Multikulturalizmin milli-mədəni
irsimizdə dini əks- sədası
Nizami bu əsərini qələmə alarkən o dövrdə müxtəlif dillərdə olan qaynaqları oxumuş və tarixilik kontekstində təsvir etdiyi hadisələrin məzmununda öz ideallarını səsləndirmişdir. Nizaminin mütaliə dairəsi heyrət doğurur. Təkcə elə dini mətnlərin mütaliəsinə gəlincə, müəyyən edirsən ki, etiqadca müsəlman olan şeyx Nizami təkcə Quran-da təktanrılığın müqəddəs qaynaqları kimi təqdim olunan Tövrat və İncili oxumayıb. Bu mənada oxuduqları sırasında kilsə tərəfindən rəsmən qəbul edilməyən erkən xristianlığın apokrifik mətnləri də yer alır. Əsərin girişində yazır:
Daxmada gecənin hörüklərindən,
Yeddi rəng ipəklər toxuyuram mən.
Bu lacivərd küpdən mən də İsatək
İplər çıxarıram hər an rəngbərəng.
İncilin əlimizdə olan 4 variantının heç birində İsa Məsihlə bağlı küpdən rəngli iplərin çıxarılması əhvalatına rast gəlinmir. Əhvalatın təsviri isə apokrifik İncil mətnində gedir. O qəbildən olan dini qaynaqların birində ki, bu, rəsmi xristian dini dairələri tərəfindən etibarsız sayılır. Əhvalat İsanın uşaqlıq çağına aiddir. Həmin o apokrifik mətndə qeyd olunur ki, İsa Salem adlı bir boyaqçının dükanına gəlir. Dükanda olan bütün parçaları götürüb içində tünd mavi boya mayesi olan küpün içinə atır ki, onları rəngləsin. Boyaqçı görəndə və düşünəndə ki, bu oğlan ona iş açıb, bütün parçalar bir rəngə boyanaraq korlanıb, hirslənərək İsanı tənbeh edir. İsa isə sakit dayanır və arxayındır ki, küpün içindəki boya parçaların hər birini nəzərdə tutulduğu rəngə boyayacaq. Elə də olur. O, parçaları bir-bir küpdən çıxaranda bunlar tünd mavi rəngini dəyişib möcüzəvi bir şəkildə boyaqçının nəzərdə tutduğu rəngləri alır.
İsa Məsihi Azərbaycanlılara doğmalaşdıran digər bir qaynaq dahi şairimiz Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasıdır. Əsərin əvvəllərində Qeysin doğulmasının təsviri var. Təsvir belə verilir ki, yoxdan pak bir oğlan uşağı dünyaya gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, həm də idrakı körpəliyindən İsa kimi kamildir:
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tiflilikdə kamil.
Sonra təsvir belə davam edir ki, körpə doğulan andan öz halını anlayır. Gələcək aqibətini elə o andan dərk edərək fəryad çəkir. Füzuli körpə Qeysi İsa Məsih kimi danışdırır və müəllifin bu ədəbi priyomu İsanın çağalıqdan dil açıb danışması möcüzəsilə assosiasiya yaradır. Körpə Qeysin dilindən səslənən sözlər İsa Məsihin xristian qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu obrazlı bir tərzdə ifadə edir.
Xristian təliminə görə, Adəmin suç işlətməsilə bəşəriyyət əbədi bir günah içindədir. İsa Məsih insanların günahlarının bağışlanması və onun adıyla saleh əməllərdə bulunaraq əbədi xilasa nail olmaları üçün çarmıxa çəkilmişdir. Körpə Qeys hal diliylə belə deyir:
... Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə
bir hərif yoxdur.
Gəldim
ki, olam qəmin hərifi,
Gəl,
təcrübə eylə
mən zəifi!
Hər qanda qəm ola, qılma
ehmal,
Cəm'
eylə, dili-həzinimə
sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını
öz üzərinə
götürməsilə Qeysin
dünyanın bütün
qəmlərini öz
üzərinə götürməsi
arasında məhrəm
bir parallel aparır. Maraqlı məqam
ondadır ki, müsəlman etiqadlı Füzuli bu məqamda, müsəlman teologiyası baxımdan bilərəkdən yanlışlığa
gedir, çünki İsa Məsihin çarmıxa çəkilməsi
məsələsi Quran-da
qəbul edilməyən
bir aqibətdir. Poetik məramını xristian teologiyası prizmasından
təqdim edən Füzulinin bu teoloji "yanlışlığı"
oxucuya təlqin edilən multikulturalizm ovqatına gözəl bir naxış vurur.
