“Sim-sim.az”: Azərbaycan
multikulturalizminə açılan daha bir qapı
Multikulturalizm həyat tərzimizdir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan
Yaradıcılıq Fondunun (AYF) “sim-sim.az” mədəniyyət
portalının təqdimatı olub. Təqdimat mərasimi
dəyərli fikirlər və maraqlı müzakirələrlə
yadda qalıb.
Mərasimdə
AYF-nin aparat rəhbəri Qismət Rüstəmov fondun fəaliyyəti
haqqında söz açıb: “Fondun yaradılmasında əsas
məqsəd yaradıcı şəxslərə, diqqətdən
kənarda qalan elm və mədəniyyət xadimlərinə
dəstək göstərməkdir. Fondun fəaliyyətə
başlayan “sim-sim.az” saytında multikulturalizm ideyasına
töhfə vermiş elm və incəsənət xadimlərinin
fəaliyyəti işıqlandırılacaq. Portal gündəlik köşə, araşdırma,
esse, poeziya və nəsr nümunələri, eyni zamanda kino,
teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin
digər sahələrinə aid maraqlı materiallar təqdim
edəcək. Portalda Azərbaycanda və
xaricdə nəşr olunan kitablar haqqında resenziyalar,
tanınmış incəsənət xadimləri ilə
müsahibələr, müzakirələr və debatlar,
dünya mədəniyyət irsi ilə bağlı tərcümə
materialları dərc olunacaq”.
AYF-nun mətbuat
xidmətinin rəhbəri Ömər Xəyyam saytda yer alan
rubrika və bölmələrdən bəhs edib: “Portalın
“Poeziya”, “Proza”, “Esseistika”, “Art”, “Afişa”, “Söhbət”,
“Zaman maşını” rubrikaları fəaliyyət göstərəcək”.
Təqdimat
mərasimində Azərbaycanın millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev
çıxış edərək
ölkədə son zamanlar tolerantlıq, multikulturalist
ideyaların həyatın bütün sahələrində
özünü göstərdiyini vurğulayıb:
“Multikulturalizm ölkə başçısının ideoloji
hədəflərindən biridir və biz bu hədəflərə
doğru getməliyik. Bu istiqamətdə
çox ciddi işlər görülür. Biz saytın fəaliyyəti ilə multikulturalizm sahəsində
olan boşluğu doldurmaq niyyətindəyik. Fəaliyyətə başlayan sim-sim.az saytı
faktiki olaraq öz dərin mahiyyətində renessans
ideyalarını canlandırmağı nəzərdə
tutur. Renessans ilk növbədə
qayıdış deməkdi. Ədəbiyyatdan,
rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin
insanlara diqqət və qayğı göstərəcək,
onları bir daha öz işlərinə qaytaracağıq.
Mükafatlar, müsabiqələr təşkil
etmək niyyətindəyik. Mən vəzifəmlə əlaqədar
Azərbaycanın bölgələrində olarkən xeyli bekar gənc
gördüm. Biz bu gənclərə də
sahib çıxmalıyıq. Bu gənclərin
maariflənməsi üçün bölgələrdə mərkəzlər
yaratmağı nəzərdə tuturuq. Həmin
gənclər mərkəzlərdə təhsil alacaq və
onları marağını artırmaq üçün müəyyən
sertifikatlar, hətta təqaüdlər də veriləcək.
Qoy, universitetə qəbul ola bilməyən
gənclər, burada özlərini universitetdəki kimi hiss
etsinlər. Yəni, öz
bacarıqlarını kəşf etsinlər”.
K.
Abdullayev çıxışında multikulturalizmlə
bağlı 3 kitab hazırlandığını bildirib: “Bu
kitablar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
hazırlanır. Bu, çox ciddi bir layihədir.
Biz həmişə
çıxışlarımızda vurğulayırıq ki,
multikulturalizm xalqımıza tarixən xas olan dəyərdir.
Bu özünü nədə göstərir?
Nizami, Füzuli, Nəsimi kimi klassik şairlərimizin, eləcə
də XX əsrin söz nəhənglərinin yaradıcılığında
bu tarixi dəyərimiz öz əksini tapıb. Nizaminin multikultural ənənələri yaşadan
şair olması barədə danışılanda ilk növbədə
onun Afaqla evlənməyi yadıma düşür. Şair ona cariyə kimi göndərilən dini, məzhəbi,
milliyyəti fərqli bir qadını sevir və onunla evlənir.
Bu böyük insan canında olan multikulturalizmi
bu şəkildə ifadə edib. Deməli,
hələ XII əsrdə Azərbaycanda belə
düşünürlərmiş, başqasını
özündən ayırmamaq ənənəsi varmış.
Multikulturalizmlə bağlı ilk kitabın adı belə
olacaq: “Azərbaycan multikulturalizmi ədəbi-bədii
qaynaqlarda”.
