Müasir Səudiyyə
ədəbiyyatının qadın nümayəndələri
nədən və necə yazırlar? - I yazı
Rusiya Elmlər
Akademiyasının Moskvadakı "Şərq ədəbiyyatı"
Nəşriyyatında işıq üzü görmüş
"Qum təpələrinin arxasında" - "Müasir Səudiyyə
ədəbiyyatı antologiyası" kitabı bizə
çoxdan tanıdığımız, ancaq bir çox incəliklərinə
bələd olmadığımız Səudiyyə ərəbinin
həyatı, fəaliyyəti və ədəbi
düşüncəsi barədə kifayət qədər
yeni məlumatlar verdi. Biz bu ölkəni indiyədək
İslam ziyarətgahlarının ünvanı, müsəlman
dövlətlərinin himayədarı, ərəb
dünyasının ən qüdrətli dövləti, Azərbaycanın
tarixi sınaqlardan çıxmış dostu, eləcə də,
ölkəmizin beynəlxalq təşkilatlardakı ən
yaxın tərəfdaşlarından biri kimi
tanıyırdıq. Bu kitabda isə biz
artıq Səudiyyə ərəbinin ədəbi-bədii həqiqətləri
barədə də çox şey öyrəndik. Ən başlıcası isə biz müasir ərəb
qadınının ədəbi düşüncəsinin
istiqamətləri barədə məlumat ala bildik. Əlavə edək ki, bu kitab Moskvadan əvvəl
Ər - Riyaddakı "Dar əl - Müfradat" nəşriyyatında
çapdan çıxıb.
Səudiyyə Ərəbistanı Mədəniyyət və
İnformasiya nazirinin müavini, doktor Əbubəkr Bəkaderin
rəhbərliyi altında ərsəyə gələn
kitabın tərtibçiləri professorlar Mənsur
İbrahim əl - Xazimi və İzzət Əbdülməcid
Xəttabdır. Kitabda XX əsr Səudiyyə ədəbiyyatının
bütün janrlarının rus dilinə tərcümə
edilmiş nümunələri toplanıb. Naşirlər
qeyd edirlər ki, bu kitab adı çəkilən istiqamətdə
atılmış ilk addımdır. Kitabın
"Poeziya" bölməsinin materialları
"Yolaçanlar" (əsrin əvvəlində ilk ədəbiyyat
nümunələrini yaradanlar) və "Novatorlar" sərlövhələri
ilə , "Nəsr" bölməsinin materialları isə
"Hekayələr", "Romanlardan parçalar",
"Pyeslər" və "Avtobioqrafik nəsr" sərlövhələri
altında toplanmışdır. Ayrıca qeyd edək
ki, bu antologiyada Səudiyyə qadınlarından 8 nəfərin
şeirləri, 15 nəfərin isə nəsr əsərləri
verilmişdir.
İndi isə kitabdakı bəzi əsərlərə
diqqət yetirək. Təbii ki, əvvəlcə poeziya
nümunələrinə nəzər salacağıq.
Fövziyyə ƏBU-XALİD. 1956-cı ildə
Ər-Riyadda doğulub. Sosiologiya üzrə
doktor, Krall Səud Universitetinin professorudur.1974-cü ildə
"Onlar səni toy gecəsi uzun müddətə
oğurlayacaqlarmı?" adlı kitabı çapdan
çıxıb. Sonra daha çox iman və
inam mövzulu əsərlər yazıb və 1995-ci ildə
"Su ilğımları" kitabı ərsəyə gəlib.
Şairin
"Təcrübə" şeirində müasir ərəb
qadınının "uçmaq istəyi", yəni, sərbəstliyə
qovuşmaq arzusu lakonik şəkildə ifadə edilmişdir:
"Dənizin
duzuna qarışdırıb
Boz
mürəkkəb turşusunu,
Yuyur
ürək yarasını
Bu cəhənnəm qatqısıyla.
Təəssüf, sındırır qanadlarını.
Amansız
səhranın yarpaqlarıyla
Yazır
hicran adlı iztirabını
Mərhəmətlə dolu kağız vərəqdə.
Uçmağa cəhd edir... qanadsız belə".
Lulu BÜKŞAN. 1965-ci ildə Ciddə şəhərində
doğulub. Kral Səud Universitetində
ingilis ədəbiyyatı üzrə alimlik dərəcəsi
alıb. Tərtibçilər yazırlar
ki, Lulu yaradıcılığı oxucular arasında
böyük populyarlıq qazanıb. Onun beş
hissəli "Qadınlar və əzab karvanı" adlı
şeirinin dördüncü hissəsində söhbət
dünyaya körpə gətirib onu böyütmək
üçün sonu görünməyən uzun bir yola - həyat
yoluna çıxmış ananın ömrünün hər
anının karvan ömrünə bənzəməsindən
gedir. Orada oxuyuruq:
"Qadın
karvandadır, yol davam edir,
İtirib özünü əzablarında.
Südəmər
körpəsi əmir, uyuyur,
Ana əridikcə damarlarında.
Çünki
bu körpəcik onun özüdür,
Baxır, gülüş qonur yüklü gözünə.
