İslam bəy Qəbulzadə - Azərbaycanın
maarif çırağı və istiqlal şəhidi
Azərbaycan tarixində indiyədək layiqli dəyəri
verilməmiş görkəmli şəxsiyyətlərimizdən
biri də həyatını millətimizin maariflənməsinə
fəda etmiş, Azərbaycanın azadlığı və
xoşbəxtliyi yolunda şəhid olmuş İslam bəy
Hacı Pirməhəmməd bəy oğlu Qəbulzadədir. Başlıca olaraq AR
Dövlət və Tarix Arxivlərinin, AR Prezidenti yanında
Siyasi Sənədlər Arxivinin və Gürcüstan Mərkəzi
Tarix Arxivinin sənədlərindən yararlanaraq hazırladığımız
bu məqalə İslam bəyin bütün həyatını
sənədlərlə işıqlandıran ilk ən
geniş yazıdır. Təəssüf ki, qəzetin
texniki imkanları məhdud olduğuna görə burada
qaynaqları dəqiq qeyd edə bilmədik, ancaq maraqlanan şəxslərə
istənilən cümlənin qaynağını göstərə
bilərik.
ÖYRƏNİLMƏSİ
TARİXİ
Milli aydınlarımıza qənim kəsilmiş
kommunist rejiminin 41 yaşında amansızlıqla məhv
etdiyi İslam bəyin həyat və fəaliyyəti,
çox təəssüf ki, bugünədək ayrıca elmi
araşdırma mövzusu olmayıb. Bu haqda indiyədək
yalnız dörd gözəçarpan yazı və qeyd ortaya
qoyulub. Onlardan birincisi hələ 1923-cü ildə
qardaş Türkiyədə nəşr olunan "Yeni
Kafkasya"nın 5-ci sayında "Azərbaycanlı Gültəkin"
imzası altında "İstiqlal şəhidləri"
rubrikasında verilmiş "Müəllim Qəbulzadə
İslam bəy" adlı məqalədir. Yazının
müəllifinin görkəmli ədəbiyyatşünas
Əmin Abid olduğunu düşünürük. Orada İslam bəyin həyatı və fəaliyyəti
haqqında maraqlı faktlar əksini tapıb. Məqalədə
oxuyuruq:
"Qızıl rus istilası üzərinə
cami-şəhadəti (şəhidlik camını) içən
Azərbaycan istiqlal qurbanlarından birisi də müəllim Qəbulzadə
İslam bəydir.
Qətl və
edam üçün intixab elədikləri
münəvvəran (aydınlar, ziyalılar) qismindən
bolşeviklər bilxassə milliyyətpərvər müəllimlər
içərisindən pək mühüm və qiymətdar zəvatı
(şəxsləri) öldürmüşlərdir.
Böyük müəllim Köçərlidən sonra bu
milliyyət düşməni zülmkar qüvvət İslam
bəyi də edam eləmişdir.
Mərhum İslam bəy rus məktəblərinin əksi-təsiri
altında yetişmiş bir münəvvərdi. Qüvvətli
rus tərbiyəsinin dar çərçivəsi içində
boğulan ruhu ta kiçikliyindən bəri ufaq bir
qıvılcım daşıyordu. Yaşı
ilərilədikcə böyüyən bu
"qıvılcım", nəhayət, kəndisini Qori
darülmüəlliminini (müəllimlər
seminariyasını) bitirdikdən sonra türk diyarını
dolaşmağa sövq etdi. Bir aralıq
İstanbula qədər səyahət yapdı. Gəncliyinin hərarətli zamanı Bakı və
Azərbaycanın sair nöqtələrində ibtidai məktəblərində
azəri övladlarına qüvvətli təlqinlər verməklə
keçirən bu qəyyur (qeyrətli) müəllim heç
bir ictimai hərəkətdən geri qalmadı. İqtidarı fövqündə
(bacardığından artıq) çalışdı və
çabaladı.
Bir tərəfdən müəllimlik kibi ağır bir
vəzifəyi müvəffəqiyyətlə ifa edərkən
digər tərəfdən türk çocuqlarına məxsus
hekayələr yazmaqdan, məqalələr nəşr etməkdən
çəkinməmişdir. Mumileyh (adı çəkilən)
Azərbaycanda ilk dəfə olaraq türkcə mükəmməl
bir hesab dərsliyi vücuda gətirmişdir.
