Bütövlük və genişlik
Azərbaycan ədəbiyyatının yeni
dövrünün tanınmış nümayəndəsi
Rüstəm Behrudini gənclik illərindən yaxşı mənada
iddialı görmüşəm.
İlk növbədə o, XX əsrin yetmişinci illərində
Naxçıvan Dövlət Universitetində tələbə
ikən dərslərdə, iclaslardakı yerindən
danışmaq iddiası ilə yadımda qalıb. Danışmağı
dərsi bilib-bilməməsindən asılı deyildi.
İlk baxışda “intizamı pozmaq” kimi nəzərə
çarpan bu danışıqda tələbə
yoldaşlarından ucada durmaqdan çox, sıradan biri deyil,
müəllimləri ilə dialoq qurmaq, hətta bəzən onların tərəf
müqabili olmaq iddiası ilə diqqəti cəlb edirdi. Əslində isə bu, Rüstəm Behrudinin
köksündəki ədəbiyyat ətrafında öz
sözünü demək ehtiyacından doğurdu.
İndi otuz beş il əvvəlki illərə
qayıdıb həmin anları düşünəndə
Rüstəm Behrudinin tələbəlik dövründəki
“icazəsiz” danışıqları mənim təsəvvürümdə
bədii yaradıcılıq düşüncəsinin ilkin məşqləri
təəssüratı doğurur. Danışmaqdan da
çox sual vermək və suallarında alacağı cavabın əsas
tezisini qabaqcadan səsləndirmək
niyyəti onun “söz demək”
iddiasının ifadəsi kimi səslənirdi.
Bu, Rüstəm Behrudinin “başına bəla gətirə
bilən”... şeir adlı yolçuluğunun
başlanğıcı idi. Və həmin illərdə
yazdığı “XXI əsrə xitab” şeiri də o zaman üçün “xatalı”
sayılan yaşadığı dövrandan şikayət
notları da olan gənc qələm sahibinin gələcəyə iddialı
baxışlarını əks etdirirdi. Öz
sözləri ilə desək, çox qısa bir zaman
içində ayılıb gördük ki, Rüstəm
Behrudi artıq şair olub. Rüstəm
Behrudinin “ruhunun yeganə əzabkeşi” olan söz tələbəlik
dövründən onun bədənindən şeir yazmaqla
çıxmağa başlamışdı.
Rüstəm
Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də
yazdığı şeirlərdən boylanan tərcümeyi-halıdır.
Artıq keçən əsrin səksəninci illərində
o, “bakirə bir söz dəlisi” olan iddialı cavan şair kimi
meydanda idi. Tələbəlik illərində şeirlər
yazsa da, içindəki istəyi “illərlə çəkib
dara” nəhayət, qarşısı alınmayan bir
güçə çevriləndən sonra, səksəninci
illərin ikinci yarısında şairlik iddiası ilə
“sözün dalınca” həmişəlik yolçuluğa
başlamışdır. Nehrə kimi çalxalanan səksəninci illərin sonlarının hadisələri
böyük ədəbiyyatda Rüstəm Behrudi şeirinin təkanverici
qüvvəsinə
çevrilmişdir. Etiraf etmək lazımdır ki, XX əsrin
axırlarının siyasiləşməmiş milli
azadlıq hərəkatının şeirdə böyük əks-sədasını
yaradanların sırasında Rüstəm Behrudinin xüsusi
xidməti vardır . Rüstəm Behrudinin 1989-cu ildə
yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik
ərəfəsi
Azərbaycan vətəndaşlıq poeziyasının möhtəşəm proloqu idi. Bu,
xalqın milli azadlıq təşnəsi haqqında istedadla və
cəsarətlə
yazılmış kəskin poetik nümunədir:
Yolunu
gözlədin hər səhər, axşam,
Salam, dar
ağacı!
Əleyküm-salam.
Əcəllə
ölməyə doğulmamışam,
Salam, dar
ağacı!
Əleyküm-salam!
Eli
yağmalanan, bölünən, bölən,
Çayları
quruyan, gölləri ölən,
Haq-hesab
çəkməyə gələn mənəm, mən,
Salam, dar
ağacı!
Əleyküm-salam!
Ey darın ağacı! Kimdən kəməm,
kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da
budağında yarpağa dönnəm,
Salam, dar
ağacı!
Əleyküm-salam!
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Eylə
qürrələnmə, hər yanın mənəm,
Salam, dar
ağacı!
Əleyküm-salam!
Rüstəm Behrudi hələ Sovet hakimiyyəti
dövründə cavan yaşlarında “Salam, dar ağacı”
şeirini yazmaqla azadlıqdan danışmaq qorxusunu
böyük ədəbiyyatın canından
çıxarmışdır. Məhz həmin illərdə
yeni ədəbi nəslin əsl vətəndaşlıq
ruhunu daşıyan nümayəndəsi kimi yazdığı
“Salam, dar ağacı” şeiri ilə Rüstəm Behrudi
azadlıq uğrunda mübarizədən açıq şəkildə
və qətiyyətlə danışmağın
mümkünlüyünü isbat etmişdir.
Bu, XX əsr
ərzində yazılmış ilk “Salam, dar ağacı” şeiri kimi də əhəmiyyətlidir.
“Salam, dar ağacı” şeirində Dar
ağacı müstəmləkəçiliyin, müstəbidliyin,
“qırmızı qaranlıqların” mənfur bir kabusudur.
