Rza Diqqəti: “Yüz dəfə
ölüb-dirilmişəm”
“DƏFƏLƏRLƏ OLUB, GÖZLƏRİMİ YUMMUŞAM VƏ ÖZ-ÖZÜMƏ DEMİŞƏM Kİ, BU SƏNİN SON YAŞAM ANLARINDIR...”
Müsahibimiz dünya şöhrətli foto-jurnalist Rza
Diqqətidir.
Onun müxtəlif münaqişə zonalarında, Ruanda,
Bosniya, Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda
çəkdiyi savaş səhnələri hər
kəsdə dərin təəssürat yaradır. 1952-ci
ildə Təbrizdə anadan olan R.Diqqəti, 1981-ci ildən
Parisdə yaşayır. O, 20 Yanvar, Xocalı faciəsi də
daxil olmaqla, Azərbaycan həqiqətlərini dünyaya
göstərən fotojurnalist kimi tanınır.
- 30 illik
fəaliyyətiniz dövründə çəkdiyiniz fotolar
dünyanın ən mötəbər jurnallarının
üz qabığını, səhifələrini bəzəyir.
Fotojurnalistika sizin üçün nəyi ehtiva
edir?
- 1979-cu
ildən bəri mən fotoobyektivlə insanlar arasında əlbirlik
forması yaratmağa çalışıram. Mən
insanların gözləri vasitəsilə qəlblərini
görmək istəyən fotoqrafam. Fotojurnalistika
ilə dünyanın insanlarını bir-birilərinə
tanıtdırır, yaxınlaşdırıram. Sanki insanların hekayələrini bir-birilərinə
göndəririk. Burada əsas məsələ
çəkilən şəklə necə ruh verməkdir.
İncəsənətin işi odur ki, insan rəsminə rənglə
ruh versin. Bəlkə də incəsənətdə
ruh var, amma texniki işdə ruh yoxdur. Bu
ruhu da biz vermirik, onu fotoya insanlar köçürür.
Fotolarda insanları nağıllara uçurtmaq
mənə maraqlı gəlir. İndi
fotojurnalistika universal dünya dilinə çevrilib. Yəni insanlar müxtəlif dillərdə
danışa bilərlər, amma bir vahid dil var ki, dünya əhalisini
öz ətrafında birləşdirir - bu da fotodur.
- İlk dəfə çəkdiyiniz fotonu
xatırlayırsınız?
- İlk dəfə Təbrizdə bir ağacın
fotosunu çəkmişəm. O zaman 13-14 yaşlarında idim. Əslində, ağaca qonmuş bir quşun şəklini
çəkmək istəyirdim. Elə
aparatı hazırlayana, obyekti tutmaq istəyənə qədər
quş uçdu, yalnız ağacın şəkli qaldı.
Məhz bu hadisədən sonra fotoqraf olmaq qərarına
gəldim.
-
Dünyanın bir çox qaynar nöqtələrində
olmusuz. Fotoqraflıq fəaliyyətinizdə
yadınızda qalan ən təsiredici anlar hansılardır?
- Bu
günə qədər dünyanın 115 ölkəsində
şəkil çəkmişəm. 1 milyondan
çox fotonun müəllifiyəm. Onların
hamısı mənə əzizdir. Necə
demək olar ki, üç uşağım var, ancaq birini
çox istəyirəm. Hamısını
istəyərək, sevərək çəkmişəm.
Bu fotoların hansına baxsan onun ayrı bir
hekayəsi, nağılı var. Amma bütün bunlara
baxmayaraq, çox təsiredici bir anı Qarabağda,
Xocalıdan qaçan yaşlı qadının timsalında
yaşadım. Faciədən 3 gün sonra oğlu və
həyat yoldaşının cəsədini tapan, əllərini
yuxarı qaldırıb ah-nalə edən qadının
fotosu... Bütün dünya da bu əsərə
məyus olmuşdu. Qadın
qaça-qaça əllərini açaraq gəlir, amma
görür ki, əzizləri həlak olub. O rəsmi
Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində
sərgilədim, kitablarıma daxil etdim. Hətta
Avropada buna görə ermənilərlə münaqişələrim
də olub. Axı mən bundan öncə 1990-cı il Qara Yanvar hadisələrinin də şəkillərini
çəkib dünyaya nümayiş etdirmişdim. O zaman mən
Parisdən Bakıya gəlirdim, yollar da bağlı idi,
jurnalistləri buraxmırdılar. Buna baxmayaraq,
çətinliklə də olsa gəldim. Operator
dostumla 3 gün Bakıda qaldıq, azərbaycanlılara
qarşı törədilən faciədən film
üçün kadrlar və fotolar çəkməyə
nail olduq. Bunun ardınca Xocalı, Şuşa,
Zəngilan, Cəbrayılda baş verən hadisələri də
fotoaparatın yaddaşına köçürdüm. Sonra məcburi köçkünlərlə
görüşüb, onların da şəkillərini
çəkdim, sərgilərdə nümayiş etdirdim.
