Böyük yolumuza atılan daşlar
AVROPA PARLAMENTİNİN QƏRƏZ QƏTNAMƏSİ
Azərbaycan dövlətinə, millətimizə, müstəqilliyimizə, istiqlalımıza qarşı daha bir məkrli addım atmağa cəhd göstərilib. Dünyada siyasi ağalıq
iddiasında olan müəyyən güclərin diktəsi, təhriki,
təhdidi və çox yerə girə bilən
araqarışdırıcı barmaqlarının vasitəsilə
Avropa Parlamentində 2015-ci il sentyabrın 10-da əvvəlindən
sonunacan bizə qarşı kin, qəzəb, qərəz
püskürən və siyasi ayağısürüşkənlik
və ləçərliyin ən murdar örnəklərindən
olan qətnamə ortaya çıxarılıb.
Terror yalnız sentyabrın 11-də qoşa göydələnlərə
çırpılan təyyarələr və qanları su
yerinə axıdan partlayışlar, növ-növ qətllər,
sui-qəsdlərlə olmur.
Avropa Parlamentinin alnındakı çoxsaylı
özünüifşa damğalarından biri kimi qalacaq bu qətnamə
ölkəmizə, dövlətimizə, millətimizə
qarşı açıq siyasi terror nümunəsidir və
onillərcə terrorizmin dəhşətlərinə məruz
qalmış Azərbaycan indi mütləq səsini
qaldırmalıdır.
Elə bir hadisə baş verib ki, elə bir təxribat
törədilib ki, bunun cavabını yalnız dövlət təmsilçiləri,
siyasətçilər, elm adamları deyil, bütün xalq
verməlidir.
Çünki bizim hamımız üçün ali olan dəyər Azərbaycandır,
uğrunda çox mübarizələr
apardığımız, çox qurbanlar verdiyimiz dövlət
müstəqilliyimizdir.
Avropa
Parlamentinin bu qətnaməsi dövlətimizi sarsıtmaq,
nüfuzdan salmaq, hər bir vətəndaşımıza
canı tək əziz və gərəkli olan
istiqlalımıza zərbə vurmaq, nəticə etibarilə
bizi gözüqıpıq, yarım, yaxud tam asılı
duruma gətirmək, yurdumuzu müstəmləkəvari,
düyməsi qıraqdan basılan psevdosuveren ölkəyə çevirmək məqsədi
güdür.
Avropa Parlamenti riyakarlığın ifrat nümunəsini
nümayiş etdirərək, adətən, bu qəbil sənədləri,
sən demə, ölkəyə, xalqa olan ehtiramının,
qayğısının, onu daha azad, firavan görmək niyyətinin
ifadəsi kimi qələmə verir.
Həqiqətsə
tam əksinədir!
Bu şərnamə-qətnamə
Azərbaycan dövlətini və xalqını dünyada
gözdən və nüfuzdan salmağa, inkişafdan,
dünya birliyi ilə daha sıx təmaslardan saxlamağa, bizi
təcrid vəziyyətinə salmağa, ölkədəki
sabitliyi, yekdilliyi pozmağa köklənmiş, müstəqil
dövlətin və millətin heysiyyətini tapdalayan təhqiramiz
bir sənəddir. Ona görə də həmin
qətnaməyə etirazını bütün xalq bildirməlidir.
Bu iftira, böhtan və yalan dolu şeytan səhifələrinə
qarşı Azərbaycanın dörd bucağından, hər
kənddən, qəsəbədən tutmuş paytaxtadək
bütün insanlarımızın qəzəb səsi
ucalmalıdır.
Sizin silahınız imzanızdır, dövlətimizi, Vətənimizi
və bütövlükdə millətimizi müdafiəyə
yönələn məktublarınız, müraciətlərinizdir.
Mən
bütün xalqımızı çağırıram ki,
Avropa Parlamentinə, həmin sənədə ya bilərəkdən,
ya aldadılaraq səs vermiş bütün oralı deputatlara
üz tutsun! Altında yüzlərlə, minlərlə
imzalar olan məktublar göndərin, rədd edin, qəhr edin
o qətnaməni!
Azərbaycana
qarşı belə həyasız tərpənişlərə
bu cür mütəşəkkil xalq cavabları gələcəkdə
onların təkrarlanmasının qabağını kəsər,
hələ zəhərli dişlərini qıcayaraq pusquda
dayananların, sabah bizə qarşı
törədilməsi ehtimal edilən, daha ağır fəsadlar
doğura biləcək quduz həmlələrin
qarşısını indidən alar.
Ən
mühümü isə, guya Azərbaycan xalqının mənafeyi
naminə, Azərbaycan xalqını xoşbəxt etmək məqsədilə,
amma düşməncəsinə yazılmış, bu ölkəni
və xalqı təhqir edən o qətnaməyə yüz
minlərlə soydaşımızın kütləvi
etirazı Qərbin ikiüzlülüyünü ifşa edər,
iç üzünü açar. Bizi çökdürmək,
fəlakətlərə düçar etmək,
qazandıqlarımızdan və yüksəlişlərimizdən
məhrum qoymaq ehtirası ilə alışan qüvvələrə
də anladar ki, bu xalq sizin fərz etdiyiniz qədər də
sadəlövh deyil, bu xalq öz istiqlalının, dövlət
müstəqilliyinin keşiyindədir, sizlər belə
üfunətli kağız parçaları ilə Azərbaycan
dövlətini, Azərbaycan xalqını haqq yolundan döndərə
bilməzsiniz, bu sarsılmaz birliyi laxlatmağa, ona çat
salmağa nail olmaq xülyalarınız xəbis ürəklərinizdəcə
boğulacaq!
