Yaratmaq şövqü
Azərbaycan Naşirlər və Poliqrafçılar
İctimai Birliyinin sədri, nüfuzlu "Təhsil Nəşriyyat-Poliqrafiya"
MMC-nin baş direktoru Bəhruz Axundovun "Dünənki
sabah" adlı kitabı önünüzdədir. Adətən,
başqalarının kitablarını böyük
şövqlə, yüksək zövq və keyfiyyətlə
nəşr edən Bəhruz müəllim bu dəfə
çox təvazökarcasına bizə öz kitabını
təqdim edir. Bir az həyəcan, bir
az da, yəqin ki, nigaranlıqla. Axı kitabı özü
deyil, həmkarları çapa hazırlayıblar...
Bilirəm ki, orijinal adı olan bu kitabı - "Dünənki
sabah"ı diqqətlə oxuyacam, fikirlərimi
bölüşəcəm. Amma bunacan hələ
Bəhruz müəllimin özü barədə
danışmaq istəyirəm.
Mənim tanıdığım Bəhruz müəllim
kimdir? Nədir onu bizə bu dərəcədə
bağlayan, sevdirən, hörmət və ehtiram doğuran?
İlk növbədə, yəqin ki, ən
yüksək insani keyfiyyətlərin onun şəxsiyyətində
cəmlənməsidir. Həm də onun
yüksək peşəkarlığıdır; öz sənətini,
peşəsini dərindən bilməsi, bu işi sevməsi və
ondan zövq alması, həyatının mənası hesab
etməsidir. Ən müxtəlif tədbirlərdə
- özümüzünkülərin və xaricilərin
arasında - nəşr etdiyi kitabları əlinə
götürüb can-dildən, böyük şövq və
hərarətlə o kitablardan danışmasıdır.
Bəhruz müəllimin kitabı əlində tutması da fərqlidir
- böyük həssaslıqla, nəvazişlə, əzizləyə-əzizləyə;
kitab onun əlində zərif şüşə kimidir, sanki
bir az sərt, qaba davransan, sınıb
çilik-çilik ola bilər.
Bəhruz müəllim gözəl insandır, vətənpərvərdir,
ailəcanlıdır, dostcanlıdır. Onu birinci dəfə görən
adam da elə ilk ünsiyyətdə,
bir-iki dəqiqəlik söhbətdə bu keyfiyyətləri
çox asanlıqla müşahidə eləyə bilər. Bu keyfiyyətlər onun hər hərəkətindən,
sözündən, davranışından,
baxışından duyulur.
Bəhruz müəllim incəqəlbli, həssas, hər
hərəkəti, eyhamı duyan insandır. Həm də müdrikdir,
yeri gələndə sözünü bəzən incə
yumorla da deyir, sərt etirazla da...
Bəhruz
müəllimlə dost olmaq, səfərlərə
çıxmaq, söhbət eləmək bir başqa
zövqdür, insanın içini dolduran enerjidir,
gücdür. Gec-gec görəndə
xatırladığın, darıxdığın bir
insandır Bəhruz müəllim...
Qurmaq, yaratmaq şövqü bu insanın qanında,
canındadır. Müasir dövrdə respublikada kitabçılıq,
nəşriyyat-poliqrafiya sahəsində çox gərəkli,
vacib olan bir sıra işlərin ilki, bünövrəsi məhz
Bəhruz Axundovun adı ilə bağlıdır: bu gün
beynəlxalq aləmdə nüfuz qazanmış "Təhsil
Nəşriyyat-Poliqrafiya" müəssisəsinin qurucusu,
bir çox milli dərsliklərimizin ilk dəfə nəşri, "Kitab sənəti" Beynəlxalq
Kitab Müsabiqəsinin baş mükafatı olan
"Qran-Pri"yə layiq görülmüş ilk Azərbaycan
kitabının tərtibçisi və naşiri, ölkədə
kitab sənətinin və nəşrinin inkişafı
üçün çox vacib və gərəkli olan Azərbaycan
Naşirlər və Poliqrafçılar Birliyinin qurucusu və
ilk sədri və s. (Bu ilklər siyahısını xeyli
uzatmaq olar.)
