Vaqif İbrahimi unutmamışam
Vaxt sürətlə axıb gedir. Hər gün
qarşımıza bir-birindən mürəkkəb yeni-yeni vəzifələr
qoyur və onların həllini tələb edir. Bir də
görürsən ki, bir zaman çox vacib hesab elədiyi bir məsələni,
xatirəsini əziz tutduğun bir şəxsi neçə
illərdir ki,yadından çıxarmısan.
Həyatdan vaxtsız getmiş istedadlı şair Vaqif
İbrahimi heç vaxt unutmamışam. 1983-cü ildə 38
yaşında avtomobil qəzasında vəfatından 33 il keçməsinə baxmayaraq bu keçən
müddət ərzində onu həmişə
xatırlamışam. Onunla necə tanış
olmuşam? Özü də gənc yaşlarında
dünyadan getmiş atam-şair Əli Kərimin “uğurlu
yol” yazıb şeirlərini ilk dəfə oxuculara təqdim
etdiyi gənclərdən biri də Vaqif İbrahim idi. Vaqif və o zaman gənc olan, atamın
istedadlarına inandığı İsa İsmayılzadə,
Camal Yusifzadə.... bizim Vaqif küçəsi, 30
ünvanında yerləşən mənzilimizə gəlirdilər.
Mən onunla belə tanış
olmuşam. Çox utancaq, astadan danışan,
səmimi bir gənc idi. V.İbrahimin özü “Rəsul
Rza və Əli Kərim doğmalığı” adlı xatirə
yazısında Əli Kərimlə ilk
tanışlığı barədə belə yazır:
“...Əli
Kərımlə ilk tanışlığa gəldikdə isə,
məni onunla heç kim tanış etməyib.
Özüm tanış olmuşam.
Düzdür ilk tanışlığım onun “İki sevgi”
kıtabından başlayıb... Əli Kərim poeziyası məni
o qədər sehirləmişdi ki, hər gün bu
böyük şairlə tanış olmaq
arzusu ilə yaşayırdım. İş
yerini öyrəndim. “Azərbaycan” jurnalının
redaksiyasına gəldim... Mən redaksiyanın
qarşısında onu gözləyirdim. Son dərəcə
sadə geyinmiş ortaboy bir adam redaksiyadan
çıxıb bızə sarı gəldi. Oğlan həmin
adamı göstərib dedi:
- Əli
Kərimdir!
İnanmadım. Bu mənim xəyalımda təsəvvür etdiyim
Əli Kərimə oxşamırdı... Əli
müəllimin əynində sadə, boz pencək vardı,
yazılarını çirklənib əzilməsin deyə qəzetin
arasına qoymuşdu. O vaxt Əli Kərim “Azərbaycan”
jurnalında şeir şöbəsinin müdiri idi... Mənim Əli Kərimlə ilk şəxsi
tanışlığım belə başlandı. Və bu tanışlıq getdikcə ən yaxın
ünsiyyətə çevrildi. O gündən sevdiyim
şair və yazıçıların çoxu ilə məni
yaxından tanış edən Əli Kərim olub”.
V.İbrahimin
necə bir insan, şair olduğunu oxuculara çatdırmaq
üçün Əli Kərimin ötən əsrin
60-cı illərində mətbuatda çap etdirdiyi “Bir
gün qapım döyüldü..” adlı yazısına
müraciət etmək fikrimcə, yerinə düşər:
“İçəri çox utancaq bir oğlan daxil oldu. Onu ruhunca
tanıdım. Bildim ki, belə adam
şair ola bilər. Əlbəttə, şairlər müxtəlifdir:
Mayakovski kimi ipə-sapa yatmayanlar da var. Əhməd Cəmil
kimi gözə görünmək istəməyənlər də.
Vaqif
İbrahimov şeirlərini mənə verdi.
Oxudum. Onun bütün
şeirləri özünə oxşayır. Ona avtobioqrafiya yazmaq lazım deyil. Onun bütün temperamentini, fikir emosiyasını isə
biz Vaqifin şeirlərində görürük. Bir sözlə, Vaqifi
tanımaq üçün onun özündən çox
şeirlərinə baxmaq lazımdır. Burada
onun daxili bioqrafiyası, yaşı, meyli, zövqü, həyata,
ədəbiyyata münasibəti vardır”.