Azərbaycana tolazlanan bu qəbil qara daşlar son ucda hər
birimizin başına, hər birimizin taleyinə
tuşlanıb. Azərbaycanımıza qarşı bu həqarət
cavabsız qala bilməz. Çünki bu, milli qeyrət
məsələsidir!
Əgər içərimizdən kimlərisə onlarla
səs-səsə görsəniz, təəccüblənməyin. Demək, elə
bunlar da onlardandır, onların qısqırtdıqları,
onların buyuruq qullarıdır. O cür milli xainləri
ikrahlarınızla baş-başa buraxın, onların cəzasını
vaxt və həyat tədricən özü verəcək.
Böyük
düşmənlər bir az uzaqdadır və
heç də az deyil. Həm də düşmən
təkcə erməni, onun lobbisi, erməninin arxasında
duranlar deyil. Avropadan Amerikayadək
çeşid-çeşid gözügötürməyənlərimiz,
istəməyənlərimiz, bədxahlarımız var. Onlar -
əsl düşmənlər olmasaydı, onların
buralardakı sapı özümüzdən olan və əməlləri
ilə, sözləri ilə ürəkbulandıran əlaltıları,
yolunu azmış iradəsiz, satqın nökərləri də
olmazdı.
Ona
görə də Avropa Parlamentinin Azərbaycana qarşı
natəmiz qətnaməsinə nifrətlərinizi ifadə edən
məktubları yazmağa, imzaları toplamağa elə
bugündən başlayın, əziz vətəndaşlarımız!
lll
Bilənlər bilir, bilməyənlər
üçün bir qədər xırdalayaq mətləbi. Bu qətnamənin
saxtakar mahiyyətini, yalan və böhtanlarını, qərəzkarlığını,
hansı səbəbdən yaranıb, nə məqsədlər
güddüyünü açıqlayaq.
Avropa
Parlamentinin Azərbaycanla bağlı 2840 saylı "Qətnamə
üçün təklif" adlı bu sənədinin
qurumdakı 6 siyasi qrupun irəli sürdüyü layihələrin
müştərək nəticəsi kimi ortaya
çıxarıldığı bəyan edilir.
Hələ heç mətnə keçməmişdən
qərəz və saxtakarlıq buradanca başlanır.
Avropa Parlamenti simasını bunca itirməsəydi, Azərbaycana
növbəti çirkabı atmağa bunca hərisliklə
girişərək qayda və qanunlara bu qədər saymazyana
yanaşmasaydı, öz nizamnaməsinin təməl tələblərini
unutmasaydı, layihəni əvvəlcə həmin 6 siyasi
qrupda müzakirə etməliydi.
Yəni
Avropa Parlamentinin Sosial-demokratlar, Avropa mühafizəkarlar və
islahatçılar, Avropa liberal demokratlar alyansı, Avropa vahid
solçular, Yaşıllar, Avropa azadlıq və birbaşa
demokratiya qruplarının hər birində əvvəlcə
həmin sənəd ətraflı müzakirə olunmalı,
səsə qoyularaq qəbul edilməli, sonra isə Avropa
Parlamentinin plenar iclasına çıxarılmalı idi.
Bu vacib şərtə əməl edilməyib, ciddi
prosedur pozuntusu və saxtakarlığa yol verilib, faktiki olaraq təsdiqlənməmiş
sənəd artıq partiya qruplarında, guya qəbul
edilmiş qətnamə adı ilə parlamentin səsverməsinə
çıxarılıb.
Nəyin bahasına olursa-olsun qətnaməni təsdiqlədib
keçirmək məqsədi güdən Avropa Parlamentinin rəhbərliyi
blef işlədib, kələkbazlıq yolu ilə bu oyunun
bilavasitə iştirakçısı olmayan xeyli deputatı
da çaşdırıb.
İş ondadır ki, iri beynəlxalq təşkilatlarda
belə qayda var ki, bu qəbil sənədlər öncə
maddə-maddə, sonra isə bütöv halda, adətən,
komitə və partiya qruplarında müzakirə edilir, səsverməyə
çıxarılır.
Artıq ümumi iclasda yenə həmin maddələr və
sənəd bütövlükdə müzakirə edilərkən
mübahisəli məqamlarla əlaqədar komitədə, ya
partiya qrupunda rəsmən hansı mövqeyin ifadə edildiyi
soruşulur. Elan ediləndə ki, komitənin, ya partiya qrupunun rəyi
müsbət, yaxud mənfidir, bu, ümumi səsverməyə
mütləq təsir edir. Yazılmamış
bir qaydaya və ənənəyə görə, adətən,
heç ilkin müzakirələrdə iştirak etməmiş,
məsələnin mahiyyətini çox da dərindən bilməyən
deputatlar da komitə, ya partiya qrupunun elan olunan rəyinə
uyğun səs verirlər.
Komitə, ya qrup mənfi deyibsə, mənfi, müsbət
deyibsə, müsbət.
Təbii
ki, Azərbaycana qarşı bu siyasi şounu səhnələşdirən
ssenari müəllifləri, rejissorlar, okeanın o tayından
uçub gələn tapşırığın canfəşan
icraçıları böyük beynəlxalq təşkilatların
iş üsuluna xas olan belə xüsusiyyətdən xəbərdar
idilər. Ona görə də qətnaməni artıq siyasi
qruplarda qəbul edilmiş bir sənəd kimi plenar iclasa
çıxarmaqla deputatları həm aldatmış, həm də
onlara psixoloji təsir göstərmiş olublar: yəni bu sənəd
artıq siyasi qruplarda diqqətlə baxılaraq qəbul
edilib, siz, sadəcə, onu təsdiqləyirsiniz.
