Yaddaşın mühakiməsi

 

MUSTAFA ÇƏMƏNLİNİN "ÜÇ YAŞLI ƏSİR" POVESTİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM

 

 

Mustafa Çəmənlinin ilk hekayəsinin işıq üzü görməsindən düz qırx üç il  keçir və bu müddət ərzində o, özünü istedadlı  bir yazıçı və publisist kimi tanıda və sevdirə bilib. Onlarla hekayənin, bir neçə povestin, "Xallı gürzə" və "Ölüm mələyi" tarixi romanlarının, xalqın sevimli sənətkarları - Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Yavər Kələntərli, Cahan Talışinskaya, Arif Babayev haqqında sənədli əsərlərin, "Leyli və Məcnun 100 il səhnədə" qiymətli araşdırmanın müəllifi olan Mustafa ömrünü-gününü Sözə həsr edib. O, nə yazıbsa, nədən yazıbsa,həmişə özü olmağa çalışıb, "üslub bütün üslubların yaddan çıxarılmasıdır" (Cül Renar) qanununa əməl edib, elə ilk yazılarından öz fərdi dəst-xəttiylə, hətta ənənəvi mövzulara məxsusi yanaşma tərziylə seçilməyə can atıb.

 

Mustafanın həm bədii, həm də sənədli nəsrini səciyyələndirən bir xüsusiyyəti öncədən qeyd etmək istəyirəm. Bu da onun nəsrində mühüm yer tutan Yaddaş stixiyasıdır. Böyük tənqidçimiz Yaşar Qarayevin bir fikrini xatırlayıram: "Yaddaşı olmayan ədəbiyyat -yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. ...Millət-genetik səviyyədə, yaddaş-ağrı səviyyəsində dərk olunmayan vəhdətdən və bütövlükdən başqa bir şey deyildir.  Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var". Mustafanın hələ səksəninci illərdə yazdığı "Yaddaş" povestini xatırlayıram.  Səksəninci illərin ən yaxşı nəsr əsərləri ilə səsləşən, öz psixoloji təhlil manerası ilə seçilən bu povest onun yaradıcılığında sanki bir dönüş nöqtəsi oldu. Yaddaşın boy göstərməsi, insan ömrünün bir də təkrar olunmayan anlarının xatırlanması, yeri gəldikcə mühakimə olunması o povestdə real boyalarla əks olunmuşdu. Ömrünün son günlərini yaşayan Xası Səlimov xəstə halda tut ağacının altında uzanıb yaddaşını vərəqləyir. Həmin bu Yaddaş sərt hakim kimi Səlimovun ömür yolunu izləyir. Səlimovun vaxtilə pislik elədiyi, o dünyaya göndərdiyi adamlar tez-tez yuxusuna girir, onu mühakiməyə çəkirlər. Mustafanın "İtirilmiş səs" hekayəsində də Yaddaş köməyə gəlir, lakin povestdən fərqli bu dəfə xeyirxah bir missiyanı yerinə yetirir, hələ də yaddaşlarda yaşayan qocaman xanəndə  Pərvanə vaxtilə əfsunlu nəğmələri ilə insanları gözəlliyə səsləyib. Amma şər mücəssiməsi Xası Səlimov yaddaşlardan silinmədiyi halda, xeyirxah əməllər sahibi Pərvanə xanım unudulub.

 

Mustafanın "Xallı gürzə" və "Ölüm mələyi" romanlarında isə Yaddaşın tarixi obrazını görürük. İki hökmdarın- I Şah Təhmasibin və Pənah xanın həyatını, hakimiyyət illərini, bu fonda onların yaşadıqları dövrün ictimai-siyasi mənzərəsini tarixi yaddaşın prizmasından keçirib müasir oxuculara təqdim etməklə iki mühüm vəzifəni yerinə yetirmiş olur. Birincisi:tarixi  mənbələrdən, məlum elmi mənbələrdən faydalanıb tarixi şəxsiyyətlərin bədii obrazlarını yaradır, onların bir insan kimi hiss və həyəcanlarını təcəssüm etdirir. Tarixçi psixoloq deyil, lakin yazıçı üçün psixoloji halları təsvir etmək vacib və zəruridir. İkincisi: hər bir tarixi roman təsvir edilən dövrün bədii-fəlsəfi dərkidir və keçmişlə müasirlik arasında   körpü yaratmaq missiyasını yerinə yetirir. Tarix təkcə keçmiş demək deyil, tarix həm də bu gün və gələcəkdir. "Xallı gürzə" və "Ölüm mələyi" bu mənada bizim ən uğurlu tarixi romanların ənənəsini davam etdirir.