- Bəs
həmin rayonlara necə gedə bilirdiniz?
-
Xocalı soyqırımından sonra, 1992-ci il
fevralın 28-də Bakıya gəldim. O zamankı “Azərbaycan”
hotelində dünyanın müxtəlif ölkələrindən
nümayəndələr, jurnalistlər və Qarabağa
yardım etmək üçün müxtəlif təşkilatların
əməkdaşları toplanmışdılar. Hoteldə Fransadan gələn qonaqlara
yaxınlaşdım. Onların “Sərhədsiz
həkimlər” təşkilatının xətti ilə
Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə
yardım aparacaqlarını öyrəndim. Mən özümü fransız kimi təqdim edərək,
onlarla birgə getməyimi xahiş etdim.
Azərbaycanlı olduğumu onlara söyləmədim. Bu komanda ilə
birlikdə Ağdama gəldim. Ora
çatanda gördüm ki, Xocalıda törədilən erməni
vəhşiliyindən canını qurtaranlar buraya axın
ediblər. Həmin vaxt Beynəlxalq
Qırmızı Xaç Komitəsi ermənilərlə
danışıq aparırdı ki, azərbaycanlıların
meyitlərini geri qaytarsınlar. Mən
orada gətirilən meyitlərin, onların ailələrinin
fotolarını çəkməyə başladım. Bu vaxt erməni əsgərlərindən biri cibindən
çay qaşığını çıxararaq mənə
göstərdi.
Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz
azərbaycanlıları əsir götürəndə bununla
gözlərini çıxarırıq. Mən
dünyanın heç bir yerində belə vəhşilik
görməmişdim. Həqiqətən
bizim meyitləri gətirəndə gördüm ki,
gözü çıxarılıb. Mən
həmin fotoları çəkib sərgilərimdə
nümayiş etdirdim. Bu müharibə
deyildi, əslsoyqırımı idi. Sonra
Şuşaya üz tutdum. Lakin yol
bağlı idi. Ermənilər snayper
qüvvələri ilə yolu tutmuşdular. Ağdam qəbiristanlığına çəkilişə
getmişdim. Güllə düz
qulağımın yaxınlığından keçdi.
Onun səsi hələ də
qulağımdadır. Ağdamdan gizli yollarla
neçə saatdan sonra Şuşaya çatdım. Neçə gün orada qaldım. Sonra geri dönüb Parisə getdim. Qarabağ müharibəsi və Xocalı
soyqırımı ilə bağlı çəkdiyim
bütün fotoları dünyaya yaydım. Mən Şuşadan çıxandan bir neçə
gün sonra şəhər işğal olunmuşdu. Həmin
fotolardan sonra ermənilər mənim əleyhimə iş
görməyə başladılar. Onlar Parisdə
təşkil etdiyim ən böyük sərgimə gəlib,
çəkdiyim fotoları cırmışdılar. Mən onları yenisi ilə əvəzləmədim,
ermənilərin bu xain xislətini həmin sərgidə bir
daha dünyaya bəyan etdim. Daha sonra ermənilər
nəinki Ermənistan-Azərbaycan müharibəsi ilə
bağlı fotolarımı, digər ekzotik mövzularda olan
fotolarımı da dərc etdirməyə imkan vermirdilər,
amma bütün maneələrə rəğmən
onların dərc olmasına çalışırdım.
-
Dünyanın bir sıra bölgələrində müharibələri,
münaqişələri görmüsünüz. Sizcə, müharibələr insanları necə dəyişir?
- Əslində, müharibə səhnələrini
çəkməklə insanın heyvani,
canavarlaşmış tərəflərini göstərməyə
çalışıram. Demək istəyirəm
ki, müharibə o canavarın əməlidir. Göstərməyə çalışıram ki,
müharibə insanların başına nə oyun gətirir.
Həm də bunu daha çox uşaqların
simasında çəkib nümayiş etdirirəm. Axı müharibələrin qurbanları həmişə
daha çox uşaqlar olur. Onlar bəşəriyyətin
gələcəyidir. Xocalı faciəsini
gördükdə isə insanın içərisindəki
canavarın nə qədər dərinə işlədiyinin
şahidi oldum. İnsanın qəddarcasına
törətdiyi bu faciə məndə çox dərin iz
qoydu.