Və plenar iclasda bunca həssas məsələnin
müzakirəsi nə qədər çəksə
yaxşıdır?
20 dəqiqə!
20 dəqiqəyə
bu qətnaməni başdan-axıradək heç əməlli-başlı
oxuyub qurtarmaq olmaz!
Həmin 20 dəqiqədə isə danışmaq
fürsəti kimlərə verilib? Təbii ki, irəlicədən
qurulmuş ssenari üzrə o adamlara ki, Azərbaycan əleyhinə
birmənalı olaraq qərəzli mövqeyə malikdirlər
və bunu da əvvəllər dəfələrlə həqiqətləri
baş-ayaq çevirən, göz görə-görə
ağa qara söyləyən sırtıq
çıxışları ilə isbata yetiriblər.
Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş, erməni
mənşəli italyan deputat Laura Acea kimilərin bir-birini əvəz
edən və 20 dəqiqəni antiazərbaycan irini ilə
dolduran çıxışlarına, hər halda, biganə
qalmayan, susmamış vicdanlarının hökmü və
sönməmiş ədalət hisslərinin tələbiylə
cavab verənlər də tapılıb.
Baxıblar ki, belə replikalar başqalarında da tərəddüd
oyada bilər, ona görə də tələm-tələsik
qətnaməni səsə qoyub təsdiqləyiblər.
Əgər yenə güman eləyirsinizsə ki, ikinci
növ, əskik sayaraq yuxarıdan aşağı
baxdıqları ölkələri səsvermədə,
seçkidə, səsləri saymada ittiham etməyə
alışmış Avropa pəzəvəngləri özləri
belə əməllərdən uzaqdırlar, möhkəm
yanılırsınız. Lap küpünə girirlər!
Uzağa niyə gedək?! Avropa Şurasında
neçə dəfə şahidi olmuşam ki,
abırsız-abırsız, hamının üzünə
baxa-baxa səsvermələri necə
saxtalaşdırıblar, nəticələri necə dəyişiblər.
ABŞ-ın prezident seçkilərində çox da
köhnə olmayan tarixlərdə nəticəni
kökündən dəyişib kəlləmayallaq edən əhvalatlardan
dünya agahdır.
Ancaq nə
dəxli! Belə cüvəllağı
gedişlər onlara mane olmur ki, dünyaya bütün bunlardan
sonra da yenə demokratiya dərsi verməkdə davam etsinlər.
İkili standartları,
saxtakarlığı, beynəlxalq səviyyədə siyasi dələduzluğu
özünə həyat tərzi və iş üslubu, fəaliyyət
modeli seçmiş şəxslər ölkələrin və
xalqların taleyi ilə bax belə lotuyana rəftar edirlər.
Avropa Parlamentinin qətnaməsini - bu şər və
böhtan səhifələrini vərəqlədikcə isə
bünövrəsində saxtakarlıq duran qətnamənin mətnində
də yalanın yalan üstə qalandığına şahid
kəsilirik. Hər kəsə hər şey aydın olsun deyə
Azərbaycan boyu hamının bildiyi bir məqamın
üstündə dayanım. Ona görə
arxayınlıqla "hamının bildiyi" yazıram ki,
bu yay baş vermiş həmin əhvalat barədə qəzetlər
də, informasiya agentlikləri də, radio-televiziyalar da o qədər
bəhs etdilər ki, ondan bixəbər qalan olmadı.
Hadisə heç ürəkaçan deyildi. Avqustun 8-də
gənc idman jurnalisti Rasim Əliyevin ölümü
hamımızı kədərləndirdi. Əksəriyyətimiz
onu əvvəldən tanımasaq da, belə bir ucuz, mənasız
ölümlə cavan həyatının qırılması
könül ağrıdırdı.
Axı bu
yas baş verməyə bilərdi!
Hər şey bir məişət
narazılığından başlamış və hadisəni
törədənlərin özlərinin də gözləmədiyi
halda faciə ilə nəticələnmişdi.
Öz Facebook səhifəsində tanınmış
futbolçu haqqında qəlbə dəyən sözlər
yazan idman reportyorunu həmin futbolçunun yaxınları
görüşə dəvət edir və döyürlər. Xəsarətlərlə
xəstəxanaya yerləşdirilən Rasim Əliyev
aldığı daxili zədələrdən orada vəfat
edir.
Ölkə Prezidenti İlham Əliyev də dərhal bu
xoşagəlməz hadisəni nəzarətə
götürdü, günahkarların hamısının cəzalandırılacağını
vəd etdi, həqiqətən də, ləngimədən bir
neçə nəfər isti-isti məsuliyyətə cəlb
olundu.
İndi görün qətnamə bu hadisəni necə təqdim
edir və dünya ictimaiyyətini aldadaraq, Azərbaycana nə
təhər qara yaxır. Avropa Parlamenti qətnaməsinin
"G" bəndini olduğu kimi köçürürəm:
"Reportyorların Azadlığı və Təhlükəsizliyi
İnstitutunun rəhbəri jurnalist Rasim Əliyev sosial mediada
Prezident Əliyevi tənqid etdiyinə görə məruz
qaldığı davamlı təhdidlərdən sonra vəhşicəsinə
döyülərək Bakıda xəstəxanada vəfat
etmişdir".
