Dəryada duran qocaman dağ
Zaman-zaman müxtəlif simptomlarla təzahür edən
"klassiklərə hücum" meyli bugünlərdə
yenidən özünü göstərdi. Bu dalğada,
dahi şairimiz Mirzə Ələkbər Sabirin də
ünvanına bəzi ifadələr yer aldı. Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anarın bununla bağlı
redaksiyamıza ünvanladığı yazını oxuculara təqdim
edirik.
Şirvanlı Mirzə Ələkbər Sabir Azərbaycan
torpağının və Azərbaycan tarixinin ən
böyük möcüzələrindən biri, damarlarında
azərbaycanlı qanı axan hər bir vətəndaşımız
üçün əbədi qürur mənbəyidir. Sabirə
talantlı şair demək azdır, Sabir dahilər dahisidir.
Doğrudur, zəmanəmizdə "dahi"
sözü də urvatdan düşüb, indi hər yetənə
"dahi" demək su içmək kimi asan olub. Kim kimin cibinə pul basırsa, səhərisi gün
cibinə pul basılan cibinə pul basanı dahi elan edir.
Kamal Abdulla yaxşı deyir ki, indi
"ağlına gələni yox, ağzına gələni
yazanlar meydan sulayır".
Sabir haqqında müxtəlif vaxtlarda (1995-ci ilin
mayısında "İlin Sabir günləri", 2012-ci ilin
mayısında "Dindirir əsr bizi" adlı) iki esse
yazmışdım. Bu gün bu iki mətndəki bəzi fikirləri birləşdirərək
və onlara yeni əlavələr edərək bu qudsal mənəvi
məbədimiz haqqında köhnə-yeni yazı yazmağa"əşəddü
ehtiyac" duydum...
"Hophopnamə"nin bütün şeirləri mənə əzizdir,
məhrəmdir, doğmadır, ürəyimin içindən
xəbər verir. Amma bunların arasında elə
misralar var ki, ən çətin anlarımda dadıma
çatır, mənə təsəlli verir,
ağrı-acılarımı ovudur. Sanki bu sözlərlə
Sabir tək öz dövrünün yox, bütün gələcək
zamanların da cahillərini, paxıllarını, heyvərələrini
birdəfəlik damğalayıb:
Bir
bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz.
Oxumaqdan
payımız yox, yazıdan qismətimiz,
Bu
avamlıqla belə hər sözü təfsir edərik,
Mümkün olduqca müsəlmanları təkfir edərik.
Hər
sözə çuğlaşarıq, hər bir işi
qurdalarıq,
Harda bir
nur görərsək, ona qarşı olarıq,
Bəzinə
diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər
kəs çörək atsa onu təqdir edərik!
Danışıb
söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan
olsun.
Qoy bizim
din evimiz olsa da viran olsun,
Güc verib zikrə, cinan qəsrini təmir edərik.
XX əsrin məşhur romanlarından biri "Yüz ilin
tənhalığı" adlanır. Millətimizin fikir
babaları, qeyrət qalaları Mirzə Fətəli Axundzadəyə,
Həsən bəy Zərdabiyə, Mirzə Cəlil Məmmədquluzadəyə,
Mirzə Ələkbər Sabirə onların öz
çağlarından başlayıb bu günə qədər
davam edən atmacaları, hərzə sözləri oxuduqca
adam "yüz ilin nadanlığı" demək istəyir.
Gəl, gəl,
a yaz günləri,
İlin əziz günləri...
Artıq neçə ildir ki, yaz günləri -
mayısın son günləri işıqlı şeir
bayramı - Sabir poeziya günləri keçirilir. Şairin vətəni
Şamaxıda, Bakıda, başqa şəhərlərimizdə
yazıçılar, alimlər, ədəbiyyat həvəskarları
toplaşır, böyük sənətkarın əziz xatirəsini
rəhmətlə yad edirlər. Amma məgər ilin
bütün qalan günləri - yay, payız, qış
günləri də Sabir günləri deyilmi?Məgər
dəyişən dövrlər, quruluşlar, mühitlər,
dəyərlər içində hər gün, hər saat
Sabiri xatırlamırıqmı? Ömrümüzün
hər anında Ulu Tanrıya Sabir sorğusuyla xitab etmirikmi?