Digər
2 kitabda isə Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və siyasi
qaynaqlarda öz əksini necə tapmasından bəhs ediləcək.
Bu istiqamətdə görülən işləri
həm də təqdimatını keçirdiyimiz saytın fəaliyyətində
də müşahidə edəcəksiniz”.
lll
Portal
görkəmli yazıçı Kamal Abdullanın “Sim-sim,
qapını aç...” essesi ilə açılır:
“...Qapı isə yüz yerə açıla bilər. Bu gün bizim hər
birimizə maraqlı görünən yüz bir yerə. Buyurub keçin içəri. Azərbaycandan
dünyaya qədəm qoya bilsəniz nə qədər
maraqlıdır. Yavaş-yavaş
dünyadan da Azərbaycana qədəm qoymaq maraqlı
olmağa başlayır.
...Mənəviyyatımızın,
ruhumuzun canında bir qayıdış ideyası
yaşamaqdadır. Ədəbiyyatımız, sənətimiz,
mədəniyyətimiz daim harasa qayıtdığını
zənn edir. Belə düşünən zaman çox zaman yerində
sayır. Amma bəzən də qayıtmağa nail olur. Hara qayıdır? Nəyə
qayıdır? Renessans qayəsi
qarşıda duran qapıların birinci ünvanıdır.
Açılan qapılar bizi ilkin hisslərimizin
mənşəyinə, doğma evə, məhləyə, məktəbə,
uşaqlığa, ana qucağına, ata sığalına, əzizliyini
qoruyub saxlamış neçə-neçə məkana və
məqama qaytarır. Bəzimizi qələmə, bəzimizi
fırçaya, klaviaturaya qaytarır...”
Portalda ayrıca “Multikulturalizm” bölməsi öz əksini
tapıb.
Hazırda bu bölmədə Murad Köhnəqalanın
“Qafqazda almanlar” və Cəlil Cavanşirin “Qafqaz
Albaniyasının varisləri-Udilər” yazıları yerləşdirilib
və gələcəkdə mütəmadi olaraq
multikulturalizmlə bağlı yeni məqalə və
araşdırmaların yerləşdirilməsi nəzərdə
tutulur. Adıçəkilən birinci yazıda müəllif
vaxtilə Göygöl rayonunda məskunlaşan almanlar barəsində
söhbət açıb: “Tarixdən də məlumdur ki,
almanların Rusiyadan Azərbaycana ilk kütləvi
köçü 1819-cu ilə təsadüf edir. Köçürülən alman ailələri əsasən
ölkəmizin qərb bölgəsində yerləşdirilmişdi.
Gəncə, Şəmkir, Göygöl,
Daşkəsən, Tovuz, Gədəbəy rayonlarında
yaşadıqları müddət ərzində almanlar yerli əhali
ilə qaynayıb-qarışmışlar.
İkinci Dünya Müharibəsinin başlaması ərəfəsində
Azərbaycandakı alman ailələri Stalinin əmri ilə
Qazaxıstana sürgün edilmişdir. Almanlar Azərbaycanda məskunlaşdıqları
bu 120 il ərzində sənətkarlığın
müxtəlif sahələri, tikinti-quruculuq işləri ilə
məşğul olmuş, yeni texnologiyaların tətbiqi vasitəsilə
kənd təsərrüfatının dirçəlişinə
təkan vermişlər.
Bundan başqa, İkinci Dünya Müharibəsi
zamanı əsir düşən alman vətəndaşları
SSRİ-nin müxtəlif ərazilərinə, o cümlədən,
Azərbaycana sürgün edilmiş, respublikamızın bir
neçə rayonunda sürgün həyatı
yaşamışlar. Alman əsirlərin yaratdığı
memarlıq, incəsənət nümunələri hələ
də bu bölgələrdə qalmaqdadır.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycandakı
alman koloniyaları, alman əsilli vətəndaşlar və
onların törəmələri, o cümlədən,
almanların respublikamızda iki əsrə yaxın
yaşayışını və fəaliyyətini
araşdırmaq qərarına gəldik. Bunun
üçün ilk olaraq, almanların 1918-ci ildə Azərbaycanın
Göygöl rayonunda məskunlaşdığı Helenendorf
koloniyasını ziyarətə getdik. Beləliklə
biz Göygöl - Helenendorf (keçmiş Xanlar)
rayonundayıq və niyyətimiz bu kiçik alman şəhərciyinin
bütün aşkar və gizli həyatını
araşdırmaqdır”. Müəllif səfər təəssüratında
qeyd edir: “Əsasını almanların qoyduğu
Göygöl (Helenendorf) rayonuna yaxınlaşan kimi bizim
üçün xarakterik olmayan tikililərin arasına, yeni
bir aləmə düşdük. Qırmızı
daşla döşənmiş küçələr, uca
çinarlarla müşayiət olunan bu küçələrin
sağ-solunda isə alman arxitekturası nümunələri
olan taxta evlər düzülüb. Taxta
eyvanları oyma sənəti ilə işlənmiş bu evlərin
hər biri ayrı-ayrılıqda bir muzey təsiri
bağışlayır. Küçələr
sakit və sərindir. Bu alman şəhərciyi əzəmətli
olduğu qədər də nəcibdir...”
