Hamı üçün yazılan şeirlər

 

Musa Ələkbərlinin adı və imzası şeir, sənət aləmində tanınan adlardan və imzalardan biridir. Bu imza hələ ötən əsrin 70-ci illərindən oxuculara yaxşı bəllidir. O zaman bədii əsərlərin, hətta kiçik həcmli şeirlərin belə çap olunmaq imkanları xeyli dərəcədə məhdud olsa da, Musa Ələkbərlinin yazdığı yeni şeirləri mətbuat səhifələrində dərc edilir və müəllif də özünün oxucu auditoriyasını yavaş-yavaş genişləndirirdi.

 

Musa Ələkbərli yalnız tanınan yox, həm də tanıdan qələm sahibidir. Onun şeirləri ilə vətənin gözəl təbiəti, doğma el-obanın həyat tərzi, bir çox adət-ənənələrimiz, insanların arzu və istəkləri poetik sözün gücü ilə yenidən canlanır. Musanın şeirlərini oxuduqca hər bir insan öz keçmişinə daha qırılmaz tellərlə bağlanır və gələcəyə böyük ümidlərlə baxır.

 

Musa Ələkbərli bir şair kimi mücərrəd və abstrakt sözlərin, dilə yatmayan kəlmələrin tilsiminə düşmür. O, mücərrəd və abstrakt düşüncə ilə, bu düşüncəni daşıyan insanlarla dostluq eləmək fikrində də deyil. Musa Ələkbərli ona Tanrı tərəfindən bütün acısı və şirini ilə bəxş edilmiş əsl həyat adamıdır. Onun əsl həyat adamı olması şeirlərindən də bilinir, çünki Musa Ələkbərlinin şeirlərində konkret həyat materialı daha güclüdür: çay, meşə, kənd, yol, dağ, yaylaq və s. Hamının dəfələrlə gördüyü bu obyektlər şair üçün nə qədər aydındırsa, şübhəsiz, poeziyaya çevriləndə bir o qədər də gözlənilən çətinliklərin mənbəyidir. Məsələ burasındadır ki, həmin obyektləri bütün şairlər görür və bütün şairlərin onlardan yazmaq haqqı var. Amma Musa fərqli yazır və heç kəsə bənzəmir. Bu fərq və bənzərsizlik Musanın daxili aləmi ilə həmahəngdir.

 

Musa Ələkbərli çayı da, meşəni də, kəndi də, yolu da, dağı da, yaylağı da öz içindən keçirir, bir növ özününküləşdirir və sonra oxuculara təqdim edir. Müşahidəçi şair və oxucu da onları yenidən görür, onları poeziyanın dili ilə sanki yenidən kəşf edir.

 

Klassik poeziyada olduğu kimi müasir poeziyada da dağlar, çəmənlər vəsf olunur, yağışın onları necə yumasından ağızdolusu danışılır. Musa da “Kəndimiz” şeirində dağlardan və yağışdan söhbət açır, sonra isə dağları döyəcləyən dolu haqqında belə yazır:

 

Bəzən döyəcləyir torpağı dolu,

Saralır göy çəmən, yapıxır çayır.

Açılır göylərin qanadı-qolu,

Elə bil dağlarla “beşdaş” oynayır.

 

Bu dörd misralıq bir bənddə həm təbiətin qeyri-adi bir mənzərəsi görünür, həm balaca uşaqların oynadığı “beşdaş” oyununun xatirəsi canlanır, həm də folklor nümunəsi ilə şair bədii təfəkkürünün aydın bir vəhdəti ifadə edilir. Bu nümunə kiçik bir bədii parçaya sığışan çoxşaxəli düşüncə sisteminin aydın təzahür formasıdır.

 

“İmtahan” şeirində isə insan həyatı ilə təbiətin qovuşduğu məqamlar önə çıxır. Şeirdə tələbələrin ildə iki dəfə - qışda və yayda imtahan vermələri ilə təbiətin özünün imtahan qarşısında olması üzvi şəkildə əlaqələndirilir:

 

İstiyə, soyuğa dözmək özü bir-

Ağır sınaq imiş, qələbə imiş.

Gah yaya, gah qışa imtahan verir,

Təbiət özü də tələbə imiş.

 

Şeirdə birindən digərinə - insandan təbiətə, təbiətdən isə insana keçid həm məntiqi, həm də bədii baxımdan əsaslandırılmış formadadır. Yalnız belə şeirlər təsdiq edir ki, bədii yaradıcılıq nə qədər bədii olsa belə yenə elmi əsaslara söykənir və bu elmi əsaslar bədiiliyə qətiyyən xələl gətirmir.