Daş qəlbli insanları neylərdin ilahi?
İstedaddan
yanıq, şöhrət umsuğu üç cüt bir tək
dılğır bütün əxlaq dəyərlərimizi
alt-üst edəndə, əsrlər boyu mənəvi
tapınağımız, ruhumuzu, mənliyimizi,
varlığımızı, dilimizi yaşadan böyük
klassiklərimizə çamur atanda çörəyi bu
klassiklərdən çıxan, onlar haqqında
qalın-qalın kitablar yazıb alim olanlar "dəymə mənə,
dəymərəm sənə", "azacıq aşım,
ağrımaz başım", "mənə nə
düşüb?" "fəlsəfəsiylə"
baş girləyəndə özümüzə
sabirsayağı sual vermirikmi:
Bizdə bu soyuq qanları neylərdin ilahi?
Bir əsrdən
artıqdır ki, Sabir cəsarəti, Mirzə Cəlil hünəri
həyatımızın, məişətimizın,
davranışımızın, milli psixologiyamızın, xarakterimizin
"ayinəsidir" və "bu ayinədə"
özünü əyri görənlər "gözlərini
bərəldir".
Və yenə də keçən əsrin ibtidasında
olduğu kimi "artdıqca həyasızlıq olur el mütəhəmmil"
və yenə də "qeyrətli danosbazlarımız iş
bacarırkən tənbəl dəli şeytanlara" ehtiyac
qalmır.
Acı-acı bir daha dərk edirik ki, "adamı adam eyləyən paradır, parasız
adamın üzü qaradır". Elə
günü bu gün də "çırmanırıq
keçməyə çay gəlməmiş,
başlayırıq qızmağa yay gəlməmiş,
söz veririk indi, bir ay gəlməmiş, asta qaçıb
dürtülürük xəlvətə". Və elə ona görə də "kim nə deyər
bizdə olan qeyrətə, qeyrətmiz bəllidir hər millətə".
Sabir
yazırdı:
Dindirir əsr
bizi - dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi
seyrə balonlarla çıxır,
Biz hələ
avtomobil minməyiriz...
Bu misraların doğulduğu gündən yüz ildən
artıq vaxt keçib. Bakımız dünyada ən çox əcnəbi
avtomobillər olan şəhərlərdəndir. Hava balonları çoxdan sıradan
çıxıb, uçaqlara gəlincə AZAL-ın təyyarələri
yer üzünün hər tərəfinə uçur. Amma tarixin öz qanunları var, texniki tərəqqi
çox vaxt mənəvi inkişafla üst-üstə
düşmür.
Bu şəhrdə
çoxdur, görürəm elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədi
öz malını bu yolda qoyanlar,
Guya ki yatıblar.
Çoban
çoluq oğlu bəy ilə bahəm olubdur
Hamunu bəyənməz.
Gahi
şaha bir tənə vurar, gahi vəzirə
Bax, bax, səni
tarı!
Bəlkə də Sabir heç təsəvvür belə
etməzdi ki, onun keçən əsrdə istehzayla, kinayəylə,
rişxəndlə yazdığı bu sözlər bizim zəmanənin
də gerçəkliyini ifadə edəcək.
Vəkil:
Həqsizə həqli deyib, bir çox günaha
batmışam,
Şair:
Bülbülə, eşqə, gülə dair yalan
fırlatmışam.
Qəzetçi:
Mən cəridəm dolmaq üçün mətləbi
uzatmışam
- sözlərini haçan deyiblər, o
vaxtmı, bu günmü?