Bu, Azərbaycan ədəbiyyatında Dar
ağacına meydan oxuyan üsyankar şeirdir. Bu,
Rüstəm Behrudinin hələ tələbə ikən
yazdığı “XXI əsrə xitab”ının alt
qatında çırpınan poetik notların ədəbiyyat meydanına ayaq
açıb gəlməsi, oradan da azadlıq meydanlarında
marş səviyyəsində səslənən bədii
nümunəyə çevrilməsi
demək idi. Üsyankar Meydan ədəbiyyatında
“Salam, dar ağacı” şeiri Dar ağacına poetik ittiham
meydanı açan, ona hökm oxuyan nadir ədəbiyyat məhkəməsi
nümunəsidir. Azadlıq hərəkatı meydanlarında oxunan, dillərdə əzbər
olan “Salam, dar ağacı” şeiri xalqın böyük
istiqlal naminə, ölümü mərdanə şəkildə
qəbul etməklə, qorxmadan mübarizə aparmaqla,
idealına çata biləcəyinin mümkünlüyünə
inam yaradan mübariz vətənpərvərlik poeziyası
örnəyidir.
Milli azadlıq hərəkatı dövrü Azərbaycan
şeirində Rüstəm Behrudinin “Salam, dar ağacı”
şeiri ilə müqayisə edilə biləcək poetik
örnək göstərmək cətindir. Sovet hökumətinin
hələ mövcud olduğu son illərdə baş verən
ictimai-siyasi hadisələrin dalğasında Sabir Rüstəmxanlının
“Ömür kitabı” meydan hərəkatı dövrü ədəbiyyatının
bayrağı, Rüstəm Behrudinin “Salam, dar ağacı”
şeiri isə poetik andı idi. Azərbaycan
xalqının müstəqillik uğrunda apardığı
mübarizəsinə “Ömür kitabı” poetik-publisist
dastanı və “Salam, dar ağacı” şeiri böyük hərəkətverici,
təkanverici qüvvə kimi əhəmiyyətli dərəcədə
xidmət göstərmişdir. “Salam, dar
ağacı” şeiri ilə Rüstəm Behrudinin ədəbiyyata
gəlişindəki söz demək iddiası şairlik
andına çevrilmişdir.
Bunun
ardınca meydana çıxmış “Ölüm, xoş gəldin”
şeiri böyük And
qarşısında gerçək poetik etirafdır.
“Ölüm,
xoş gəldin” şeiri “Salam, dar ağacı”nın
davamı deyil, cavabıdır. “Ölüm, xoş gəldin”
deməyə hazır olmayan şair “Salam, dar ağacı” - deyə
gerçək şeir yaza bilməzdi. Hər ikisi sanki bir nəfəsə
yazılmış bu şeirlər eyni ruhun qüdrətinin
poetik tərcümanıdır:
Ocaq
daşı tərsə dönən
Tərsə
çönüb sonra sönər
Qayıdıb
özünə dönən
Elim,
xoş gəldin, xoş gəldin!
Vaxtında
gəlmir gözlənən
Dərdimdir belə sözlənən.
İçində
qoru gözlənən
Külüm,
xoş gəldin, xoş gəldin!
Dərdimi
dil-dil ötməyə,
Sözə
bəndəlik etməyə,
Vacib
tanrıya getməyə,
Dilim, xoş gəldin, xoş gəldin.
Alçaq
da sən, ucada sən,
Cavan da sən,
qoca da sən,
Sən hər
şeydən ucadasan,
Ölüm,
xoş gəldin, xoş gəldin!
Yenə
doxsanıncı il şeirlərindən
olan “33 yaşımda, yaxud anamın adı Zəhra” şeirlərindəki
ölüm-həyat fəlsəfəsinin
açılışı Rüstəm Behrudi
yaradıcılığının mahiyyətinə
işıq salır:
Bu
yaşda ölümə tövbə,din
dedim,
Ölümü ucaltdım ucalıqlara.
Ölümə
ilk dəfə “xoş gəldin” dedim
Çalxalanan
bir elin sevdaları başımda
Dar
ağacına salam verdim
Otuz iki yaşımda.
Dar
ağacına salam verib,
Ölümdən qaçmaq nədir?
Ölümü
gəzdirirəm,
Ölüm mənim içimdə.
Axı
ölüm-həyatdır,
Həyat-ölüm
biçimdə!
Rüstəm
Behrudinin “Salam, dar ağacı” şeirində onun
yaradıcılığı üçün xarakterik olan
milli-mənəvi bütövlük və genişlik
anlayışları da öz əksini tapmışdır.
Ümumiyyətlə, Rüstəm Behrudi Azərbaycanı
böyük türk dünyası ilə birlikdə dərk və vəsf
edir. “Salam, dar ağacı” şeiri də Azərbaycanın
azadlıq arzusunu
türk dünyası xalqlarının böyük
ümidləri səviyyəsində bütün genişliyi
ilə ifadə edən bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəmməl
şeirdir. Bu mənada “Salam, dar ağacı”
şeiri konkret tarixi epoxada yovşan ətirli Böyük
Çölün oyanışının və üsyankar
ruhunun Azərbaycanda yaranan mərdanə poeziyasıdır.
Şeir yazıldığı illərdə
Bakıda olduğu kimi Daşkənddə, Alma- Atada,
Aşqabadda, Bişkekdə də oxunmuş, azadlıq
meydanlarında səslənmişdir. “Salam, dar
ağacı”
şeiri türk dünyasını siyasi-mənəvi
əsarətdən xilas olub,
müstəqillik uğrunda mübarizəyə səfərbər
edən böyük ədəbiyyat nümunəsidir:
Xəzəri,
Baykalı, Aralı gördüm,
Gördüm
can üstədir, yaralı gördüm,
Tanrını
bəndədən aralı gördüm,
Salam, dar
ağacı! Əleyküm-salam!
Qırğızam,
özbəyəm, qazax, türkmənəm,
Başqırdam,
türkmənəm,
elə
görk mənəm.
Sənin
gözlədiyin qərib türk mənəm:
Salam, dar
ağacı! Əleyküm-salam!