- Rza bəy,
güllə yağışının altında, fövqəladə
vəziyyətlərdə işləmək sizin
üçün bəlkə də adiləşib. Ölümlə üz-üzə
qaldığınız vəziyyətlər çoxmu olub?
- 30-35
ildir ki, bu sənətdəyəm. Dəfələrlə
elə olub ki, gözlərimi yummuşam, öz-özümə
də demişəm ki, Rza, bu sənin son yaşam
anlarındır, artıq gedirsən. Özlüyümdə
100 dəfə ölüb-dirilmişəm. Güclü döyüş gedir, güllələr
atılır, qaçmağa imkan yoxdur, gözlərimi
yummuşam ki, indi mən də gülləyə tuş gəlib
öləcəyəm. Amma gözlərimi
açanda görmüşəm ki, yanımdakılar həlak
olub, ya da yaralanıblar, mən sağ qalmışam. Özüm də dəfələrlə
yaralanmışam, amma hələ də yaşayıram.
Bakıdan birbaşa İraqa, müharibə bölgəsinə
gedəcəyəm.
- Bu
günə qədər fotoqraflığın peşə və
ya sənət olması ilə bağlı suala cavab
tapılmayıb...
- Biri
deyir yazı sənətdir, o biri deyir peşədir. Biri qələmlə hesab-kitab, digəri şeir yaza
bilər. Foto da belədir, biri hesab-kitab
kimi işləyir, o biri sənət kimi. Ola
bilər ki, biri bununla elə bir incəsənət yaratsın
ki, insan baxanda ürəyi tərpənsin. Bunun heykəl
və ya bina olması vacib deyil, əsas odur ki, adamın qəlbinə
toxunsun: bax onda bu, incəsənətdir.
- Dünyanın az ölkəsi tapılar ki, orada sərginiz keçirilməsin. Maraqlıdır, bu illər ərzində qeyri-adi sərginiz olubmu?
- Xatırlayıram ki, belə bir sərgini Əfqanıstanda dağın başında qurmuşam. Mən həmin dağda çox olmuşam. 80-ci illər idi və o zaman Sovet ordusu Əfqanıstana girmişdi. Əfqanlara söz verdim ki, dağda bir sərgi edəcəyəm və bu ölkədə çəkdiyim şəkilləri göstərəcəyəm. Təklif isə əfqanların Əhməd şah Məsud adlı komandirindən gəlmişdi. O, mənə dedi ki, çəkdiyin fotoları sərgidə göstər. Dedim axı bunları Avropada göstərmək istəyirəm. Dedi, gəl, burda göstərək ki, reallığı birinci özləri görsün. Dağın başında böyük bir sərgi qurduq, xeyli ziyarətçi gəldi. Digər qeyri-adi sərgim Parisin ən böyük metro stansiyasında baş tutub. Bakıda isə hələ ki, belə sərgim olmayıb.
- Azərbaycana ilk dəfə nə vaxt gəlmisiniz?
- İlk dəfə 1987-ci ildə gəlmişəm. O vaxt “Vətən” cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyev Parisə gəlmişdi. Məni və iki azərbaycanlı rəssamı Azərbaycana dəvət etdi. O zaman Bakıya gediş-gəliş çox çətin idi. Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə də onun ən ucqar kəndlərini mənim qədər heç kim tanımır.
- Müharibələrin, münaqişələrin içərisində olub, həm də gələcəyə ümidlə baxmaq, daha yaxşı dünya qurmaq üçün nə etmək lazımdır?
- Bizim çox qədim mədəniyyətimiz, dəyərlərimiz var. Ata-babalarımız da bizə öyrədib ki, nə baş verirsə bizi yaxşılığa aparır. Müharibə, qaçqınlıq problemi aradan qalxmalıdır. Əslində, bu dünyada olmağımızın səbəbi də insanları yaxşı yola istiqamətləndirməkdir. Ona görə düşünürəm ki, nə vaxtsa müharibələrə son qoyulacaq. Necə ki, biz keçmişə baxıb həmin müharibələrdən bəhs edirik, gələcək nəsil də bizim dövrdən danışacaq. Ən böyük problemimiz müharibədir. Dünyanın büdcəsinin 30 faizi müharibələrə sərf olunur. Halbuki bu pulla uşaqların təhsilini, sağlamlığını təmin edə bilərik. Onda deyə bilərik ki, biz insanıq. Dünyanın müxtəlif nöqtələrində yaşayan insanların eyni bəladan-müharibənin törətdiyi ağrı-acıdan əziyyət çəkməsi isbatlayır ki, bütün bəşəriyyət bir ailədir.
PƏRVANƏ
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.9.