“Tənhalıq cəhənnəmi”nin məhkumu ilə “Qaranlıqda dialoq”...  

 

 

Məsafə, din, dil, irq, mental dəyərlər və müasir insanın özündən uydurduğu, hamımızı əvvəl-axır tənhalığın cəhənnəminə sürükləyən digər hansısa saxta ayırıcı nəsnələr baxımından yanaşsaq, o bizdən çox-çox uzaq olan adamdır.

 

O - Akutaqava Rünoske... Ancaq çox-çox uzaqda olan Onun yazdıqlarını oxuduqca demirəm- udum-udum içdikcə, o yazıların ruhun susuzluğunu necə yatırdığını və doğmalaşmanın anında baş verdiyini hiss eləməmək olmur.

 

Yapon ədəbiyyatının “Alov üzərində yeriyən fanatiklər”indən biri olan Akutaqava Rünoske cəmi bir qərinəlik ömründə yazıb-yaratdıqları ilə sübut etdi ki, həyatı boyu onu izləyən məlum və naməlum fobiyalar, qorxular əbəsmiş. “Tyokodonun qeydlərindən” essesindəki fikirləri bu qorxuların, şübhələrin və tərəddüdlərin söz donu geyindirilmiş formasıdır. Burda forma həm də məzmunun gözəlliyi, səmimiliyi və təkrarsızlığı ilə tamamlanır: “Mən gələcəkdə tanınıb qəbul ediləcəyimi gözləmirəm. Oxucuların mülahizələri həmişə hədəfdən yan ötür. Bizim dövrün oxucuları haqqında heç danışmağa dəyməz. Tarix bizə Periklin dövrünün afinalılarının və intibah dövrünün florensiyalılarının oxucu idealından nə qədər uzaq olduğunu göstərib. Əgər dünən və bu günün publikası belədirsə, sabahın kütləsinin mülahizələrinin necə olacağını güman etmək o qədər də çətin deyil. Nə qədər təəssüflü olsa da, mən onun yüz ildən sonra da qızıl tozunu qumdan ayıra biləcəyinə şübhə etməyə bilmirəm. Özü də mən sadə ədəbiyyatçıyam. Aydın məsələdir ki, mən gələcəkdə tanınacağımı gözləmirəm. Hərdən təsəvvür edirəm ki, on beş, iyirmi, xüsusən yüz ildən sonra mənim mövcudluğumu artıq heç kim xatırlamayacaq...”

 

lll

 

Zamanın meyarı əyarı dəqiq ayırd etməyi bacarır...Bəlkə də yazıçının qorxu və şübhələrinin zaman qarşısında məğlubiyyəti adıçəkilən həmin esselər silsiləsinin digər punktlarındakı arzu və istəklərin çox güclü olması səbəbindəndir: “Bununla belə, bəlkə kimsə təsadüfən mənim əsərlərimi görəcək və hansısa qısa hekayəmi və ya ondan bir neçə sətri oxuyacaq? Bəlkə, lap şirin arzudan danışsaq, ola bilər ki, bu hekayə, bu sətirlər ani olsa da, tanımadığım həmin gələcək oxucunun gözəl yuxu görməsinə səbəb olacaq? Mən gələcək zamanlarda tanınacağımı gözləmirəm. Ona görə də belə arzuların mənim qənaətlərimlə necə kəskin ziddiyyət təşkil etdiyini anlayıram. Bununla belə, mən yenə də təsəvvür edirəm -uzaq gələcəkdə, yüz ildən sonra mənim əsərlər külliyyatımı əlinə götürəcək oxucunu təsəvvür edirəm. Və bu oxucunun qəlbində dumanlı şəkildə, xəyal kimi mənim obrazım canlanacaq”. Danılmazdı- bütün dahilərin kəhanət qabiliyyəti, gələcəyi öncədəngörmə, hissetmə bacarığı var...

 

lll

 

Oxucu olaraq ilk dəfə Akutaqava Rünoskenin yaradıcılıq dünyasına məşhur “Rasyomon darvazası”ndan keçmişəm. Süjetini XI-XII əsrin “Kondzyaku monoqatari”dən (“Qədim povestlər”) alan bu məşhuri-cahan novellanın hər cümləsinə hakim kəsilən əsl yapon ruhu elə sözün bütün mənalarında məni tutmuşdu... Sonralar daha bir həqiqi yapon ruhunun daşıyıcısı Akira Kurosavanın həmin novella əsasında ekranlaşdırdığı filmi izlərkən buna bir daha əmin olmuşdum. Novellada parik düzəltmək üçün meyitlərin tüklərini dartıb çıxaran qarının öz hərəkətinə qazandırdığı “bəraəti”, “acından ölmək” qorxusunun insanları haralara “endirdiyini” yaxud “qaldırdığını”, ümumiyyətlə, ilk baxışdan tükürpədici görünən nələrəsə əslində hansı adekvat reaksiyaları vermək lazım olduğunun zəruriliyini düşünmüşdüm onda: “Götürək indi tüklərini dartıb çıxardığım həmin qadını: o ilanları uzun nazik hissələrə bölüb, qurudurdu, sonra quru balıq əvəzinə saray keşikçilərinə satırdı...Belə dolanırdı. Əgər taundan ölməsəydi, indi də elə yaşayacaqdı. Amma mən fikirləşmirəm ki, o, bununla pis iş tutmuş olurdu. Bunu etməsəydi, acından ölərdi. Deməli, başqa çarəsi olmadığından bunu edirmiş. Belə götürəndə heç mən özüm də pis iş tutmuram! Yox! Axı bunu etməsəm, acından ölərəm...”