Qeyd
etdiyimiz kimi, Rüstəm Behrudi üçün Vətən
anlayışının sərhədləri Azərbaycandan Altaylara qədərki məsafələri
ifadə edən geniş bir məfhumdur.
Onun içində də, şeirlərində də böyük Turan
sevdası yaşayır. O, “Turana Vətən” deyir, “bir
ucu günbatan, biri gündoğan” olan bu böyük coğrafiyanın şeirini
yazır.
Onun bu
silsilədən olan ən uğurlu şeirləri “ Obu,
Yeniseyi, İdili keçib”, “Altaytək, Ağrıtək
dağ aşıb gəzən,”
“bölünə-bölünə yox olub itən”, “Tanrı
dağlarına qədər uzanıb gedən” yovşan ətirli,
ağzı atəş kimi boz qurdu ulaşan, “On uyğur ,
Doqquz oğuz elini” özündə cəm edən “sevgili bir
yurd”un hayqırtısıdır, at kişnərtisidir. Rüstəm Behrudinin şeirləri oğuz-türk
ellərinin bütövlük düşüncəsinin və
genişlik çırpıntısının bənzərsiz
poetik əks-sədasıdır. O, “mənim Buntürk,
Saq babam, Hun babam, Oğuz babam”- dedikdə
ayrılıqların yox, bütövlüyün və
genişliyin dərinliyini və miqyasını nəzərə
çarpdırır. Son yüz ilin Azərbaycan şeirində Rüstəm
Behrudinin yaradıcılığında olduğu qədər heç bir sənətkarın əsərlərində
türk dünyasının taleyi bu qədər dərinlikdə
və genişlikdə öz əksini tapa bilməmişdir.
Rüstəm Behrudi alma-mater kimi tərənnüm etdiyi
Turanın genişliyi ilə birlikdə tarixi proseslərdəki
çətinliklərini, bəzi
yanlışlıqlarını da ədəbiyyat mövzusuna
çevirib, müasirlərinə ibrət dərslərini çatdırmağı
şair-vətəndaş borcu olaraq yerinə
yetirir. O, Turan dünyasının ən müxtəlif səbəblərdən
“yadlara qızıl taxt ucaldaraq”
bölünməsinin səbəbini “mənəmlik”
duyğusu ilə, fərqli niyyətlərə xidmət edən
hərbi-siyasi məqsədlərlə əlaqələndirir.
Burası da son dərərcədə əhəmiyyətlidir
ki, Rüstəm Behrudi 1990-cı ildə türk
dünyasına həsr olunmuş şeirlərini yazıb,
tarixin keşməkeşli səhifələrini diqqət mərkəzinə
çəkəndə hələ tarix kitablarımızdan
“pantürkizm” və “xalqlar dosluğu” sözləri
çıxarılmamışdı:
Göy
Tanrı, Qara xan, Oğuz, Güntəkin...
Tənəsi içdiyim bir anddan gəlir.
Mənim ruhumdakı bu
üsyan, qiyam,
Tanrıqurt
Metedən, Gürşaddan gəlir.
Buna
görə də Rüstəm Behrudi
hərəsi bir tarixi səhifə açan Teymurləngi,
Xətaini, İldırım Bəyazidi, Sultan Səlimi haqq-ədalət
divanına çağırmaqla oxucusunu keçmişin
acı dərslərindən ibrət çıxararaq irəli
baxmağa çağırır. Bunun əksinə
olaraq, Rüstəm Behrudi Böyük çöl ruhunu tam
ifadə edən Atillanı və Dədə Qorqudu
bütövlük və genişlik rəmzi kimi son nəfəsinədək
vəsf edir. O, yurdunu və elini qorumaqla Qalın Oğuz eli üçün canını fəda etməyi
böyük and kimi qəbul etmiş Beyrəyin qanlı
köynəyini türk dünyasının döyüş
bayrağı kimi mənalandırır. O, Hun türklərinin
qüdrətli hökmdarı və sərkərdəsi
Atilladan da böyük tarixi şəxsiyyət olmaqla bərabər, həm də
“nə vaxtsa dünyaya gəlib”
insanlığa mənəvi bütövlük və
genişlik bəxş edəcək ideal olaraq söz açır.
Bütün
bunlarla birlikdə, Rüstəm Behrudinin
yaradıcılığındakı Turan anlayışı
dünyanın reallıqları, yeni dövrün prinsipləri
nəzərə alınmaqla hərbi-siyasi deyil, mənəvi-ruhi birliyi əks
etdirir. Turan-onun üçün “üz tutduğu tarixin” ibrət
kitabı, ortaq köklərin bütövlüyünün rəmzi, etnik tarixi-coğrafi
genişliyin göstəricisidir. Şairə
görə Tanrı dağına and içmək ümumiyyətlə
Vətənə, ideallara, torpağa ən üstün
andın ifadəsidir. “And içsəm nəyəsə
inanma heç vaxt, ağacdan, çiçəkdən,
yarpaqdan özgə” misralarında şair torpağa və məmləkətə
bəslədiyi dərin münasibəti nəzərə
çarpdırır. O, “mən içdiyim andlardan
yuxarıdayam “ - deyərkən də ideala
sədaqətin münasibətlərdən
ucada dayandığını bəyan edir. Bununla belə,
Rüstəm Behrudi onu da aydın görür və dəyərləndirir
ki, böyük türk dünyasında “ hər xalq
özünə layiq torpağın sahibidir, hər xalq
özünə layiq yurd
seçib, yuva qurub”. Ona görə də
Rüstəm Behrudinin türk dünyasına həsr
edilmiş şeirlərində Azərbaycan faktoru xüsusi
çəkiyə malikdir. Daha doğrusu, Rüstəm
Behrudi ümumiyyətlə dünyaya,o
cümlədən də türk dünyasına Azərbaycandan
baxır.
