İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi

 

 

(Əvvəli ötən sayımızda)

 

İ.Qəbulzadənin yaxın qohumu Abdurəhman Qəbulzadənin, öz soyunun tarixinə həsr etdiyi dəyərli araşdırmada İslam bəy haqqında yazdıqları da elmi baxımdan maraq doğurur. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri"ndə ana dilimizdə və rusca nəşr etdirdiyi geniş məqaləsində [22; 32] A.Qəbulzadə İslam bəy haqqında indiyədək bəlli olmayan bir sıra tərcümeyi-hal bilgilərini ortaya qoyaraq özündən əvvəlki müəlliflərin verdiyi məlumatları məzmunca tamamlayıb. Həmin yazıda oxuyuruq:

 

"Qəbulzadə İslam bəy Hacı Pirməhəmməd oğlu (03.05.1879-1920).

 

XX əsrin əvvəllərində İslam bəy Azərbaycanın ən qabaqçıl maarifçilərindən və ictimai-siyasi xadimlərindən biri olmuşdur.

 

O, Zaqatalada 4-sinifli şəhər məktəbini bitirib (1897). Müxtəlif illərdə və müxtəlif rayonlarda Türk dili müəllimi işləyib.  Öz müəllimlik fəaliyyətində yazdığı dərsliklərdən istifadə etmişdir. Bu dərsliklərdən respublikanın məktəblərində də istifadə olunub.

 

1903-cü ildə o, öz vəsaiti ilə Qaxda 3-sinifli məktəb açmışdır. (Sənədlər bunun ikisinifli məktəb olduğunu və 1905-ci ilin avqustunda açıldığını təsdiqləyir - O.T.).

 

İslam  bəy müəllimliklə yanaşı, ictimai işlə də fəal məşğul olub. 1914-cü ildə o, "Səfa" cəmiyyətinin katibi seçilib. 1917-ci ilin fevralında müvəqqəti Zaqafqaziya höküməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin Komissarı təyin edib. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti - Seym yaradılarkən İslam bəy Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib, ancaq çox ciddi səbəblər üzündən Seym üzvlüyündən imtina edib və yalnız müəllimliklə məşğul olub. Xalq artisti İsmayıl Dağıstanlı İslam bəyin açdığı Qax məktəbinin şagirdlərindən biridir.

 

Xilaskar Türk ordusu Azərbaycana gələrkən və onun komandanı Nuru paşa Qaxda olarkən İslam bəy burada onu öz evində yüksək səviyyədə qarşılamışdı. Bu görüşə Abdulla əfəndi Qəbulzadə də qatılmışdı. Nuru paşa onların simasında bu bölgədə millətin ən qabaqcıl nümayəndələrini tanımışdı.

 

...1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Maarif Nazirliyinin keçirdiyi müşavirə, qurultay və başqa tədbirlərdə fəal iştirak etdi. O, xalqa xidmətini yüksək qiymətləndirən Müsavat Partiyasının başçısı Məhəmmədəmin Rəsulzadəylə yaxından tanışdı.

 

İslam  bəy 1919-cu ildə Bakıda keçirilən müəllimlərin qurultayını protokollaşdırmışdı.

 

İslam  bəy "Molla Nəsrəddin" jurnalı ilə də əməkdaşlıq edib. Burada onun da məqalələri çap olunub.

 

1920-ci ildə kommunistlər onu Müsavat partiyasının fəal üzvü kimi güllələyiblər.

 

1 oğlu olub".

 

Doğrudur, İ.b.Qəbulzadə haqqında bir sıra qəzet məqalələri də mövcuddur, ancaq onlarda sənədlərə deyil, ağızdan eşidilənlərə istinad olunduğuna görə çoxlu yanlışlıqlara yol verilib (İslam bəyin Qazanda ali təhsil alması kimi), bu üzdən də biz onları ciddi qaynaq kimi qəbil etmədik.

 

DƏRSLİKLƏRİ ÖZÜ YARADAN MÜƏLLİM

 

İslam bəy Qəbulzadə Azərbaycan mədəniyyəti tarixinə hər şeydən öncə qabaqcıl bir müəllim kimi öz imzasını atıb. 1897-ci ildə Zaqatalada məktəb bitirən İslam bəy 1905-ci ildən Qaxda Türk dili və şəriət müəllimi işləyib. E.İbrahimova yazır: "İslam bəy 1905-ci ildə doğma Qax kəndində öz xərci ilə ibtidai məktəb açır. Şagird toplamaq üçün gənc müəllim bir-bir qonşu kəndlərə gedir, adamlarla təhsilin, məktəbin xeyri haqqında söhbət aparır, nəhayət, 27 oğlan uşağı toplaya bilir. Onlardan biri gürcü, 26-sı isə müsəlman uşaqları idi". Elə ardınca da qeyd edir ki, onun açdığı "ibtidai məktəbdə şagirdlər 7 il oxuyurdular".