Bütün bu keyfiyyətlərə bir
sanballısını da əlavə edib kitabı vərəqləmək
istəyirəm.
Bəhruz müəllim xeyirxah insandır. Mən dəfələrlə
onun təmənnasız yaxşılıqlarından, kübar
xeyirxahlığından təsirlənmişəm və bunun
səbəbini, sirrini tapmağa çalışmışam.
Əslində, onunla müxtəlif vaxtlardakı
söhbətlərimizdə mən bu sirrin izinə
düşmüşdüm, amma kitabdakı "Tanrım bərabəri"
xatirə-essesini oxuyanda qənaətimə bir daha, tam əmin
oldum. Bu xeyirxahlıq gendən, qandan,
valideynlərdən keçib, atası Həsən Axundovun əməllərindən
təlqin edilib.
Bəhruz müəllim "Tanrım bərabəri"
xatirə-essesində valideynlərindən, öz
uşaqlıq illərindən söz açır. Atası Həsən
müəllimin onu uşaqlıqdan əməyə
alışdırmasından danışır. Məktəbli
Bəhruz Axundov həm dərslərini əla qiymətlərlə
oxuyur, həm ailənin yeganə oğul övladı
olduğu üçün ev işlərinə
kömək edir, ictimai işlərə də vaxt tapır, hətta
dərnək rəhbəri kimi çalışır.
Atası: "Qoy zəhmətə öyrəşsin, qaynar həyata
alışsın", - deyə oğlunu bu işlərə
yönəldir. Hətta dərnək rəhbəri
kimi aldığı on üç manat qazancına ürəkdən
sevinir də.
"Mən
ata-anamı necə, nə qədər sevdiyimi sözlə
ifadə edə bilmirəm", - deyən Bəhruz müəllimin
öz oğlanlarına, nümunə olsun, görüb ibrət
götürsünlər deyə, atasına necə
qayğı ilə yanaşdığı barədə
danışdığı əhvalatları dəfələrlə
eşitmişəm. Məktəbli Bəhruzun
anasına həsr etdiyi ilk şeiri - "Anama hədiyyə",
atasına həsr etdiyi "Atalar" şeiri onun valideynlərinə
necə sonsuz məhəbbət, hörmət və ehtiramla
yanaşdığının nümunəsidir.
Atası Həsən Axundovun Mircəfər
Bağırovun iştirak etdiyi iclasdakı
çıxışı barədə Xalq yazıçısı
Süleyman Rəhimovun xatirələri isə Bəhruz müəllimin
sadaladığım keyfiyyətlərinin haradan
qaynaqlandığını ortaya qoyur.
"Xeyirxahlıq
insanın ən ali cəhətlərindən
biridir", - deyən Həsən Axundovun təmənnasız
yaxşılıqları barədə gətirdiyi faktlar, o cümlədən,
kasıb sürücüyə təzə taksi
maşını verilməsinə köməkliyi barədə
hadisə olduqca ibrətamizdir!
Bəhruz müəllimin Ağdamdakı evlərinin yerləşdiyi,
uşaqlıq illərinin keçdiyi küçə mənə
də doğma və əzizdir. Mənim uşaqlıq
xatirələrim də həmin məhəllələrlə bağlıdır.