Rüstəm
Behrudi şeirlərində Azərbaycan ağırlıqlı türk
dünyasını tərənnüm edir. Türk dünyası haqqındakı şeirləri
geniş baxışlara malik bir Azərbaycan şairinin
qavrayışında ifadə olunan üfüqlərin poetik
ifadəsidir.
Avropanın
və Asiyanın digər ölkələrinə həsr etdiyi
şeirlərində də planetar baxış milli
düşüncənin süzgəcindən keçərək
obrazlı şəkildə mənalandırılır.Buna
görə də onun Vətən anlayışı ümumi
(türk dünyası, yaxud dünya) ilə xüsusinin (Azərbaycanın)
nəinki ayrılmaz vəhdətindən, hətta zərurətindən
yoğrulmuşdur. Rüstəm Behrudi şeirlərində ölkə anlayışını
şair Füzuli və ya Göyçə, Qarayazı kimi
yer adları ilə yanaşı, həm də “əyilməyən
çinarlar”, yaxud “Kitabi-Dədə Qorqud” dastanlarından gələn
“qarşı yatan qara dağ” məfhumu
ilə, qan yaddaşına hopmuş mifoloji təsəvvürlərlə
ifadə edir. O, hələ Sovet hakimiyyət illərində Vətəndən
bəhs edərkən yazmışdı ki, “sən
qızıl almasan devlər əlində”. Rüstəm
Behrudinin 1985 -ci ildə qələmə alınmış “ Vətən” şeiri isə Azərbaycan ədəbiyyatında milli - mənəvi bütövlüyün və
etnik-coğrafi genişliyin vüsətini özündə əks
etdirən fərqli və əhəmiyyətli poetik örnəkdir:
Qarşı
yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları oylağım.
Əyilməyən
çinarları-bayrağım,-
Vətən!
Ağ
alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı- qar ayazıdı.
Kərkükdü,
Göyçədi, Qarayazıdı,
Vətən!
Hər
ağrılar, hər acılar ötəndi,
Əl
uzatsam, Ərzuruma yetəndi,
Füzulinin
məzarı da Vətəndi-
Vətən!
Rüstəm Behrudinin şeirlərində Gürşad
obrazı mənəvi-ruhi varlığın və
bütövlüyün rəmzi kimi çıxış
edir.
Şairin nəzərində Gürşad onu- yerlə-göylə
bağlayan, müqəddəslik nümunəsi ola
bilən, sevgi və azadlıq haqqındakı mətləblərini
ifadə edən ümumiləşmiş obrazdır. Gürşad-geniş mənada Rüstəm Behrudinin
estetik idealının təcəssümü olan sürətdir.
Gürşad-Rüstəm
Behrudi
üçün günahkar bədəndə əziyyət çəkən təmiz
və uca ruhun ideal obrazının poetik ifadəsidir.
Gürşadın adının əksər məqamlarda
Tanrı dağları ilə birlikdə çəkilməsi
də bu obrazı böyük ideallarının təcəssümü
kimi ilahiləşdirmək-müqəddəsləşdirmək
mənalarını ifadə edir:
“Tanrı dağda Gürşad ilə mən də sənnən
qoşacağam”, “ Mən Gürşadın ruhuyam, dözmədim
Tanrı dağdan” misraları Rüstəm Behrudinin
Gürşadı “yeddi rəng bir mənadı daha”-deyə
bilməyəcəyi qeyri-adi bir ucalıq kimi təsəvvür
və tərənnüm etdiyini göstərir. “Ey
Gürşad, gəl qəlblərə dol, “Qəlblərə
dol, and yeri
ol, Kim səni görsə bircə yol, İmandan, dindən
keçəcək” - misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə
mənalandırır. Aşkar şəkildə
görünür ki, şair danışdıqda-məişətdə
işlədilən andlardan çox idealı simvollaşdıran
uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə
də “Nə yapsam günah, səhv ilə, keçdiyin yola əhv
elə” sözləri ilə Rüstəm Behrudi ona-
idealına inandığını
ürəkdən bağlı olduğunu, ümid
etdiyini, hesabat verdiyini də ifadə edir.
Bütövlükdə Gürşad obrazı Rüstəm
Behrudinin sevgi və azadlıq idealının
daşıyıcısıdır. Bundan başqa, Gürşad-lirik poeziyada simvolik bədii
obraz yaratmaq baxımından da
Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğrudur, dünya və
Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər
vardır. Lakin bu, Rüstəm Behrudinin
Gürşadıdır: sevgidən və inamdan da uca
Gürşad! Gürşad -
“Çiçəklər -başdaşım, göy
üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabutum”, yaxud “əcəllə
ölməyə doğulmamışam”- deyən, “gecələr
könüldən qurd kimi ulamaq keçən” ,
yalqızlığda özünü tapmış darıxan
lirik mənin özü ilə idealları arasındakı
elçisidir, ona dərin ümidlərinin
daşıyıcısıdır:
Təkcə
sən bilirsən mən kiməm axı,
O nur da,
Gürşad da sənə bəllidir.
Mənimtək
o nuru görüb sevmiyin
Ruhuma ən böyük bir təsəllidir.
Bu mənada Gürşadla Rüstəm Behrudinin
yaradıcılığındakı Şaman obrazı
arasında yaxınlıq vardır. Gürşad - Rüstəm Behrudinin
dualarındakı
ümidlərin, işığın, idealın bədii
obrazıdır. “Şaman duası”- Rüstəm
Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi
motivdir. Şaman duası Rüstəm
Behrudi üçün türk dünyasının
varlığını ruhunda yaşadan, onun
ucalığını və bütövlüyünü hər
şeydən uca tutan, böyük gələcəyə
doğru ümidlərini ifadə edən poetik monoloqdur.
