət hissi göstərə bilib. O,
bütün uğurlarına məhz zəhmətkeşliyinə
görə nail ola bilib.
Timuçin müəllim haqqında danışarkən
öncə onun elmi yaradıcılığından bəhs
edilməlidir.
O, 1973 - cü ildə "Hüseyn Cavidin
yaradıcılığı" mövzusunda namizədlik
dissertasiyası, sonra "Romantik dramaturgiyada tarixilik və bədiilik"
mövzusunda elmi məruzə şəklində doktorluq
dissertasiyası müdafiə etmişdir. Timuçin Əfəndiyev
1977-ci ildən, M.Əliyev adına
İnstitutda adi müəllimlikdən fakültə dekanı
və rektorluq vəzifəsinə qədər yüksəlmişdir.
Yaxşı yadımdadır rektor təyin olunduqdan sonra o, ciddi
islahatlar apardı.
Kiçik bir institutu ilk dəfə olaraq birinci
kateqoriyalı universitetə çevirdi. 8 ixtisasda kadrlar
hazırlayan, kiçik bir institutu hazırda 40 - a yaxın
ixtisas üzrə kadrlar hazırlayan, respublikada BDU- dan sonra ilk dəfə
Universitet statusu alan, beynəlxalq aləmdə nüfuz sahibi
olan bu bir təhsil ocağı yaratmışdır.
Kinorejissor, kinooperator, televiziya rejissoru, muzeyşünas,
moda, dizayn, ədəbi yaradıcılıq, aşıq sənəti,
nəşriyyat işi və. s. kimi yeni
ixtisasların açılmasına nail olur. Onun
rəhbərliyi dövründə Mədəniyyət və
İncəsənət Universitetində respublikamızda ilk dəfə
olaraq xoreoqrafiya ixtisası yaradıldı. Xoreoqrafiya sənəti, səhnə plastikası kimi
kafedralar fəaliyyətə başladı. T.Əfəndiyev təhsil sistemi üçün
vacib olan bu yenilikləri məhz mətbuat vasitəsi ilə cəmiyyətin
diqqətinə çatdırırdı və bu məqalələr,
verdiyi müsahibələr cəmiyyətdə böyük əks-səda
doğururdu. Professor Timuçin Əfəndiyev
bacarıqlı təhsil və elm təşkilatçısıdır.
O, təcrübəli
pedaqoq və tədqiqatçı kimi "Böyük
dramaturq", "Hüseyn Cavidin ideyalar aləmi",
"XVIII əsr rus teatrı", "Antik ədəbiyyat",
"C.Cabbarlı və romantik dramları", "Azərbaycan
dramaturgiyasında metodlar", "Azərbaycan mədəniyyəti
və incəsənəti", "Heydər Əliyev və
milli - mənəvi dəyərlərimiz", "Mədəniyyətdə
tarixilik və müasirlik" və.s. kimi
monoqrafiya kitab və dərsliklər yazmışdır. Müstəqil Azərbaycanda təhsilin, xüsusilə
mədəniyyət və incəsənət təhsilinin yeni
ideologiya və metodologiya zəminində təşkili sahəsində
professor Timuçin Əfəndiyevin böyük xidmətləri
vardır. Birgə işlədiyimiz
dövrdə dəfələrlə müşahidə
etmişəm ki, o, istedadlı aktyora, rejissora, rəssama,
müğənniyə, bir sözlə, sənət
adamlarına böyük qayğı göstərmişdir.
İstedadlı adamları müdafiə etmək naminə
o, heç bir tapşırığa güzəştə
getməyib.
Yaxşı yadımdadır, o vaxtkı İncəsənət
İnstitutunda cəmi iki-üç adamın elmi dərəcəsi
var idi. Timuçin Əfəndiyevin rektorluğu
dövründə Azərbaycanın ən görkəmli sənət
adamları pedaqoji işə cəlb olundular. Onlarla elmlər
doktorları, yüzə yaxın fəlsəfə
doktorları bu ali məktəbdə işə
cəlb olundular. Onun təşkilatçılıq
bacarığı sayəsində Universitetdə aspirantura,
magistratura şöbələri və müdafiə
şurası yaradıldı. Fərəh
hissi keçirirəm ki, vaxtilə Universitetdə tələbə
olmuş insanların coxu Timuçin Əfəndiyevin
qayğısı sayəsində yüksək elmi adlar alaraq
bu gün qabaqcıl pedaqoqlara çevrilmişlər. Hər
bir rəssam, hər bir yazıçı özünün
hansı əsərini daha çox sevirsə, mənə elə
gəlir ki,
Timuçin Əfəndiyev də elmi əsərləri
ilə bərabər yəqin ki, ən çox sevdiyi əsər
Mədəniyyət və İncəsənət
Universitetidir. 40 ilə yaxın dostluq etdiyim bu insanla hər dəfə
hansı mövzuda söhbət ediriksə, söhbətimizin axırında
Universitetlə bağlı məsələlərə
də toxunulur. Məhz buna görə də
möhtərəm Prezidentimiz cənab İlham Əliyev onu Azərbaycan
təhsilinin inkişafındakı xidmətlərinə
görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri
diplomu" ilə təltif etmişir. Onu
da qeyd edim ki, professor Timuçin Əfəndiyev təhsil sahəsində
bu mükafata layiq görülmüş birinci şəxsdir.