Mərhum Rasim Əliyev heç vaxt siyasi jurnalistika ilə
məşğul olmayıb və onun nə siyasi mövzularda
hər hansı yazısı var, nə də haçansa
ölkə Prezidenti haqqında müsbət, ya mənfi bir
fikir ifadə edib. Yerli-dibli olmayıb bu!
Reportyorların Azadlığı və Təhlükəsizliyi
İnstitutu İctimai Birliyinin də sədri tamam ayrı
şəxs olub ki, bu da başqa bir yalandır.
Və qətnamə həqiqətləri
büsbütün təhrif edən belə cəfəngiyyatlarla
ləbələbdir.
O qüvvələr
ki qətnamə adlı bu paskvili qoşub-düzüblər,
onlar böhtançılığın, demaqogiyanın, şəratmanın,
faktları tərs-avand etməyin hər çeşidinə bələd
iblislərdir.
Şərçilərin sınanmış qəlibi
budur ki, təmiz adamın üstünə çirkab at, qoy o
başlasın bunun düz olmadığına sübutlar gətirməyə,
özünü təmizə çıxarmağa, yalanı təkzib
etməyə.
Nə qədər haqlı olsa da, ən azı bir
neçəsində şübhə yaranacaq ki, yanmayan yerdən
tüstü çıxmaz, demək, burada nəsə həqiqət
də olmamış deyil.
Qətnamədə idman reportyoru Rasim Əliyevlə
bağlı yazılmış bu
qızıl-qırmızı yalanın yalan olduğunu biz
bilirik, amma Avropa Parlamentində kimdir əsl həqiqəti bilən?!
5-6 belə
yalanı sırala, sırı avropalı deputatlara, həm də
əlavə et ki, biz bunları əvvəlcə partiya
qruplarında müzakirə edib səsə qoymuşuq, zavallıların
inanmaqdan savayı çarəsi olmayacaq. Əlbəttə ki, o cür yozumlardan sonra
deputatların ölkəmizdə insan haqları və
demokratiyanın bərbad vəziyyətdə olmasına da
şübhələri qalmayacaq.
Qələm öz əllərində, düymə
barmaqlarının altında, dediklərinin,
yazdıqlarının əleyhinə də o məqamda hadisələrin
doğrusunu bilərək cəsarətlə,
canıyananlıqla, qətiyyətlə çıxış
edəcək kimsə yox.
Təbii ki, sənədi
çığırda-çığırda qəbul edəcəklər.
Lap o anda
mən, ya bir başqa vətənpərvər olsun orada, lap ən
gur səslə ən sərt etirazımızı bildirək,
yalanlarının hamısını darmadağın edək,
nə dəyişəcək ki!
Buna pambıqla baş kəsən Avropa deyərlər. Sənə
qulaq asacaq, yenə dediyini deyəcək, qərarında
qalacaq, istədiyi mətləbi də öz istədiyi, öz
döşünə yatan, özünə sərf edən kimi
sənədləşdirəcək.
Bütün bunlar Qərbin Azərbaycana qarşı
çoxdan başlanmış çoxistiqamətli təzyiq
siyasətinin adətkərdə olduğumuz görsənişləridir.
Avropa
Şurası Parlament Assambleyasının 2015-ci il
yay sessiyasında Azərbaycanda demokratik təsisatların vəziyyəti
ilə bağlı məruzə müzakirə edilirdi. Bu həmin
Avropa Şurasıdır ki, 2005-ci ildə 1416 saylı qətnamə
də qəbul edib və o sənədin ilk bəndlərindəcə
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etdiyini, tarixən Ermənistanda yaşamış azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparıldığını, Dağlıq Qarabağda
separatçı rejimin mövcudluğunu təsbit edib, bu qətnamənin
icrasına nəzarət üçün ayrıca
yardımçı komitə yaradıb.
Çox
da yaradıb, çox da o qətnaməni qəbul edib! Düz
10 il sonra, 2015-ci ilin iyununda nə qədər desək də,
yazsaq da, etiraz etsək də, elə bu Assambleyada vaxtilə qəbul
edilmiş qətnaməni başımız üzərinə
qaldırsaq da, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi cümləsini mətndən
çıxardılar.
Elə
tragikomik bir mənzərə yaranmışdı ki, hətta
Azərbaycana qarşı həmişə kəskin tənqidi
münasibəti və çıxışları ilə
yadda qalmış polşalı deputat Tadeuş İvinski bu
aşkar haqsızlıq və saxtakarlığa heyrətini
gizlədə bilmədi, kinayə ilə dilləndi ki, nədir,
məgər Azərbaycan torpaqlarını yaponlar gəlib
tutub?
Amerika Birləşmiş Ştatlarının, bir
sıra Avropa ölkələrinin xüsusi xidmət
orqanları son illərdə özünün xarici dövlətlərdə,
o sıradan Azərbaycanda yerli xainlər hesabına
formalaşdırdığı agentura şəbəkəsini
maliyyələşdirməyin, onların casus əməyini
ödəməyin rahat üsulunu tapmışlar.
Qrant papağı altında bu pul mükafatları maneəsiz
ötürülürdü və xarici kəşfiyyat
pulları kimə ödədiyini yaxşı bildiyindən
müəyyən ictimai təşkilatlara göndərilən
həmin vəsaitin niyə kağızda
yazıldığı kimi ictimai ehtiyaclara deyil, bir neçə
nəfərin cibinə axdığı sualına cavab
axtarmağa xüsusi maraq göstərmirdi.
