Avropa Parlamentinin Azərbaycana qarşı 10 sentyabr terroru

 

 

"Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur"

 

Heydər Əliyev

 

Dünyada baş verən ən dəhşətli hadisələrə ən həssas reaksiya bir çox hallarda "güldürən adamlar"dan gəlib. İşi-peşəsi güldürmək olan bu adamlar ən adi vəziyyətlərdə insanları kədərləndirməyi və əlbəttə ki, düşündürməyi də bacarıblar. Bu mənada, 20-ci əsrin məşhur amerikalı yumor ustalarından olan Don Markizin bir fikri, az qala, bütün dövrlərin reallığını əks etdirir. Don Markiz deyir, əgər biri sizə alın təriylə zəngin olduğunu söyləyirsə, ondan soruşun: "Kimin alın təriylə?"

 

Qəribə də olsa, bu fikir daha çox yaşadığımız dövrün reallıqları ilə həmahənglik təşkil edir. Son illər dünya daha da qəddarlaşıb, vəhşiləşib. İllər ötüb, qərinələr keçib, əsr, minillik dəyişib, amma Avropa özünün işğalçılıq siyasətindən, zəbt etmək, sahib çıxmaq məkrindən hələ də dönməyib. Ötən yüzilliklərdə olduğu kimi, bu gün də bir çox Avropa dövlətləri zəngin həyata özlərindən aşağı səviyyədə gördükləri xalqların və toplumların hesabına - özü də bu dəfə alın təri ilə deyil, məhz qan və göz yaşları bahasına - yiyələnirlər. Forma və müdaxilə üsulları dəyişsə də, mahiyyət yenə həminkidir.

 

İmperialist düşüncə tərzindən qurtula bilməyən Qərb dairələri müxtəlif qondarma ittiham və təhdidlərlə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışaraq ya müharibələr hesabına dövlətləri parçalamağa, insanları köçkün həyatına sürükləməyə çalışır, ya da inkişafda olan, heç kimin vassalına çevrilmədən inkişaf yolu keçən ölkələri təzyiq altında saxlamağa cəhd göstərirlər. Bu qüvvələr neçə illərdir, müstəqil və ardıcıl siyasət apararaq dünya birliyində özünə layiqli yer tutan Azərbaycan dövlətini də öz məkrli niyyətlərinin hədəfinə alıblar.

 

Avropa Parlamenti bu günlərdə Azərbaycana qarşı çirkin məqsədlər və qərəz üzərində qurulan qətnamə layihəsini qəbul etməklə, əslində, öz fəaliyyətini tamamilə iflasa uğratdı. Əslində, xarici dairələr Azərbaycana qarşı cəfəng ittihamlar irəli sürmək əvəzinə, işğalçı siyasət yürüdən, soyqırımlar həyata keçirən, regionu təhdid altında saxlayan, təmas xəttində təxribatlara əl atan, mülki əhaliyə atəş açan Ermənistan rəhbərliyinin törətdiyi əməllərin hesabını ödəməyə məcbur etməli idi. Amma bu çevrələr Dağlıq Qarabağda tüğyan edən erməni separatçılığını "milli azadlıq hərəkatı" səviyyəsinə qaldırmaqla haqsız və ədalətsiz dünya yaratmağa çalışdıqlarını ortaya qoyublar. Təsadüfi deyil ki, bu gün Türkiyənin də PKK yaraqlılarına qarşı apardığı mübarizəyə qarşı çıxan Qərb siyasi dairələri terrorçuları "azadlıq mücahidləri" kimi dünyaya təqdim etməyə çalışırlar. Sual olunur, münaqişələrin həlli üçün hər dəfə xalqların müqəddəratını təyinetmə hüququnu ön plana çəkən Qərb və Amerika siyasi dairələri bəs nəyə görə, İspaniyanın Kataloniya muxtariyyatının müstəqillik əldə etməsinə qarşı çıxır, ermənilərə isə ikinci dəfə bu hüququ vermək istəyirlər? Axı, kataloniyalılardan fərqli olaraq tarixi sənədlər də sübut edir ki, ermənilər məqsədli şəkildə bu bölgəyə köçürülüblər. Digər tərəfdən, Türkiyəni terror vahiməsi bürüyərkən PKK yaraqlılarına haqq tanıyan Qərb dairələri bununla necə sülhə nail olmaq istəyirlər? Artıq danılmaz faktdır ki, dünya gücləri ayrı-ayrı ölkələrdə baş qaldıran separatçı hərəkatlarını pis və yaxşıya böldüyü kimi, terror qruplaşmalarına qarşı da eyni münasibət sərgiləyir. Bunun üçün də Avroparlament kimi nüfuzunu itirmiş qurumlardan təzyiq və hədə vasitəsi kimi istifadə olunur. Vəziyyət o həddə çatıb ki, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın formal yerdəyişdirməsi prosesi aparılır. Bu ləyaqətsiz tapşırığı isə Avroparlamentdə səlahiyyət sahibi olan şəxslər yerinə yetirir.