“Şaman duası” ahəngində poetik təhkiyəni də
yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir.
Bu, əslində Dədə Qorqud şeirlərindəki
ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm
Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə
özünəməxsus poetik səviyyədə səsləndirmək
vəzifəsini layiqincə yerinə yetirmiş, nəticədə
özünün fərdi üslubunu yarada bilmişdir.
“Şaman Daştəkənin sonuncu duası” şeiri artıq
məhz Rüstəm Behrudinin poetik sözüdür.
Eşit ,
ey tanrı, dözümüm,
Bizi lap yordu, vaxtıdır.
Varıban
getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.
Bədoy
atları çapdığım,
Qan
bahasına yapdığım,
Vətən
deyib tanıdığım,
Torpaq bir gordu, vaxtıdır.
Nəyim
var can kimi dadlı?!
O da
tanrım,
döyüş aldı.
Bi igid
göndər - ağ atlı,
Hifz et bu yurdu, vaxtıdır.
Rüstəm Behrudinin yaradıcılığında
peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin
üzvü tərkib hissəsidir.
Özüynən tənha qalanda, yalqızlıq hisslərini
yaşayanda üz tutub ürəyini boşaltdığı
iblis şairi ənənəvi mövzularından bir qədər
kənara çıxara bilən, təsəvvürlərini
genişləndirən məfhumdur. Bu mənada Rüstəm
Behrudinin İblisi ədəbiyyatda yüksək klassik səviyyədə
əksini tapmış “cümlə xəyanətlərə
bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum
deyildir. Şairin fikrincə, “hər kəsin şeytanla ortaq anı var”.
Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan “yarı
iblis, yarı mələkdir”. Əgər
insanın gözündəki pərdə çəkilərsə,
orada hər kəs öz içindəki iblisi görə bilər.
Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb
bir məfhum olmaqdan
uzaqlaşdıraraq adiləşdirmişdir. O,ədəbiyyatda
İblis xoxunu sındıra bilmişdir. Buna görə də
Rüstəm Behrudi o fikirdədir ki, həyat var olduqca qiyamət
gününə qədər insanlığın bətnində iblis
yaşayacaq və nəhayətdə cəhənnəmə tək
gedəcəkdir. İblis mövzusunda yazdığı
şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən
qovulmuş iblis” motivindən istifadə edərkən:
Söylə,
ən gözəli nədi dünyada
Baxtın
verdiyindən beş əlli tutmaq?
Dərdiynən
barışıb bu yer üzündə
Qalb
unudulmaq?Yoxsa ki, yerdən
Başını götürüb gedib unutmaq?
Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə
baş vurmalı olmuşdur. Ancaq
bütövlükdə Tənhalıq dərgahında iblislə
danışmaq, bölüşmək, onun da
yalqızlığı ilə barışmaq Rüstəm
Behrudinin İblisini fərqləndirir. Buna görədir
ki, o,şeirlərində “İblis mələkdən
gözəldir”, hətta “mən iblisə qardaş”-deyir.
Rüstəm
Behrudinin “ İblislə qol-boyun” adlı şeir yazması cəmiyyətin
tarazlı inkişafında, “qınından çıxan” haq
yolu uğrunda mübarizədə “qanadlarından qan
süzülən” iblisin də varlığının
reallığının qəbul edilməsi zərurəti nəzərə
çarpdırılır. Bu, ədəbiyyatdakı
ənənəvi xeyirlə şərin mübarizəsi
motivinin ifadəsi demək deyildir. Şairə
görə, bəşəriyyətin harmoniyası naminə
onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin
dinc yanaşı yaşadılması daha çox fayda verə
bilər. Onun fikrincə, İblis xofu
olmazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən
təkbaşına həyat “sərsəm” kimi mövcud olar.
Bütövlükdə İblis haqqında
yazılmış şeirləri ilə, Rüstəm Behrudi
dünya ədəbiyyatının əbədi motivi olan bu
mövzunun üzərindən mövcud pərdəni çəkmiş,
ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində
Rüstəm Behrudi şair-filosof kimi çıxış
edir. Ümumiyyətlə, Rüstəm
Behrudinin yaradıcılığında insana və cəmiyyətə
fəlsəfi baxışın poetik ifadəsi üstün
mövqedədir. Onun üslubunda fəlsəfə
şeirdən çıxarılan ümumiləşmiş nəticədən
çox, şeirin açarıdır. Rüstəm
Behrudinin yaradıcılığının tam mahiyyətini
açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini
aydınlaşdırmaqdan keçir. Ölüm-ruh-həyat,
İblis-mələk münasibətlərinin təzadı və
ya vəhdəti Rüstəm Behrudinin poetik fəlsəfəsinin
ümumiləşmiş mahiyyətini özündə əks
etdirir. Bu, çoxəsirlik ənənəsi olan Azərbaycan
fəlsəfi lirikasının təzə səhifəsidir.
İlin fəsillərinə
həsr edilmiş şeirləri Rüstəm Behrudinin özünəməxsus
poetik ovqatını mənalandırmağa xidmət
edir. O, qışdan soyuqluq, ilk bahardan oyanış, yay fəslindən
qızmar mühit, payızdan isə ayrılıq kimi söz
açır. Bundan başqa, fəsillərdən
hər birinin poetik baxımdan mənalandırılmasında
da Rüstəm Behrudi original təşbehlər və epitetlər
işləməklə təbiətə bənzərsiz
şairanə münasibətini meydana qoyur. Onun təqdimatında qış-“soyuq ulduzların
sevgisi” kimi mənalandırılır. O, ilk bahar
yağışlarını yalnızlığın göz
yaşlarına bənzədir.Şair yaz fəslini “açan
almaların qırmızı çiçəklərinin” rəngində
görür. Onun üçün yay fəsli
darıxdırıcı qızmar cəhənnəm kimidir.