 

Əlbəttə, bir yanlış fikir bir çox doğrular haqqında da şübhə yaradır. İş burasındadır ki, çar dönəmində ibtidai məktəb I-III sinflər arasında olurdu. 7-ci sinfi bitirən şagirdlər artıq orta təhsili başa vurmuş sayılırdılar və latın dilindən də imtahan verdikdən sonra ali məktəblərə girə bilərdilər.

 

Yazıdan öyrənirik ki, adıkeçən məktəbdə "dünyəvi elmləri İslam bəy özü, şəriəti isə Əmbərçaylı Həsən əfəndi tədris edirdi".

 

E.İbrahimova İ.b.Qəbulzadənin müəllimlik fəaliyyətindən danışarkən qeyd edir ki, onu ən çox narahat edən məsələlərdən biri də qızları məktəbə cəlb etmək idi. "1920-ci ildə Şəkidə qızlar məktəbi açılır. Məktəbin müdirəsi Basavad xanım İslam bəyə müraciət edir. İslam bəy belə qərara gəlir ki, nümunə üçün öz qohumlarından iki qızı həmən məktəbə göndərsin. Onlardan biri bibisi qızı Salihə Abdulla qızı Qəbulova, digəri isə Salihənin əmisi qızı Gülarə idi. Beləliklə, onlar Şəkidə Basavad xanımın məktəbinə daxil olur, təhsil alıb doğma ocaqlarına qayıdırlar".

 

Bu parçadakı adlarla bağlı aydınlatma vermək istəyirik. "Basavad xanım" böyük maarifçi Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımdır. "Salihə Abdulla qızı Qəbulova" Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abdulla əfəndi İbrahim əfəndi oğlu Qəbulzadənin (1853, Qax-1943, Qax), Gülarə isə Hüseyn bəy Abdurrahman əfəndi oğlu Qəbulzadənin (1884-1938) qızıdır.

 

İslam bəy bütün Azərbaycan müəllimlərinin üzləşdiyi ən böyük çətinliklərdən biri ilə də üzləşib - dərslik və dərs vəsaitlərinin kəskin çatışmazlığı ilə. Bu işə əncam çəkməyi isə özünün də vəzifəsi sayıb. O, bəzi dərslərini özünün yazdığı dərsliklərdən keçib. Bu dərsliklərdən ölkənin başqa məktəblərində də istifadə olunub. 1902-ci ildə nəşr edilmiş, cəmi 42 səhifəlik "Qəvaidi-lisani-türki" ("Türk dilinin qaydaları") kitabı [23] Osmanlı dərslikləri əsasında yazılsa da ana dilimizin qaydalarını şagirdə öyrədən ilk milli dərs vəsaitlərimizdən biridir. Öz zamanında müəllimlərə böyük yardımçı olan bu əsər ibtidai və orta (real) məktəbləri üçün nəzərdə tutulmuşdu.

 

Kitab müəllifin "ifadeyi-məxsusiyyə"si ilə başlanır: "Lisani-türkidə bu vəqtə kibi məqsudumuzu kitabətcə nöqsansız hasil etməyə aciz olduğumuzdan, bu Qəvaidin təhririnə cəsarət etdim. Bu üsulə mərhəmətlə nəzər edib hər yerdə təhsil olunmasına rica, iltimas elərəm. Bu ricamın məqbuliyyətinə və az vəqtdə bu kitab qəvaidcə milləti mükəmməl dərəcəyə vasil etməyinə umud edərəm".

 

Kitabı İslam bəy bu şeirlə və ayələrlə bitirib:

 

Elmə məşğul olalım,

keçməsin bifaidə zəmanələr.

Elm yəqin gövhər imiş,

isbat edər bu ayələr... 

Kitab 12 dərsdən ibarətdir.

Birinci dərs. Elmi-sərf.

İkinci dərs. Hərəkə.

Üçüncü dərs. Kəlimat.

Dördüncü dərs. İsmi-mövcudat.

Beşinci dərs. İsmi-sifət.

Altıncı dərs. İsmi-ədat.

Yeddinci dərs. İsmi-işarat.

Səkkizinci dərs. Məsdər.

Doqquzuncu dərs. Mübhəmat.

Onuncu dərs. Ədəvat.

On birinci dərs. Əfali-rəbtiyyə.

On ikinci dərs. Əfali-nida.

 

Hər dərsin sonunda müəllif yazılış qaydaları və mövzu ilə bağlı suallar verib.

 

Kitabın sonunda İslam bəy Qurandan elmlə bağlı 6 ayə gətirir və onların hər birinin mənasını açıqlayır.

