Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı

 

PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ

 

(Əvvəli ötən sayımızda)

 

Milli dövlətçilik və dövlət elm siyasəti mövqeyindən çıxış edərək Ərtegin Salamzadə öz alimlik və idarəçilik fəaliyyətində incəsənət tarixinin, zəngin mədəni irsimizin günümüzün reallıqları müstəvisində yenidən dəyərləndirilməsi prinsiplərini əldə rəhbər tutur. Təsadüfi deyil ki, Memarlıq və İncəsənət İnstitutunun prioritet istiqamətlərinə aşağıdakı vəzifələr (və məhz qeyd olunan kontekstdə) daxil edilmişdir:

 

- Qədim dövrdən tutmuş müasirliyədək Azərbaycan memarlığı və incəsənətinin tarixi, nəzəri və metodoloji problemləri sahəsində fundamental tədqiqatların aparılması, milli sənətin dünya xalqlarının bədii mədəniyyəti ilə qarşılıqlı əlaqələrinin öyrənilməsi;

 

- Türkoloji sənətşünaslıq üzrə araşdırmaların aparılması, türk dünyası sənətinin ümumi süjet, motiv və formalarının müqayisəli təhlili, türk incəsənəti tarixinin dövrləşmə problemlərinin işlənilməsi;

 

- Mədəni irsin, ilk növbədə memarlıq abidələrinin qorunması problemlərinin araşdırılması və onların bərpası üzrə elmi əsasların işlənilməsi.

 

Prioritetlərin məhz bu kontekstdə müəyyənləşdirilməsi milli-mədəni dəyərlərin müasirlik mövqeyindən qiymətləndirilməsi, milli mədəniyyətimizin dünyaya tanıdılması və təbliği, həmçinin türkoloji sənətşünaslığın təşəkkül tapması baxımından özünü tamamilə doğruldur.

 

Ərtegin müəllimin hazırladığı müasir elmi inkişaf nəzəriyyəsində türkoloji sənətşünaslıq öncül mövqe tutur. Bu da təbiidir, çünki burada sənətşünaslığın əsas prioritet vəzifələri - milli özünüidentifikasiya, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və türk dünyası ilə əməkdaşlıq, informasiya resurslarından daha səmərəli istifadə etməklə milli mədəniyyətimizin tanıdılması və təbliği kimi məsələlər öz əksini tapır. Lakin türkoloji sənətşünaslıq yalnız türkdilli ölkələrin elmi-nəzəri əməkdaşlığı ilə məhdudlaşmır. Təsadüfi deyil ki, son illərdə Memarlıq və İncəsənət İnstitutunun beynəlxalq əlaqələrində türk dünyası ilə yanaşı, həm də Qərbi Avropa, Rusiya, Ukrayna və digər ölkələrin payı artmışdır. Ərtegin müəllimin təşəbbüsü ilə İnstitutda nəşr edilən, beynəlxalq statusa malik "İncəsənət və mədəniyyət problemləri" elmi jurnalı Türkiyə, Rusiya, Özbəkistan və digər ölkələri təmsil edən beynəlxalq redaksiya heyətinə malikdir. Bu, elmin inkişafı və beynəlxalq inteqrasiyası sahəsində dövlət siyasətinə tamamilə uyğundur və məhz bu siyasətin təmin olunmasına yönəlmişdir. Hal-hazırda "İncəsənət və mədəniyyətin problemləri" beynəlxalq elmi dərgisinin nüfuzu əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır. Jurnalda azərbaycanlı müəlliflərlə yanaşı Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və başqa ölkələrdən olan tədqiqatçılar da məqalələr dərc etdirirlər. Bütün bunların həyata keçirilməsində professor Ərtegin Salamzadənin böyük zəhməti, qayğısı duyulmaqdadır və bu qayğı bu gün də davam edir.

 

Onun məşğul olduğu başlıca mövzulardan biri də dizayn sənəti problemləridir. Elmi-tədqiqatçılıq fəaliyyətinin erkən dövründən etibarən o, dizayn tarixi ilə məşğul olmağa başlamışdır. Əvvəllər dizayn məsələlərini daha çox memarlıq və şəhərsalma kontekstində araşdıran professor sonralar, elmi maraq və fəaliyyət dairəsinin genişlənməsi şəraitində dizaynın bir çox başqa sferalarını tədqiqat obyekti kimi əhatə etmişdir. Alimin bu sahə ilə bağlı ayrı-ayrı tədqiqatlarında  Azərbaycan və dünya dizayn tarixi, dizayn tarixinin öyrənilməsinin metodologiyası, dizaynda forma, vizual dil və informasiya mədəniyyəti kimi müasir problemlər nəzərdən keçirilir. Bu və başqa tədqiqatların nəticəsi olaraq Ərtegin Salamzadə 2006-cı ildə "Dizayn və informasiya" adlı kitabını nəşr etdirdi. Kitabda alimin dizayn sahəsindəki əsas görüşləri öz əksini tapır.