 

"Azərbaycan" jurnalının builki 7-ci sayında Mustafa Çəmənlinin "Üç yaşlı əsir" povesti dərc edilib və bu povest də Yaddaşda yaşayan hadisələri, yaxın tarixin unudulmayan olaylarını canlandırır. Mustafa bir ailənin əlli illik tarixini xalqın tarixi ilə vəhdətdə götürür. Keçən əsrin altmışıncı illərindən başlayan bu tarix bir-birindən mürəkkəb və təzadlı, fəci və dramatik hadisələrlə doludur. Sovet imperiyasının çökməyə üz qoyduğu, lakin son nəfəsində də sərt rejimi qorumağa çalışdığı əllinci illər, az sonra Stalinin və onun hakimi-mütləq hakimiyyətinin süquta uğraması, daha sonra Xruşşovun cirə ilə olsa da xalqlara bəxş etdiyi söz azadlığı, ölkədə başlanan demokratik əhval-ruhiyyə, lakin getdikcə hər sahədə durğunluq və süstlük dalğalarının ölkəni bürüməsi və nəhayət, Qorbaçovun "yenidənqurma" bədnam şüarı altında milli münaqişələrin törədilməsi, SSRİ-nin dağılması, müstəqil respublikaların yaranması ...Amma bu tarixi prosesdə ən çox maddi, mənəvi məhrumiyyətlərlə üzləşən, xain qonşuların və onları himayə edən xarici qüvvələrin torpaqlarımızın iyirmi faizini işğala məruz qoyması, düyünlü Qarabağ olayı. Təbii ki, M.Çəmənli bu hadisələrin təfsilatına getmir, amma onun povesti məhz bu hadisələrin təsirini, bir ölkənin, bir xalqın, bir ailənin başına gətirdiyi fəlakətləri əks etdirir.

 

  Povest "ağzıdualı, səksən beş yaşlı Qaratel müəllimənin" bir erməni əsgərinin atdığı güllədən yaralanması səhnəsi ilə başlayır. Belə hadisə sərhəd rayonlarında yaşayan, öz doğma kəndlərindən köçkün düşən hər bir sakinin başına gələ bilər. Amma atılan güllə Qaratel müəllimənin oğlu Şakirin yaddaşını silkələyir. Onun qardaşı Teymur vaxtilə Qarabağ uğrunda gedən döyüşlərdə üç yaşlı bir erməni uşağını "əsir" götürmüşdü: "Teymur çarpayının tən ortasında ağlamaqdan gözünün suyu burnunun seliyinə qarışmış yarıçılpaq, ağlayan uşağı gördü:səsi başına düşən uşağı. Bu erməni balası da onun Türkəri kimi qaragöz, qarasaç, amma yastıbaş, totuqsifət oğlan uşağı idi". Teymur bu üç yaşlı "əsir"i götürüb kəndə gəlir, bəziləri onu məzəmmət etsə də, uşağı anası gələnə qədər evlərində saxlatdırır.Hələ ki, bu uşağın ağzından süd iyi gəlir, günahsız və məsumdur, beyni zəhərlənməyib... Günlərin bir günü uşağın anası gəlib onu tapır, Teymur əsl azərbaycanlıya xas olan bir ehtiramla onları yola salır. Bu əhvalatın özündə elə bir qeyri-adilik nəzərə çarpmır. Biz həyatda da, bədii ədəbiyyatda da xeyli mərhəmətli olduğumuzu çoxdan sübuta yetirmişik, çünki biz azərbaycanlı körpələri ana bətnindəcə qətlə yetirən erməni faşistlərindən fərqliyik, humanizm körpəlikdən alnımıza yazılıb. M.Çəmənli bu xüsusda çox da təfərrüata varmır, dinimizin rəsulu Məhəmməd Peyğəmbərin bir kəlamını xatırladır: "Bu dünyada doğulan hər körpə bura əzəli saflıqla gəlir. Sonradan onu yəhudi, ya xristian, ya cadugər edən valideyni olur". Həmin o, erməni uşağının indi iyirmi beş yaşı var. Olsun ki, Qaratel müəlliməyə güllə atan, onu yaralayan elə o erməni Sergeydir. Çünki bu millətin ən adi, ən sıravi üzvü də dünyaya saflıqla gəlsə də, böyüyüb türkə qənim kəsilir.

 

Mustafanın povesti öncə qeyd etdiyim kimi, zamanın bir neçə dönümündə baş verən hadisələri canlandırır.  Müxtəlif insan taleləri ilə qarşılaşırıq. Ancaq Qaratel müəllimənin oğlu Şakirin obrazı birinci planda durur.

 

