Bənzərsiz şəxsiyyətə,
görkəmli ədibə vəfa borcu
Xalq
yazıçısı Mirzə İbrahimovun adı çəkiləndə
gözlərimiz önündə xalqımızın
keçdiyi mübarizə dolu səhnələr canlanır,
bal kimi şirin, bulaq kimi saf, şəlalə kimi
çağlar, ana südü, dağ çiçəyi kimi halal, müqəddəs
ana dilimizin əzəməti, təntənəsi yada
düşür.
Faciələrlə,
ziddiyyətlərlə dolu XX əsrin dramatik səhnələrini
təkcə yaratdığı bədii əsərlərdə
yox, həm də şəxsi taleyində yaşayan Mirzə
müəllimin bənzərsiz şəxsiyyəti həmişə
maraq doğurub, adı o taylı, bu taylı Azərbaycanı
bir-birinə bağlayan mənəvi körpü olub.
Həyatın
acı, sərt üzünü hələ uşaq ikən
görən, anasını, atasını, bacı və
qardaşlarını itirən, yeddi-səkkiz yaşlarında
yetim, tənha, kimsəsiz qalan bu balaca oğlan Balaxanı,
Zabrat kəndlərində muzdurluq edərək çörək
qazanıb, acı ruzgarlara təslim olmayıb. Böyük
əzab-əziyyət, zəhmət və istedadı
hesabına ən uca zirvələrə ucalan Mirzə müəllimin
keçdiyi zəngin həyat və yaradıcılıq yolu həqiqətən
öyrənilməyə, tədqiq edilməyə layiqdir.
Bu baxımdan Mirzə İbrahimovun ilk aspirantı olmuş
filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Nurlar”
nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən bu
yaxınlarda çap edilmiş “Akademik Mirzə İbrahimov”
monoqrafiyası son dərəcə aktualdır. Kitabın
annotasiyasında da qeyd edildiyi kimi “Monoqrafiyada məqsəd Xalq
yazıçısı, akademik Mirzə İbrahimovun
çoxcəhətli ədəbi-bədii və ictimai-siyasi fəaliyyəti
fonunda onun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən
biri və həqiqi üzvü kimi müasir milli ədəbiyyat
tarixinin yaradılmasında, ədəbi-nəzəri fikrin, ədəbiyyatşünaslığın
inkişafında danılmaz səmərəli xidmətləri
barədə müəyyən təsəvvür
yaratmaqdır. Burada onun XX əsr Cənubi Azərbaycan
ictimai-siyasi həyatında ədəbi-elmi fikrin yeni məcraya
düşməsində, gördüyü işlər də ətraflı
şərh olunmuşdur”.
Ədəbiyyatımızın, milli mədəniyyətimizin,
ana dilimizin vətəndaşlıq hüququ qazanmasında
müstəsna xidmətləri olan Mirzə İbrahimovun istər
görkəmli ədəbiyyatçı kimi, istərsə də
dövlət xadimi kimi geniş, əhatəli fəaliyyətinə
monoqrafiyada yetərincə yer verilmişdir.
XIX-XX əsr ədəbiyyatımızın ən
yaxşı tədqiqatçılarından olan professor Teymur
Əhmədovun Mirzə İbrahimov şəxsiyyətinə,
Mirzə İbrahimov yaradıcılığına yaxından
bələd olması, heç şübhəsiz,
monoqrafiyanın uğurlu alınmasında böyük rol
oynayıb.
Son 10-15
il ərzində onun akademik Mirzə İbrahimov haqqında
hazırladığı bir-birindən nəfis, monumental nəşrləri,
Məhəmmədhüseyn Şəhriyar, Əliağa Vahid
yaradıcılığına həsr olunmuş unikal
kitabları bu tarixi şəxsiyyətlərə və
müqəddəs saydığımız kitaba ən
böyük sayğı, hörmət və ehtiramdır.