Bu, şübhəsiz ki, tənhalığın
yay fəslindəki assosiasiyasıdır. Rüstəm
Behrudini Azərbaycan ədəbiyyatına cəlbedici payız
şeirləri silsiləsi gətirmişdir. Şair bir
neçə baxışdan payızın çalarlarını axtarmışdır. O,
“dörd fəsilə sığmaz halını” əslində
bir fəsildə-payızda tapmışdır. Rüstəm
Behrudinin özünü “Sonbaharın övladı”
adlandırması, tez-tez “Sonbahardan gəlmişəm”
sözünü səsləndirməsi sadəcə onun
payızda dünyaya gəlməsini, tərcümeyi-hal faktını
deyil, ruhundakı romantik payız çalarlarını,
ayrılıqları və bütövlüyə can
atmaları ifadə edən obrazlı bir qavrayışdır.
Onun payız şeirlərinin romantikası da, poetikası da fərqli
və düşündürüçüdür:
Sevəcək
hər şeyi payız bir azdan,
Neyləsin bahardan yanmamışlar?
Geikib
payızda açan gülləri,
Sonuncu xəbərdi köçəri quşlar.
Buludlar
sonuncu xəbərdir dolub,
Göydən ismarışdı yağan
yağışlar.
Köçən
durnalarla,dönər dumanla,
Divanə könlümün payızı başlar.
Qoymaz
oğlum, qızım, qadınım məni,
Bir salan yarpağa qoşulum gedim.
Qoymazlar
qoşulum durnalar ilə,
Bu yerdən köçəri quş olub gedim.
Gedim mən
üz tutub olacaqlara,
Ruhumu köçürüm özümə bir də.
Mən
qaçım özümdən, görüm, ilahi,
Dönə bilərəmmi özümə bir də.
XX əsrin səksəninci illərinin yaddaqalan şeirlərindən
olan “Söz necə mənə oxşayır” şeiri Rüstəm
Behrudinin özünü təbiətdə tapmasının bənzərsiz
poeziyasıdır. Daha çox cəmiyyət hadisələrindən
yazan Rüstəm Behrudi təbiətə həsr olunmuş
şeirlərində də incə mətləbləri
böyük istedadla poetikləşdirir. “Gör necə
mənə oxşayır” şeirindəki, təbiətdəki
dəqiq və aydın müşahidələrin poeziyası
sözün böyük mənasında əsl şairlik
istedadının gerçək göstəricisidir:
Qışda
yer üzünə ələnib yağan,
Məzar
daşlarını itirən ilk qar,
Bir yaz gecəsində
səhərə kimi
Təpədən
dırnağa açan gilənar,
Ay Allah,
gör necə mənə oxşayır...
Dağda
bizim kənddə,qardaş payızda
Baş
tutmaz tələsib ikinci dəfə
Açan
almaların o çiçək qəmi;
Payız
gecələri ay işığında
Çılpaq
ağacların qərib görkəmi
Ay Allah,
gör necə mənə oxşayır...
Yağışı
yağmayan yay axşamları
Ləçəklər
qurusa, arı azandı...
Sarala-sarala
sozalıb batan
Günəş
də üfüqdə tale yazandı
Nədi bu oxşayış mənnən nə bilim?
Bu günəş
gör necə mənə oxşayır;
Ay Allah, o
tale mənim taleyim.
Rüstəm Behrudi lirik-fəlsəfi şairdir. Onun şeir
yaradıcılığında publisistika elementləri yoxdur. Lakin Rüstəm
Behrudinin kitablarında publisistika nümunələri də az deyildir. Rüstəm Behrudi şeirlərində
lirik-poetik və fəlsəfi düşüncələrini,
publisistikasında isə əsasən mənəvi-ictimai fikirlərini
ifadə edir. Rüstəm Behrudinin şeirləri
də əsasən ictimai mətləblər üstündə
köklənmişdir. Onun
yaradıcılığında sırf sevgi şeirləri
çox azdır. Hiss olunur ki, o, poetik şəkildə
lirika üstündə ifadə edilməyə sığmayan ictimai
mətləbləri publisistika vasitəsi ilə təqdim
edir. Rüstəm Behrudinin publisistikasında da
ictimai-fikirlər sadəcə hadisələri və təfərrüatları
təsvir edən cümlələrlə deyir, çox vaxt həm
də obrazlı ifadələrlə mənalandırılır.
Əksər publisistika nümunələri də
şeirləri kimi yığcamdır. Bütün bunlara görə
Rüstəm Behrudinin
bir çox publisistika
nümunələri mənsur şeir təsiri
bağışlayır. Bu mənada onun publisistikasında əksər
hallarda şeir parçalarının olması məqalədən
poeziyaya
keçidi yox, mövzunun publisist həllinin
obrazlı şəkildə şeirləşməsi təəssüratı
yaradır. Yaxud da Rüstəm Behrudinin
ayrı-ayrı şeirlərindən seçilmiş bəndlərdən
publisistikasında istifadə olunması şeirlə axıradək
deməyin çətin olduğu eyni notları publisistika vasitəsi
ilə dərinləşdirərək davam etdirməsi
ehtiyacından yaranır. Hətta Rüstəm Behrudinin bəzən
şeirləri ilə
eyni adda məqalələr yazması poetik baxımdan
obrazlı şəkildə mənalandırılan həmin mövzuya daha qüvvətli
ictimai fikir demək cəhətdən yenidən
qayıdışın təzahürüdür.