“Qafqaz Albaniyasının varisləri-udilər”
araşdırmasında Qəbələnin Nic qəsəbəsində
məskunlaşan eyniadlı xalq haqqında maraqlı faktlar qələmə
alınıb.
Yazıda “Orayin” Udi Mədəniyyət Mərkəzindən
söz açılıb, udilərin dili, dini, inancı,
folkloru, Alban-udi kilsəsi barəsində fikirlər yer
alıb: “Yolumuz, dillərə dastan Nic qəsəbəsinədir...
Əhalisinin böyük qismi alban yadigarı,
alban varisi udilərdən ibarət olan Nic, ölkəmizin ən
tanınmış yaşayış məskənlərindən
biridir. Özlərini Qafqaz
Albaniyasının varisləri hesab edən udilər öz dillərini,
mədəniyyətlərini, adət-ənənələrini
qoruyub saxlamağı bacarıblar. Nicə gəlişimizin
məqsədi udilərin həyat tərzi, mədəniyyəti,
məişəti ilə yaxından tanış
olmaqdır.
Qəsəbənin mərkəzində
qarşımıza çıxan ilk udi ilə səmimi şəkildə
salamlaşıb hal-əhval tuturuq, udilərin
ağsaqqalını soruşuruq. Bizə “Orayin” Udi Mədəniyyət
Mərkəzinin rəhbəri Oleq Danakari ilə
görüşməyi məsləhət görürlər. Bu arada onu da
deyim ki, Orayin udi dilində “bulaq” deməkdir. Oleq Danakarini
tapmaq o qədər də çətin olmur. Qəhrəmanımız çayxanada oturub udi
ziyalıları ilə söhbətləşir. Onlar haqqında yazı hazırlayacağımı
biləndə Oleq Danakari bizi həvəslə “Orayin” Udi Mədəniyyət
Mərkəzinin ofisinə dəvət edir.
Mərkəzin ofisi yenicə təmirdən
çıxıb və səliqə-səhmanı
qaydasındadır. Mərkəzin rəhbərinə gəlişimin qayəsi
və məqsədi haqqında ətraflı məlumat verdikdən
sonra, o həvəslə söhbətə girişir:
“Bildiyiniz kimi, Nic Qəbələnin ən böyük
yaşayış məskənlərindən biridir. Əhalisinin böyük qismi, təxminən 4500 nəfəri
udilərdir. Biz öz dilimizdə - udi
dilində danışırıq. Nicin 12 məhəlləsindən
10-u udi məhəlləsidir. Qəsəbədəki beş məktəbdən üçü udilərə
məxsusdur. Udilərin həm dini icması, həm
də Mədəniyyət Mərkəzi fəaliyyət
göstərir. Nic ərazisində yerləşən Alban-Udin məbədi
dünya udilərinin mərkəzi hesab olunur. Dünyada təxminən 10 000 nəfər udi
yaşayır ki, bunun da böyük qismi Azərbaycanda məskunlaşıb.
Nicdən başqa, Oğuz rayonunda da təxminən
72 nəfər udi yaşayır. Oğuzda
yaşayan udilərin bir qismi 1920-22-ci illərdə
Gürcüstanın Kvarelli rayonunun Zinobiani kəndinə
köçüb və orada yaşayır. Oğuzda yaşayan udilərin əksəriyyəti
xaricə köçdüyü üçün,
qalanların çoxusu yaşlı insanlardır. Bizim Mədəniyyət Mərkəzi udilərin mənəvi
sərvətlərini, dilini, dinini qoruyub saxlamaq, gələcək
nəsillərə ötürmək üçün həvəslə
fəaliyyət göstərir. Udi dili
Qafqaz dilləri ailəsinin Pax-Dağıstan qrupuna aiddir.
Biz danışıqda 52 səsdən istifadə
edirik. Bizim yazılı ədəbiyyatımız
ötən əsrin əvvəllərində meydana gəlməyə
başlayıb. Biz mərkəzimiz vasitəsi ilə udi
ziyalılarını, yazıçı və alimləri gənclərə
tanıdır, təbliğ edirik”.o30
lll
Deyilənlərə,
görünənlərə və yazılanlara
sözardı: İnanırıq ki, ictimaiyyətə yeni təqdim
olunan “sim-sim.az” portalı ədəbi-mədəni sferaya dəyərli
töhfələr bəxş edəcək zəngin bir
internet resursu olmaqla bərabər, həm də görkəmli
yazıçı Kamal Abdullanın təbirincə desək,
çoxəsrlik dəyərimiz olan Azərbaycan
multikulturalizminə daha bir qapı açacaq.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.14.