Professor
Timuçin Əfəndiyev bir sıra xarici ölkələrdə, o cümlədən, Türkiyə,
Fransa, Amerika, Misir, Sankt - Peterburq, Avstriya, Moskva, Sofiya, Roma,
Almatı, London, Kiyev, Berlin vəs.beynəlxalq elmi simpozium və
nüfuzlu nəzəri konfransların
iştirakçısı olmuş, Azərbaycan mədəniyyəti
və incəsənəti mövzusunda məruzələr
etmişdir. ABŞ - ın Çikaqo, Medison, Milvaki, Nyu-York,
Siti, Nortvesten universitetlərində "Azərbaycan mədəniyyətinin
inkişaf mərhələləri" mövzusunda məruzə
ilə çıxış edən görkəmli alim bu
görüşlərdə Qarabağ problemlərindən, mədəni
abidələrimizin erməni işğalçıları tərəfindən
talan olunmasından da ətraflı məlumat vermişdir.
Xatirimdədir, 2005 - ci ilin fevral
ayında ( o zaman mən Türkiyənin Memar Sinan
adına Gözəl Sənətlər Universitetində
çalışırdım) mətbuatdan oxudum ki, Londonda yerləşən
Beynəlxalq Bioqrafiya Mərkəzinin təltif komissiyası
professor Timuçin Əfəndiyevi "Dünyanın
aparıcı pedaqoqları - 2005 - ci il" fəxri adına
layiq görmüşdür.Beynəlxalq Bioqrafiya Mərkəzinin
prezidenti Nikolas Lo professor Timuçin Əfəndiyevə məktub
göndərərək onu bu yüksək ad münasibəti
ilə təbrik etmiş, bu fəxri adın diplomunu və
medalını almaq üçün onu Londona dəvət
etmişdir. Məktubda yazılırdı: "...Bu adın
sahibi kimi Siz əmin ola bilərsiniz ki, bizim tariximizdə sizin
öz yeriniz var. Sevinə bilərsiniz ki, fəaliyyətiniz qeyd olunmaqla
yanaşı adınız mərkəzin fəaliyyətinə
nümunə kimi daxil edilmişdir. Bu adın
daşıyıcısı kimi Siz daim Beynəlxalq Bioqrafiya Mərkəzinin
fəaliyyətində yaxından iştirak edəcəksiniz".
Xarici ölkələrlə Azərbaycan
arasında elmi - mədəni əlaqələrin
inkişafında göstərdiyi xidmətlərinə və
təhsil sahəsində görkəmli mütəxəssis
kimi professor Timuçin Əfəndiyev Beynəlxalq Bioqrafiya Mərkəzinin
fəxri üzvü seçilmişdir.
Professor Timuçin Əfəndiyevin təhsilimizin və
mədəniyyətimizin inkişafında xidmətləri
dövlətimiz tərəfindən yüksək
mükafatlarla dəyərləndirilib. Əməkdar incəsənət
və əməkdar elm xadimi, "Şöhrət" ordenli
professor həm də Teatr Xadimləri İttifaqının
qızıl medalına, "Jurnalistlərin dostu" fəxri
medalına, "Humay" və Akademik Yusif Məmmədəliyev
adına mükafatlara layiq görülüb. Geniş
dünyagörüşə və təcrübəli
pedaqoqluq qabiliyyətinə malik olan professor Timuçin Əfəndiyev
gənc, vətənpərvər, dərin bilik və
bacarığa malik yüksək ixtisaslı mütəxəssislərin
yetişdirilməsində də xüsusi fəallıq
göstərir. O, öz fəaliyyətində tələbkarlığı
və xeyirxahlığı əsas tutur. Bu
keyfiyyətlər ona işlədiyi kollektivdə dərin
hörmət və məhəbbət
qazandırmışdır.
