"Mən daşları çiçəklərdən
az sevmədim..."
MOSKVADA ŞAİR ƏKBƏR QOŞALI İLƏ GÖRÜŞ OLUB
Moskvada
"Nicat" Azərbaycan
İrsinin Dirçəlişi
Cəmiyyəti və
"Şəhriyar" Ədəbi-mədəni
Cəmiyyətilə birgə
təşəbbüsü, eləcə də,
AMİİ Fondunun və
ASGA-nın Moskva nümayəndəliyinin iştirakı
ilə Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş başqanı,
hazırda məsləhət
şurasının sədri,
şair Əkbər Qoşalı ilə görüş keçirildi.
Görüşü "Şəhriyar" ƏMC-nin
sədri Vasif Məmmədov cənabları
açdı. O, qonaqları salamlayaraq, şairin həyat və yaradıcılığından söz açdı: "Texniki təhsilinə baxmayaraq, Əkbər Qoşalı 1990-cı ildən
bəri ədəbi fəaliyyətlə məşğuldur.
Artıq
20 ilə yaxındır
ki, gənc nəslə türkizm ideyalarını, türkçülüyü
aşılamaqda, türk
xalqlarının birliyi
uğrunda çalışmaqdadır.
1998-ci ildə Qazaxıstanda keçirilən
Gənc türklərin
ümumdünya birliyinin
VIII Forumunda o, Dünya
Gənc Türk Yazarlar birliyinin başqanı seçilmişdi.
Bu birlik indiyədək
öz fəaliyyətilə
örnək olmaqdadır".
Sonra söz Şəhriyar
ƏMC- nin üzvü, tarix elmləri doktoru Əşrəf Hüseynliyə
verildi. O, Ə.Qoşalının
şeirlərindəki özünəməxsusluğu,
milli-mənəvi dəyərlərə
verilən qiyməti əsas tutaraq, onun ərsəyə gətirdiyi çoxsaylı
kitablardan danışdı:
"Mən Əkbər
bəyin yaradıcılığı
ilə tanış olarkən çox maraqlı və fərqli misralara rast gəldim. Bunlardan biri də "Mən daşları çiçəklərdən az sevmədim..." kəlmələri oldu.
Bu misranın necə dərin məna daşıması
yalnız yaradıcı
insana məlumdur.
Şair kimdir? Şair - xalqın
adamıdır! O, həqiqət
axtarışında olan,
zamanın iç üzünü açmağa
qadir, ikiüzlülüyü,
yalanı, saxtakarlığı
tanıyıb ifşa
edə bilən bir insan olmalıdır.
Şairin şeirləri içdən
gələn, səmimi
və müdrik olmalıdır. Əkbər Qoşalı
məhz belə yazarlardandır. Onun həyat
tərzi də, yaradıcılığı da
buna sübutdur".
Müasir rus gəncliyinin nümayəndəsi, Azərbaycan
dili sevdalısı, hər zaman bizim ana dilimizdə
danışmağa çalışan
və onu dərindən öyrənmək
yolunda böyük nailiyyətlər qazanan, artıq adını bir çox xəbərlərdən duyduğumuz
Dmitri Kruqlıx da çıxış edərək
şairi salamladı və onun bir
şeirini orijinalda oxudu.
AYB-nin Moskva bölməsinin məsul katibi, "Nicat" Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyətinin
həmsədri şairə
Afaq Şıxlı öz çıxışına
bu sözlərlə başladı: "Dəyərli
yazarımız Əkbər
Qoşalı ilə Bakıda, mənim yeni kitabımın - "Səni düşünürəm"
in təqdimatı zamanı
tanış olmuşam. Bu tanışlığın
səbəbkarı əziz
dostumuz Elman Tovuz olmuşdu, hansına ki, hər zaman
minnətdar olacağam...
Əkbər bəy yorulmaq
bilməyən, dürüst,
məqsədyönlü və
təvazökar insandır.