Azərbaycanın bir çox yazıçı və
ziyalılarına ən çətin məqamda dayaq olan Mirzə
İbrahimovun dolğun obrazını, xarakterini canlandıran
monoqrafiyada biz böyük yazıçının, mütəfəkkirin,
dövlət xadiminin bir çox missiyaları həyata
keçirtdiyinin şahidi oluruq.
Monoqrafiyanın girişində Mirzə İbrahimovun həyatı,
ədəbi, elmi və ictimai-siyasi fəaliyyətinə
güzgü tutan müəllif sonrakı bölümdə
onun 1941-45-ci illər Təbrizdəki fəaliyyətinə
geniş yer verir.
Sovet
qoşunlarının Təbrizə girməsiylə
bağlı başda Mirzə İbrahimov olmaqla Azərbaycanın
bir sıra görkəmli ziyalılarının Cənubi Azərbaycana
göndərilməsi, “Vətən yolunda” qəzetinin nəşrə
başlaması, ədəbi fikrin, mətbuatın
canlanması, ana dilinin, maarifçilik ideyalarının təbliğ
olunması xalqın böyük coşqusuna səbəb
olmuşdu. Bu yerdə bir vaxt professor Yaşar Qarayevin dediyi
“Mirzə Cəlildən sonra Arazı keçən, o taya ana
dilini aparan, Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz
Mirzə İbrahimov oldu” - sözləri yerinə
düşür.
Professor Teymur Əhmədovun Mirzə İbrahimovun xatirələrinə
də müraciət etməsi bu bölümə xüsusi
canlılıq, təravət gətirmişdir.
Mirzə İbrahimov əsl xalq adamı olduğunu burada
- Təbrizdə olarkən də əyani şəkildə
göstərmişdi. Bunun canlı şahidi olan yazıçı Qılman
İlkin qeyd edir ki, Mirzə İbrahimov Cənubi Azərbaycanı
qarış-qarış gəzir, ən ucqar kəndlərdə
belə olur, əhali ilə görüşür, onların dərd
və istəklərini öyrənirdi. Qəzetin
səhifələri vasitəsilə ordunun İrana daxil
olmasının əsas məramını sadə bir dillə əhaliyə
izah edirdi. O, Cənubi Azərbaycanda olarkən deyə bilərəm
ki, Sovet Azərbaycanının ən səlahiyyətli və
məsul nümayəndəsi idi.
Heç şübhəsiz, Mirzə İbrahimov Cənubi
Azərbaycana - Təbrizə böyük arzularla, ümidlərlə
getmişdi.
O, milli hökumətin qurulmasını, doğma
xalqının İran istibdadından xilas olmasını, o
taylı-bu taylı Azərbaycanın 100 ildən artıq
sürən ayrılıq həsrətinə son qoyulmasını
necə intizarla gözləyirdi. Amma hadisələrin
bu cür sonluqla bitəcəyini, bir çoxları kimi o da
gözləmirdi. Əsrlərdən bəri
xalqın əlinə düşən tarixi şans
qaçırılmışdı. Və
bu ağrı, bu iztirab Mirzə müəllimi
ömrünün sonunacan göynətmişdi.
“Mirzə İbrahimovun ana dili uğrunda mübarizəsi”
bölümü mən deyərdim ki, monoqrafiyanın nüvəsi,
ruhu, canıdır. Bu təkzibolunmaz faktdır ki, ana dili
uğrunda mübarizəni həyatının mənası
hesab edən Mirzə müəllimin ötən əsrin əllinci
illərinin axırlarında təkbaşına gördüyü
işləri heç bir kəs görə bilməmişdir.
Bu, əslində ruslaşdırma siyasətinin
aparıldığı bir respublikada tarana getmək idi.
Mirzə müəllim yan-yörəsinin çəkildiyi,
meydanda tək qaldığı bir vaxtda belə geri çəkilməmiş,
məqsədindən, məramından, əqidəsindən
dönməmişdir.
Ana dilinin
dövlət idarələrində, dəftərxanalarda
işlədilməsi, yazışmaların doğma ana dilində
aparılmasını tələb edən Mirzə
İbrahimovdan Moskvaya donos yazanların içərisində,
çox təəssüf ki, ermənilərlə
yanaşı “sapı özümüzdən olan baltalar da” olmuşdu.