 

Ana dilimizin tədrisi tarixini incəliklə araşdırmış prof. Ağamməd Abdullayev "Azərbaycan dilinin tədrisi tarixindən" kitabında İslam bəyin "Qəvaidi-lisani-türki" dərsliyinə bir neçə səhifə yer ayırıb. O, əsərin məzmunundan geniş söz açıb və ona layiq olduğu yüksək dəyəri verib. Ancaq professorun yazdıqlarında kiçik bir məqamla razılaşmaq olmur. O, qeyd edir: "Kitabın 3-cü dərsi "Kəlimat"dan (sintaksisdən) bəhs edir". Ancaq "kəlimat" "sintaksis" yox, "leksika" deməkdir.

 

Qafqaz Tədris Dairəsinin Tiflis valiliyi 4-cü rayonunun xalq məktəbləri müfəttişi 25 aprel 1916-cı ildə 860 saylı belə bir şəhadətnamə verib ki, İslam bəy Qəbulov 1 sentyabr 1905-ci ildən 1 sentyabr 1910-cu ilədək Zaqatala dairəsinin Qax normal məktəbində müəllim işləyib. Bu faktı "Qafqaz təqvimi" də təsdiqləyir. Həmin nəşrdə İslam bəy Pirməhəmməd oğlu Qəbulov 1909-cu ildə Qax normal məktəbinin müəllim kimi qeyd edilib.

 

İslam bəy bu dönəmdə özünün "Rəhbəri-hesab" adlı ikinci dərsliyini nəşr etdirib. Kitabın titul səhifəsində yazılıb: "Hər bir savad əhli bir az vaxtda müəllimsiz elmi-hesabın əvvəlindən ta kəsri-əşarinin (onluq kəsrlərin) axırına kimi olan qaydaların cümləsini (hamısını) mükəmməl surətdə öyrənə bilər. Məkatibi-ibtidaiyyə və rüşdiyyədə (ibtidai və real məktəblərdə) tədris olunması iqtiza edər (mümkündür). Təbi-sani (ikinci nəşri)".

 

"Rəhbəri-hesab" dərsliyindən İslam bəyin həm özü, həm də Azərbaycanın riyaziyyat müəllimləri uzun illər yararlanıb.

 

E.İbrahimova İslam bəyin "Zaqafqaziya xalqlarının coğrafiyası" adlı dərsliyinin də olduğunu iddia edir: "...Dərslik o dövrdə çox məşhur olub. Əsər Peterburqda nəşr edilib. ...Lakin müəllifə bu kitabı görmək nəsib olmayıb. Əsər çap ediləndə o artıq dünyasını dəyişib". Açığı, bu müddəa bir sıra səbəblərdən ciddi şübhə doğurur. Birincisi, əsərin adı inamsızlıq yaradır, axı "xalqların coğrafiyası" anlayışı məntiqsizdir - ölkələrin coğrafiyası ola bilər. İkincisi, həmin adda əsərin mövcudluğunu təsdiqləyəcək heç bir qaynaq tapa bilmədik. Üçünsü, İslam bəy Sovet dönəmində və həmin quruluşun düşməni kimi məhv edildiyinə görə onun əsərinin o vaxt, özü də Peterburqda (!) işıq üzü görməsi əsla inandırıcı deyil.

 

İSLAM BƏY İBRAHİM BƏY HEYDƏROVUN DUMADAKI MƏRUZƏSİNDƏ

 

Azərbaycan ictimai-siyasi tarixində mühüm yer tutmuş şəxlərdən biri də İbrahim bəy Heydərovdur (1879, Dərbənd - 1949, Ankara). 1907-ci ildə Dağıstan vilayəti və Zaqatala dairəsindən Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) deputat seçilmiş İbrahim bəy 1918-ci ildə də İslam bəylə birgə Zaqafqaziya Seyminin üzvü olmuşdu. Görünür, Zaqataladan seçilməsinə Qəbulzadələr soyunun nüfuzu da müəyyən qədər təsir göstərib, çünki sonralar İbrahim bəylə İsmayıl bəyin çox yaxın münasibətlərinin şahidi oluruq. İbrahim bəy də maarifpərvər bir ziyalı idi. O, Dövlət Dumasında yalnız Azərbaycanın, Qafqazın deyil, bütün Rusiya müsəlmanlarının mənafeyindən çıxış edərək milli məsələlərə yanlış münasibət bəsləyən çar hakimiyyətini kəskin tənqid edirdi. Onun çıxışlarından birinin mətni 1912-ci ildə Bakıda türkcə nəşr edilib. 16 səhifədən ibarət geniş məruzədən yalnız İslam bəylə bağlı yerləri oxucuların nəzərinə çatdırırıq. Burada İbrahim bəy bir müəllimin simasında çar hakimiyyətinin təhsildə müsəlmanlara qarşı necə mürtəce siyasət yürütdüyünü kəskin şəkildə ifşa edir:

 

"...Bu əhvalat Qafqaz kənd məktəblərinin birində - Qax kəndində vaqe olmuşdur. Mən sizə sənədi oxuyacağam, çünki siz sənəddən əhvalatın çegunəliyini (necə olduğunu) biləcəksiniz. Əhvalat budur.