Onun səyilə, uzun illər rəhbərlik etdiyi DGTYB dünyanın hər guşəsindən
olan türk gənclərini özündə
birləşdirdi. Bu birliyin üzvləri olan gənclər qəlblərindəki vətən
sevgisini, xalq, millət sevgisini gələcəyə aparan
bayraqdarlarımızdır. Onu da qeyd
edim ki, özündən sonraya layiqli varislər yetişdirmək, estafeti davam etdirəcək gənclərin Dünya Gənc Türk Yazarlar Birliyini daha da geniş
fəzalar fəth etməyə doğru aparmalarına təkan vermək- Əkbər bəyin böyüklüyündən
xəbər verir.Öz
yerini, tutduğu vəzifəni gənc bir istedada vermək
- bu gün üçün nadir hallardan
biridir. Əkbər Qoşalı bu
addımı böyük
məhəbbət və
inamla atan o nadir insanlardandır. Bu kimi üstün keyfiyyətlərdir onu dostlarının və oxucularının gözündə
ucaldan, əvəzsiz edən".
ASGA-nın Rusiya
nümayəndəliyinin sədri
Toğrul Allahverdili sözə başlamazdan öncə, Vətənimizin
sərhədlərində və
qardaş Türkiyədə
son günlər ərzində
şəhid olan əsgərləri yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.
Azərbaycan silahlı qüvvələrində xidmət zamanı komandiri olmuş Ə.Qoşalıya öz dərin minnətdarlığını bildirən Toğrul Allahverdili belə dedi: "Çox az adam tanıyıram ki, əsgərlik dövrünü mənim kimi xoş xatirələrlə ansın. Əkbər müəllim, siz anadan-bacıdan uzaq, yuxusuz və yorğun xidmət günlərimizi öz yenilməz ruhunuz və əvəzsiz nəsihətlərinizlə unudulmaz etmisiniz. Buna görə də sizə "çox sağ olun" deyirəm!"
"Rusiya hamı üçün" portalının (RİA Novosti) redaktoru, jurnalist, tərcüməçi Nilufər Şıxlının çıxışı görüş iştirakçılarının ürəyini riqqətə gətirdi: "Mən, Dünya Gənc Türk Yazarları Birliyinin Rusiya nümayəndəliyinin sədri kimi,ötən il ilk dəfə Bakıda keçirilən konfransa dəvət olundum. Bu konfransda türk dünyası ədəbiyyatının gənc nümayəndələri toplanmışdılar. Burada çox gözəl insanlarla tanış oldum və özümə qiymətli dostlar qazandım. Biz bir-birimizlə mütəmadi olaqraq əlaqə saxlayır, yaradıcılığımızdakı yeniliklərlə bölüşürük.
Demək istəyirəm ki, DGTYB qəribə cazibə gücünə malik təşkilatdır. O zamanadək mən həyata bir qədər başqa nəzərlərlə baxırdım. Anam Türk dünyasının böyüklüyündən, onun möhtəşəmliyindən uşaqlıqdan bizə danışsa da, öyrətsə də, bunu ilk dəfə yalnız o mühitə düşdüyüm zaman hiss etdim. Anladım ki, qardaş ölkə yalnız Türkiyə deyil. Özbəkistan da, Türkmənistan da, Qırğızıstan, Çuvaşstan, Qaqauz yeri, Qazaxıstan, Tatarıstan - bunlar hamısı bizik! Biz Türklər!
...İşlədiyim "Rusiya hamı üçün" portalında Türk dünyasının müxtəlif nümayəndələri çalışır. Biz öz aramızda türkcə danışırıq və bununla da fəxr edirik, çünki bizim ümumi dilimiz və bir amalımız var!"
Moskva ziyalılarının qonağı Ə.Qoşalı hər kəsə dərin minnətdarlığını bildirərək, DGTYB-nin işindən, gələcək planlardan, Azərbaycandakı ədəbi mühitdən, müasir yazarlar və onların əsərlərindən maraqlı söhbət etdi. Şair,moskvalı yazarların və azərbaycanlı tələbələrin suallarına maraqlı və ətraflı cavablar verdi. Daha sonra Əkbər Qoşalı tədbir iştirakçılarının xahişi ilə bir neçə şeir oxudu.
Görüşdə "Nicat" AİDC-nin həmsədrlərindən biri, Azərbaycan dili müəlliməsi Mehriban Abdullayeva, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü şair-publisist Əliş Əvəz də çıxış etdi.
525-ci qəzet.-
2015.- 16 sentyabr.- S.7.