Yazının sonundakı arzu və məsləhətləri
Əli Kərim yalnız V.İbrahimə deyil, o vaxtın
bütün istedadlı gənclərinə
ünvanlamışdır: “Arzum budur ki, Vaqif gənclik
hissiyyatının coşğunluğuna arxalanıb, gələcəkdə
söz yoxuşlarında, enişlərində, fikrin qızmar
yayları, qütb qışlarında yorulub yarı yolda
qalmamaq üçün bütün həyatını, sevinc
və kədərini poeziyaya versin, dünya ədəbiyyatının
bilicisi olsun. Gözəl şeirlər yazıb
yorulan, sözü buxarlanıb yoxa çıxan, quru yurdda
qalıb karvanın çoxdan getdiyindən diksinən
çox şairlər görmüşük və təəssüf
ki, yenə görəcəyik.
Nə qədər ki, Vaqifi mən tanıyıram, inamla
demək istəyirəm ki, o elə belə, bir atım
barıtı olanlardan deyil və şeirin çox çətin,
gecəsilə gündüzü bəzən bilinməyən,
keşməkeşli aləmində inamla addımlayacaq”.
Əli Kərimdən
sonra yaşadığı 14 il ərzində
V.İbrahim onun etimadını tam mənası ilə
doğrultdu, sübut etdi ki, o doğrudan da dəyərli bir
şəxsiyyət, istedadlı bir şairdir. 1983-cü ildə
avtomobil qəzasında həlak olanda şair, kim
bilir, özü ilə nə qədər yazılmamış
şeir və poemalar, nəsr əsərləri apardı.
Əli Kərim
rəhmətə getdikdən sonra da Vaqif müəllim bizə gələrdi.
O, ədəbiyyata böyük marağım olduğunu bildiyinə görə
bir neçə dünya ədəbiyyatı klassikinin əsərlərini
alıb mənə bağışladı. Bunlardan L.Qrosmanın Görkəmli
Adamların Həyatı silsiləsindən “F.M.Dostoyevski” kitabı mənə o illərdə
ən güclü təsir edən əsərlərdən
olmuşdu.
Vaqif
İbrahimin bir şəxsiyyət kimi çox vacib bir cəhətini
xüsusilə qeyd etməyə bimərəm: O, ünsiyyət
bağladığı, dəyərləndirdiyi, hörmət
etdiyi adamlara qarşı sözün əsl mənasında sadiq
idi və bu sədaqət həmin şəxslərin
ölümündən sonra da davam etmişdir. Vaqif müəllim
Əli Kərimin ölümündən sonra onun xatirəsinə
həsr edilmiş tədbirlərin iştirakçısı
və təşkilatçılarından biri, Sumqayıtda fəaliyyət
göstərən Əli Kərim adına
poeziya klubunun 1970-1971-ci illərdə sədri olmuşdur. Bu barədə daha ətraflı
danışacağıq. Qeyd edim ki,
V.İbrahim şəxsən tanıdığım şairlərdən
Rəsul Rza və Əhməd Cəmilə böyük
hörmət bəsləmiş, istər
sağlıqlarında, istərsə də ölümlərindən
sonra onların xatirəsini əziz tutmuşdur. Vaqif
müəllim xatirələrində Rəsul Rza ilə ilk
tanışlığı barədə belə yazır:
“Mən
ilk dəfə Rəsul Rzanı 1962-ci ilin baharında
Sumqayıtda, metallurqların Cəfər Cabbarlı
adına Mədəniyyət evində görmüşəm. Azərbaycan Yazıçılar
İttifaqının gənclik şəhərində
keçirdiyi tədbirdə. Ancaq məni
bu ölməz söz ustası, poeziyamızın fəxri ilə
yaxından tanış edən, onunla doğmalaşdıran
unudulmaz gözəl şairimiz Əli Kərim olub”.
Rəsul Rzanın və Nigar Rəfibəylinin rəhmətə
getdiyi günlər, dəfn tədbirləri yaxşı
yadımdadır. Mənə elə gəlir ki, həmin
günlərdə keçirdiyimiz hiss və həyəcanlar
Vaqiflə bizi bir-birimizə daha da
yaxınlaşdırmışdı. V.İbrahimin
gözəl şairimiz Əhməd Cəmilə qarşı
da çox səmimi münasibəti vardı. Əhməd müəllimin ölümü onu
çox mütəəssir etmişdi. Bir gün çalışdığı
“Göyərçin” jurnalının redaksiyasında mənə
dedi: “Eldar Cəmilzadə (Ə.Cəmilin oğlu, istedadlı
şərqşünas alim, filologiya elmləri namizədi.