 

Professor Ərtegin Salamzadə həm də pedaqoji fəaliyyət göstərir. Ali təhsilini başı vurduğu dövrdən bəri o, yorulmadan gənc mütəxəssislərin hazırlanması işində aktiv iştirak edib. Əvvəllər əsasən təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dərs deyən alim, artıq çoxdan bəridir ki, Memarlıq və İnşaat Universitetinin "Dizayn" kafedrasında pedaqoji işlə məşğuldur. Elmlə təhsilin səmərəli əlaqəsini müvəffəqiyyətin əsası hesab edən alim tədris məqsədilə bir neçə proqram yazaraq nəşr etdirib. Hələ 1995-ci ildə işıq üzü görən "Dizayn tarixi" adlı proqramda bu sahənin tədrisinə dair maraqlı, hətta cəsarətli fikirlər yer almışdı. "Dizayn tarixi" proqramının rəyçisi kimi deyə bilərəm ki, həmin dövrdə o, nisbətən yığcam olsa da, çox gərəkli, sistemli quruluşa malik tədris vəsaiti idi. O dövrdə Azərbaycan təhsilində dizayn tarixi ardıcıl tədqiq edilməmişdi və Ərtegin müəllim də bunu proqramın giriş sözündə xüsusi vurğulayaraq bu boşluğu aradan qaldırmağa çalışırdı. Ərtegin müəllimin özü bu sahədə digərlərinə örnək idi. Yuxarıda haqqında söz açılan "Dizayn və informasiya" kitabı bunun bariz nümunəsidir. Onun pedaqoji fəaliyyəti ilə sıx bağlı olan həmin kitabda artıq söylənilən məsələlərlə yanaşı, həm də dizayn təhsilinin təşkili problemləri öz əksini tapıb, müəllif dizayn tarixi tədrisinin qələmə alınması təcrübəsini ümumiləşdirib. Dizayna daha əhatəli kontekstdə yanaşan müəllif onun informasiya mədəniyyəti ilə bağlı məqamlarını işıqlandıraraq problemi kulturoloji aspektdə təqdim edib.

 

Professor Ərtegin Salamzadənin fəaliyyətinin başqa, maraqlı bir istiqaməti də vardır ki, bu da rəssamların, istedadlı sənət xadimlərinin yaradıcılığına həsr olunmuş kitab-albomlardır. Adətən sənətşünaslar arasında belə bir qənaətin özünə kök saldığı vurğulanır: ya tədqiqatçı-alim, ya da tənqidçi olmaq lazımdır. Həqiqətən də, sənətşünaslığa nəzər salsaq, görərik ki, ciddi elmi-konseptual problemləri tədqiq edən alimlərimiz müasirləri olduğu rəssamların yaradıcılığından söz açmaq istəmir, söz açanlar isə tarixi-nəzəri problemlərin həllinə girişmirlər. Əslində belə bir bölgü şərtidir, çünki sənətşünaslığın bütün istiqamətləri bir-biri ilə qarşılıqlı əlaqədə olduqda həqiqi inkişafdan söhbət gedə bilər. Bu sonuncu fikrin doğruluğunu Ərtegin müəllim öz yaradıcılığında isbat etdi. Ərtegin müəllim elə sənətşünaslardandır ki, incəsənət tarixi və nəzəriyyəsi ilə bədii tənqid arasında keçilməz fərq qoymur, əksinə, onları əlaqəli şəkildə qəbul etməyə çalışır. Onun universal maraq dairəsi və çevik analitik təfəkkür tərzi həm ənənəvi incəsənət tarixi və nəzəriyyəsinin ayrı-ayrı problemlərinə, həm müasir sənətşünaslığın prioritet vəzifələri strategiyasının işlənib hazırlanmasına, həm də çağdaş təsviri sənət və onun təmsilçilərinin yaradıcılıq dünyasını, bədii üslubunun özəlliklərini dəqiqliklə qiymətləndirməyə çox rəvan surətdə keçid ala bilir. Razılaşaq ki, heç də hamının öhdəsindən gələ bilməyəcəyi bu universallıq Ərtegin Salamzadənin gündəlik iş metodikasının ayrılmaz elementidir və həm də onun nümunəvi rəhbərlik-təşkilatçılıq səriştəsinin bir göstəricisidir.