Dövlətlər,
biri elə Azərbaycan bunu rəsmən soruşanda, təhqiqata
başlayanda, pulları necə alıb hara sərf etmək məsələlərində
şəffaflıq tələb edəndə və maliyyə
fırıldaqlarına görə QHT pərdəsi altında
casusluqla məşğul olanların bir neçəsi
tutulduqda Qərb başladı yaxasını cırmağa,
öz qulbeçələrinə qahmar durmağa.
Dil boğaza qoymurlar ki, onların maliyyə cinayətlərinə
görə tutulması bəhanədir, əsas səbəb
siyasi fəaliyyətləridir.
Biz
heç Sem dayıdan pis bilmirik ki, həmin
maliyyə fırıldaqlarına, vəzifə səlahiyyətlərindən
sui-istifadəyə və digər bu qəbil cinayətlərə
görə həbs edilmişlərin qat-qat dəhşətli
olan casusluq, vətənə xəyanət kimi cinayətləri
də var.
Hələlik elan edilən bu biri cinayətləridir.
Digər cinayətlərinin yerli-yataqlı faş ediləcəyi
vaxt da yetişəcək.
Tələsməyin!
Bəzən dövlətlərarası münasibətlərin
müəyyən incə özəllikləri və həssas
məqamları nəzərə alınaraq bu qəbil
ifşaedici siyasi təfərrüatların hansısa vaxt kəsiyində
qabardılmaması dünya praktikasından bəlli olan həll
üsuludur. Məgər
bizə və dövlətin bu işlə bilavasitə məşğul
olan qurumlarına saysız sübut və dəlilləri ilə
məlum deyil ki, həmin Avropa Parlamentinin qətnaməsində
siyasi məhbus kimi xatırlanan Leyla Yunus və digər onun
kimilər, əslində, hansı yuvanın quşudurlar,
dövlət və millət maraqlarımıza zidd olan
hansı xəyanətlərin müəllifidirlər,
hansı bağışlanmaz satqınlıq cinayətlərini
törədiblər?! Gərək insan adicə məntiqi təfəkkürdən,
yüz dəfə gün kimi aydın gördüyünü
təhlil edərək nəticə çıxarmaq hissindən
məhrum ola ki, Qərbin niyə 3-5 nəfəri
belə inadla, ardıcıl olaraq, bütün diplomatik, siyasi
vasitələri, hökumət kanallarını işə
salaraq müdafiə etməsinin əsl səbəbini dərk
etməsin.
Bilirik,
casuslarınızdır, xidmətçilərinizdir,
onları qorumaq da sizin borcunuzdur!
Lakin icazə
verin biz də dövlətimizi qoruyaq, onillərcə həsrətlərdən
və məşəqqətlərdən sonra yenidən
qovuşduğumuz müstəqilliyimizi hifz edək!
Həmin o "siyasi məhbus" deyə təqdim
etdiyi, tamam müxtəlif cinayətlərə görə məhkum
edilmiş şəxsləri həqiqətlərdən xəbərsizlərin
diqqətini yayındırmaq, naşıları asanca
yanıltmaq məqsədilə bir sıraya düzən Avropa
Parlamenti qətnaməsi tələb edir - hamısını dərhal
və qeyd-şərtsiz azad edin.
Həmin məhbusların arasında maliyyə
fırıldaqlarına görə tutulan da var, xuliqanlıq
üstündə həbs edilən də, narkotik qaçaqmalçılığında
ittiham olunan da və digərləri də. Hamısı
da məhkəmənin hökmü ilə müvafiq cəzaya
layiq görülüb.
Bu yerdə
Avropa Parlamenti qanunun aliliyi prinsiplərini unudaraq
özünü ən ali qanun səviyyəsinə
dikəldir. Bütün məhkəmələrdən ali məhkəmə!
Əmr edir,
bozarır ki, aç burax!
Axı necə?
Bəs o biri tərəfdən də deyirsiniz məhkəmənin
işinə müdaxilə edilməməlidir, onun qərarına
hörmətlə yanaşılmalıdır. Belə çıxır,
sizin adamlara gəlib çatanda istənilən məhkəmə
qərarını da müzakirəsiz-filansız, ixtiyari şəkildə
ləğv etmək, pozub təzədən yazmaq
olarmış!
Qətnamə
bir tərəfdən etiraf edir ki, Azərbaycanla sahəvi əməkdaşlıq
ələlxüsus enerji sektorunda qarşılıqlı
faydalıdır, təsdiqləyir ki, Azərbaycan Avropa
Birliyinin başlıca ticarət tərəfdaşlarından
birinə çevrilmək potensialına malikdir, digər tərəfdən
də üstümüzə əsassız ittihamları,
qondarma iradları, hər löyün siyasi hərzə-hədyanları
yağdırır.
Güman
edirsinizsə ki, belə təpinmələrdən, hərbə-zorbalardan,
sıxma-boğmalardan sonra Azərbaycan boynunu qısıb qarşınızda
müti olacaq, hər iqtisadi tələbinizin, siyasi
umacağınızın icrasına müntəzir dayanacaq,
bu, xam xəyaldır!
lll
Qətnamə bir-birini rədd edən ziddiyyətli fikirlərlə
doludur.