O,
çok fəal bir zəka idi. Çalışmağı
etiyad (vərdiş, alışqanlıq) sananlardandı.
Müxtəlif cəmiyyətlərin işlərinə
də qarışırdı. "Səfa"
kibi maarif cəmiyyətlərində katibi-ümumilik vəzifələrində
dəxi bulunmuşdur.
Mərhum müəllim Rusiya inqilabına qədər
(1917-ci ilin Fevral burjua inqilabı nəzərdə tutulur -
O.T.) Bakıda 5-ci müsəlman və rus ibtidai məktəbində
türkcə müəllimi idi. Bu vəzifəyi
həqqən parlaq bir surətdə yaparaq bütün
arkadaşlarının hüsni-təvəccöhünü
qazanmışdı. Müstəqil Azərbaycan
hökumətinin təşəkkülünü mütəaqib
(yaranışından sonra) doğduğu yerə - Zaqatalaya
gedərək orasını tənvir etməyə
(nurlandırmağa, işıqlatmağa)
çalışmışdır. Bu nahiyədə
rəsmən maarif müfəttişi idi. Fəqət
o, bu məmuriyyətiylə iktifa etməmiş (kifayətlənməmiş),
pək qaranlıqda qalan mühitinin ictimai, tərbiyəvi
nöqsanlarını gedərməyə, milli və elmi
ehtiyaclarını tətmin etməyə sərfi-həyat
etmişdir. Bilxassə nahiyənin məktəblərində
təqib edilən əski üsulları böyük
mücahidələrdən sonra yıkıb atmış və
yerində yeni təşkilat vücuda gətirmişdir.
Bununla qalmamış, əhalinin hər işinə
qarışmışdır. Onların
ehtiyaclarını tədqiq etməyi sevmişdir. Hətta
Zaqatalanın müntəzəm ehsaiyyatını
(statistikalarını) da tərtib etməyə müvəffəq
olmuşdur ki, bu
xidməti də mövqeyinə görə çox əhəmiyyəti
haizdir.
Müəllim Köçərli kibi İslam bəy də
milliyyətpərvər və demokrat bir cərəyana mənsub
olub Müsavat firqəsinin fəal əzasından idi. Ümumi
konqrelərdə daima katiblik vəzifəsini ifa edərdi.
İslam bəyi bir çok fəal bir türk tələqqi
ediyoruz. Daha gənc yaşında ikən həyatına vəhşicəsinə
nəhayət verilməsi türk münəvvərliyinin qəlbini
acıtdı. Məmafih onun Azərbaycan
istiqlalının qafileyi-şühədasına iltihaqı
(şəhidlər cərgəsinə qoşulması)
bütün vətənpərvər azəri xalqının
xatiratına gömülməyi təmin etdi ki, kəndisini
böyük və müqəddəs məfkurənin
qurbanı görməklə bəxtiyar ədd eləriz.
Sırf elm və maarifə xidmət edən bu
türk müəllimini parçalamaqdan çəkinməyən
alçaqları bizimlə bərabər, heç şübhəsiz,
bütün cahan mədəniyyəti də təlin edəcəkdir
(lənətləyəcəkdir)".
"Azərbaycan qadını" jurnalında Elvira
İbrahimovanın "Nurlu ömür" məqaləsi yer
alıb. Daha çox şifahi qaynaqlardan
yararlanılmış bu yazı, bizcə, jurnalın redaktoru,
damarlarında Qəbulzadələrin qanı axan Xalidə
xanım Hasilovanın verdiyi bilgi və bəlgələrlə
zənginləşib. Bir çox
yanlışlarına baxmayaraq, həmin məqaləni
İslam bəyin ömür yolundan söz açan ciddi qaynaq
saymaq olar.
Müəllif
yazır: "İslam bəy Zaqatala dairisinin Qax kəndində
dünyaya göz açmışdır. [...] O, Qazan
darülfünununda oxumuş, sonra İstanbula gedib təhsilini
davam etdirmişdir". İş
burasındadır ki, İslam bəyin Qazanda oxuması
haqqında onun sənədlərində heç bir qeyd yoxdur.
Türkiyədə oxumasını isə
Hacı Səlim Axundzadə təsdiqləyib.