Bəs bu aşağıdakı sözlər kimə
aiddir - Sabirin müasirlərinəmi, bizim
çağdaşlarımızamı?
İntiligentik,
bu ki böhtan deyil,
Türki
danışmaq bizə şayan deyil,
Türk
dili qabili-irfan deyil,
Biz buna qail olan insanlarıq.
Ay bərəkəllah,
nə gözəl canlarıq.
Türk qəzeti
versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa.
Çünki
müsəlmanca qonuşmaq bana
Eybdir.
Öz eybimizi anlarıq,
Ay bərəkəllah,
nə gözəl canlarıq!
Sabirin cəhaləti, nadanlığı,
avamlığı görən gözü yoxdu, amma
yalançı ziyalılığın,
yarımçıqlığın, kəmsavadlığın
da barışmaz düşməni idi, qınından
çıxıb qınını bəyənməyən
"intiligentlərin" qənimi idi. Yerində deyirdi ki:
Mənəm,
mənəm deyənlərin inanma çox da qövlünə
Gərəkli
gündə onların qıçındakı fərarı
gör!
Bu
intiliktlərin sözün gətirmə heç
aralığa
Oları
görmək istəsən, şərabı gör, qumarı
gör!
Palitkaqadır
hər işləri, alışları, verişləri,
Olarda bir əməl
fəqət quru boş iftixarı gör!
Televiziya
ekranlarından, mətbuat səhifələrindən heç
kəsi inandırmayan şit təbliğat axın-axın
axdıqca yenə Sabirə rəhmət oxuyuruq:
Vəz
etdiyin inandı,sən amma inanmadın!
Rüşvət
haramdır- dedin, aldın, utanmadın!
Azərbaycanın
nə qədər qədim olsa da o zaman kiçik əyalət
şəhərində sabun bişirərək külfətini
dolandıran Sabir İranın, Osmanlının, Rusiyanın,
ümumən bütün dünyanın problemlərindən
peşəkar siyasətçi kimi, dərin mütəfəkkir
kimi baş açır, ölkəsini şəxsi ciftliyi
kimi görən, "mən şahi-qəvişövkətəm,
İran özümündür, İran özümün, Rey,
Təbəristan özümündür" -deyən Məmdəlini
lağa qoyur, "Osmanlılar, aldanmayın Allahı sevərsiz,
iranlı kimi yanmayın, Allahı sevərsiz"- deyə
Anadolu türklərinə xəbərdarlıq edirdi.
Sabir
türk dünyasını bütövlükdə görə
bilən, vəhdətdə dərk edən, onun daxilindəki
çəkişmələri tarixi ardıcıllıqla qələmə
alan ilk şairlərdəndir:
Turanlılarız,
adiyi-şüğlü-şərəfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz
biz.
Əhsən
bizə! Həm tirzəniz, həm hədəfiz
biz.
Öz qövmümüzün başına əngəlkələfiz
biz.
Qanlı
qardaş qırğınlarından şairin
çıxardığı nəticə əbədi
düstur kimi dəqiq və dürüstdür:
Ol qədr
qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq.
Sabirin böyük dostu Abbas Səhhət "Vətəni
sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan
olmaz" -deyirdi. Gerçəkdən də vətəni
sevməyən insanı, illah da vətəninə biganə
şairi təsəvvür etmək çətindir. Amma sevginin də çeşidləri var. Şair var
ki, ölkəsinin dağlarını, bağlarını,
şərəfli keçmişini, işıqlı gələcəyini
vəsf edir. Şair də var ki,
Ey dərbədər
gəzib ürəyi qan olan çocuq,
Ey
ehtişamı-milləti talan olan çoçuq! - deyə ağlayır.
Vicdanın
nə qədər dərin qəflət yuxusunda
olmalıdır ki, Sabirin bu ürək dağlayan fəryadını
bayağı meyxanalara tay tutasan.