Onun bəzi
publisistika nümunələrini nəğmə, məktub
adlarıyla təqdim etməsi bu yazıların məqalə cildində “şeir”
olduğuna işarə kimi səslənir. “Baş
daşından çiçək gözəldi”- deyənlərin
nəğməsi” silsiləsinə daxil olan mətnlərdən ikisi
şeir, dördü isə şeir kimi səslənən
publisistikadır. Burada
publisistikanı şeirdən yalnız vəzn və
qafiyənin olmaması fərqləndirir. “Ölüm
doğulacaq uşaq kimidi. Kim
doğulmadı ki, ruhum mənim.
Hər kəsin ölümü öz bədənindədi. Kim nə vaxt
doğulacağını bilmədiyi kimi,
öldüyünü də bilmir, ruhum mənim.
Olmayan olandan daha gözəl, gedən qalandan daha xoşbəxtdi,
ruhum mənim.
Olmayan olmağa, gedən qayıtmağa can atır həmişə.
Canatanlardan ibarətdi bu dünyada hər
şey”.
“Payız yağışına islanmış sözlər”
publisistika silsiləsi məktublardan
ibarətdir. “Nəğmə”lərə müqayisədə “məktublar”
bir qədər həm də janrın xarakterindən doğan
sentimentaldır. “Məktublar” bir çox hallarda Gürşada
məhəbbətdən yağan göz yaşlarını
xatırladır: “Bax, elə bu gecəyə və gecənin
içində məndən uzaqda sahilə sığınmaq
istəyən ləpələnən
dənizə yağan yağış içində
köçəri quş kimi uçan sözləri
isladır... Sən ağacın, otun, çiçəyin dərdini,
mən ağacın budaqlarının, otun qoxusunun,
çiçəyin ləçəklərinin dərdini çəkən adamam. Biz eyni dərdin bütöv və
yarımçıq adamlarıyıq. Bütöv
olmağın və yarımçıqlığın qorxusu
var içimdə. Mənim
ölümüm bir dəlinin xoşbəxtliyi, sənin
xoşbəxtliyin bir divanənin ölümüdür. Divanələr günlərinin üstünə
yağış yağan payız kimi...Payız təpədən
dırnağa ayrılıqdı...Payızdı.
Sözlərimdən yağış yağır... Mən son bahar adamıyam. Məni
səndə açıb, məndə solacaq çiçəklərə
bağışla”.
Yaradıcılığının əsas motivlərindən
olan tənhalıq düşüncələrinin publisist ifadəsinə
həsr olunmuş yazılarda ictimai motivlər güclənmişdir. Bu silsilədə insanın,
günahın, tövbənin, ölücünün,
ağılın, divanəliyin mahiyyəti haqqında
aydınlaşdırıcı mülahizələr öz əksini
tapır. Bu məqamda Rüstəm Behrudi idealist filosof kimi
görünür: “Tövbə-qayıtmaqdı. Tövbə günahı yumaz. Hər bir
günahın çəkiləsi bir əzabı var... Tövbə-yeni bir günah işləmək istəyi,
yeni bir günaha yol qoymaq hiyləsidi. Tövbə-günahı
zaman ölçüsünə
sığdırmaqdı...Yalnızlıq və tənhalıq
ən böyük tövbədi. Tənhalığa
çəkilən adam
günah işlədə bilməz. Çünki
tənhalığa çəkilən adamın andları
duaya, hönkürtüsü pıçıltıya
çevrilir.
Rüstəm
Behrudinin “Ruhumuzun sərhədləri”, “Mən də bir vaxt adam idim”, “Paylaşılan
yalnızlıq-yalnızlıq deyil” publisistika silsilələri təsirli və mənalı
esselərdir. Esselər daha bədii və
obrazlıdır. Kamal Abdullaya yazılmış “Kədərli
seçmələr, yaxud seçilmişlərin kədəri”
yazısı tanınmış yazıçının “unutmağa kimsə yox” fəlsəfəsində
ifadə olunan tənhalığın
həmrəylik essesidir. Alim Qasımova baxış
haqqındakı düşüncələrinə həsr
edilmiş “Səs-tənhalığın rəsmidi” essesində
ilahi səsi ilə “göy üzünün boşluğuna” rəsm
çəkən böyük sənətkarın obrazı canlandırılır. Vaqif Cəbrayılzadədən bəhs edən
“Vaqif, sənə deyiləsi sözlərimə
yağış yağır” essesi məzmunlu bir
poetik-publisistika nümunəsidir. “Son bahardan oğluma məktublar”
silsiləsindəki esselər ictimai-məzmunu, qayəsi,
mahiyyəti və hədəfləri etibarilə Rüstəm
Behrudinin təkcə publisistikasının yox, ümumiyyətlə
yaradıcılığının əsas tezislərini səsləndirir. Fikrimizcə,
qızı Ayselə üz tutaraq yazılmış
“Görüntü” essesi də “Son bahardan yazılmış məktublar”ın
tərkib hissəsi olub, bir daha Rüstəm Behrudinin
yaradıcılıq qayəsini aydınlaşdırır: “Gələcəyə
yüyürməkdən gözəl şey yoxdu bu yer
üzündə”. Bu işıqlı və nikbin motivin
essesinin Rüstəm Behrudi
yaradıcılığının səsinə çevrilməsi,
onu artıq kifayət qədər orijinal şəkildə mənalandırdığı
ölüm-ruh-iblis dairəsindən ayırıb, həyat
eşqinin fəlsəfəsini, bu günlərin sabit və
nikbin ritmlərini daha qabarıq ifadə edən əsərlərin
cazibəsinə dəvət edir. Bəli, Azərbaycanda
müasir inkişaf proseslərinin, günəşi
yaradanların böyük ədəbiyyatı doğulmalıdır.
