"Zaman-zaman
tanıdığım Vasif Babayev"
Bugünkü
yaşlı nəsil sənətkarların tez-tez və
qürurla işlətdikləri bir kəlmə var: "Mən
filankəsi özümə müəllim sayıram".
Uşaq vaxtı televiziya ekranlarından, tələbəlik
illərində isə bəzi "sənət müəllimləri"mdən
bu kəlmələri tez-tez eşidəndə, istər-istəməz
qıcıqlanırdım. Lakin
yaradıcılıq yollarında itirdiyim vaxt hesabına
az-çox qazandığım uğurlara baxanda bu sözlərin
qeyri-ixtiyari, yaxud bəziləri tərəfindən ad və
şöhrət xətrinə deyil, həqiqi mənada işləndiyini
müəyyənləşdirdim.
...Atamın
bir tərəfi İçərişəhərdən idi. Ona görə İçərişəhər və
bu nağıl dolu aləmin sakinlərinə xüsusi hörmətlə
yanaşırdı. Kinorejissor Arif Babayevin İçərişəhərlə
bağlı yaratdığı ekran nümunələri
televiziya ilə nümayiş etdirildikdə, o, həmin filmlərin
hər bir kadrına böyük maraqla baxardı... Biz o zaman ki, "Gənclər dostluğu" (indiki
Atatürk) prospektində - "Gənclik" metrosundan iki
dayanacaq arxada yaşayırdıq, Vasif Babayevin
yaşadığı bina bizim qonşuluğumuzda idi. Atam Vasif müəllimi 80-ci illərdən
tanıyırdı. O vaxtlar incəsənət sahəsinə
olan marağım atamı narahat edirdi. Yeniyetmə
yaşlarımda tam olaraq kino və televiziya sənətində
çalışacağıma və bu məqsədlə Mədəniyyət
və İncəsənət Universitetində təhsil
alacağıma qərar vermişdim. Atam narazı olsa da,
bir kəlmə dedi: "Vasif Babayevlə məsləhətləşmək
lazımdır".
Çünki 90-cı illərdə Azərbaycan kinosu
televiziya ilə müqayisədə böhran
dövrünü yaşayırdı. Atam gələcəkdə
bu sənətlə yaşamağın çətin
olacağını düşünürdü. Yay ayları idi, Vasif müəllimlə zəngləşib
onlara getdik. Vasif müəllim mənimlə bir qədər
söhbət edib, oxumaq üçün bir neçə kitab verdi. Kitablardan biri Amerika kinosunun
yaranması ilə bağlı idi. Atamın mənim
peşə seçməyimlə bağlı
narahatlığını görəndə isə belə
dedi: "Əsas odur ki, peşəkar olasan. Dolanışıq
sonra özü düzələcək". Universitetə hazırlaşanda tez-tez Vasif müəllimlə
ünsiyyətdə olur, ondan televiziya və kino ilə
bağlı məsləhətlər alırdım. Məni həmişə səbirlə dinləyir,
tövsiyələrini verirdi.
Bir il ötdü, qəbul olunanlar arasında
öz adımı görəndə Vasif müəllimi axtardım.
Məhəllədə bir neçə qonşu
ilə dayanıb, nə barədəsə
danışırdı. Məni görən
kimi "nə oldu, imtahanlar, deyir cavablar
çıxıb?" - deyə
soruşdu. Mən sevinclə ona qəbul
olunduğumu söylədim. Vasif müəllim
bu xəbərdən çox sevindi, məni bağrına
basıb təbrik elədi.
Mədəniyyət və İncəsənət
Universitetinə qədəm qoyduğum ilk gündən
vaxtaşırı Vasif müəllimə müraciət
edirdim. Düzdür, həmin illərdə bizə Cəmil
Quliyev, Yalçın Əfəndiyev kimi istedadlı
kinematoqrafçılar dərs deyirdilər. Lakin həmişə
deyildiyi kimi, hər müəllimin öz üslubu var! Universitetdə dərs deyən müəllimlərimiz
nəzəri cəhətdən bizi yüksək səviyyədə
təlimatlandırsalar da, işin təcrübi cəhəti də
əsas amil idi. Vasif Babayev 2001-ci ildə
bir neçə sənədli film lentə almışdı.