Bəhruz müəllimin atasının ziyalı
dostları barədə danışarkən onun arxivi,
kitabları haqda söz açması, bunların
hamısının Ağdamdakı evlərində
qaldığını söyləməsi məni
sarsıtdı və keçmişə qaytardı. Bunu bir dəfə
yazmışdım, eynən onun kimi, mənim də, atamın
da kitabxanası Ağdamda, elə Bəhruz müəllimgilin
ata ocağından bir az aralıdakı
evimizdə qaldı. Vaxtilə Xalq yazıçısı
Elçin barədə yazdığım "Pessimizm,
nostalgiya və ...qürur" məqaləsindəki cümlələri
xatırladım: "Mənim Ağdamda orta məktəbdə
oxuyandan ta Qarabağ hadisələri başlayanacan ən
böyük "xəstəliyim" kitab almaq olub. Ağdamdakı evimizin hündür divarlarından
biri başdan-başa həmin kitablardan ibarət idi. 1993-cü ilin yayında, Ağdamın işğal təhlükəsi
reallaşanda da o kitabları nədənsə
çıxarmadım. Onda da, bir az əvvəl
Şuşanın işğalından sonra da dünyanın
axırı olduğunu hesab edirdim. Şuşa və
Ağdamsız kitabın da heç kimə gərək
olmayacağını düşünürdüm".
Bəhruz
müəllimin ağır avtomobil qəzası keçirməsi,
həm də Ağdamın alınmasını şəxsiyyətinə,
kişiliyinə sığışdırmaması
ucbatından işğal zamanı evlərindən heç nəyi,
əsas da arxiv və kitabları çıxara bilmədiyi barədə
cümlələri oxuyanda kədər məni
çulğadı, içimdən burula-burula bir acı
keçdi.
Mənim də bəzən heç dərininə
varmadan ara-sıra işlətdiyim bir ifadə var - "yola
vermək". Bəhruz müəllimin
"Yola ver" hekayəsi bu ifadənin həyatımızda
hansı acı nəticələrə gətirməsi barədə
konkret hadisələrə söykənir. "Yola
vermək" ifadəsinin arxasındakı biganəlik, əfəllik,
sayğısızlıq məqamlarına diqqət çəkən
müəllif ötən əsrin 90-cı illərində
baş verən hadisələrdən canlı misallar gətirməklə
bu ifadəyə və onun arxasındakı qüsurlu keyfiyyətlərə
üsyanını, etirazını bildirir.
Azərbaycanın
Milli Qəhrəmanı Asif Məhərrəmova - Fred Asifə
həsr etdiyi "Məhəkdaşı" yazısında
Bəhruz müəllim Qarabağ savaşının
başladığı illərə, baş verən hadisələrə
toxunur, Fred Asifin vətənpərvərliyinə, insani keyfiyyətlərinə
diqqət yetirir. Bu yazını oxuya-oxuya yenə
xatirələrə dalıram. 1992-ci ilin
çətin günlərində Aqil Abbasla birlikdə
Ağdama getməyimizi, Fred Asifə baş çəkməyimizi
və onunla söhbətimizi xatırlayıram. Bu barədə mən o zaman "Ağdamın
üç günü" adlı yazı
yazmışdım və "Ədalət" qəzetində
çap etdirmişdim. O yazıda Fred Asiflə söhbətlərdən
aldığım təəssüratlar və onun fikirləri
də yer almışdı. Mən indi Bəhruz
müəllimin Fred Asif barədə fikirlərini oxuduqca qənaətlərimizin
nə qədər üst-üstə
düşdüyünün fərqinə vardım. Bəhruz
Axundov yazır: "Güclü məntiqi təfəkkürü,
dərin həyat fəlsəfəsi var idi Asifin. O, məşhur
klassiklərin və filosofların əsərlərini
oxumağı, onların fikirlərini öz təfəkkürünə
uyğun tərzdə müasir həyatla əlaqələndirib
izah etməyi çox sevərdi".
Bəhruz
müəllim uşaqlıqdan tanıdığı, dost
olduğu Fred Asifin insani keyfiyyətlərini, həssaslığını
dilə gətirir, eyni zamanda onun Qarabağa, Vətənə
sonsuz sevgisini ifadə edir.