Oxuduqca hiss edirsən ki, burada bir neçə qələmin,
bir neçə maraqlı tərəfin ləpiri, izi var. Elə
absurdlar da buradan törəyir. Hətta bu qətnaməni
ümumi bir redaktədən keçirməyə ya tənbəllik
ediblər, ya da dərrakələri çatmayıb. Çünki bir-biri ilə daban-dabana əks olan elə
müddəalar və fikirlər yan-yanadır ki, eyni zamanda həm
onu, həm bunu tələb etmək, həm də bunlara əməl
ediləcəyinə inanmaq səfehlik olardı.
Bir yandan qətnamə Azərbaycanla iqtisadi əməkdaşlığın
sərfəliliyindən və perspektivlərindən bəhs
edir, digər tərəfdən Azərbaycan məmurlarına
qarşı sanksiyalar tətbiq etməyə
çağırır.
Bir yandan
qətnamədə Azərbaycana qarşı qatı
düşmən baxışlar əks olunur, sırf erməniçi
mövqe nümayiş etdirilir - Avropa İnsan Haqları Məhkəməsinin
2015-ci il iyunun 16-da azərbaycanlı Çıraqovun Ermənistana
qarşı iddiasını təmin etmiş qərarın
adı belə çəkilmədiyi halda, eyni məhkəmədə
həmin gün qəbul edilmiş "Sarqsyan Azərbaycana
qarşı" qərarın yerinə yetirilməsinə riayət
etmək tələb olunur.
Budur bunların əsl siması, budur bunların mələk
maskasının altındakı qotur erməni sifəti.
Avropa Parlamentinə fitva verən güclərin və
bütün onlara bənzərlərin guya Azərbaycan
xalqının qeydinə qalmaq haqda nağıllarına gəlincə,
bunlar qara qəpiyə dəyməyən boş sözlərdir.
Guya
iqtidarı, hakimiyyəti islah etməyə can atırlar ki,
xalq üçün daha uyğun, daha ləyaqətli, daha sərbəst
və təminatlı həyat, yaşayış mühiti
yaransın.
Sizin səmimiyyətinizə
necə inanmaq olar ki, burdan-bura bu millətin ən yaralı
yerinə köz basırsınız, qətnamənizin
içindəcə Azərbaycanı ən qaba və ədalətsiz
şəkildə Ermənistanın ayağına verirsiniz?!
Üstəlik,
həmin qətnamədə utanmazcasına və yəqin, bizi
özləri kimi sərsəm yerinə qoyaraq təklif irəli
sürürlər - Azərbaycan hökuməti ilə
Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə
bağlı danışıqlar aparmaqdan ötrü Avropa
Parlamentinin nümayəndə heyətinin ölkəmizə
göndərilməsi, müzakirələrin
başlanmasının əhəmiyyətini
vurğulayırlar.
Quzunu qurdamı tapşıraq, belə cılxa erməniçi
sifətinizi qətnamənizdə aşkarca görəndən
sonra sizi bu məsələdə münsifmi edək?
ATƏT-dən çəkdiklərimiz bəs deyilmi?
Baxın görün Avropa Parlamentinin erməniçi qətnaməsi
nəyə təəssüflənir.
Qətnamənin
10-cu bəndi 20 ildən artıq bir müddətdə 1 milyon
Azərbaycan insanını məcburi köçkünə və
qaçqına çevirərək olmazın zillətlərə
düçar etmiş, minlərlə həyata son qoymuş,
saysız ailələri bədbəxt etmiş Ermənistanla fərdi
qaydada və çox zaman məxfi şəkildə əlaqə
quran milli satqınlarımıza qarşı yaradılan rəsmi
məhdudiyyətlərə qarşı çıxır:
"Ermənistan və Azərbaycan arasında uzun düşmənçilikdən
sonra mühüm əhəmiyyət kəsb edən vətəndaş
cəmiyyəti qrupları, gənc fəallar və
ziyalılar arasında əlaqələrin məhdudlaşdırılması
üçün Azərbaycan hökuməti tərəfindən
atılan addımlardan Avropa Parlamenti təəssüf hissi
keçirir".
Nədir bu təəssüfün altında yatan istək?
Avropa
Parlamenti bizi təhrik eləyir ki, yumşaqlıq göstərək,
Ermənistan xüsusi xidmət orqanları bizlərdən kimlərinsə
saqqızını oğurlasa, mane olmayaq, imkan verək ki,
gedib arxayınca casusluqlarını eləsinlər, Vətənimizin,
xalqımızın əleyhinə işləsinlər, adı
da olsun düşmən tərəflər arasında etibar
mühiti yaratmaq nəcibliyi.
Avropa Parlamentinin qətnaməsi Azərbaycan dövlətini
daha nədə ittiham edir, daha hansı qüsurlara görə
şiddətlə qınayır?!
Qətnamənin
12-ci maddəsini yaxşı oxusun millətimiz, görün
bunlar bizi hara çəkir, bu dövlətdən, bu xalqdan nə
istəyir: "Azərbaycanda lezbian, homoseksual, biseksual,
transseksual insanların durumundan Avropa Parlamenti olduqca
narahatdır".
Fikir verin, sadəcə narahat deyil, olduqca narahatdır.
Haqqı
da var!
Axı Avropa Parlamentinin rəhbərinin özü də
onlardandır.
Və qətnamə
hər halda bu məsələni də, digər hallarda
olduğu kimi, siyasiləşdirmək fürsətini fövtə
vermir, yeri gəlmişkən Azərbaycan hökumətinə
daha bir neştər sancmaq girəvəsini də boş
buraxmır: "Ən yüksək səviyyədən gələn
çıxışlar daxil olmaqla lezbianlar, homoseksuallar,
biseksuallar, transseksuallara qarşı Azərbaycandakı siyasi
nifrəti Avropa Parlamenti kəskin şəkildə pisləyir".