Füzulinin qəzəllərində də
İsa Məsihlə bağlı təşbehlər
var. Bunların biri onun "Ey mələksima
ki, səndən özgə heyrandır sana" sözlərilə
başlayan çox məşhur qəzəlindədir. Buradakı
"Aşiqə şövqünlə
can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana"
sözlərində aşıqin
öz məşuquna
can verməsi, onun bu yolda fəda
olması ona görə asandır ki, aşiq də
çarmıxa çəkilməklə
Müqəddəs Tanrı
Ata-ya qovuşan İsa kimi sevgili
bir ovqat yaşantıları içindədir.
İsa Məsihin
xatırladılmasına daha
çox Nəsiminin şeirlərində rast gəlirik. Səbəb isə onun hürufilik əqidəsilə
bağlıdır. Məsələ
bundadır ki, Quran-da "Tanrının Məryəmə atdığı
kəlmə" kimi tanıdılan İsa Məsihə İncildə
də Tanrı sözü kimi tərif verilir. Nəsimi özünün
haqq sözünü Tanrıdan gələn haqq kəlməsi kimi car çəkdiyindən
İsanın biri digərinə uyğun bu islam
və xristian teoloji təqdimatından yararlanaraq deyir:
Nəsiminin sözü gərçi
dəmi-Isadır, ey münkir,
Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.
Digər
bir klassik Azərbaycan şairi, hökmdar,
Səfəvilər dövlətinin
ilk şahı Xətainin
şeirlərində də
İsa Məsihə müraciətlər var. Bunların
birində şair deyir:
Ey Məsiha, bəndəni kuyində yad et bir nəfəs,
Bu Xətayinin yerin
hicrində toprağ etməgil.
Sevgili qadına "Məsiha"
müraciətilə edilən
xitab Tanrı-bəndə
münasibətləri silsiləsindən,
İsa Məsihin sevgi təlimi kontekstində dini anlamda bir assosiasiya da yaradır və Azərbaycanlı oxucuya İsanın mübarək
və məhrəm bir obrazını sevdirə bilir.
Xətainin başqa bir şeirində dua edərək müqəddəs
kitanlar arasında fərq qoymadığını
baxın necə dilə gətirir:
Həq kəlami sevmişəm, sureyi-Yasindən mədəd,
Kim, mənə incili-fürqanın
duasından mədəd.
Ey, behəqqi möcizatı verdin ol Musayə
sən,
Kim, mənə Musayi-İmranın
əsasından mədəd.
Azərbaycanlıların multikultural şüuraltısında
İsa Məsihin peyğəmbər yeri o qədər məhrəmdir
ki, bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi
Rüknəddin Məsud
Məsihinin ləqəbində
də görürük. O, dövrünün
tanınmış şairi
olmaqla yanaşı, həm də istedadlı həkim imiş. Bizə gəlib çatan
əsəri ana dilində yazdığı
"Vərqa və Gülşa" poemasıdır.
Araşdırmaçıların yazdığına görə, atası kimi bir müddət
şah Abbasın sarayında həkimlik edən Məsihi sonra onun müşaviri
olur. Şahla arası dəyəndən
sonra Hindistana üz tutur və
iyirmi il
orada yaşayandan sonra vətəninə qayıdır. Məsihi o zamanın Hindistanında
da müəyyən mənada gəlişməkdə
olan multikultural bir ortamda fəaliyyət
göstərirmiş və,
tədqiqatçıların yazdığına görə,
Hindistanda hakimiyyət
sürən türk-moğol
şahlarının ağıllı,
mütərəqqi siyasətindən,
bütün dinlərə
eyni gözlə baxmasından razı qalıbmış. Bəziləri şairin "Məsihi"
təxəllüsünü onun həkimlik fəaliyyətilə əlaqələndirirlər.
O mənada ki, Rüknəddin bu adı İsa Məsihin xəstələri
sağaltmasına işarə
olaraq götürübmüş.