 

Musa Ələkbərlinin poeziya yaradıcılığında yalnız həyatın konkret məqamları deyil, həm də həyatımızın tanınmış konkret insanları bədii obraza çevrilirlər. Şairin onlarla mötəbər şəxsiyyətə ünvanlanmış şeirləri müasir poeziyada yeni bir xəttin, yeni bir istiqamətin dəyər ölçüsüdür. Musa Ələkbərli kimlərə şeir ünvanlayır? Bunlar ilk növbədə cəmiyyətdə nüfuzu olan insanlardır: Mirzə İbrahimov, Qoşqar Əhmədli, professor Fərhad Zeynalov, İsmayıl Şıxlı, Nəzakət Məmmədova, Əliağa Kürçaylı, Tofiq Bayram, İlyas Tapdıq... və tələbə yoldaşları. Şübhəsiz, hər bir tanınmış insanın özünəməxsus xarakterik keyfiyyətləri və xüsusiyyətləri var. Onların şəxsiyyətinin və varlığının şeirin mövzusuna çevrilmə səbəbi də elə məhz budur.

 

Qoşqar Əhmədli insanlara gərək olmaqla, onların qolundan tutmaqla yanaşı, yaxşılıq eləmək duyğusunu özündə təcəssüm etdirən bir insan obrazıdır. O, çoxlarının yaddaşında silinməz izlər buraxıb. Eyni zamanda, elm adamı kimi məşhur olan Qoşqar Əhmədlinin həyatı ictimai ideyalardan kənarda deyil. Musa Ələkbərli də birinci ilə yanaşı məhz bu ikinciyə daha böyük üstünlük verir, görkəmli alimin ictimai bir adam olmasını daha da qabardır:

 

Xeyirxah duyğular coşdu ilhamtək,

Dindi ürəyində, dindi qolunda.

Ömrünü-gününü əritdi şamtək,

O elmin yolunda, elin yolunda.

 

Yaxud professor Fərhad Zeynalov tələbələrinin yaddaşında öz təmkinli davranışı və yüksək elmi-nəzəri səviyyəli mühazirələri ilə yaşamaqdadır. Bir şəxsiyyət, bir pedaqoq kimi bunlar ali keyfiyyətdir və çox adama nəsib olmur. Yalnız bu xüsusiyyətlərin tərənnümü də bir şeir üçün kifayətdir. Amma Musa Ələkbərli bununla kifayətlənmir, professor Fərhad Zeynalovun simasında insanları öz əslini və soyunu tanımağa səsləyən mötəbər bir şəxsiyyət görür, həmçinin doğma xalqının, millətinin əzəməti və nəhəngliyi ilə də fəxr edir:

 

Birdən-birə nəhəngləşdim,

Oba-oba, ölkə-ölkə

mən birləşdim.

Baxıb gördüm bu dünyanın

yarısıyam,

Baxıb gördüm yerin, göyün

Tanrısıyam,

Baxıb gördüm öz dilimdə

yazılıbdır alın yazım.

 

Musa Ələkbərlinin yaradıcılığında konkret şəxsiyyətlərə ünvanlanmış şeirlər fərdi şeirlər məhdudiyyətindən çıxıb daha ciddi ictimai mətləbləri özündə əks etdirir və hamı üçün şeirə çevrilir. Şairin konkret ünvanlı şeirləri böyüklük duyğusunun təcəssümüdür və bu böyüklük elə bir yüksək dəyərdir ki, şair hətta uşaq şeirlərində də əzizlədiyi uşaqlara kiçik deyil, böyümüş insan kimi baxır.

 

Musa Ələkbərli şeir yazmaq istəyəndə, düşündüklərini misraya, bəndə çevirməyə başlayanda özünü heç vaxt məcburiyyət qarşısında qoymur. Musa Ələkbərli zorən şair deyil. O, şeiri “ömür, gün” hesab edir, təbiətin bir parçası, bir hissəsi kimi poeziyaya aləminə daxil olur, şeirə təbiilik və səmimiyyət gətirir. Ənənə göstərir ki, şeirə təbiilik və səmimiyyət qədər uzun ömür verən ikinci bir fakt tapmaq çətindir. Şeirdə onların alternativi məhz elə onların özüdür.

 

Musa Ələkbərlinin təbiilik və səmimyyətlə yoğrulan “Atama” şeiri həm şəxsi duyğuların, həm də hamıya tanış olan ümumi düşüncənin təcəssümüdür. Amma burada da ümumi düşüncə şəxsi duyğuları üstələyir. Şair öz atası haqqında yazanda fərdi cizgilərin üstündən adlayıb hamı üçün - bütün oxucular üçün yazır:

 

Görüb-götürdükcə bu həyatda sən

Narahat günlərin az olmayıbdır.

Təknədə çörəyin azalıb bəzən,

Eldən etibarın azalmayıbdı.