Mirzə müəllim haqsız hücumlara təkbaşına
sinə gərmiş, başqalarından fərqli olaraq
“başını yana əyib zərbələri
qardaşına, sirdaşına” ötürməmişdi.
Təəssüf ki, nankorlar, çörəyi dizinin
üstündə olanlar Mirzə müəllimin tarixi xidmətlərinə
göz yumdular.
Amma “qızılı örtsə də qara
torpaqlar, yenə qiymətini özündə saxlar”.
Mirzə İbrahimov bütövlüyü,
böyüklüyü ilə vaxtdan, zamandan ucada dayanan,
qüdrətli sənətkar, parlaq şəxsiyyətdir.
Ana dilinin şirinliyini, şəhdi şirəsini, zənginliyini
qorumağa çalışan hər bir ziyalı Mirzə
müəllimin yaxın dostu idi.
Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin yaradılması da ana dilinə olan
böyük sevgidən qaynaqlanırdı. Ana dilini təftiş edənlərə
Mirzə müəllim Şəhriyarın “Heydər babaya salam” poemasının dilini, avazını, ləngərini
nümunə göstərirdi.
Professor Teymur Əhmədovun böyük ədibin,
dövlət xadiminin ana dilinə bu qədər yüksək
dəyər verməsini xüsusi olaraq diqqətə
çatdırmasını təbii qəbul etmək
lazımdır. Çünki ana dili insanın qoşa
qanadıdır. Hətta ulu öndər
Heydər Əliyev dəfələrlə ana dilində
danışmağa çətinlik çəkən dövlət
məmurlarına ciddi iradını bildirmiş, onları ana
dilinə hörmət etməyə dəvət etmişdi.
Və
Mirzə müəllimin “Ana dili” məqaləsindəki bu
cümlələrdə doğma ana dilini bilməyənlərə
sanki ironik bir mesaj var: “...Heç bir millət və xalqdan elə
bir adam tapmaq olmaz ki, o, öz ocağı
başında böyüyə və öz ana dilini bilməyə.
Ana dili o dildir ki, onu bütün xalq bilir,
bütün xalq o dildə danışır”.
“Milli demokratik hərəkatın tarixi missiyası”
bölümündə Cənubi Azərbaycanda gedən milli
demokratik hərəkatın xarakteri, gördüyü işlər
təhlil edilir, bir əsrdə üç dəfə
ayağa qalxmış qəhrəman bir xalqın mübarizəsinin
əhəmiyyəti açıqlanır.
İlk növbədə xalqın maarifləndirilməsini
qarşıya məqsəd qoyan təbliğat vasitələri,
qəzetlər Azərbaycan xalqının taleyində, milli
oyanışında, özünüdərkində önəmli
rol oynayırdılar.
Müəllifin qeyd etdiyi kimi “Azərbaycan”
qəzeti xalqın taleyində milli azadlıq mübarizəsinin
böyük tarixi əhəmiyyətini təbliğ edir,
Şeyx Məhəmməd Xiyabani və Səttarxanın
şanlı tarixi mübarizə yoluna nəzər salır, əsl
xalq tribunası səlahiyyətlərini yerinə yetirirdi. Qəzet
öz səhifələrində ictimai
yığıncaqların, idarə və məhkəmələrin
farsca aparılmasına, məktəblərdə tədrisin fars dilində keçirilməsinə, maarif,
ictimai-siyasi və dövlət siyasətinə qarşı
xalqın mübarizəsini işıqlandırırdı.
Milli azadlıq hərəkatının zərurətdən
doğduğunu yaxşı dərk edən Mirzə
İbrahimov qeyd edirdi ki, demokratik hərəkatın həqiqətə
çevirmək istədiyi qayə və məqsədlər
bir dəstə ziyalı və ya nəzəriyyəçinin
xülyası deyildir. Bu qayə və məqsədlər ictimai
varlıq və şüurlardakı zəruri tələbdən
doğmuşdur. Onların həyata
keçirilməsi üçün cəmiyyətin
özündə maddi və mənəvi imkanlar
yetişmişdir.
