Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Avropalıların Çinə gəlişi

 

Belə şəraitlər erkən Çinin sahilinə müasir avropalıların gəlmələrini məhdudlaşdırırdı, ilk dəfə onlar 1514-cü ildə Min Çininə gəlmişdilər. Portuqaliyalılar artıq cənubi Hidistanda və Malakkada özlərini yerləşdirmişdilər, onlar həmin məkanlardan nəhəng gəlir götürməyə öyrənmişdilər. Bu da Çin sahili ilə cənubi-şərqi Asiya arasında regional ticarət aparmağı mümkün etmişdi. Onlar qaçaqmalçılıqla və dəniz quldurluğu ilə məşğul olduqlarından Min sarayı portuqaliyalıların Çinə gəlməsini istəmirdi. Lakin onlar 1557-ci ildə sahil yarımadasında (indiki Makaoda) məskunlaşmaqla nəzarəti ələ keçirdilər və Quançjou yaxınlığında arabir ticarət aparırdılar. 1575-ci ildə ispanlar Maniladan Quançjouya gəldilər, lakin onların rəsmi ticarət imtiyazları əldə etmək cəhdi uğursuz oldu və tezliklə onlar qanunsuz ticarət aparmaqda fəallıqlarını artırdılar. Holland Şərqi İndiya Kompaniyasının 1622-ci ildə Makaonu Portuqaliyanın əlindən almaq, işğal etmək cəhdi uğursuz olduqdan sonra, 1624-cü ildə Tayvan sahilini ələ keçirdilər. 1637-ci ildə beş ingilis gəmisindən ibarət eskadra Quançjouya yol açdı, orada yüklərini yeləşdirirdilər. Bu vaxt Rusiya öz sülhməramlı elçilərini Pekinə göndərdi və Min sülaləsinin sonunda rusların Sibirdən keçməklə şərqə doğru ekspansiyası nəticədə onları Amur çayının şimalında Sakit okean sahillərinə gətirib çıxardı.

 

Avropadan olan xristian missionerlərə onların tacir həmvətənlərinin pis reputasiyası maneçilik törədirdi. Lakin İezuitlərin yerli adətlərə uyğunlaşması taktikası onlara Çin ərazilərinin içərilərinə girməyə imkan verdi. İtalyan Matteo Riççi ilk uğurlu iezuit missioner olmaqla 1583-cü ildə öz işinə başladı və Çin dilində Qərb elminin bəzi nailiyyətlərini təsvir etdi. O, Çin dilini yaxşı öyrənmişdi, bu dildə 15 kitab yazdı, həmçinin Konfutsi təlimi ilə də tanış olmuşdu. Ondan əvvəl Yaponiyadan buraya gələn İezuit ordeninin - İisus Cəmiyyətinin banilərindən biri, İqnatus Loyolanın müavini Fransisko de Ksavyer Çində az müddət yaşadıqdan sonra orada ölmüşdü.

 

Sülalənin sonundan əvvəl iezuitlər sarayda nüfuz qazandılar, Çin kitablarını Avropa elminə və teologiyasına təqdim etdilər, Minin mancurlara qarşı istifadə etməsi üçün Portuqaliya tipli top istehsal etdilər. Avropa texnologiyası və ideyaları Çində müəyyən effekt verməyə başladı.

 

Ölkədə aqrar siyasət

 

Şimala geri dönmə miqrasiyası ərzində cənubi-şərqin iri şəhər mərkəzlərinin qeydə alınan əhalisi azaldı. Bu meylə baxmayaraq, cənub və xüsusən cənubi-şərq Min dövründə Çinin ən çox əhalisi olan, varlı və daha mədəni regionu kimi qalırdı. XVII əsrin əvvəllərində əhalinin sayı, demək olar ki, 150 milyon idi. XVI əsrdə Amerika mənşəli qida məhsullarının (yerfındığı, qarğıdalı və şirin kartof) becərilməsi artıq Tsin dövründə sürətlə artan əhalinin möhkəm aqrar baza ilə təmin edirdi.

