Yeni teatr mövsümü Gəncədən başladı

 

Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı  Gəncə şəhərində olub. Bu münasibətlə şəhərdə  teatr incəsənət bayramı da keçirilib.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayevin qatıldığı  mərasimdə  tanınmış teatr incəsənət xadimləri, respublika teatrlarının rəhbərləri, şəhər içtimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları şəhərin sənət məhəlləsi kimi tanınan Cavad xan küçəsi boyunca  təşkil olunan sənət səhnə bayramına qatılıblar. Burada şəhərin peşəkar özfəaliyyət musiqi kollektivləri rəngarəng proqramla çıxış ediblər, uşaq yaradıcılıq mərkəzlərinin yetirmələri öz əl işlərini nümayiş etdiriblər, həmçinin Gəncə teatrlarının aktyorları, eləcə məktəblərin dram dərnəklərinin uşaqları  müxtəlif tamaşalardan səhnələr göstəriblər.

 

Qonaqlar həmçinin Məhsəti Gəncəvi adına İncəsənət Mərkəzini  ziyarət edərək, Gəncə rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

"Gəncədə yeni teatr mövsümünün açılışı yaddaqalan tədbirlərlə bol idi. Ən maraqlısı odur ki, Gəncənin istər peşəkar, istər həvəskar sənətsevərləri, xüsusən uşaq yaradıcılıq kollektivləri, məktəblilər, onların müəllimləri çox böyük sevgi ilə rəngarəng yaradıcılıq nümunələri göstərdilər. Bu da onu sübut edir ki, burda xüsusən gənc nəslin teatra marağı çoxdur bu şəhərin teatr mühiti yüksəkdədir"-deyə, Ə. Qarayev bildirib.

 

Teatr bayramı ərəfəsində Gəncə Dövlət Kukla Teatrının binasının əsaslı təmiri yekunlaşıb. Qonaqlar onun açılışında da iştirak ediblər. 19-cu əsrdə tikilmiş məbəddə yerləşən bu teatrın tamaşa salonu genişləndirilib, seyrçi yerlərinin sayı 135-dən 185-ə çatdırılıb.

 

Axşam isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasının premyerası ilə Azərbaycanın yeni teatr mövsümünə start verilib.

 

Zakir MURADOV

Gəncə

 

 

525-ci qəzet.- 2015.- 15 sentyabr.- S.7.