Azərbaycan Respublikasının Xalq artisti Aygün
Bayramova haqda ürəkdən, səmimi,
çılğıncasına yazılan "Oxu,
Aygün" yazısı və müğənniyə həsr
olunan şeir onun sənətinə Bəhruz müəllimin
heyranlığının, valeh olmasının ifadəsidir. Ağdamda Pionerlər evində
Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri"
ansamblını xatırlaması, yeniyetmə qız Aygün
Bayramovanın qeyri-adi səslə oxumasının dinləyicilərdə
heyrət yaratması barədə xatirəsi isə məni
yenə də Ağdama - bizim evlərimizin arasında yerləşən
Pionerlər evində "Qarabağ bülbülləri"nin
məşqlərini kənardan dinlədiyimiz gözəl
zamanlara aparır. Və mən kitabı oxuyarkən
üçüncü dəfə nostaljili, qəhərli,
hüznlü duyğular keçirirəm, gözlərim
yaşarır və bu kövrəkliyi Bəhruz müəllimə
minnətdarlıq duyğuları əvəzləyir.
Mən Bəhruz müəllimi doktor Cavad Heyətlə
birlikdə çox görmüşəm, dəfələrlə
ona hörmət və ehtiramının şahidi olmuşam. Dostluqlarının
tarixçəsinə də bələdəm. Bilirəm ki, Cavad Heyət Bəhruz müəllimi cərrahiyyə
əməliyyatı edib, onun böyrəklərini ağır
xəstəlikdən qurtarıb. Cavad Heyətə
həsr olunmuş "Vətən sənə oğul
deyib" yazısında, eləcə də doktora həsr
olunmuş şeirdə onun cərrah kimi, vətənpərvər
alim kimi nadir keyfiyyətləri qabardılıb.
Əməliyyatın
iştirakçısı olmuş həkimlərin sözlərindən:
"Cavad Heyət elə böyük ustalıqla, məharətlə
və cəld işləyirdi ki, sanki çətin əməliyyata
deyil, tamaşaya baxırdıq və buna valeh olmamaq
mümkün deyildi. Ən çətin anda
özünü hədsiz dərəcədə təmkinli
aparır, səsində və hərəkətlərində
özünəinam hiss olunurdu və bu, əməliyyatın
digər iştirakçılarına təsir edir,
hamını sakitləşdirirdi. Ustad
Cavad Heyət dahi və nadir cərrahdır".
Bəhruz
Axundov Cavad Heyətə heyranlığının və minnətdarlığının
bir göstəricisi kimi onun "Türklərin tarix və mədəniyyətinə
bir baxış", "Türk dilləri və ləhcələri
tarixi" əsərlərini, eləcə də ona həsr
olunmuş "Bıçaq və qələm",
"İki elin ağsaqqalı" və s. kitablarını
nəşr edib.
Cavad Heyətə həsr olunmuş məqaləsində
Bəhruz müəllimin bir keyfiyyəti özünü o biri
yazılarında olduğundan daha qabarıq göstərir. Bəhruz
müəllimin yazıçı üçün vacib keyfiyyət
olan iti müşahidə qabiliyyəti var. Kim bilir, bəlkə,
cərrahiyyə əməliyyatı öncəsi insanda bu
müşahidə qabiliyyəti daha oyaq və ayıq olur, ona
görə. Hər halda, məncə,
bu yazıda Bəhruz müəllimin insan psixologiyasının
ən dərin qatlarını duymaq, hiss etmək qabiliyyəti
daha çox önə çıxır.
Eynilə
bu keyfiyyətlər Bəhruz müəllimin Bəxtiyar
Vahabzadənin 75 yaşına yazdığı "Əqidəsinin
və cəsarətinin Bəxtiyarı" yazısında da
özünü daha çox büruzə verir: "Bəxtiyar
yazanda ilhamının, sözünün qulu olmur. Əksinə, o, sözün sultanına çevrilib
onu ram edir. Şair leksikonundakı
bütün sözləri istedadının teştində qəlbinin
odu, alovu ilə əridib muma çevirir və qələminin
ucunda istədiyi kimi oynadaraq onlardan təkraredilməz poeziya
çələngi hörür".