 

Gerçəkdənmi, “acından ölmək” qorxusundan törədilir bütün iyrəncliklər? Yoxsa, əslində daha komfort, daha harın yaşamaq istəyinin azğınlığından? Sual da, cavab da hekayədədi. “Etmə-bulma” dünyasının digər bir sakini-soyğunçu nökər  qarının bəraətləri quş kimi havaya uçar-uçmaz əynindən onun kimonosunu dartıb çıxarır və onu yarımçılpaq vəziyyətdə “gil oyuncaqlar kimi hamısı ağzıaçıq, əlləri bir-birindən aralı vəziyyətdə döşəmənin üstünə atılıb orda necə gəldi düşüb qalmış” üfunət qoxuyan meyitlərin arasına itələyib yıxır...Nökərin də istehzalı bəraəti dilində hazırdır: “Deməli, məsələ beləymiş? Onda mən də səni soysam, gileylənmə! Yoxsa gərək mən də acından öləm”.  Hekayədə hamının əzəli-əbədi aqibətinin rəsmi çəkilib: gec-tez yarımçılpaq şəkildə meyitlərin arasına yuvarlanmaq... Amma daha çox maddi nələrsə əldə etmək, daha çox qazanmaq naminə insanlıqdan çıxaran çırpınışlar içində ömür sürərkən bəraət dediyimiz əslində ucuz bəhanələr deyilmi: “Acından ölməmək üçün...” Hekayədə qarı ölmür, yarımçılpaq şəkildə qalxıb ağlaya -ağlaya gedir, nökər də izsiz-soraqsız yoxa çıxır...Amma nədənsə hiss edirsən ki, başına gələnlərə baxmayaraq nə o qarı bundan sonra meyitlərin tükünü çıxarmağından əl çəkməyəcək, nə də nökər eşitdiyi ibrətamiz əhvalatlardan sonra soyğunçuluğunu buraxmayacaq...Bu gözgörəsi olmasa da, aydınca hiss olunan  pessimizmin ədəbi təsvirçisinin anasından irsən miras aldığı ruhi gərginliklərin fonunda gənc yaşında intiharla həyatını sonlandıracağı heç də gözlənilməz deyil. Bu intihar hər şeyi görə-görə, karmik nəticəsini bilə-bilə yenə də dəyişilməyən cəmiyyətə bir protesti idi... “Tənhalığın cəhənnəmi” adlı hekayənin müəllifi fərqli individual keyfiyyətlərinə görə kütlə tərəfindən dışlanan önəmli fərdlər kimi “yanmağa” məhkum və məcbur idi...Rünoske hələ onun bir yaşı bitməmiş ruhi xəstəxanada suisidlə həyatına son qoyan anası kimi ağlını itirib öləcəyindən qorxurdu...Ona görə də hələ 35 yaşındaykən həyatını ağlından əvvəl itirməyi daha məqbul hesab elədi...Ancaq bu da paradoksal və mübahisə yaradacaq bir məsələdir ki, bəlkə də o, ağlını itirdiyindən həyatını öz əli ilə məhv etməyə qərar vermişdi? Burda ağlınmı, həyatınmı daha əvvəl qeyb olması ayırdedilməz formadadır...

 

lll

 

Rünoske içdiyi yüksək dozalı yuxu dərmanının təsirindən ayılmadı. O yuxu ilə ayıqlığın arasında olan bir ölümü seçdi. Zira həyatı da belə idi: atdığı dərmanların təsirindən yarımyuxulu yaşayırdı. Qısa hekayələrini birində ağlını itirmiş dostunun dilindən yazırdı ki, “ruhuna qəddar iblis hakim kəsilib”. Bəlkə də bu səbəbdən “Tanrıların istehzası, qəhqəhəsi” daim onu təqib edirdi. Amma o, insanın intihar kimi seçim yolu olmasını onu Tanrıdan fərqləndirən cəhət hesab edirdi: “Bədbəxtlikdən tanrılar bizim kimi özlərinə qəsd edə bilmirlər”.

 

Rünoskenin qısa hekayələrində həqiqət qısaca ifadə olunub. Zatən, uzun-uzadı sözlər mənanı öldürməkdən başqa nəyə xidmət edir ki?