"525-ci
qəzet"də Azərbaycan Cümhuriyyəti Parlamentinin
üzvü Abdulla əfəndi Qəbulzadəyə (1853-1943)
həsr etdiyi məqaləsində İslam bəydən də
söz açan professor Ədalət Tahirzadə İslam bəy
Qəbulzadədən də söz açaraq yazır: "Azərbaycanın
ən qabaqcıl maarif işçilərindən və
ictimai-siyasi xadimlərindən biridir.
Tərcümeyi-halıyla bağlı müxtəlif əfsanələr
dolaşmaqdadır. Biz onun Azərbaycan Tarix Arxivindəki
(ARTA) şəxsi işində saxlanan, 15 dekabr 1913-də tərtib
edilmiş qulluq siyahısına əsasən ömür yolu
haqqında qısa, ancaq ən düzgün bilgini veririk".
Adını
çəkdiyi sənədə söykənən alim qeyd
edir ki, "İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində
doğulub. Zaqatala 4-sinifli şəhər məktəbini
bitirib (31.5.1897). İbtidai məktəb
müəllimi və türk dili müəllimi adı
almaqçün Bakı şəhər birinci gimnaziyasında
imtahan verib. Hacı Səlim Axundzadənin
(1872-1930) bildirdiyinə görə, o, "İstanbulda
Rüşdiyyə məktəbində türk dili oxuyub"
(ancaq Rusiyada həmin təhsil nəzərə
alınmadığına görə sənədlərində
bunu göstərməyib). 10 avqust 1905-də
Qax normal məktəbinə türk dili müəllimi təyin
edilib. 27 sentyabr 1910-da Bakı şəhər
5 saylı rus-türk məktəbinə müəllim əvəzi,
1 aprel 1911-də isə müəllim təyin edilib.
İslam bəy 25 avqust 1913-də yaxın qohumu Firuzə
xanım Qəbulova (d. 15.10.1896) ilə ailə qurub. Firuzə
xanım 1916-da hamiləykən ağır xəstələnib.
Onun sonrakı taleyi bizə bəlli deyil...
İslam bəy XX yüzilin
başlanğıcındakı ən fəal milli
aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl
maarifçi kimi tanınmışdı. Onun
"Qəvaidi-lisani-türki" (1902) adlı dərsliyindən
Azərbaycan məktəblərində türk dili müəllimləri,
"Rəhbəri-hesab" (1910) dərsliyindən isə
riyaziyyat müəllimləri uzun illər yararlanıb.
Hələ Qaxda dərs deyərkən mətbuatda
çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən
sonrasa fəaliyyəti daha da genişlənib. 1914-də "Səfa" cəmiyyətinin katibi
seçilib.
1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz
qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy
Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata
yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya
hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin
komissarı təyin edib. Xatırladım
ki, o zaman "komissar" ərazini idarə edən qurumun
başçısı deməkdi. Gürcüstan
Tarix Arxivindən üzə
çıxardığımız bir çox sənədlər
İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz
mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin
mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya
parlamenti - Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir
müsavatçı kimi buraya deputat seçilib (28.2.1918).
Seym öz üzvlərindən onu və Hacı
Səlim Axundzadəni Şəki-Zaqatala bölgəsindəki
milli münaqişələri öyrənməyə göndərib.
Bu zaman gürcü quldurları onu tutaraq işgəncə
veriblər. Bundan sonra İslam bəy bir
daha Tiflisə dönməyərək Seym üzvlüyündən
çıxıb (8.4.1918) və yenə Qaxda müəllimlik
edib.
Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək
istiqlalımızı möhkəmlətmək yolunda
çarpışıb.
Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2.12.1919-da Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zamanı məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb.
Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmmədəmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "istiqlal şəhidləri" adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib.
Qaniçən kommunistlər təkcə İslam bəyi deyil, onun bütün soyunu amansızcasına məhv etməyə çalışdılar və bunu xeyli bacardılar".
Göründüyü kimi, Ə.Tahirzadənin bu qısa qeydləri İslam bəyin ömür yolunun ana xətləri haqqında təsəvvür yarada bilir.
(Ardı var)
Oğuztoğrul
TAHİRLİ
525-ci qəzet.- 2015.- 15 sentyabr.- S.6.