 

Ərtegin Salamzadənin sənətkar yaradıcılığına həsr olunmuş kitab-albomları təkcə maraqlı, zəngin oçerk dili ilə yox, həm də ürəkdən süzülüb gələn səmimi duyğuların təcəssümü ilə yadda qalır. Təcrübəli qələm sahibi elmi mülahizə və təhlilləri oxunaqlı üslub tərzi ilə yan-yana qoymağı bacarır. İstedadlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, rəngkar və qrafik Akmal Nur haqqında yazıb çap etdirdiyi kitab-albom təkcə nəfis tərtibatı ilə deyil, həm də mətnin təbii, səmimi axarı, sənətşünaslıq mülahizələrinin məntiqli yozumu ilə diqqət çəkir. Bu kitab-albomu türkoloji sənətşünaslığın praktik dəyərlərindən hesab etsək, yanılmarıq. 2011-ci ildə Türkiyədə, İstanbulun "Meqa" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmiş bu nəşrin rəyçiləri türk dünyasının sayılıb seçilən alimləri - Kamola Akilova (Özbəkistan) və Asiya Qalimcanovadır (Qazaxıstan). Nəşrin elmi redaktoru Rəna Abdullayevadır (Azərbaycan).

 

Ərtegin Salamzadənin sənətkar yaradıcılığına həsr olunmuş elmi-publisistik xarakterli kitab-albomlarından biri də təcrübəli şəbəkə ustası Tofiq Rəsulovun yaradıcılıq yoluna ayna tutur. Şəki şəhərində yaşayıb-yaradan Tofiq Rəsulov çox qiymətli, nəfis, zəngin kompozisiya quruluşuna malik şəbəkə-vitraj sənətinin mahir ustadıdır. Onun yaratdığı şəbəkə nümunələri respublikamızın hüdudlarından kənarda da məşhurdur. Sənətkarın yaradıcılıq özəlliklərinə diqqət çəkən müəllif onun məşhur "səkkizlik" kompozisiyasını böyük həvəs və ilhamla yaratdığını xüsusilə vurğulayır. Müəllif qeyd edir ki, Azərbaycan tətbiqi sənətlərində geniş yayılmış bu bədii element Tofiq Rəsulovun yaradıcılığında yeni bədii ifadə çalarları kəsb etmişdir.

 

Görkəmli alimin peşəkar inzibati-təşkilatçılıq fəaliyyəti AMEA-da ötən ilin noyabr ayında gerçəkləşdirilən elm festivalında və bu ilin mart ayında keçirilmiş azərbaycanlı-türk soyqırımına həsr olunan Beynəlxalq elmi konfransda bir daha özünü göstərdi. Hər iki tədbir çərçivəsində Memarlıq və İncəsənət İnstitutu əl qabiliyyəti olan akademiya işçilərinin rəssamlıq əsərlərindən ibarət sərgi təşkil etmişdi. Sərgilərin təşkilində, xüsusən ekspozisiyanın qurulmasında Ərtegin müəllimin böyük zəhməti oldu. Sonuncu sərgi haqqında o, mətbuatda çıxış edərək iştirakçıların yaradıcılıq nailiyyətlərini dəyərləndirdi.

 

Ərtegin Salamzadə 30 illik elmi fəaliyyətində Azərbaycan sənətşünaslığının inkişafı üçün çox görmüşdür. Yorulmaz tədqiqatçı-alimin rəhbərliyi ilə bir çox gənc kadr yetişdirilmiş, dissertasiya müdafiə etmişdir. O, Memarlıq və İnşaat Universitetindəki təhsil əməyini elmi rəhbərlik işi ilə əlaqələndirir, bu günün bakalavr və magistrlərinə sabahın doktorantları, alimləri kimi baxır, gənclərin istedadının üzə çıxmasına, onların öz elmi potensialını realizə etməsinə yardımçı olur.