Onlardan biri də "Quşlar üçün
tələ" adlanırdı. Mən
ikinci kursda oxuduğum zaman tədris planına uyğun olaraq
kurs işi çəkməli idim. Mövzunu
seçib Cəmil Quliyevlə razılaşdırdım.
Bu, həyatdan erkən köçmüş,
dünya işığına həsrət qalan şair Emil
Mehdiyə ithaf edilən sənədli film olmalı idi. Adi, həvəskar kameraya çəkirdik. İlk materialları çəkib Vasif müəllimə
zəng vurdum, xahiş etdim ki, onlara baxıb mənə fikrini
söyləsin. O, həmişə olduğu kimi yüksək
qayğı və səbirlə bütün materiallara
baxdı. Sonra mənə sula verdi:
"Oğlum, bu adam şair olubsa, onun poeziyasını
simvollarla necə göstərərdin? Mən sənin
yerində olsaydım, çoxlu sayda yarpaq, ağac
budağı çəkib montajda istifadə edərdim. Axı bu filmdə sən şairin poetikasından da
istifadə edirsən?! Deməli, sənin qəhrəmanının
lirik şair olmasını təbiətlə göstərə
bilərsən". Sonra mənə elə
payızda lentə aldığı xəzan kadrlarını
göstərərək, kameranın çəkiliş
nöqtəsinin hansı istiqamətdə
qurulacağını izah etdi. Həmin
kadrları çəkib gətirdim, sonra Vasif müəllim
onların montaj həlli barədə də mənə bəzi
qeydlər yazdırdı.
Həmişə deyirəm ki, Vasif müəllimin
yaradıcı dəstəyi və qayğısı
olmasaydı, bəlkə də mənə sənətin bir
çox peşəkarlıq sirləri elə sirr olaraq
qalacaqdı. Yeni işimi Vasif müəllimə nümayiş
etdirdikdə, o, həmişə sevinir, öz təəssüratlarını
bölüşür, eyni zamanda buraxılmış səhvlərdən
də yan keçmirdi. Video qurğunun
pultunu əlində saxlayır, hər bir kadra geniş izahat
verirdi. Bu izahat elə peşəkar səviyyədə
idi ki, sonradan hər hansı sualın yaranmasına ehtiyac
qalmırdı.
Mən Vasif Babayevin bu gün həlli tapılmayan, yaxud
bilə-bilə yubadılan məsələlərə ürək
yanğısı ilə yanaşdığının
şahidi olmuşam. Hansı məsələlər Vasif
müəllimi narahat edir? Bəlkə də
yanılıram, amma güman edirəm ki, müşahidələrim
məni aldatmaz. Vasif müəllim uzun illər
Azərbaycan televiziya məkanının məsuliyyətli
yükünü çiyinlərində daşıyan peşəkarlardan
olub. Bu gün telekanallarda
çalışan bir çox tanınmış mütəxəssislər
- rejissorlar, operatorlar, redaktorlar, müxbirlər,
aparıcılar onun tələbəsi olublar desəm,
yanılmaram. Peşəkar insanın bu
gün Azərbaycan televiziya kanallarına yol tapan qeyri-peşəkar
meyillərə qarşı məntiqli şəkildə irad
bildirməsi həm də onun daxili narahatlığından xəbər
verir.
İkinci
bir məsələ... Bəlkə də bunu ən
birinci deməli idim. Vasif müəllim
İçərişəhərdə doğulub. Qardaşı, Azərbaycan kinosunun korifey rejissoru Arif
Babayevin bir zamanlar sevə-sevə vəsf etdiyi İçərişəhərin
müasir dünyanın sərt qaydalarının diktəsinə
tabe etdirilməsi cəhdləri vaxtilə mərhum Arif müəllimi
sarsıtdığı kimi, ondan da yan ötmür. Belə
bir ifadə var: "Böyük ideallara qovuşmaq
üçün qan yaddaşına qayıtmaq və soy
kökünü dərk etmək lazımdır". Mən Vasif müəllimi belə insanlardan hesab edirəm.
Mən onda bütün Bakının
obrazını görürəm. Məncə
bu, minlərlə fərdiyyətçi və sadə insan
xarakterindən daha yuxarıda dayanan bir yanaşmadır.