Cavan yaşlarında vəfat edib) mənə dedi ki, nə
üçün daha bizə gəlmirsən? Mən
ona cavab verə bilmədim ki, sizə gələndə Əhməd
müəllimin yoxluğunu daha güclü şəkildə
hiss edirəm”.
Mənim
arxivimdə yazıçı Cəmil Əlibəyli “Azərbaycan
gəncləri” qəzetinin baş redaktoru olduğu zaman
Əli Kərimin V.İbrahimin poemasını çap etdirməsi
xahişi ilə ona ünvanladığı kiçik məktubunun
surəti var. Burada deyilir:
“Hörmətli Cəmil müəllim! Mən
istedadlı gənc şair Vaqif İbrahimovun mətbuatda bir
neçə obrazlı dillə yazılmış, səmimiyyətlə
dolu şeirini oxumuşam. Amma mən bu
gün onun Çexoslovakiya səfəri təəssüratının
bəhrəsi olan “Öldürülmüş kənd”
adlı lirik poemasını dinləyəndə daha çox
sevindim. Məncə bədii əsərin
gözəlliyi bir də orasındadır ki, sənin qələmini
yadına salsın, yazmaq istəyəsən. Mən Vaqifin poemasına qulaq asanda həmin bu hissi
keçirdim. Poemada liditse adlı
Çexoslovakiya kəndinin Litlerçilər tərəfindən
yandırılıb yerlə-yeksan edilməsi
ağıvarı həzinliklə nəql olunur. Onu dinlədikcə hisslərin bir-birini qovur, kədər
nifrətə, nifrət insan uğrunda mübarizə hissinə
çevrilir. Cəmil müəllim! Bir oxucu kimi arzu edirəm
ki, şeir sevənlər sizin qəzetin səhifələrində
bu əsərlə tanış ola bilsinlər.
Hörmətlə,
Əli Kərim” .
Vaqif İbrahim gənclər şəhəri
Sumqayıtda yaşayırdı, burada bir sıra yerlərdə
işləmışdi. Sonra Bakıda “Göyərçin”
jurnalında məsul katib vəzifəsində
çalışdı. Xüsusi olaraq qeyd
etmək istəyirəm ki, Əli Kərimin
sağlığında və ölümündən sonra
Sumqayıtda Mədəniyyət evlərində onun
yaradıcılığına həsr edilmiş poeziya tədbirlərinin
əsas təşəbbüskarlarından biri Vaqif İbrahim
olmuşdur. Mən özüm də
atamın sağlığında və ölümündən
sonra keçirilmiş poeziya məclislərinin çoxunun
iştirakçısı olmuşam. Yerli
şair və yazıçılardan Feyzi Mustafayev, Əşrəf
Veysəlli, Sumqayıt şəhər mədəniyyət
şöbəsinin müdiri Tamara Rəsulova ilə dəfələrlə
görüşmüşəm. O günlərin xatirəsi
kimi Sumqayıtda keçirilmiş Əli Kərimlə
bağlı bir sıra poeziya tədbirlərinin dəvətnamə
və afişalarını saxlayıram. Bunlardan
biri şairin sağlığında, 1967-ci ilin 26 sentyabrda
Sumqayıt Sintetik Kauçuk Zavodunun komsomol komitəsi və mərkəzi
şəhər kitabxanasının təşəbbüsü
ilə keçirilmişdi. Tədbirdə
qələm yoldaşları və Əli Kərim
çıxış etmişdi.1969-cu ilin 7 fevralında
keçirilmiş poeziya gecəsinin dəvətnaməsini də
saxlayıram. Şairin ölümündən
sonra, 1969-cu ilin 9 oktyabrında keçirilmiş poeziya gecəsində
Xalq şairi Rəsul Rzanın ön sözündən sonra
V.İbrahimın məruzə etdiyini görürük. 1971-ci ilin 18 martda Əli Kərimin 40 illiyinə həsr
edilmiş poeziya gecəsində əsas məruzəçi
Feyzi Mustafayev olmuşdur. Başqa bir
afişa isə 1972-ci ilin 28 oktyabrında saat 18:00-da
Sumqayıt şəhərində Əli Kərim poeziya
gününün keçirildiyi barədə məlumat verir.
Gündəlik belədir:
1.
Giriş sözü - Əli Kərim poeziya klubunun fəxri sədri,
Azərbaycanın Xalq şairi Rəsul Rza.
2. “Poeziya
klubu bir ildə” məruzəçi Vaqif İbrahim.
3. Əli
Kərimin şeirləri-H.Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının
ifasında.