 

Hökumət tərəfindən böyük torpaq sahələri olan malikanələr müsadirə edildi, bölündü və icarəyə verildi. Özəl quldarlıq qadağan edildi. XV əsrdə nəticədə müstəqil torpaq sahibləri olan kəndlilər Çin kənd təsərrüfatında az qala aparıcı yer tuturdu. Min hökmdarları Çində torpağı icarəyə vermək problemlərini həll etməyə daim qadir olmuşdular.

 

Minin kənd təsərrüfatı işlərində hökumətin iqtisadiyyata müdaxilə etməmək siyasəti fiskal inzibatçılıqda öz ikili tipinə malik idi. Gəlirin başlıca hissəsini torpaq vergisindən yığılan məbləğ təşkil edirdi. Torpaq vergisi dərəcəsi xeyli müxtəlif idi, təkcə torpaq sahəsinin məhsuldarlığından deyil, həm də onun icarə şərtlərindən asılı idi. Torpaq vergilərindən başqa digər gəlirlər də hökuməti saxlamağa kömək edirdi. Onlar mədən vergiləri, bazar dükanlarından alınan vergi olmaqla, mülkiyyət sahibliyinə əsaslanırdı.

 

Dövlət hakimiyyətinin ağalığı həmçinin Min Çinində intellektual və estetik həyatda da özünü nişan verirdi. Bütün kiçik sənətlər üçün, kənd təsərrüfatı sənətləri və hətta rəssamlıq üçün standartlar qoyulmuşdu. Min erasının sonu xüsusən intellektual və sənət sahəsində yüksəlmə dövrü idi. Min dövründə sənət aləmində dövlətin himayə etdiyi sənətkarlıq malları özünün müxtəlifliyi və yüksək keyfiyyəti ilə seçilirdi, onların içərisində farfor məmulatlarını xüsusən qeyd etmək lazımdır. Əvvəlki sadə məmulatların yerini yaxşı bəzədilmiş yarımxrom qablar tutdu. Bundan “söyüd nümunəli” məmulatlar meydana çıxdı ki, onlara da Avropada böyük tələbat var idi. İrandan idxal edilən kobalt ən gözəl mavi-ağ məhsullar üçün istifadə olunurdu. Bəzi polixrom məmulatlarda üç və hətta beş rəng üstünlük təşkil edirdi. Rəngkarlıq, xüsusən portret rəngkarlığı ənənəvi nümunələrə əsaslanırdı.

 

Min poeziyası və nəsri əvvəlki ustaların dəbindən sonrakı qaydada yazılırdı, yazıçı və tənqidçi qrupları Tan və Sun nümunələri ilə öz yaradıcılıqlarını müqayisə edirdilər. Yuan sülaləsi vaxtı başlıca yeni incəsənət forması kimi meydana çıxan opera dramı bütün Min sülaləsi dövründə də populyarlığını davam etdirirdi. Yeni cənub opera ariya forması xüsusi populyarlıq qazanmışdı, bütün ölkədə mahnı oxuyan qızların repertuarına daxil olmuşdu. Hissiyyatlı romantizm Min dövründə yazılan dramlar üçün xüsusən xarakterik idi.

 

Tsin sülaləsi

 

1619-cu ildə Mancuriyadakı Nurhaçi (1559-1626-cı illər) Min ordusu üzərində həlledici qələbə çaldı, 1621-ci ildə isə Liao-yan və Mukden kimi mühüm şəhərləri tutdu. Axırıncını o, 1625-ci ildə öz paytaxtı etdi. 1626-cı ildə isə onun oğlu Abahay taxt-taca çıxdı. Tezliklə o, Çosona (Koreya) hücum etdi. 1634-cü ildə isə Daxili Monqolustana yürüş etdi. 1636-cı ildə mancurların, monqolların və Mancuriyadakı çinlilərin imperatoru oldu və Tsin və ya “təmiz” adını qəbul etdi. Lakin Koreya onun mövqeyini tanımaqdan imtina etdi. Abahay Koreyaya ikinci yürüş etdi və onu illik iri bac verən vassal dövlətə çevirdi.