Şakir zaman etibarilə Sovet dövrünün yetirdiyi gənclərdəndir. Amma daxilən narazıdır, çünki həyatda özünü təsdiq edə bilmir.Ona görə də, yaşadığı pambıq rayonundan Mingəçevirə, dayısı Səfərin yanına yollanır, pambıq-parça fabrikində işə düzəlir. Ancaq müəllif ondan "əməkçi qəhrəman" obrazı yaratmaq istəməmişdir (Sovet dövründə  azmı belə əsərlərə, o əsərlərdə zavoda, fabrikə fəhlə gəlib sonda əmək qəhrəmanı kimi canlandırılan obrazlara rast  gəlmişik?).  Obrazı fərdi cizgiləri, özünəməxsus  insani çalarları ilə (necə varsa, elə!) canlandıran Mustafa Şamili o dövrün bir sıra "cəncəlli" olaylarından keçirir. Əslində, bu, o zaman üçün xarakterik olaylar idi. Mingəçevirdə dayısı Səfərin arvadı-erməni Anyanın könülsüz rəftarını görəndən sonra orada çox qalmır, yataqxanaya köçür. Burada otaq yoldaşı abdaşlı Rahimdən bəzi həqiqətləri əxz edir. Mingəçevirə, işləməyə gələn rus qızlarının müəyyən niyyətlə bura göndərildiyini öyrənir: "Kremldəkilər top-tüfənglə eləyə bilmədiklərini bu sərbəst, azadlıq sevən, sevib-sevilmək üçün sino gedən ağmaya rus qızları ilə  fəth eləyirlər". Yaxşı ki, Şakir bu tora ilişmir. Onun əsgərlik həyatı da o dövrün gerçəkliyini əks etdirir. Rus zabitləri Qafqazdan və başqa respublikalardan gələn cavanlara   əziyyət verir, onları gözümçıxdıya salır, adam yerinə qoymurlar. Təbii ki,  bunu da altmış-yetmişinci illərin cavanları unutmamışlar.

 

Şakirin Bakı həyatı da bizə tanış olayları xatırladır. Kənddən gələn cavanların kirayə evlərdə (əsasən ermənilərin mənzillərində)  keçən cansıxıcı həyatı, ilk sevgi macəraları hələ də yaddaşlardan silinməyib.

 

 Azərbaycanda Meydan hərəkatı başlayır və o hərəkatın ilk dönəmində Şakiri də, Rahimi də Meydanda görürük. İndi Şakir fikrən də, ruhən də ayılıb, amma on sutka həbsdə yatsa da, öz daxili süstlüyündən xilas ola bilmir. Yenə Mingəçevirə qayıdır. Dayısı Səfər isə onu sevən erməni qadını ilə birgə Rusiyaya üz tutur.

 

Biz  "Üç yaşlı əsir" povestinin məzmununu bəlkə də bu qədər nəql etməzdik. Amma povestdəki hadisələr, oradakı məlum obrazlar Sovet dövrünün həqiqətləridir və bu həqiqətlər vaxtilə bizim nəsr əsərlərinin əksəriyyətində heç də bu sayaq əks olunmamışdı. Necə deyərlər, indi də gec deyil ki, yaddaşdan silinməyən, amma bədii ədəbiyyatda əks olunmayan həmin olaylardan söz açasan.

 

Povestdə Qarabağ müharibəsi ilə bağlı  təsvirlər də maraq doğurur. Müəllif müharibənin, döyüş səhnələrinin özündən çox, onun insan psixologiyasında necə təsir buraxdığını, nə kimi sarsıntılar, ruhi həyəcanlar oyatdığını təsvir edir. Üç yaşlı "əsir"in Teymurun oğlu Türkərlə isinişməsi, erməni qadınının əsl azərbaycanlılara xas olan bir adətlə yola salınması... Amma qaniçən, vəhşi xislətli erməni belə bir yaxşılığı etmək iqtidarında olardımı?

 

 Üç yaşlı "əsir"in xilaskarı Teymur isə Atəşkəs sazişinə bircə gün qalmış şəhid olur. "Teymurun meyitini qüsul eləyəndə pencəyinin cibindən bir şəkil çıxmışdı. Şafanın çəkdiyi və "xilaskar" adlandırdığı şəkil idi. Şafa bu şəklin birini BMT-yə göndərmişdi, birini Siranuş aparmışdı, biri isə Teymurda qalmışdı". Bu hadisə 1994-cü ildə baş verir. İndi isə üstündən illər keçib.

 

Povestin sonuna diqqət yetirək: "-Bu gün ermənilər cəbhənin müxtəlif istiqamətlərindən otuz iki dəfə atəşkəsi pozub, ölən və yaralanan yoxdur. Silahlı qüvvələrimiz tərəfindən düşmən susdurulub.

 

Şakiri həmişəki kimi od götürdü:

 

-Tüpürüm belə atəşkəsə! ...Süsənbər xanım, yadındadı da. Atəşkəs sazişi bağlanandan bir gün əvvəl Teymur şəhid oldu.

 

Sonra üzünü anasına tutdu:

 

 -Müəllimə, görəsən bu atəşkəsi pozanlar arasında Sergey də var?"

 

 Düşündürücü sualdır. Bu suala birmənalı belə də cavab vermək olar ki, o üç yaşlı "əsir" indi işğal olunmuş rayonlarımızın birində işğalçı ordunun sırasındadır. Ya da Ordumuzun qəhrəman əsgərlərinin cavab atəşindən sonra şəhid olub. Amma istər atəşkəsi pozanlar sırasında olsun, istərsə də məhv olsun, hər halda, beyninin hansı guşəsindəsə üç yaşında olanda bir azərbaycanlı ailəsinin ona göstərdiyi nəvazişi yaddaşından qoparmasın...

 

Mustafa Çəmənlinin bu povesti də məhz Yaddaşın mühakiməsidir...

 

 

Vaqif YUSİFLİ

 525-ci qəzet.- 2015.- 10 sentyabr.- S.7.