 

Bu sözlər yalnız Musanın atası Məlik kişi haqqında söylənən sözlər deyil. Əslində o cür də ola bilərdi və müasir Azərbaycan poeziyasında ataya, anaya, qohum-qardaşa yazılan çoxlu belə şeirlər var. Həmin ünvanlı şeirlərin qələmə alınmasında da elə bir qəbahət yoxdur. Amma “Atama” şeirində obyekt Musanı böyüdüb boya-başa çatdıran Məlik kişi olsa da, fikir və ideya öz övladları və eli-obası üçün düşünən bütün ataları əhatə edir.

 

“Atama” şeirində etibarın itməməsi qüruru ilə bərabər, təknədə çörəyin azalması etirafı da var. Əslində bu etiraf olmasaydı, etibarın qürur yerinə çevrilməsi də heç vaxt inandırıcı görünməzdi. Belə bir poetik daxili gediş yaradıcılıq sirri kimi Musa Ələkbərli poeziyasını tam əhatə edir, onun şeirlərini öz müasirlərinin şeirlərindən tamamilə fərqləndirir və Musa Ələkbərlini də müasirlərindən önə çıxarır.

 

Mən Musa ilə tələbə yoldaşı olmuşam. Musanın nə qədər zəhmətkeş, əməksevər olduğu da mənə bəllidir və onun şeirlərində həmin zəhmət də açıqca hiss edilməkdədir. Mən Musaya əməksevər deyəndə onun gecə-gündüz şeir yazmaqla özünü həlak etməsini nəzərdə tutmuram, hərçənd ki bu, özü də əməksevərlikdir. Bir şeirin neçə-neçə variantını ortaya qoyub gerçək, yaxud süni çətinliklərin də qabardılmasını diqqətə çatdırmaq fikrində deyiləm. Məsələ burasındadır ki, müasir Azərbaycan poeziyasında çoxdan kök atmış bir vərdiş formalaşıb. Bu vərdiş şeirin axırıncı bəndi ilə əlaqədardır və bir çox şairlər əsas diqqəti şeirin axırıncı bəndinə verərək onu şah bəndə çevirirlər. Yəni deyiləcək əsas fikri həmin bəndə yükləyirlər. Musa Ələkbərlinin şeirlərində yalnız axırıncı bəndi fikirlə yükləmək və axırıncı bəndi şah bəndə çevirmək vərdişi yoxdur. Onun yaradıcılığında bütün bəndlər poetik fikirlə yüklənir. Şairin hayqırtı ilə söylədiyi “Sizin şairiniz ola bilmədim” şeiri buna ən gözəl nümunədir:

 

Cehiz ucbatından evdə qarıyan,

İsmətli gözəllər - kasıb qızları,

Heyf, çəkəmmədim mən doğru yola

Sizdən kənar gəzən vəfasızları -

Sizin şairiniz ola bilmədim!

 

Yalnız bunlar deyil, şeirin digər bəndlərinin hər biri bu cür zəngin poetik fikirlə yüklənmişdir. Başqa sözlə, “Sizin şairiniz ola bilmədim” şeirinin hər bəndini başqa bir şeirin axırıncı bəndinə - şah bəndinə çevirmək olar. Belə olduqda hər şeir üçün də yeni məzmun və yeni ideyanın formalaşdırılması o qədər çətin deyil. Həmçinin nəzərə alaq ki, Musa Ələkbərlinin şair qələminin gücü buna kifayət qədər yetərlidir. Amma o, şeirlərinin sayını bu cür süni formada artırmağın tam əleyhinə olmuşdur. Musa Ələkbərli ənənəyə sadiq olmaqla bərabər, müasir Azərbaycan poeziyasını yeni çalarlarla zənginləşdirmək qüdrətinə malikdir.

Musa Ələkbərlinin şeirlərində həmişə bir işıq görünür, onun yaradıcılığı işıqlı yaradıcılıqdır. Şeirlərinə verdiyi adlar da bunu təsdiq edir: “Ağ işıq”, “Ay işıqlı adam”, “Gördüm o gözləri qar işığında”. Hətta “Tanrı mənə söyləməsə yazmaram” kitabındakı fəsillərdən birini “Aydanım - ay işığı” adlandırmışdır. Musanın “Şam işığında yazılan şeir”i də, “Hansı evdə şam yerinə şeirim yandı” arzusu da var.

 

Musa Ələkbərli şeir yazanda çox rahatdır, “Şeir yaza bilməyəndə” isə ölüm təhlükəsi qarşısında qalır. Ona görə də “Qurd ağzı bağlayan Səlmi qarıya məktub” göndərib insanları bütün təhlükələrdən qorumağa səsləyir. Bu səs Musanın içindən və ruhundan gələn səsdir.

 

Kamran ƏLİYEV,

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.29