 

Həmişə olduğu kimi professor Ərtegin Salamzadə bu gün də geniş elmi-yaradıcılıq işi ilə məşğuldur. İnstitutdakı rəhbərlik fəaliyyəti onun vaxtını çox alsa da öz sevimli peşəsi ilə məşğul olmaq üçün o, həmişə vaxt tapır. Keçən il Ərtegin Salamzadənin həmmüəllifliyi ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun yeni bukleti nəfis şəkildə çap olundu. İnstitutun 70 illiyi ərəfəsində işıq üzü görən bukletdə bu elmi qurumun keçdiyi şərəfli yol, görkəmli alimlərin həyat və elmi fəaliyyəti, həmçinin bugünkü inkişaf, gənclər potensialı və beynəlxalq əlaqələr əhatəli şəkildə işıqlandırılıb, çoxsaylı tarixi və müasir fotolar yerləşdirilib. Bu yaxınlarda AMEA-nın 70 illik yubileyi ilə əlaqədar "İçərişəhər Azərbaycan tarixində" adlı kitab nəfis şəkildə işıq üzü görüb. Ərtegin müəllimin iştirakı ilə İnstitutun müəllif kollektivi tərəfindən yazılmış bu kitab mədəniyyətimizin, incəsənətimizin yenidən dəyərləndirilməsinin bariz nümunəsidir. Ana dilində çap olunmuş həmin kitabın yaxın vaxtlarda ingilis və rus dillərindəki versiyaları da oxuculara təqdim olunacaq. Hal-hazırda isə professor Ərtegin Salamzadə AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi proqrama başçılıq edir. "Azərbaycan və dünya incəsənətində soyqırım mövzusu" adlanan həmin proqram çərçivəsində sanballı, zəngin fotoillüstrativ materiallarla təchiz edilmiş elmi-tədqiqat əsərinin ərsəyə çatacağı, ictimaiyyətin diqqətinə təqdim ediləcəyi şübhəsizdir. Proqram vəzifələrinə uyğun olaraq həmin mövzu üzrə nəzərdə tutulmuş kitab-albom artıq hazırdır və bu yaxınlarda işıq üzü görəcək.      

 

İllər sürətlə ötüb keçir. Bir neçə il öncə baş vermiş hadisələr adama sanki dünən olubmuş kimi görünür. Erkən gənclik illərindən həyatını AMEA ilə birdəfəlik bağlayan, ömrü boyu alimlik ləyaqətini uca tutan, müasir Azərbaycan sənətşünaslığını coşqu və ruh yüksəkliyi ilə inkişaf etdirən Ərtegin Salamzadənin artıq 50 yaşı tamam olur. İnanmaq çətin olsa da həyat və illər öz hökmünü verir. Ancaq biz sevinirik ki, bu illər boş keçməyib, əksinə çox zəngin, mənalı həyat tərzi ilə, tutumlu, qiymətli elmi əsərlər yazmaqla, kitablar, monoqrafiyalar nəşr etdirməklə, respublikamızda və xarici ölkələrdə keçirilən konfranslarda, seminarlarda milli sənətşünaslıq məktəbini layiqincə təmsil etməklə keçib. Bu yorulmaz, çoxcəhətli fəaliyyətin əsl qiymətini zaman özü verəcək. Bizsə üzümüzü Ərtegin müəllimə tutub deyirik: 50 yaşınız mübarək! Əminik ki, o, bizləri öz yeni tədqiqatları, sanballı nəşrləri ilə hələ çox sevindirəcək, Azərbaycan elminə dəyərli töhfələrini verəcəkdir.

 

Sözardı:  Mən isə onu yenə də uzun illərin arxasında qalmış, səliqəli geyimli, nümunəvi davranışlı, təmkinli gənc kimi görürəm. Ünsiyyətə meylli, lakin olduqca səbatlı, ciddi, yaşına yaraşmayan təmkinlə ətrafdakıların diqqətini cəlb edən bir gənc kimi. İllər ötəcək, taleyin qismətilə biz Ərtegin müəllimin 60, 70, 80 yaşını, inşallah, onun öz iştirakı ilə qeyd edəcəyik. Mənimçün isə o, ləyaqətli insan, istedadlı alim, gözəl dost olmaqla yanaşı, həm də zamanın o tayında əbədi dayanmış, gur sıx saçlarını arxaya daramış 17 yaşlı gənc kimi qalacaq.

 

Xəzər ZEYNALOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2015.- 11 sentyabr.- S.6.