 

“O, yuxusuzluğa düçar olmuşdu. Üstəlik, get-gedə taqətdən düşürdü. Həkimlər hərəsi bir cür diaqnoz qoyurdu: turşu katarı, bağırsaqların atoniyası, quru plevrit, nevrasteniya, oynaqların xroniki iltihabı, beyin yorğunluğu... Amma o öz xəstəliyinin mənbəyini bilirdi. Bu, özünə görə duyduğu xəcalət və bununla birgə onun qarşısında keçirdiyi qorxu idi. Onun-yəni nifrət etdiyi cəmiyyətin qarşısında!” Belə təbəddülatları yazanı həyat nə qədər istəsə də, özüylə saxlaya bilməzdi, o ölümə dartınırdı, çünki: “Ölümün gətirəcəyi ruhi rahatlıq haqqında fikirləşməyə bilmirdi...”

 

lll

 

Yaşamaq  əzab verirdi, bu, rahatlıq tapa bilməyən ruhun ağrısıdır, iztirabıdır, bunun heç nəylə ovutmaq mümkün deyil. İncədən incə ruha sahib olan, dünyanın ən görkəmli klassiklərini mütaliə edən və poeziya qarşısında heyranlığını gizlətməyən bir yazıçı bəyəm bilmirdi ki, bütün dinlər, kultlar, inanclar intiharı günah hesab eləyir? Bal kimi də bilirdi. Amma bununla belə hesab edirdi  ki, “insan həyatı Bodlerin bir misrasına dəyməz”. Həm də o elədiyi günahların, intiharın katarsisini, tövbəsini bu dünyadaca necə lazımdı gerçəkləşdirmişdi- əzab çəkərək.

 

“Qaranlıqda dialoq”u xatırlayıram, orada şüurda və təhtəlşüurda gəzintinin verdiyi zövqün davamlılığına da, Səsin hardan gəldiyinə də, dialoqda kimin iştirakına da o qədər əminəm ki...Rünoskenin ruhu tutanda belə olur:

 

“Səs: Bəsdir yalandan özünü güclü göstərdin. Daxilən sən zəifsən. Amma təbii ki, sən bütün bunları yalnız cəmiyyət tərəfindən sənə qarşı olan hücumlardan yayınmaq üçün deyirsən.

 

Mən: Təbii ki, həm də buna görə. Bir özün fikirləş: əgər mən hücumlardan yayınmasam, əvvəl-axır altda qalıb öləcəm.

 

Səs: Sən necə də həyasız adamsan.

 

 Mən: Mən heç də həyasız deyiləm. Mənim ürəyim hətta ən xırda şeydən belə buza toxunubmuş kimi bumbuz olur.

 

Səs: Sənin dediklərin hamısı özünümüdafiədir. Özünümüdafiədən asan heç nə yoxdur... Amma sən tövbə eləmirsən.

 

Mən: Eləyirəm. Əzab çəkməkdən böyük tövbə yoxdur.

 

Səs: Sən düzəlməz əclafsan.

 

Mən: Əksinə, mən xeyirxah adamam. Əgər əclaf olsaydım, belə əzab çəkməzdim...”

 

Bu, əsərin Səsin ittihamları ilə dolu birinci hissəsindəndir.  İkinci hissədə Səs yumşalır, Mən özünə qarşı qəddarlaşır:

 

“Səs: Sənin hərəkətlərində nəsə insani bir şey var.

 

 Mən: Nəsə insani-eyni zamanda nəsə heyvani bir şeydir.

 

Səs: Yazdıqların çox orijinaldı.

 

Mən: Yox, orijinal deyil. Bir də axı kim orijinaldı? Bütün zamanların istedadlı adamlarının yazdıqlarında hər yerdə prototipləri var. Mən də az olmayıb ki, ordan-burdan çırpışdırmışam.

 

Səs: Tapdala...Xeyri də, Şəri də tapdala...

 

Mən: Mən indi hər şeydən daha çox xeyirxah olmaq istəyirəm.

 

Səs: Sən sevgidən əzab çəkirsən.

 

Mən: Mən sadəcə sevgiyə ilişib büdrəmişəm...

 

Səs: Sevgiyə ilişib hamı büdrəyə bilər”.

 

lll

 

Həyatımız boyu Rasyomon darvazalarının həndəvərində tükürpədici mənzərələrin, hadisələrin və situasiyaların fonunda və içində əzab çəkə-çəkə, büdrəyə-büdrəyə, yıxıla-dura yaşayıb bəzən ertəsi gün yuxudan ayılmamaq arzusu ilə qaranlıqlara qərq olarkən hardansa Səs eşidilir. Aradan onillər keçəndən sonra da Akutaqava Rünoskeni özünün fanilik və unudulmaq qorxusuna rəğmən hələ də diri saxlayan, ölümə meydan oxuyan, yenə və yenidən diriltmə gücünə qadir o Səs bəzən yeganə ümid, təkcə təsəlli olur: “Öz köklərinlə torpaqdan bərk yapış! Sən -küləyin yırğaladığı qamışsan. Bəlkə başın üzərindəki buludlar nə vaxtsa dağılacaq. Sən bircə ona çalış ki, ayaq üstə möhkəm dayanasan. Özün üçün. Öz uşaqların üçün. Özün özünə heyran olma. Amma özünü aşağılama da. Onda sən diriləcəksən...”

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.24