Səttarxanı tərənnüm edən Sabir, yenə
də Səhhətin təbirincə, "İran məşrutəsinə
bir ordudan ziyadə xidmət göstərmişdir". Türkiyənin
böyük mizah yazarı Əziz Nəsin nəşr etdiyi dərginin
hər sayına Sabirin bir şeirini qoyur və "sağ
olsun Sabir, bu gün də bizimlə omuz-omuza mücadilə
edir" - deyirdi. Sabir böyük Nazım
Hikmətin də ən çox sevdiyi şairlərdən idi.
Sabirin yorulmaz tədqiqatçısı və təbliğatçısı
unudulmaz alimimiz Abbas Zamanov Sabiri ÖZ dövrünün
nakişiləri arasında "Kişi şair"
adlandırırdı. "Hophopnamə"ni səhifə-səhifə
toplayıb gələcək nəsillərə
çatdıran Abbas Səhhət böyük dostunun ədəbiyyatımız
qarşısında misilsiz xidmətini çox dəqiq səciyyələndirib:
"Sabir... köhnə şeirlə yeni şeirlər
arasında bir əsrlik qədər uçurum yaratdı ki,
bir daha geri dönüb də bu uçurumu atlanmağa kimsədə
cürət və cəsarət qalmadı".
Ey
alnın ay, üzün günəş, ey qaşların kəman,
Ceyran
gözün, qarışqa xətin, kakilin ilan
- tipli ənənəvi
şərq poetik təşbehlərini təkrar edib şeirini
Qah, qah! Qəribə
gülməlisən xaniman xərab!
- misrasıyla bitirən Sabir epiqonçu nəzm
gələnəyinə öldürücü zərbə
endirdi.
Sabir
böyük Füzulini sevməyə bilməzdi,
özünün də füzuliyanə lirik qəzəlləri
az deyil. Amma Füzulinin ən
incə qəzəllərini satirik məqsədlərlə
istifadə edərkən şair, çox sonralar dəbə
düşmüş postmodernist
inkarçılığından fərqli olaraq, buna
aşağılamaq kimi yox, konkret bədii vasitə kimi
baxırdı.
"Öz
vətəni özünə zindan kəsilən" şair
Əşhədü
billah Əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar.
Yox yeni
bir dinə yəqinim mənim,
Köhnə
müsəlmanam, a şirvanlılar - desə də möminlərin
gözündə "dini-imanı azıbdı, babadı"
damğasıyla yaşadı və ona görə də qəlbinin
ən dərin guşələrindən gələn fəryadla:
Harda müsəlman görürəm, qorxuram - yazdı.
O
dövrdə, o mühitdə, o şəraitdə belə
sözləri dilə gətirmək nə qədər
böyük cəsarət tələb edirdi! Amma
axı Sabir həyatdakı qismətini də bilirdi, vəzifəsini,
missiyasını da dəqiq dərk edirdi.
Şairəm,
çünki vəzifəm budur əşar yazım
- deyərək onu da qeyd edirdi ki,
Necə mən dörddə birin
yazmağa eymən deyiləm,
Qorxur on dörddə
birin yazmağa həm əhli-qələm.
"Minlərlə məlamət ləpəsi ilə
döyülən", "dəryada durub qocaman bir dağa bənzəyən"
şair gördüklərinin heç dörddə birini də
yaza bilməyib. O biri əhli qələmlər isə gördüklərinin
on dörddə birini də yazmağa qorxurlar. Sübh
gəldiyini zənn edib ötən səhər quşunun
daş-kəsəklə qanadını qırırlar.
Eylə
bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız
banladım.
Səng şikəst eylədi
balü pərim,
Banlamağın
hasilini anladım.
"Banlamaram,
banlamaram bir daha" deyə "tövbə" edən
şair əlavə edir:
Banlamamaqdır
sizə əhdim mənim,
Söyləmirəm:anlamaram bir daha
Düşünən, öz dəyişməz əqidəsinə
sadiq qalan, külək hansı səmtə əssə o səmtə
dönməyən bütün böyük insanlar kimi Sabirin də
qəlbinin ən sağalmaz yarası - anlamaq dərdi idi.