4.
Çıxışlar.
Əli Kərimin
ölümündən sonra R.Rzanın, V.İbrahimin təşəbbüsü,
Sumqayıt şəhər mədəniyyət şöbəsinin
müdiri Tamara Rəsulovanın, şəhər rəsmilərinin
razılığı ilə Əli Kərim adına
burada gənclik poeziya klubu açıldı. Təəssüf
ki, bu işə mane olmaq, əngəl törətmək istəyən,
hətta Sumqayıt səhərinin rəhbərliyinə
etirazını bildirən adlı-sanlı qələm
sahibləri də oldu. Rəhmətə getdiklərinə
görə adlarını çəkmirəm. Vaqif
müəllim bir neçə dəfə mənə heyrət
dolu gözlərlə baxıb demişdi: “Təsəvvürümə
gətirməzdim ki, Əli Kərimin ölümündən
sonra da ona paxıllıq edəcəklər”. V.İbrahimin
xatirələrindən görürük ki, Əli Kərim
poeziya klubunun açılışı 1970-ci ildə olub:
“1970-ci ilin oktyabrın 28-də indiki şahmat klubunda Azərbaycan
komsomolunun 50 illiyi münasibətilə Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun
açılışı oldu. O gün Sumqayıtın həyatında
əsl poeziya
bayramı idi. Azərbaycanın Xalq
şairi Rəsul Rzanın iştirak etdiyi bu tədbirdə gənclik
şəhərinin ən mötəbər adamları,
ziyalıları, gənc yaradıcı qüvvələri
toplanmışdılar. O gündən Rəsul Rzanı
Sumqayıtda daha tez-tez görmək olardı. Elə
vaxt olurdu ki, Rəsul Rza ayda iki dəfə klubun tədbirlərində
iştirak üçün Sumqayıta gəlirdi”. Bundan
iki il sonra Rəsul Rzanın təşəbbüsü
ilə Göyçayda da Əli Kərim poeziya klubu fəaliyyət
göstərməyə başladı. 1974-cü
ilin 14 iyununda Vaqif müəllimlə birlikdə həmin klubun
açılışında iştirak etdiyini yaxşı
xatirlayıram. Tədbirdən sonra o, mənim
yorğun və kədərli olduğumu görəndə, əhvali-ruhiyyəmi
qaldırmaq üçün şair və
yazıçıların həyatından şoxlu məzəli
əhvalatlar, lətifələr danışdı. Mən
ona dedim ki, bu gecə yuxuda Göyçayda evimizdəki tut
ağacını görmüşəm. Bu Vaqif
müəllimi çox düşündürdü.
V.İbrahim
cəmiyyətdə tanınmış adam
idi. M.Qorki adına ümumittifaq və
Respublika Lenin komsomolu mükafatları laureatı idi. Ötən əsrin 80-cı illərindən fəaliyyətə
başlayan Gənc Yazıçıların Respublika Ədəbi
Birliyinə də rəhbərlik etdi və gənc şair
kimi məni də oraya dəvət etdi. Görüşlər
“Göyərçin “ jurnalının
redaksiyasında olurdu. O zaman təzə qələmə
sarılan, sonralar tanınmış şair və
yazıçılarımız Vaqif Bəhmənli, Adil Cəmil,
Mahirə Abdulla, Əhməd Qəşəmoğlu, Rafiq
Yusifli, Ağacəfər Həsənli, Aqil Abbas, Loğman Rəşidzadə,
Flora Xəlilzadə və bir sıra başqaları birliyin fəaliyyətində
iştirak edirdilər. V.İbrahim Rəsul Rza, Mirzə
İbrahimov, Anar, Elçin, Araz Dadaşzadə, Sabir Əhmədli,
Hikmət Ziya, Tofiq Mahmud, Əbülfəzl Hüseyni kimi
tanınmış qələm sahibləri ilə gənc
yazıçıların görüşünü, gənclərin
əsərlərinin oxunub müzakirəsini təşkil
edirdi. Biz bu yazıçıların çoxu ilə ilk dəfə
burada tanış olduq, onların dəyərli
məsləhətlərini dinlədik. Mənim
Rəsul Rzanın dəvət edildiyi görüş
yaxşı yadımdadı. Burada Allahverdi Məmmədli,
Əhməd Qəşəmoğlu, Adil Cəmil, Əhməd
Əsgər və mənim şeirlərim dinlənildi. Rəsul müəllim bu şeirlər barədə
fikrini söylədi. 6 iyun 1981-ci il
tarixli “Azərbaycan gəncləri” qəzetində çap
etdirdiyi “Qayğı” məqaləsində V.İbrahim həmin
tədbir, R.Rzanın gənclərin
yaradıcılığı barədə dediyi sözlər
haqqında məlumat verir. Xalq şairi bu görüşdə
deyir: “Burada oxunan şeirlərdən mənim ümumi təəssüratım budur
ki, çox yaxşı bir səs, bir duyum göz
qabağındadır... Axtarış
tapıntı ilə nəticələnirsə, deməli sən
şeirə yeni bir nəfəs gətirmisən. Bu gün oxunan şeirlərin hamısında məni
sevindirən çox cəhət var. Belə gözləmirdim.