 

Bandit liderləri iki yeni dövlət yaratdılar, onlardan biri 1644-cü ilin aprelində Pekini tutdu. Bu, Min sülaləsinin sonu idi. Ölkəyə yayılan qrupların çoxu Minin son illərində ona qarşı qalxmışdı, bu vaxt isə onlar öz düşmənçiliklərini yeni rejimə qarşı döndərdilər. Tsin Yunnanda 1681-ci ildə bərpa olundu, bu, səkkiz il davam edən böyük qiyama son qoydu. Onun təsiri hətta Daxili Monqolustanda, Vyetnamda və Tibetdə də özünü göstərdi.

 

Erkən Mancu dövlət bayraq (hərbi kompaniya) sisteminə əsaslanırdı, bu, traybalizmdən monarxiya kübarlığına keçmək idi. Bu kübarlıq altında hər bir Mancu tayfa adamı bayraqda siyahıya alınırdı. Əvvəlcə bu bayraqların sayı dörd idi, sonralar isə səkkizə qədər böyüdü. Abahayın hökmranlığı ərzində bu sistem onun nəzarətində olan monqollardan və çinlilərdən ibarət olmaqla genişləndi. Abahay Çin institutlarını geniş şəkildə tətbiq etdi və Mancu Pekinə gəlib çıxanda Min inzibatçılıq təcrübəsindən geniş istifadə edildi.

 

Tsinin digər spesifik institutu müstəmləkə işləri sarayı idi, bu, Monqolustan idarəçiliyindən irəli gəlmişdi, sonralar Tibetlə, Şərqi Türküstanla və Rusiya ilə əlaqələri əldə etmək üçün istifadə olundu. Digər idarələrdən fərqli olaraq onun baş heyəti müstəsna olaraq mancurlardan və monqollardan ibarət idi.

 

Tsin ordusunun özəyi bayraq qüvvəsi idi, Taypin üsyanına qədər onun tərkibi təqribən 200 min nəfərə bərabər idi. Bu qoşunların yarısı paytaxt ətrafında yerləşdirilmişdi, qalanları isə əyalətlərdə qarnizonlaşdırılmışdı. Digər ordu isə “Yaşıl ştandartlar” adlanırdı və çinlilərdən ibarət olmaqla, ümumilikdə 600 min nəfərlik heyətə malik idi. Çin tarixində bu görünməmiş bir hadisə idi ki, nəhəng imperiyaya hansısa 800 minlik ordu nəzarət edə bilirdi.

 

Erkən Tsin Çini işğal etməklə və onu öz hökmranlığına konsolidasiya etməklə Çin sərhədlərinin daxilində və kənarında olan problemlərlə üzləşməli olmuşdu. Rusiyanın şərqə tərəf ekspansiyası XVI əsrdə başlanmaqla çox ciddi bir hal idi. Ruslar 1650-ci ildə Amur çayı üzərində görünmüşdülər, 1689-cu ildə Tsinlə Rusiya arasındakı Nerçinsk müqaviləsi Sibir-Mancuriya sərhədlərini Amur çayı və Stenovoy dağları boyunca dənizə qədər müəyyən etdi və Rusiya karvan tacirlərinin Pekinə gəlməsinə şərait yaratdı.

 

İlkin dövrlərdə başlıca ticarət malı Rusiya xəzləri, qızıl, gümüş sikkələr, Avropa yun parçaları, Çin ipəyi və pambıq parça idi. Erkən Tsin dövründə qərbi Monqolustan Pekinin nəzarətindən uzaq idi. Lakin XIX əsrdə Rusiya parçası və Çin çayı başlıca ticarət əmtəəsinə çevrildi və bu, öz inkişaf zenitinə 1830-cu və1840-cı illərdə çatdı.

 

Tibetdə hakimiyyətin qəsb edilməsi ilə qarışıqlıq baş verdi. Uzurpatorun varisi öldükdən sonra əyalət daxili mübarizədən dağılırdı. Erkən Tsin ilə Tibetin əlaqəsi dinə dünyəvi hamilik ilə ruhi lider arasında partnyorluqdan xəbər verirdi.