Xalq şairinə yazılmış bu sanballı məqalədə
onun yaradıcılığına işıq tutulur,
görünməyən qatlara aydınlıq yayılır. Şairə
bu məhəbbət, əlbəttə, təsadüfi deyil.
Yəqin ki, Bəhruz müəllimin hələ
uşaqlıq illərindən ara-sıra yazdığı
şeirlərinin yaranmasına bir səbəb də elə Bəxtiyar
Vahabzadə yaradıcılığına
heyranlığı olub.
Bəhruz
müəllimin həyatdan tez getmiş poliqrafçı dostu
Rafiq Hüseynov barədə yazısında həm dost xatirəsinə
ehtiram, həm də ömrünü sərf etdiyi naşirlik
peşəsinə vurğunluq hiss olunur. Bu
vurğunluq onun "Əlahəzrət kitab" məqaləsində
də, müsahibələrində də əsas xətt kimi
keçir. "Kitabın kitabı bağlanmayacaq!"
deyə hökm verən Bəhruz Axundov diqqəti nəşriyyat,
poliqrafiya sənətinin incəliklərinə yönəldir,
naşir işinin yaradıcı bir iş, istedad, intuisiya, incə,
estetik zövq tələb edən bir sahə olduğunu
vurğulayır.
"Hərdən fikirləşirəm ki, kitab nədir? Nəyə
lazımdır? Niyə mən bütün
ömrümü kitab işinə sərf etmişəm?"
- deyə sual verən müəllif
özü öz suallarına cavab axtarır, naşirləri
kitabın valideynləri hesab edir. Elektron kitabla klassik
kağız kitabın fərqləri barədə mühakimələr
yürüdür və kitabı bir şair şövqü
ilə vəsf edir: "Əsl kitabda canlı təmas var. Səhifələdikcə
vərəqlərin pıçıltısı, qoxusu, əlini
onun səhifələrinə çəkib oxşadıqca
keçirdiyin xoş hisslər... Bu gözəl
hisslər səni özündən alıb başqa bir
dünyaya aparır, sən bu xoş hisslərin
ağuşunda şirin yuxuya gedə bilirsən".
Kitabın
"Şeirlər" bölümünə
yazdığı ön sözdə isə Bəhruz müəllim
şeirə münasibətini belə izah edir: "Yalnız
içimdən gələndə yazmışam. Nə qələmi, nə də sözü
zorlamışam. Nəsri hamı
üçün, şeiri isə özüm üçün
yazmışam, yalnız özü yazılmaq istəyəndə".
Şeiri özü üçün yazdığına
görə, bu şeirlərlə Bəhruz müəllimin
xarakterindəki gizlin, hamıya görünməyən keyfiyyətlərin
izinə düşmək daha asan olur. İçinin ən məhrəm
yerində saxladığı, yalnız özünün
özünə deyə biləcəkləri var bu şeirlərdə.
Ona görə də Bəhruz müəllimin
şeir yazdığını eşidən, təəccüblənən
adamlar üçün də, onu yaxından tanımaq istəyənlərə
də bu şeirlər bir yol xəritəsi olacaq. Valideynlərinə həsr olunan şeirlər barədə
yuxarıda danışdım. "Nəyəm-buyam"
şeirində öz xarakteri barədə birbaşa fikirlər
söyləyir, bilmədiyimiz keyfiyyətlərini ortaya qoyur.
1993-cü
ildə torpaqların işğalının ilk dövrlərində
yazdığı şeirlərdə kədər, ah-nalə
duyulur:
Soruşma
halımı, qəlbi dağlıyam,
Torpaqsız,
obasız qarabağlıyam! -
yaxud
Ağlama,
bənövşə, toxtaq ol bir az,
Ağlama,
Novruzda ağlamaq olmaz!
- kimi kədərli, bədbin ovqatlara müəllifin
coşan, çağlayan üsyankar etirazı əlavə
olunur:
Bivec deyiləm
ki, küsüb ağlayam -
deyir,
qisasa çağırır, nikbinlik aşılayır.