"Görmə"-
deyəndə görməyən, "dinmə" deyəndə
dinməyən, "eşitmə" deyəndə eşitməyən,
"gülmə" deyəndə gülməyən insan, əgər
o doğrudan da əsl İnsandırsa, "qanma" deyəndə
"bacarmam" cavabını verir.
İnsan yaşayırsa, yaşadıqca anlamaya, qanmaya
bilməz. Anlayırsa, qanırsa, yanmaya bilməz.
Mən
belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm.
Derlər
utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bilmirəm.
Derlər
usan, hərzəvu hədyan demə,
Guc gətirir dərd, usana bilmirəm.
Məsələ bundadır. Dərd güc gətirəndə
necə usanasan? Anlamaq - İnsana Tanrı tərəfindən
verilən elə bir nemət və elə bir biz əziyyətdir
ki, onu heç bir təzyiqlə, heç bir təqiblə,
yuxarıdan ya aşığıdan edilən heç bir
hücumla yasaqlamaq olmur. Anlamamaq üçün
yalnız tək bir çıxış yolu var:
Derlər,
a qanmaz, de yıxıl, öl, qurtar,
Hə,
balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət
ondan o yana bilmirəm!
Amma
ömrünü məşəqqətlər içində
yaşamış Sabir ölümün də nazını
çəkməli oldu:
İstərəm
ölməyi mən, leyk qaçar məndən əcəl!
Gör nə bədbəxtəm, əcəldən də
gərək naz çəkəm.
Ölümqabağı
acıdan acı etiraflar:
Arizi qəmlər
əlindən ürəyim şişmiş idi,
Zənn edirdim, edəcəkdir ona çarə cigərim.
Bəxti
mənhusimə bax, mən bu təmənnada ikən
Başladı şişməyə indi üzü qarə
cigərim.
Mənə
bəd keçdi şəhri-Şirvanda,
Mərəzim şiddət etdi hər yanda.
Bir tərəfdən
təvərrümi-cigərim,
Bir tərəfdən ürəkdəki kədərim.
Sabir ürəyinin kədərini duymaq üçün
gərək ən azı ürəyin olsun.
Ürəkdəki kədərinə, qəmlər üzündən şişmiş vərəmli cigərinin ağrısına, ömrü boyu yaşadığı məhrumiyyətlərə, tənələrə, təhqirlərə, hədələrə rəğmən Sabir öz gələcəyinin böyük həqiqətini də bilirdi, əbədi və ədəbi taleyindən arxayın idi, ölümsüzlük həddində yerindən də agah idi.
Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnada durar.
Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim,
Bənzərəm bir qocaman dağa ki, dəryada durar.
Nə qəm
uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə, məramım yenə
dünyada durar.
Bir əsrdən
artıqdır ki, dərsə gedən bir uşaq - bir xalq -
buz üstünə çıxır, sürüşüb
birdən-birə üzü üstə düşsə də
buza meydan oxuyur:
Sən nə
yamansan, a buz,
Adam
yıxansan, a buz,
Az
qalıb ömrün sənin,
Yaz gələr artar qəmin.
Hər gələn yaz Sabirin yazıdır, Sabirin
yazısıdır. Sabir günlərinin yazı, Sabirin
alın yazısı.
Kim nə
deyir desin, kim nə yazır yazsın, hər
yaz - mayısın son günlərində - heç bir vaxt
ölməmiş Mirzə Ələkbər Sabir -Şairlər
Şairi - yenidən aramızda görünür. Əbədi Sözüylə, əbədi dərdiylə,
əbədi umudlarıyla.
22 may
1995, 24 may 2012, 12 sentyabr 2015
ANAR
525-ci qəzet.- 2015.- 15 sentyabr.- S.7