 

Bütün Çin tarixi boyu şimalın köçəri və yarımköçəri xalqları ilə çinlilər arasındakı əkslik mühüm əhəmiyyətə malik olmuşdu. Çin ilk əvvəllərdə Şimalın təzyiqindən azad olmuşdu. Şərqi Türküstana tərəf irəliləmək həmçinin Tsinin görkəmli töhfəsi idi.

 

Mancurlar Çinə daxil olandan Day Vietdə (Vyetnamda) iki bir-birinə zidd olan hakimiyyət var idi: Hanoydakı Le sülaləsi və Huyedəki Nquen ailəsi, axırıncı ölkənin mərkəzi və cənub hissələrində hökmranlıq edirdi.

 

Tsinin Çosonla (Koreya) əlaqələri digər bac verən dövlətlərə nisbətən dərin idi. Pekin və Seul arasında elçilər mübadiləsi daha tez-tez olurdu və mədəni əlaqələr başqa ölkələrlə müqayisədə nisbətən çox idi.

 

XVII əsrin sonunda Tayvanın anneksiyasından başlayaraq ölkə daxilindəki dinc həyat XVIII əsrin sonunadək yüz ildən artıq müddətdə davam etdi. Çin xeyli sosial və iqtisadi inkişafın şahidi oldu. Bu dövr həqiqətən də Pax Sinica adlanmağa layiqdir.

 

Sonrakı Min və erkən Tan dövrlərində buğda və arpa toxumları başqa ölkələrdən gətirilirdi. Amerika mənşəli məhsullar mərkəzi və cənubi Çinin təpə və dağ regionlarının istifadə edilməsinə şərait yaratdı. Çay, pambıq, tütün və digər kommersiya məhsullarının becərilməsi geniş yayılmışdı.

 

XVIII əsr ərzində sənətlər və sənaye sahələri öz yüksək səviyyəsinə çatdı. Mis və qalay istehsalı inkişaf edirdi. Min və Tsin dövrlərində Çinə gümüş əsasən avropalılar və amerikalılar tərəfindən gətirilirdi.

 

XVIII əsrdə Çində əhalinin sürətlə artması görünməmiş bir hadisə idi. 1600-cü ildə əhalinin sayı təqribən 150 milyon olduğu halda, 1850-ci ildə 430 milyona çatmışdı. Miqrasiya Mancuriyaya, Tayvana, Kuantinə və Haynana istiqamətlənirdi. Lakin immiqrasiyanın başlıca hədəfi qərbi-cənubi Çin, qərbi Hupehin dağ torpaqları və cənubi Şensi idi.

 

Ağ lotos sektası Szeçuan zonasında pozulmuş əhalini özünə daha da artan qaydada cəlb edirdi. Ağ lotos üsyanı (1796-1804-cü illər) bir sıra sosial və siyasi bədbəxtliklər nəticəsində baş verdi, bu Tsin sülaləsinin tarixində dönüş nöqtəsini göstərir. Bu, Tsinə iki zərbə vurdu. Birincisi, milisin nəhəng sayda üzvlərindən istifadə etməsi, ikincisi isə, Tsin maliyyəsinə xətər toxundurması idi. Üsyan ağır xərc tələb etdi, onunla Tsinin inkişafına birdəfəlik son qoyuldu.

 

XIX əsrin birinci yarısında narazılıqlar və iğtişaşlar əhalinin xeyli artması ilə izah oluna bilərdi. Pul iqtisadiyyatının göstərdiyi təsiri, qulluqçular və kiçik torpaq sahibləri tərəfindən ümumi əhalinin istismarının artması - bunların hamısı Çinin aqrar cəmiyyətinin parçalanmasına şərait yaradırdı. Bu problemlərin üzərinə tiryək idxalının artması ilə gümüş pulun xeyli azalması da əlavə olunurdu. Tiryək müharibəsi və onun nəticəsi əhalinin yaşayış şəraitinin daha da pisləşməsinə səbəb oldu. Sonrakı Tsin dövründə yaranan xaos, beləliklə, siyasi, sosial və iqtisadi vəziyyətin daha da ağırlaşmasına səbəb oldu və Qərbin Çinə hərbi və kommersiya müdaxiləsi böyüdü.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.26