Bu yaxınlarda görkəmli alim haqqında yenicə çapdan çıxmış, "İllərin izi ilə. Professor Timuçin Əfəndiyev mətbuatda" fundamental kitabı oxudum. Kitabda T.Əfəndiyevin müxtəlif ədəbi dərgilərdə dərc edilmiş məqalələri, çoxcəhətli fəaliyyətini əks etdirən yazılar və əsərlərinə yazılan məqalələr toplanmışdır. Əsərdə ən çox diqqəti çəkən cəhətlərdən biri azərbaycançılıq və milli dövlətçilik ideyalarına sistemli və elmi - metodoloji şəkildə yanaşılmasıdır. Müəllif qələmə aldığı hər bir mövzunu müstəqillik dövrünün istiqlal məfkurəsinə dayaqlanan metodla araşdırmışdır. Gözəl ensiklopedik biliyə malik olan Timuçin müəllimin kitabda verilən müxtəlif mövzularda istər ədəbiyyat və teatrşünaslıq, istər musiqi və rəssamlıq, istərsə də kulturologiya və digər nəzəri probemlərə aid məqalələrini oxuduqca öz - özümə fikirləşirəm ki, nə yaxşı ki, belə ziyalılarımız vardır. Kitabda mənə xoş gələn əsas hissələrdən biri də görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların və sənətkarların professor Timuçin Əfəndiyevə həsr etdikləri məqalələr oldu. Burada onların alim haqqındakı ürək sözləri, cəmiyyətimizin mədəni həyatındakı xidmətləri, bütöv şəxsiyyəti , vətən sevgisi, vətəndaş - alim və təşkilatçı rəhbər kimi ali keyfiyyətləri açıqlanır.
Timuçin müəllimi mən dostluqda dəyanətli, yeri gələndə ümumi mənafeyi öz şəxsi mənafeyindən üstün tutan bir obyektiv insan kimi tanımışam. Bu cəhətini onu yaxından tanıyanlar təsdiq edə bilərlər. O, istər professor - müəllim heyətinə, istər də tələbələrinə həmişə qayğı ilə yanaşıb. Kiminsə qəlbinə dəydiyi yadıma gəlmir. İşlədiyi kollektiv, tələbələri və universiteti bitirmiş məzunlar həmişə onun ehtiramını saxlayır. Onun həyatda da, dostluqda da sözü ilə əməli eyni olub. Professor Timuçin Əfəndiyev ictimaiyyətdə böyük nüfuzu olan, seçilən və xalq sevgisi qazanan hörmətli ziyalılarımızdandır. Xeyirxahlığı, mərdliyi, insanlarla səmimi münasibəti və ünsiyyət mədəniyyəti onun böyük şəxsiyyətini tamamlayan keyfiyyətlərdir. O, xalqına, dövlətinə dərindən bağlı insandır. Son dərəcə sadə, təvazökar olduğu qədər də miqyaslı dünyagörüşə, dərin biliyə, yüksək elmi potensiala malik bir şəxsdir. O, etdiyi bütün yaxşılıqlardan heç bir təmənna ummayıb.Hansı vəzifədə çalışıbsa təmiz adam kimi tanınıb.
Yaradıcı ömrünün 40 ilini Mədəniyyət və İncəsənət Universitetinin inkişafına həsr edən elm və təhsil fədaisi böyük əzmkarlıqla yeni yaradılmış sənət məbədinə - Bakı Xoreoqrafiya Akademiyasına rəhbərlik edir. Qeyd olunduğu kimi onun vaxtı ilə geridə qalmış, məhdud imkanlı Mədəniyyət və İncəsənət Universitetini öncüllər sırasına çıxara bilməsi bir şəxsiyyət kimi güclü təşkilatçılıq, rəhbərlik səriştəsindən, böyük enerjisindən xəbər verir .Belə bir rəhbər kadrın yeni yaradılmış çətin sahəyə göndərilməsi yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinin dövlətimiz tərəfindən qiymətləndirilməsinin məntiqi təzahürüdür. O, vətəndaş - alim, elm və təhsil fədaisi kimi çağdaş Azərbaycan ziyalı elitasının seçilən nümayəndələrindən biridir.Timuçin müəllimi tanıyanlar həmişə deyirlər ki, o yaxşı dost, qədir biləndir. Ona görə də onun sədaqətli dostları var və çoxdur.
40 ildən artıqdır ki, bu görkəmli alim, təşkilatçı rəhbər və mədəniyyət xadimi xalqına xidmət etməkdədir.Elmimizin, təhsilimizin inkişafında yorulmadan fəaliyyət göstərən əziz dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Tofiq İSMAYILOV
Xalq artisti, professor
525-ci qəzet.- 2015.- 9 sentyabr.- S.4.