 

"Müsəlman şəriət müəllimi Qəbulova.

 

(Blank üzərində Qafqaz Maarif Nahiyəsinin, Maarif Nəzarətinin möhürü, Qax ikisinifli məktəbinin naziri, məktubun nömrəsi 141, tarix 10 oktyabr 1909, Qax kəndi).

 

Hər həftə cümə günləri üçüncü dərsdən sonra Sizin rəyasətiniz altında müsəlman şagirdləri məktəbi, dərsi burakıb məscidə namaz qılmağa gediyorlar. Buna görə hər həftə mənim və birinci sinif müəlliminin iki saat vəqti hədərə gedir. Əlbəttə, bu iş məktəbin ümum şagirdlərinin müvəffəqiyyətinə əsər edəcəkdir, çünki müsəlmanlar məktəb şagirdlərinin nisfini (yarısını) təşkil ediyorlar. Mən və birinci sinif müəllimi yeni dərsləri keçə bilməyirik.

 

Necə ki mənə məlumdur, Qafqaz Darülmüəlliminində (Qori seminariyası nəzərdə tutulur) (ki orada şagirdlərin pansionu var və 60 nəfər müsəlmanlar mövcuddur ki, bunlar da məktəb şagirdlərinin nisfini təşkil ediyorlar) bilkülliyyə cümələr bayram saxlamıyorlar. İştə bunlara görə Sizdən acizanə təvəqqe edirəm həmin məktubda müfəssəl bəyanat verəsiniz nə vəqt və kim qət eləmişdir ki, Rusiyanın xəzinə məktəblərində cümə günləri yarım gün bayram saxlansın və Siz özünüz şagirdlərin valideynləri ilə bu barədə bizzat etilaf edə bilməzsiniz ki, bu cümə qaydası ləğv edilsin? Hərgah mümkün olmasa Sizin bəyanatınız və cümə məsələsi Tiflisdə məkatib müdirinə təqdim ediləcəkdir.

 

Qax məktəbinin naziri (müdiri): Popandopulo".

 

Bu məktuba şəriət müəllimi İslam bəy Qəbulov böylə cavab yazmışdır:

 

"Oktyabrın 10-da 141 nömrəli məktubda dərc edilən Siz cənabların təklifinə mən zeyldəki (aşağıdakı ) cavabları verə bilərəm:

 

Əvvəla, cümə günü şəriətə müvafiq həftəmizin müqəddəs bir günüdür. Həmən şəriətə müvafiq biz müsəlmanlar həmin müqəddəs günü bayram edirik. Borcluyuq ki, Allahın ibadətini yerinə yetirək. Saniyən, mən şəriət müəllimi olduğum üçün hissi-məzhəbi qeyd etməməkdən ötrü hər həftə cümələr üçüncü dərsdən sonra mənim təhti-idarəmdə (rəhbərliyim altında) olan şagirdləri məscidə namaz qılmağa aparıram. Xüsusən onların valideynlərinin tələbinə görə və ümumən bunun ilə əhalini məktəbə təşviq etməyə bir xidmətdə bulunuyorum. Mən bu məktəbə təyin olunmadan əvvəl müsəlmanlar bu məktəbə kərahət ilə (ikrahla, nifrətlə) bakıyordular. Ancaq ildə dörd-beş şagirdlər məktəbə gəliyordular, o da maaş (təqaüd) almaq niyyəti ilə. Amma imdi mənim əlaqəm sayəsində uşaqların miqdarı 60-dək artmışdır, məktəbin ümum şagirdlərinin nisfini təşkil edir. Hətta imdi, əfsus olsun ki, məktəbə daxil olmaq istəyən çocuqların çoxunu yer olmadığından dala qaytarmışıq. Sizin təklifinizin əsasına gəlincə, kəmali-ehtiram ilə məlum edirəm ki, mənim valideynlər ilə cümə bayramlarının fəsx edilməsi (ləğv edilməsi) barəsində heç bir halda razılığım olamaz, çünki onlar mənə pişəzvəqt (qabaqcadan) xəbər vermişlər ki, şəriətə bu kibi müxalifətdə bulunmaqdan isə onlar uşaqlarını məktəbdən alacaqlar.

 

Müəllimin imzası: İslam bəy Qəbulov".

 

(Ardı var)

 

Oğuztoğrul TAHİRLİ

525-ci qəzet.- 2015.- 16 sentyabr.- S.6.