Sadəcə pisləmir, kəskin şəkildə pisləyir.
Haqqı
da var!
Çünki artıq tədricən özlərində
həyat normasına çevrilmiş bu anormallıqları Azərbaycana
ixrac etməklə mənəviyyatı, milli əxlaqı həmin
virusa yoluxdurmaq, özləri rəngdə olanları buralarda
da artırmaq onların xəbis niyyətləri cərgəsindədir.
Bəs bu
istiqamətdə səliqə-sahman yaratmaqdan ötrü nə
tələb edir Avropa Parlamenti: "Azərbaycan hökumətini
lezbianlar, homoseksuallar, biseksuallar, transseksualların
hüquqları ilə məşğul olan hüquq müdafiəçilərinə
əngəllər yaratmamağa və onları təhdid etməyə
son qoymağa çağırırıq".
Dəyərli vətəndaşlarımız, oxuyub
feyziyab olun Avropa Parlamentinin qətnaməsini.
Onlar bizi bu yollarla xoşbəxt etmək istəyirlər.
Kimi görsəniz ki həmin qətnaməni çox tərifləyir,
çox təqdir edir, onlara bu axırıncı maddənin
işığında sınayıcı nəzər
salın.
Avropa Parlamentinin digər bir məkri də bizi
haqqımızda söylənən iftiralara cavab vermək,
yalançıları, saxtakarları rüsvay etmək
imkanından məhrum qoymaq təşəbbüsüdür.
Çalışırlar elə məhdudiyyətlər
yaradılsın ki, bizə viza verilməsin, xaricdə
keçirilən siyasi tədbirlərdə iştirak edə
bilməyək.
Ortada onlar özləri olsun, yanlarında ermənilər
və digər özlərikimilər, birtərəfli qaydada nə
qədər istəyirlər döşəsinlər, nə qədər
arzulayırlar bu cür qətnamələr
hazırlasınlar.
Buyurun, qətnamənin
19-cu maddəsində bu istəkləri elə müstəqim
şəkildə izhar edilib: "Avropa Parlamenti Avropa
Şurasını Şərq Tərəfdaşlığı
ölkələrinə qarşı ikili standartlardan çəkinməyə
çağırır və bu halda sanksiyaların, viza
qaydalarının siyasi tədbirlərdə iştirak edən
bütün siyasətçilərə, rəsmilərə və
hakimlərə yönəldilməsinə
çağırır".
Baxın
ha, üçünə, beşinə, onuna, yüzünə,
hansısa konkret günahı olanlara qarşı yox,
hamısına qarşı!
Bəli,
Avropa Parlamenti bu qətnaməsi ilə Azərbaycanı miskinləşdirərək
hansı biçimdə görmək istədiyi haqda ürəyindən
keçən nə varsa hamısını
açıb-töküb - Azərbaycanın siyasi tədbirlərə,
beynəlxalq təşkilatlara yolları kilidlənsin, bir
sayılıb-seçilən adamımıza ölkədən
qırağa çıxmağa icazə verilməsin, Avropa
Parlamentinin nümayəndələri arzulayanda gəlib məsləhətləşmələr
aparsınlar, ermənidən resept alıb bizə
Dağlıq Qarabağ düyününü necə
çözməyi öyrətsinlər, şadlıq
saraylarımızda kişilərin kişilərlə,
qadınların qadınlarla toy-düyünü ənənəyə
dönsün, bütün bu
"yaxşılıqların" müqabilində Avropa ilə
sıx iqtisadi əlaqələr quraq, enerji
ehtiyatlarımızdan onların ehtiyaclarını təmin edək.
Avropa Parlamenti ilə əməkdaşlıqlarımız
belə çıraqban, belə ürəkaçan perspektivlər
vəd edir.
Davam etdirməyə
dəyərmi onlarla əməkdaşlığı, ya
artıq yetər, bu qəbil işbirliyinə xitam verməyin
zamanıdır?!
Avropa Parlamentinin həmin qətnaməsinin lehinə 365
deputat olub. Əleyhinə 202 nəfər səs verib. 72 nəfər bitərəf qalıb.
Dağlıq
Qarabağa, işğal altındakı ərazilərimizə
Ermənistan vasitəsilə qanunsuz səfər edən əcnəbiləri
Azərbaycan Xarici İşlər Nazirliyi arzuolunmaz şəxslər
siyahısına daxil edir və belə sərhəd
pozucularının ölkəmizə gəlişinə viza
maneəsi yaradılır.
Azərbaycana nifrət və düşmənçilik
yağdıran həmin Avropa Parlamenti qətnaməsinin lehinə
səs vermiş 365 deputat işğal altındakı ərazilərimizə
qanunsuz səfər edənlərdən daha ağır xətaya
rəvac verənlər, daha ciddi suça sahib olanlardır.
Eyni yasaq, eyni məhdudiyyət onlara qarşı tətbiq
edilsə, necə olar?
Hansı qələti elədiyini,
yanıldığını, aldadıldığını
boynuna alsa, yazsa, söyləsə, bunlar Azərbaycan cəmiyyətinə
də çatdırılsın və sonra yasağın
götürülməsi məsələsinə
baxılsın.