Bununla belə, daha çox şair kimi tanınan bir azərbaycanlının Məsihi
(bu söz xalq içində həm də xristian anlamında qavranılır) təxəllüsü
hələ o zamanların
Azərbaycan toplumlarında
başqa dinlərə,
xüsusən təktanrılıq
dinlərinə doğma
münasibətin təbii
bir hal kimi
geniş yayılmasından
xəbər
verir.
Azərbaycanlıların multukulturalizmi sonrakı dövrlərin, Rusiya işğalına məruz
qaldıqları zamanların
da sınağından
uğurla çıxdı. O zamanların
ki, müsəlmanlar arasında xristianlığın
yayılması müstəmləkə
üsul-idarəsinin dini-ideoloji
istiqamətini müəyyənləşdirirdi.
Görkəmli klassiklərimizdən
biri Seyid Əzim Şirvani yazırdı:
Demə
bu kafər, ol müsəlmandı,
Hər kimin elmi var, o, insandı.
Təkkə-təsəvvüf ədəbiyyatının
nümayəndəsi, nəqşibəndi
şeyxi, məşhur
Mir Həmzə Nigari də öz dindarlığının multikultural
mahiyyətini bütün
dini şərtiliklərin
fövqündə tutaraq
özünü eşq
kilsəsi-dərgahı Məsihə
tay tutur:
Halqai-rindanın çalaram nayin,
Giriftaram eşqin, çəkərəm
yayin.
Tanımazam məzhəb, bilməzəm
ayin,
Kəlisayı-eşqin Məsihasıyam.
Çar
Rusiyası eyni
dinə aid təriqətlər
arasında da çaxnaşmalar salmağa
çalışırdı. İyirminci əsrin əvvəllərinə
aid arxiv materiallarında
belə bir maraqlı fakta rast gəlirik. Quba qəzasından Bakı qubernatoruna teleqram çatdırılır ki,
qubalı gənclər
arasında sünnilər
və şiələr
birgə dərnək
yaradıblar, teoloji ayrılıqları aradan
qaldırmaq üçün
müzakirələr aparırlar.
Qubernator qəza rəhbərinə cavabında
yazır: "dərhal
nəzarətə götürün..."
Siyasəti "parçala, hökm sür"ə əsaslanan imperiya siyasəti o zaman Azərbaycan ərazisində
çoxkonfessiyalılıq mühitində problemlər
yaratsa da bunlar cəmiyyətdə dərin kök sala və əhalinin
şüuraltısına əsrlər
uzunu möhrünü
vurmuş multikulturalizm
dəyərlərini xələldar
edə bilmirdi. Çünki bu siyasətə
azərbaycan ziyalıları,
ədibləri, şairləri
uğurla müqavimət
göstərirdilər. Onlardan biri də Mirzə
Ələkbər Sabir
idi. Təriqətlərarası
nifaq salma siyasətinin agenti qismində olan yerli tiplərdən birisini satiraya tutaraq həmin şəxsə sual ünvanlayır ki, "sünniyü şiə təəssübləri ləğv
oldumu ya?" Cavabında həmin o imperiya nökəri deyir: "Nə dedin? Küfr danışdın! Cıraram ağzını
ha!"
Çar
imperiya siyasətində
dini ədavətin qızışdırılması ilə Azərbaycan multikulturalizminin sınağa
çəkildiyi dövrdə
İsa Məsih şəxsiyyəti Azərbaycanın
görkəmli aydınları,
sənət adamlarının
şüurunda əzəlki
doğmalığını saxladı və əsərlərində təbliğ
edildi. Bunun ədəbi irsimizdə əksini tapan gözəl nümunələri
var. Biri H.Cavidin
"Şeyx Sənan"
dramındadır.
Şeyx Sənanla bağlı əhvalatda onun
şahidi oluruq ki, bu mütərəqqi
müsəlman gənci, icma lideri, ətrafındakı insanların sevimlisi olan şəxs xristian din xadimlərinin onu alçaltması
qarşılığında tolerantlığa söykənən
etiqadını bada vermir
və əksinə, elə bir tövr sərgiləyir ki,
çoxmədəniyyətliliyin, necə deyərlər,
teologiyasından qaynaqlanan bu
etiqadın möhtəşəm bir
nümunəsini təqdim edir.
Nəriman Qasımoğlu
525-ci qəzet.-
2015.- 10 sentyabr.- S.4.