Gözündə
təbəssüm,
baxır
özünə".
Hüda əd - DƏQFAK. 1967-ci ildə
doğulub. Yazıçı-şairədir.
Müəllim işləyir. Həm yerli, həm də ümumərəb qəzetlərində
ədəbi jurnalistikanın inkişafında fəal rol
oynayır. Həm nəsrində, həm də
poeziyasında mükəmməl iman nümunələri
yaradır. "Kölgə yuxarı can atır"
(1993-cü il) və "Yeni tənhalıq"
(2002-ci il) kitablarının müəllifidir. Onun "Meşə"
silsiləsindən olan şeirlərində oxuyuruq:
"O da
ağacdır...
Cəmi bir budaq.
Ağlayır,
ağlayır,
hey
hıçqıraraq.
Sonra
göz yaşları...
Dönür ağaca".
Yaxud:
" Yaşıl bir yarpaq
Mənə
üz tutub
əlini ərməğan
etdi.
Mən
ona qayıdıb əl uzadanda...
Qismətim
deyilmiş,
saraldı getdi".
Fövziyyə əd - DƏƏBAN. 1961-ci ildə
Əl - Katif şəhərində doğulub. Kral Səud Universitetində mülki idarəetmə
üzrə magistr dərəcəsinə yiyələnib.
Səudiyyə Ərəbistanında və
Körfəz ölkələrindəki ədəbi proseslərdə
fəal iştirak edir. Şeirləri və
ədəbi publisistikası toplanmış "Məhəbbət
qapısı" kitabı böyük oxucu auditoriyası tərəfindən
möhtəşəm rəğbətlə
qarşılanmışdır. Onun "Sükut qəsrindəki
sentimental nəğmələr" şeiri də haqqında
deyilənləri təsdiq edir:
" O
vaxt ki, gecələr yatır qəsrimdə,
Vaqiə süjeti cızılır, xət-xət.
Zülmət
gündüzlərin təhdidi ilə
Öyrəndim,
nə imiş kədərlə söhbət...
Ağıl
başdan gedir qəsrimdə sanki,
Elə, ağlı yoxdur gecələrin də.
Sükut
nəğmələri çalıram indi
Bir ağac alətin sərt simlərində".
Aşiyan
Əl- HİNDİ: 1968-ci ildə Ciddə şəhərində
doğulub. Kral Səud Universitetində ərəb
ədəbiyyatı üzrə magistr, London Universitetinin Şərq
və Afrika tədqiqatları Mərkəzində isə
doktorluq dərəcəsi alıb. 1998-ci
ildə "Mənim arzularım yağış ətirlidir"
adlı şeirlər, 1996-cı ildə isə "Səydiyyə
poesiyasında varisliyin təyinatı" adlı elmi
kitabı ərsəyə gəlib. Onun "Ay müharibələri"
şeirində oxuyuruq:
" Onun
Ayı nazilir,
Mənimki hələ tamdır.
Sonrakı
qərar nədir,
Hakim səmalardadır.
Səma
bizi buraxsa,
Yerdə itib-batarıq.
Qucaqlayıb
kürənin
Günahlı
astanasın,
Tövbələrə
çatarıq...
Yer də,
göy də, hamısı
Bir qurulu hesabdır.
Səmadakı
məhəbbət
Daha ulu və
safdır..."
Fatimə
əl- KARNİ: 1964-cü ildə Asiir rayonunun bir kəndində
dünyaya gəlib. Ər-Riyad Pedaqoji Kollecində
magistr elmi dərəcəsinə yiyələnib. Şeirlər və hekayələr yazır. "Səudiyyə sədaqəti" adlı hekayələr
kitabının müəllifidir. Fatimənin "Şəhər"
şeirində oxuyuruq:
"Şəhərin
min yolu, min küçəsi var,
Neçə gündüz-gecə avaralanmışam.
Bəs necə olur ki, biz görüşmürük?
Kömək edən də yox. Heyran qalmışam.
Yəqin
həyatımız gizli tor qurur,
Keşikçi qoyur ki, alışaq, yanaq.
Bizim
yolumuzu belə salır ki,
Bərabər gəzsək də, ayrı dolanaq".
İndi isə səudiyyəli qadın
yazıçıların yaradıcılığından bəzi
nümunələr haqqında qısa da olsa söz açaq.
Fövziyyə əl-BƏKR. ( 1958-ci ildə
Ər -Riyadda doğulmuşdur. Mədəniyyət
və maarif üzrə magistr, sonra isə London Universitetində
həmin ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
layiq görülmüşdür."Səudiyyə
qadını və təhsil " elmi
kitabının və çoxsaylı esselərin müəllifidir).
Onun "Uydurma ömür" hekayəsinin qəhrəmanı
üzləşdiyi bütün məqamlarda
özü-özüylə danışır və hər
söhbətdən sonra özünə sual verir: -Məgər,
budurmu həyat? Sonda isə onun öz məhəbbətini
verdiyi Ay gecənin qaranlıqlarını
işıqlandırır: "Tez-tez gecələr
pıçıltı ilə Aya özüm haqqında hər
şeyi danışıram və sevgimi izhar edirəm: xurma
ağacları barədə danışıram, bap-balaca su mənbələri
haqqında söz açıram, üzüm
salxımlarının parıltısından bəhs edirəm.