Yoxsa bizə
o cür bəd münasibət bəsləyənlərin
burada nə ölümü!
lll
Bir yandan
qətnamə 2015-ci il noyabrın 1-də Milli Məclisə
keçiriləcək seçkiləri nəzərdə
tutaraq görməzə-bilməzə elə qarasına
yazır ki, ölkədə azad və ədalətli
seçkilərin keçirilməsi üçün zəmin
mövcud deyildir, digər tərəfdən, doğrudan da belə
bir mühitin mövcud olub-olmamasını yoxlamaq
üçün yaradılmış real imkandan istifadə
etmir, Avropa Parlamenti Azərbaycana seçki müşahidə
missiyasını göndərməkdən imtina edir.
Absurd deyilmi?
Demirsiniz seçki mühiti yoxdur, qapıları
açırlar sizinçün, gəlin, baxın, araşdırın,
hansı nöqsanı görsəniz, gedin yazın, söyləyin.
Yox, onlara bu lazım deyil.
Arzuladıqları yeganə şey işə pəl
vurmaq, ziyankarlıq etmək, hələ ocaq alovlanmamış
üstünə su calamaq, duru suları isə
bulandırmaqdır.
Biz düşmən, bədxah, qərəzkar qüvvələrin
eyni tərzdə hərəkətlərini əvvəllər
də seyr etmişik. Bakıda keçiriləcək
"Eurovizion" mahnı müsabiqəsində də
yarışlar başlanmamışdan mərdimazarlıq etmək,
ümumən Bakıda bu sənət müsabiqəsinin
keçirilməməsinə nail olmaqçün dəridən-qabıqdan
çıxırdılar.
Alınmadı!
Azərbaycan müsabiqəni ən yüksək
səviyyədə gerçəkləşdirdi,
dünyanı heyran qoydu, ölkəmizə pərəstiş
edənlərin sayı milyonlarca artdı, gəlib buraları
görəndən sonra çoxlarının da
haqqımızda qənaətləri müsbətə
doğru kökündən dəyişdi.
Eyni şəkildə
I Avropa Oyunları ərəfəsində ölkələrə
üz tutaraq boykot çağırışları edirdilər,
"Azərbaycana səfər etməyin" deyirdilər,
"Azərbaycan belə möhtəşəm beynəlxalq tədbiri
keçirə bilməz" bağırırdılar,
"lap keçirməyə hazır olsa belə, yenə getməyin,
çünki orada demokratiya yoxdur, insan haqları müdhiş
surətdə pozulmaqdadır, ora getmək təhlükəlidir",
- donquldanırdılar.
Bütün badalaqvurmalara rəğmən ilk Avropa
Oyunları da müvəffəqiyyətlə baş tutdu, təşrif
gətirənlər ölkəmizə də, dövlətimizə
də, insanlarımıza da valeh oldular, Azərbaycan daha bir zəfərini
çaldı.
Avropa Parlamentində həmin qətnaməni meydana
çıxaranların və Azərbaycana qarşı
qısma-boğma xətti yürüdənlərin də qəsdi
odur ki, bizə özümüzü göstərmək, nəyə
qadir olduğumuzu əyani şəkildə ortaya qoymaq
üçün imkan verilməsin.
Çünki görməyənə qədər
haqqımızda onların uydurduğu yalanlara kimlərsə
inana bilər, görəndən sonra isə bütün
yalanlar sabun köpüyü kimi dağılıb gedir,
puça çıxır.
Azərbaycanın üstün zəkalı,
böyük dövlətçi gücə malik, uzaqgörən,
müstəqil siyasət aparan, öz dövlətinin və
millətinin maraqlarından heç bir şəraitdə
heç vəchlə bir qədəm belə geri qoymayan və
qoymayacaq, elə buna görə də həzm edə bilmədiyiniz,
qısqanclıqla yanaşdığınız,
ünvanına hətta bu qətnamənizdə belə
böhtanlar atdığınız qüdrətli lideri var.
Prezident
İlham Əliyevi, onun başçılıq etdiyi dövləti,
rəhbərinə səmimi məhəbbət bəsləyən
xalqı dürüst məramından, saf ideallarından ilk cümləsindən son sətrinə
qədər qəlp olan bu sayaq ölü doğulmuş,
yararsız kağız tullantıları, belə üzdəniraq
şərnamə-qətnamələrlə büdrətmək
və döndərmək olmaz!
Müstəqilliyimizin hələ ki 24 yaşı var. Hələ
xeyli gəncik.
Hələ qarşıda çox
aşırımlar, çox sınaqlar durur. Bununla bitmir
ki!
Gərək
hər an əl-ələ, ürək-ürəyə,
kürək-kürəyə olaq ki, nəfəsimiz təngiməsin,
yorulmayaq, yenilməyək, yeni-yeni uğurlara çata bilək!
Prezident İlham Əliyev və Azərbaycan indikindən
də qat-qat zəfərli və parlaq Gələcəyə
aparan Böyük Yolumuzla vüqar və inamla irəliləyir.
Xarici və yerli riya fabriklərinin çürük
istehsalı olan hər cildə girməyə qadir buqələmunlar,
yan-yörəmizdən, ardımızdan belə nəhs səslər
çıxaran cürbəcür bayquşlar, qarğalar,
çalağanlar, çeşid-çeşid çaqqallar,
tülkülər olub, var, bəlkə hələ bir müddət
yenə olacaq.
Dayanmağa, onlara baş qoşmağa, böyük məqsədlərimizdən
və amallarımızdan aralanmağa haqqımız yoxdur.
Karvanımız keçib gedir!..
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2015.- 15 sentyabr.-
S.4.