Elə bilirdim “dağlar”, “bağlar” deyəcəksiniz...”.
Vaqif müəllimin enerjili fəaliyyəti nəticəsində
birliyin fəaliyyəti uğurla davam edirdi. 1983-cü ildə
eşitdiyim bəd xəbərdən sarsıldım: Birliyin
üzvləri ilə Sumqayıta gedərkən avtomobil qəzasında
Vaqif İbrahim həlak olmuşdu. Ölüm
haqdır-deyiblər. Hamı bu dünyanı
tərk edəcək. V.İbrahim kimi həyata
bağlı, nikbin, üzügülər adamın, səmimi
dostun 38 yaşında qəfildən vəfat etməsi, əlbəttə
ki, onu tanıyanlar üçün gözlənilməz bir zərbə,
böyük itki oldu. Vaqif müəllim özü bir
şeirində belə deyir:
Düz
arxadan
Kürəyinə
vurulmuş
Bir qatil
bıçağına
Bənziyir
Qəfil
kədər...
2014-cü ildə böyük türkmən şairi Məxdumqulu Fəraqinin 290 illik yubileyi münasibəti ilə Türkmənistanda idim. Mənə dedilər ki, tanınmış türkmən şairi, “Günəş” jurnalının baş redaktoru Atamurad Atacanov neçə illərdir ki, Əli Kərimin şairlərini türkmən dilinə tərcümə etməklə məşğul olur, səninlə görüşmək istəyir. Lakin mən həmin məqamda onunla görüşə bilmədim. Yubiley Türkmənistanın şimalında, Taşauzda da keçirildi. Taşauz Aqrar Universitetində keçirilən tədbirdə bizi səhnədə oturtdular. Düz yanımda oturmuş yaşlı şair çıxışında Azərbaycan şairlərini tanıdığından, Əli Kərimin şeirlərini türkməncəyə tərcümə etdiyindən danışdı. Sən demə, axtardığım Atamurad Ağacanov yanımda oturubmuş.
Tədbirdən sonra türkmən şairi mənə
dedi ki, Əli Kərim yaradıcılığı ilə onu
Vaqif İbrahim tanış edib. O, Sumqayıtda fəaliyyət
göstərən Əli Kərim poeziya klubunda da olub. Mən
dərhal yadıma saldım ki, 1974-cü ildə Əli Kərim
poeziya klubunda keçirilən görüşdə iki gənc
türkmən şairlə tanış olmuşdum. Onlardan biri mənə və ortancıl
qardaşım Azərə türkmən klassiklərinin
döş nişanlarını
bağışlamışdı. Bu mənə möcüzə
kimi göründü: Üzərindən 42 il keçdikdən
sonra Əli Kərim, Vaqif İbrahim vasitəsi ilə
tanış olduğum, başqa bir olkənin, müstəqil Türkmənistan Respublikasınin şairi ilə
köhnə bir tanış kimi görüşməli oldum.
Əlbəttə, bütün bunlar taleyin işidir: Şair
ailəsində dünyaya gəlməyim də, Vaqif İbrahimlə
tanışlığım, dostluğum da, illər sonra
türkmən şairiylə yenidən görüşməyim
də. Həyatım boyu çox çətinliklər,
ədalətsizliklər, itkilərlə rastlaşsam da, beynimdə
tanıdığım, hörmət etdiyim, qəlbinin, əməlinin
təmizliyinə inandığım adamların xatırəsini
minnətdarlıqla yaddaşımda yaşadıram. Onların
xatirəsi yoxdursa, mən də yoxam. Onların əziz xatirəsi
mənim yeganə sərvətimdir. Vaqif İbrahim
yaddaşımdam heç bir zaman silinməyəcək şəxsiyyətlərdəndir.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.20-21.