Özü ilə rahatlıq, sərinlik, saflıq gətirən
yağışa "gəlişinə quzu kəsim"i
ancaq Bəhruz müəllim deyə bilər.
Nəvələrinə yazdığı şeirlərdə
də Bəhruz müəllimin saflığı, səmimiliyi,
sevinci qabarır. İlk nəvəsinin doğulması xəbərini
Həyəcandan
gicgahıma tər gəlib -
- kimi ifadə edir.
Adaşı
nəvəsinə isə,
Sənin
qələm tutan əlinə qurban,
"Baba"
şeiri deyən dilinə qurban!
- misralarını bağışlayır.
Bəhruz müəllim incə hisslərlə, romantik
duyğularla dopdolu, səmimi bir insandır. Məhz belə səmimi bir
insan - gözəlliyi duya və qiymətləndirə bilən
bir insan əminliklə deyə bilər:
İncəbelli,
sərvqamətli,
qaraqaşlı,
qaragözlü,
Od
baxışlı, şəkər sözlü
gözəllərin
xatirinə dəyməmişəm,
dəymərəm də!..
Məhz
eşqin, aşiqliyin nə demək olduğuna vaqif insan yaza
bilər ki:
Gözün
görə-görə kor deyilsənsə,
Eşidə-eşidə
kar deyilsənsə...
Demək aşiq deyilsən.
Xoş əzabların
nə olduğunu bilən və bundan doymayan incə ruhlu Bəhruz
müəllimin gənclik şövqü ilə dolu
"Eşq dediyin", "Yaşaya bilməm sənsiz" və
digər şeirlərini də zövqlə oxudum. Qarışıq hislərin arxasında Bəhruz
müəllimin gizlin keyfiyyətlərini gördüm. Söhbətlərimizdə bəzən lakonik,
yığcam şəkildə dediyi hansısa fikirlərin
açmasını, açarını bu şeirlərdə
tapmağa çalışdım və deyəsən,
tapdım da.
Ümumiyyətlə,
Bəhruz Axundovun əsərlərində gözəl
üslub, axıcı, ürəyəyatan, aydın dil, oxucunu
özünə çəkən maraqlı süjet, bitkin məzmunla
yanaşı, hadisələrə dərin fəlsəfi
münasibət və sətiraltı bir təhlil mövcuddur.
Bu isə ədəbi-bədii əsərlər
üçün ən ümdə və ən vacib
faktorlardır.
Mən iki gün əzizim, dostum Bəhruz Axundovun
"Dünənki sabah" kitabının mütaliəsinə
qapıldım və böyük zövq aldım. Bəhruz
müəllimi bir insan kimi daha yaxından tanıdım, heyran
qaldığım keyfiyyətlərinin köklərini
tapdım, yeni, gözəl məqamlar kəşf edib sevindim.
Bəhruz Axundov nüfuzlu "Təhsil" nəşriyyatına,
Naşirlər və Poliqrafçılar İctimai Birliyinə
rəhbərlik etməklə yanaşı, həm də
Əməkdar mədəniyyət işçisidir. Azərbaycan
Yazıçılar Birliyinin, Ankarada fəaliyyət göstərən
Avrasiya Yazarlar Birliyinin üzvüdür. Məncə, bu kitab Bəhruz müəllimin
üzvü olduğu bu qurumların da, oxucularının,
dostlarının da onu daha yaxından tanımasına bir vəsilə
olacaq, müəllifi sevən insanların cərgəsinə
çoxlu yeni insanlar qatılacaq və bu insanlar təkcə
onun özünü deyil, həm
də təqdim etdiyi qəhrəmanları yaxından
tanıyıb sevəcək. Yazmaq istəyinin bətnində,
mayasında elə bu durmurmu?
Biz Bəhruz müəllimdən yeni əsərlər,
kitablar gözləyirik.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş
redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
üzvü
525-ci qəzet.-
2015.- 16 sentyabr.- S.7.