Moskvada Əsgər Məmmədovun yubiley sərgisi açılıb
Rusiyanın Əməkdar rəssamı
Əsgər Məmmədovun
70 illiyi münasibətilə
Moskvada onun fərdi sərgisi təşkil edilib.
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu
sərgini açaraq deyib: "Hər bir rəssamın fərdi sərgisi onun həyatında çox böyük hadisədir. Moskvada, Mərkəzi Rəssamlar Evində təşkil edilmiş sərgi isə Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında
Sizin xüsusi
xidmətlərinizi vurğulayır".
Səfir
sərginin açılış
mərasiminə gələnlərə
rəssamın taleyindəki
faciəli məqamları
xatırladıb: "Əsgər
Məmmədov əslən
Qarabağdandır. 1992-ci ildə
Qarabağ müharibəsi
dövründə erməni
işğalçıları rəssamın qalereyasına
od vurublar,
orada sənətkarın
200 rəsmi məhv olub. Rəssam bu zərbədən
sonra yenicə özünə gələn
bir vaxtda tale ona ikinci zərbəni
vurub. 2005-ci ilin mart ayında Moskva ətrafında, İzmaylovodakı "Russkoye
podvorye" tarixi memarlıq kompleksində Əsgər Məmmədovun
sərgisi uğurla keçdi. Martın
26-da qalereyanın taxtadan
tikilmiş binasına
od düşdü
və qalereya bir neçə dəqiqə ərzində
yanıb məhv oldu. Lakin Əsgər təslim
olmadı. Bugünkü sərgi bir daha təsdiq edir ki, dözümlülük
və qətiyyət,
öz gücünə
inam hissi rəssamın yaradıcı
işini davam etdirməsinə imkan verir. Bugünkü sərgidəki rəsmlərin
əksəriyyəti yeni
əsərlərdir. Bu
işlərin çoxunda
doğma diyar, Qarabağ nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın brendləri
- heyva və nar təsvirləri göz oxşayır.
Rəssamın bənzərsizliyi ondadır ki, o, öz yaradıcılığı
ilə milli dəyərləri beynəlmiləl
dəyərlər səviyyəsinə
çatdırır".
Azərbaycanın Rusiyadakı səfiri qeyd edib ki,
Əsgər Məmmədov
kimi yaradıcı insanların sayəsində
Azərbaycan və Rusiya xalqları, onların mədəniyyətləri
ta qədimdən qaynayıb-qarışır. Diplomat səfirlik adından Əsgər Məmmədova
təşəkkürnamə təqdim edib.
Rusiyanın Əməkdar rəssamı
Viktor Buskinin fikrincə,
Əsgər Məmmədovun
əsərləri Azərbaycan
ruhunu əks etdirir. Rusiyalı rəssam
yubilyar haqqında deyib: "Əsgər Məmmədov bütün
janrlarda eyni dərəcədə uğurla
işləyir - istər
peyzaj janrı olsun, istər portret, natürmort, süjetli rəsmlər və ya qrafika.
Onun öz dəsti-xətti və yetkin koloriti var". Həmkarının insani keyfiyyətlərini
xüsusi vurğulayan
V.Buskin qeyd edib ki, Əsgər
Məmmədov gözəl
insan, incə qəlbli, lakin eyni zamanda ruhən
çox güclü adamdır, əsl ziyalıdır".
Ümumrusiya Azərbaycanlılar Konqresinin
prezidentinin köməkçisi
Manaf Ağayev, Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun professoru
Abuzər Bağırov,
publisist Sultan Mərzili
və başqaları
sənətkarı təbrik
ediblər.
Əsgər Məmmədov tədbirə
toplaşanların hamısına,
o cümlədən, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla Fondun Rusiyadakı nümayəndəliyinə,
Azərbaycanın Rusiyadakı
səfirliyinə, Ümumrusiya
Azərbaycanlılar Konqresinə
ona ünvanlanmış
təbriklərə və
yaradıcılığını daim dəstəklədiklərinə
görə təşəkkürünü
bildirib. Sərgidə Əsgər Məmmədovun
onlarca işi, o cümlədən, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın portreti, Qarabağ, Bakı mənzərələri,
Azərbaycanın dağları
və kəndləri mövzusunda, Moskva ətrafında çəkilmiş
peyzajlar nümayiş
etdirilir. "Dağ
yolu", "Sevginin rəngi", "Sevgi işığı", "Qoca
çayçı", "Məscid", "Cigitin mahnısı", "Qarabağda
axşamçağı", "Şam və nar", "Qarabağ dağları", "Dağdağan
çiçəyi" rəsmləri
xüsusilə diqqətəlayiqdir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 11 sentyabr.- S.7.