Yaradıcılığının
sönməz poetik enerjisi, yeni həyata və insana
baxışlarındakı dərinlik və müasirlik,
xüsusən, ən yeni şeirlərindəki Vətən
notları, indiki qayğıların əks-sədası
Rüstəm Behrudinin “sonsuz zaman içindəki”
düşüncələr selinin yer kürəsi
dayanacağından bizim günlərin “gələcəyə
yürüyən” böyük ədəbiyyatının
yaradılması proseslərinin içərisində
olduğunu göstərir. Rüstəm Behrudinin böyük vətəndaş
yazıçı Cəlil Məmmədquluzadənin
yaradıcılıq ideallarına dərin inam və ehtiram bəslənməsinin,
qüdrətli sənətkara üz tutaraq “Ustad Mirzə Cəlilə”
epiqrafı ilə şeirlə yazmasının cövhərində
dayanan iki əsas mətləbdən birincisi milli azadlıq,
digəri isə yüksək vətəndaşlıq
mövqeyidir.
Rüstəm
Behrudinin “Ölüm, xoş gəldin” şeiri dahi Cəlil Məmmədquluzadənin
məşhur “Ölülər” tragikomediyasından, kefli
İsgəndərin od püskürən
monoloqundan diksinib oyanmış xalqın seçdiyi siyasi-mənəvi
əsarətdən xilas olmaq yolunun mərdanə poetik
etirafıdır. Milli azadlıq ideyaları dalğasında ədəbiyyatda
möhkəmlənmiş
Rüstəm Behrudinin şeirləri yeni epoxada Məlikməmməd
kimi işığa, irəliləyişə, milli-mənəvi
bütövlükdən etnik-coğrafi genişliyə qədərki
bütün uca dəyərlərin daha da inkişaf etdirilməsinə
xidmət edir. 1986-cı ildə yazılmış Cəlil Məmmədquluzadəyə
həsr etdiyi “Daha gülə-gülə ağlamaq olmur”
adlı publisist poemasında da böyük demokrat ədibin
apardığı ümummilli mübarizədən
doğan müasir vəzifələr yüksək vətəndaşlıq səviyyəsində təqdim
olunur. Bu poema Cəlil Məmmədquluzadə və
Vətən mövzusunda yazılmış mənalı,
düşündürücü böyük poetik monoloqdur.
Cəlil Məmmədquluzadədən bəhs edilən poemalar
sırasında
Rüstəm Behrudinin “Daha gülə-gülə
ağlamaq olmur” poeması yüksək idealı orijinal əsər
kimi mühüm əhəmiyyətə malikdir. “Daha gülə-gülə
ağlamaq olmur” publisist
poeması Cəlil Məmmədquluzadənin dilindən müasir dövrə xitabdır:
Kefli
İsgəndərə deyin bugünkü,
Nazlını,
Zeynəbi nə gözlər sabah,
Sonra da
yollanım şərab dalınca,
Baxıb keyf eləsin Şeyx Nəsrullah.
Vədələr
verilir: Kimdə hünər var,
Bugünkü qızımın xətrinə dəyə.
Elə
bil Kəbini yazıq Zeynəbin
Təzədən kəsilib Xudayar bəyə.
Qılıncda
kəsər yox, de qın neyləsin,
“Özümüz” deyilik, budur əngəli.
Bəlamın
birisi söz yox özgədən,
Böyüyü, ay ustad, özümdən gəlir.
Mənim
işim başqa, istəyim özgə,
İndi şair çoxdur qəm ovutmağa.
Mən isə
bu günün “Ölülər”inin
Gəlmişəm ruhuna ayna tutmağa.
Rüstəm Behrudi “Ata dili” şeiri ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramındakı “Atanın öz əli ilə yazdığı kitabı”n milli-mənəvi bütövlük ideyasını seçilmiş mövzu əsasında fərqli baxışlar ilə yenidən dilə gətirmişdir. “Ata dili” şeirində böyük Mirzə Cəlil Məmmədquluzadənin öz sözləri ilə desək “beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz”lərin Ana dili deməyə haqqının çatmadığı ideyası irəli sürülür. Şairin fikrincə, anası əcnəbi millətlərdən olub, yad tərbiyə alanların milli-mənəvi dəyərləri axıradək qoruyub saxlaya, yaşada və daşıya bilməmələri cəmiyyəti ciddi çətinliklərlə üzləşdirir. Bütövlükdə Cəlil Məmmədquluzadə irsinə və ideallarına müraciət Rüstəm Behrudiyə ədəbiyyatda yüksək vətəndaş sözü deməyə də geniş imkan yaradır.
Qeyd etdiyimiz kimi, Rüstəm Behrudinin otuz illik
bədii yaradıcılığı bütövlük
andı üstündə köklənmiş geniş bir
tarixi-coğrafi genişliyin ədəbiyyatıdır. Görkəmli şair və ictimai xadim Oljas
Süleymenova açıq məktub kimi 1984-cü ildə
yazılmış “Hər
şey ayrılıqdan başladı” şeiri Rüstəm
Behrudinin həm tarixi-coğrafi genişlik
anlayışının miqyasını, həm də
bütövlük andının mahiyyətini və həmrəylik
ideyasını əhəmiyyətini dolğun şəkildə
ifadə edir. O, eyni zamanda, oxucusunu “qızıl alma timsalı
Vətən” üçün, dövlət müstəqilliyimizin
daha da möhkəmləndirilməsi yollarında həmişə
Məlikməmməd misalı səməndər quşuna
çevrilməyə çağırır. Rüstəm
Behrudinin poeziyası min illərin ruhunu və yeni əsrin
çağırışlarını vəhdətdə əks
etdirən mənəvi bütövlüyün və
genişliyin kamil sənət nümunəsi olaraq tarixi
missiyasını davam etdirməkdədir.
İsa Həbibbəyli
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.22-23;26