Cənubi Azərbaycandakı aktiv fəaliyyəti Mirzə
İbrahimovun nə qədər hazırlıqlı, zəngin
erudisiyaya malik bir ziyalı, dövlət xadimi olduğunu
göstərdi.
Professor Teymur Əhmədovun təhlil və təqdimatında
Mirzə İbrahimovun zəngin mənəviyyatı üzə
çıxır. Xalqın içindən çıxmış, “həyatın
dibindən” gəlmiş bir adamın ən yüksək mərtəbələrdə
belə nə qələr təmkinli, sadə, ədalətli,
humanist, müdrik və xeyirxah olduğunu bunca
inandırıcı vermək məncə Mirzə müəllimi
çox dərin tanıyan bir kəsə müyəssər ola bilərdi.
Özündən əvvəlki sələflərinin
keçdiyi həyat yolunu doğru-düzgün təhlil edən
və bundan həyati nəticələr çıxaran Mirzə
İbrahimovun ayrı-ayrı situasiyalarda nə qədər
ağıllı, çevik hərəkət etdiyinin elə
günümüzdəki canlı şahidi olmuşuq.
Keçmiş
SSRİ dönəmində Dağlıq Qarabağla
bağlı Moskvada keçmiş İttifaq
deputatlarının iştirakı ilə keçirilən
müzakirələrdə Mirzə müəllimin erməni
deputatına verdiyi sərrast cavab nəinki ermənilərin,
onların havadarı Mixail Sergeyeviç Qorbaçovun,
dünya ictimaiyyətinin belə yadından çıxmayıb.
“Cənubi
Azərbaycan ədəbiyyatının elmi araşdırma mərkəzi”,
“Mirzə İbrahimov və Cənubi Azərbaycan ədəbi-ictimai
fikri”, “Mirzə İbrahimovun şəxsi arxivindən” bölmələri
Mirzə İbrahimovun portret cizgilərini tamamlamaq
üçün ən tutarlı faktlarla zəngindir.
Xüsusi zövq ilə yazılmış, son dərəcə
nəfis tərtibata malik bu kitabın işıq üzü
görməsi Mirzə İbrahimovsevərlərə, kitab mədəniyyətimizə
ən gözəl töhfədir.
Ayrı-ayrı görkəmli şəxsiyyətlərin
Mirzə İbrahimov haqqında dedikləri fikirlərin,
tanınmış şairlərin Mirzə İbrahimova həsr
etdikləri şeirlərdən nümunələrin, zəngin
fotoqalereyanın kitabda getməsi monoqrafiyaya xüsusi bir
gözəllik gətirmişdir.
Professor Teymur Əhmədov müəllifi olduğu və
tərtib etdiyi bir çox unikal nəşrlərlə
“çörəyi ver çörəkçiyə, birini də
üstəlik” xalq deyiminin nə qədər dəqiq və
yerində deyildiyini təsdiq etmiş olur.
Həyatda heç nə itmir, bu və ya digər şəkildə,
insanın özünə qayıdır. Mirzə
İbrahimovun bir zamanlar gələcəyinə böyük
ümid bəslədiyi ilk aspirantı olmuş professor Teymur
Əhmədov da ona edilən yaxşılıqları bu
cür gözəl nəşrlərlə xalqımıza
qaytarır.
Xalq
şairi Söhrab Tahirin gözəl bir misrası var:
Qızıl
taxıl dənəsidi yaxşılıq,
Kimə versən dönəsidi yaxşılıq.
Son
dövrlərin unikal nəşrlərindən olan “Akademik Mirzə
İbrahimov” monoqrafiyası da dünyanı
yaxşılıqlarla bəzəyən, həmişə
könüllərdə yeri olan
Xalq yazıçısı, Azərbaycanın böyük
oğlu, akademik Mirzə İbrahimovun işıqlı xatirəsinə
bir vəfa borcudur.
Nəzakət
MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.30.