Vasif Babayev olduqca təvazökar insandır. Bu kəlmə
heç də öyrəşdiyimiz şablonların növbəti
təzahürü deyil. Bunu deməyə əsasım
var. Mən 2005-2008-ci illərdə Azərbaycan
Kinematoqrafçılar İttifaqında
çalışmışam. İttifaqın
saytını hazırlayırdım. İttifaq
üzvlərinin şəxsi işlərini vərəqləyərkən,
Vasif müəllimin çox maraqlı və zəngin tərcümeyi-halını
görüb təəccübləndim. O, gör nə qədər
təvazökar insandır ki, bu sətirlər barədə
bir dəfə də olsun mənə deməyib. Hələ şəxsi işə tikilmiş qəzet
məqalələrini demirəm. Mənə məlum oldu
ki, Vasif müəllim Azərbaycan televiziya rejissorları
arasında Xalq artisti fəxri adına layiq
görülən ilk sənətkardır. Lentə
aldığı "Xuraman" sənədli filminə
görə Azərbaycan kinosu və televiziyasına “Qran-Pri”
mükafatını da ilk dəfə Vasif müəllim gətirib.
Nüfuzlu ümumittifaq festivallarda və
müsabiqələrdə 5 dəfə jüri üzvü
olub.
Sovetlər
Birliyinin mövcud olduğu vaxtda DTK arxivlərində
araşdırma apararaq (jurnalist N.İsmayılova ilə birlikdə)
1937-ci il qurbanları haqqında həqiqətləri
üzə çıxarıb, rejissor kimi silsilə sənədli
verilişlər hazırlayıb; Beynəlxalq Televiziya və
Radio Akademiyasına üzv seçilən ilk azərbaycanlıdır.
20 Yanvar faciəsinin də ən
ağrılı və təhlükəli məqamları o
dövrdə Azərbaycan Televiziyasının baş rejissoru
işləyən Vasif Babayevin böyük əməyi sayəsində
tamaşaçılara çatdırılıb. Bu yerdə
bir maraqlı əhvalat da yadıma düşdü...
1990-cı il yanvar ayının 20-də, səhər
saatlarında Azərbaycan Dövlət Televiziyasının həyətində
Dövlət Teleradio Verilişləri Komitəsinin sədr
müavini Fuad Tarverdiyev və Vasif Babayev qəddar ordu ilə
Bakı qırğınını törədərək
şəhərə daxil olmuş general-leytenant
Ovçinnikovla üz-üzə dayanıb
danışırmışlar. Bu zaman Xalq
şairi Bəxtiyar Vahabzadə (Allah ona rəhmət eləsin!)
gəlir, sərt nəzərlərlə Ovçinnikova
baxaraq, qəzəblə onun sifətinə tüpürür.
Rus əsgərləri cəld silahlarını
Bəxtiyar müəllimə tuşlayırlar. Bu zaman Vasif müəllim, Ovçinnikovu dilə
tutmağa çalışır, "bu bizim hörmətli
şairimizdir" deyir və böyük əziyyətdən
sonra faciənin qarşısını alır. Sonralar
televiziya ekranından bu barədə danışan Bəxtiyar
müəllim demişdi: "Məni bir rejissor xilas etdi, ancaq
onun adını bilmirəm..."
Vasif müəllim 1993-cü ildən başlayaraq,
ölkəmizi "Mir" Dövlətlərarası Teleradio
Şirkətində təmsil edir, Azərbaycan həqiqətlərinin
bu kanal vasitəsilə dünyaya layiqincə
çatdırılması naminə bütün səy və
bacarığını səfərbər edir.
Bu sətirlər, təbii ki, Vasif müəllimin şərəfli və mənalı ömür yolunun yalnız çox kiçik məqamlarını özündə əks etdirir. Bu gün Vasif müəllim 75 yaşına qədəm qoyur. Bu yol çox çətin, mürəkkəb, təzadlı olub. Amma Vasif müəllim hər bir çətinlikdən şərəfli adını qorumaqla çıxa bilib. Ad günün mübarək, ustad!
Kamran QASIMOV
525-ci qəzet.-
2015.- 16 sentyabr.- S.8.