Bəli, mən Ayı sevirəm. Onunla təklikdə qalanda sevən qadının
bölüşə biləcəyi bütün hisslərimi
bölüşürəm. Mən ona
öz məhəbbətimi verirəm.
...Səmanın
gecə işığı hər yanda, hər bir
ağacın, hər bir bitkinin üzərində
hökmranlığını bərpa edir. Həyat
budurmu?"
Başqa bir yazıçının əsərinə
diqqət çəkək. Leyla əl-UXAYDUB.
( 1964-cü ildə Əl-Əxsə şəhərində
doğulub.
Ərəb filologiyası üzrə pedaqoji elmi dərəcəsi
var. "Yeddinci günün axtarışında" hekayələr
kitabının müəllifidir.). Bu müəllifin
"Heykəl dirildi" hekayəsində də maraqlı
söhbət quruluşu var. Ancaq bu söhbət Ay və ya
Günəşlə deyil, eyni taleni yaşamağa məhkum
edilmiş insanın insanla söhbətidir. Ümumiyyətlə,
hekayə çox düşündürücü bir dialoqla
başlanır:
" -Təsəvvür
edə bilmirəm ki, ölürəm.
-
Heç kəs bunu təsəvvür edə bilmir.
- Sən
güman edirsən ki, bu riyakar uşaqlar mənim
ölümümdən kədərlənəcəklər?
- Hətta,
xidmətçi qadın da qəhərlənəcək,
yanacaq.
- Sonra
onlar yeni insanlarla tanış olacaqlar?
- İnsanlar insan olmaqdan əl çəkə bilməzlər. Hətta nə
baş versə belə.
-Ancaq mən
hələ az iş görmüşəm.
İndi, bu saat ölmək istəmirəm.
- Bizim
hamımız elə deyirik, xüsusən də, sonun
yaxınlaşdığını hiss etdikdə. Ancaq insanlar ölümə məhkumdurlar".
Təkcə bu iki hekayədə deyil, həmçinin,
Leyla əl-CUHANİnin (1969-cu ildə Tabukda doğulmuşdur. Kral
Əbdül Əziz Universitetinin Mədinədəki
filialında ingilisdilli filologiya üzrə mütəxəssis
diplomu almışdır.
"Məhəbbət həmişə yaşayacaq" novellası ən mötəbər ədəbi müsabiqədə ikinci yeri tutub.1978-ci ildə "İtirilmiş cənnət" kitabı işıq üzü görüb.) "İtirilmiş cənnət" novellasında və Milha Abdullahın ( Ölkənin cənubundakı Əbha şəhərində doğulsa da, indi Qahirədə yaşayır. Misirdə dramaturgiya və tənqid üzrə peşəkar mütəxəssis diplomu alıb. Səudiyyə Ərəbistanının səhnə incəsənətinin inkişafına xüsusi töhfələr verib. 1994-cü ildə "Bədəvilərin həyat tərzinin Səudiyyə teatrına təsiri" adlı elmi kitabı, sonrakı il isə "Pyeslər" kitabı işıq üzü görüb.) " Tilsimin sirri" pyesində də söhbətin bir tərəfi mütləq səmaya bağlanır, insanın ilahi qüvvə qarşısındakı borcu acizlik kimi deyil, qürurla yerinə yetiriləcək vəzifə kimi təqdim olunur. Ümumiyyətlə götürdükdə isə "Qum təpələrinin arxasında" antologiyasında verilmiş əsərlərin hər biri mükəmməl və ciddi ədəbiyyat nümunəsidir. İnanırıq ki, bu kitabın bəzi nümunələrinin azərbaycancaya tərcümə edilməsi Azərbaycan - Səudiyyə Ərəbistanı mədəni əlaqələrinin daha da möhkəmlənməsinə kömək edə bilər.
Sonda qeyd edək ki, tərtibçilər kitabın üz qabığının 4-cü səhifəsində verilən bir neçə cümlədə bugünkü Səudiyyə ədəbiyyatı barədə müfəssəl təsəvvür yaratmağa çalışıblar: "Bu ölkənin son bir neçə ildəki hərtərəfli inkişafı elə səviyyədədir ki, əvvəllər onu təsəvvür etmək mümkün deyildi. Əvvəllər özünü dünyaya təqdim etmək, öz varlığını və yaradıcılığını ifadə etmək imkanlarından məhrum olanlardan, indi isə belə imkanlardan bəhrələnən zümrələrdən biri də Səudiyyə yazıçılarıdır. "Qum təpələrinin arxasında" antologiyası müasir Səudiyyə ədəbiyyatının zəngin xəzinəsini rus oxucusunun üzünə açan ilk kitabdır..."
(şeirləri və ədəbi mətnləri rus dilindən məqalənin müəllifi tərcümə edib)
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.-
2015.- 11 sentyabr.- S.8.