 

Dünyada baş verən proseslərdən və ölkəmizə qarşı hazırlanan oxşar ssenarilərdən vaxtında və düzgün nəticə çıxaran Azərbaycan ictimaiyyəti bu qurumu yalnız Qərbin bəlli dairələrinə xidmət edən oyuncaq təsisat kimi qəbul edir. 20 ildən artıq müddətdir Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasına, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə heç bir reaksiya verməyən, bunlara dair bir dəfə də olsun qətnamə qəbul etməyən, bəyanat verməyən avroparlamentarilər cəmi 20 dəqiqə ərzində Azərbaycana qarşı subyektiv mülahizələrə əsaslanmayan, faktiki sübutu olmayan sənədə imza ata bilirlərsə, o zaman bu qurumun obyektivliyinə heç vaxt inam ola bilməz. Bunun bir adı var, o da riyakarlıqdır.

 

Qərbin Azərbaycana qeyri-səmimi münasibəti

 

Avropa İttifaqının Azərbaycanla bağlı qərar verməyə mənəvi haqqı yoxdur. Çünki Azərbaycan Avropa İttifaqına can atmır, quruma üzv olmaq üçün heç vaxt müraciət etməyib. Buna görə də, Avroparlament Azərbaycan üzərində təftiş aparmaq hüququna malik deyil. Avropa Parlamenti yalnız quruma üzv və namizəd olan ölkələr arasında belə bir təftiş apara bilər. Hərçənd ki, səlahiyyəti xaricində olan məsələlərə müdaxilə edən qurumun Azərbaycanla bağlı qətnaməsində reallıqla ayaqlaşmayan həddindən artıq subyektiv məqamlar var. Hətta bəzi məqamlar təxribat səviyyəsindədir. Avroparlament bu qətnamə ilə Azərbaycanı aşağılamağa çalışır. Halbuki, Avropa özü bu yaxınlarda ciddi bir hadisənin sınağından üzüağ çıxa bilməyib. Sirr deyil ki, Suriya, Liviya, Misir kimi ölkələrdə "Ərəb baharı" yaradan Qərb-Amerika koalisiyasıdır. Bunun nəticəsidir ki, Yaxın Şərq regionunda böyük müharibələr gedir, yeni dövlətlər yaratmağa, sərhədləri dəyişdirməyə cəhdlər göstərilir. Bütün bunlar insanların həyatına da öz təsirini göstərir. Yaranan qaçqın ordusu Avropaya üz tutmaq üçün ağır və çətin şəraitdə Aralıq dənizi ilə hərəkət edir, müxtəlif səbəblərdən öz həyatlarını itirirlər. Avropa sahillərinə çatan insanlar əzab-əziyyətlərlə üzləşir, qəbul edilənlər isə rezervasiyalarda yerləşdirilirlər. Acınacaqlı şəraitdə yaşayan miqrantların gələcək taleyi müəmmalı olaraq qalır. Yəni, belə bir göstəricilərə malik Avropanın Azərbaycanı təftiş cəhdinə, iqtisadiyyatı inkişaf edən, əhalisinin rifah halı gündən-günə daha da yaxşılaşan dövlətə qarşı təzyiq alətlərindən istifadə etməsinə haqqı varmı?  Halbuki, Azərbaycan Avropa İttifaqına daxil olan ölkələr üçün strateji əhəmiyyətə malik dövlətdir. Dövlətimiz Qərbin enerji təhlükəsizliyində alternativ rol oynayır. Azərbaycan Rusiyadan fərqli olaraq bu amildən siyasi alət, təzyiq vasitəsi kimi istifadə etmir. Xüsusilə də, neft və qaz layihələrində müttəfiqlik əlaqələri qurmaq Azərbaycana çox çətin başa gəlib. Bütün bunlara baxmayaraq, Qərb bizə səmimi davranmır. Çünki Qərb beynəlxalq siyasətdə kifayət qədər etibarsız tərəfdaşdır.

 

Mövqe eyni, simalar eyni

 

Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Ulrike Lunaçekin ermənipərəst mövqedə olduğu heç kəsə sirr deyil. Onlar bundan əvvəlki fəaliyyətləri ilə də sübut ediblər ki, Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikirləri gücləndirməyə çalışırlar. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması məsələsini ortaya atan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də təhrif edirlər. Bizim isə işğal olunan torpaqlarımızı güc yolu ilə azad etmək hüququmuzu tanımaq istəmirlər. Məhz ermənipərəst qüvvələrin və onların müdafiə etdiyi milli maraqlara xəyanət edən şəxslərin birgə məqsədləri də bundan ibarətdir. Hərçənd, bu cür çirkli metodlar heç kimi təəccübləndirmir. Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan və anti-Türkiyə strategiyasının bələdçiləri və icraçılarıdır. Təsadüfi deyil ki, sözügedən qurumda ilin əvvəllərində qondarma erməni soyqırımını tanıyan sənəd qəbul edilərkən, 2012-ci ildə "Avroziya" mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları boykot qərarı verilərkən də bu şəxslərin adı təşəbbüskarlar sırasında çəkilirdi. Lakin əvvəllər olduğu kimi indi də Avropa Parlamentində qəbul olunan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Bu cür layihələr təzyiq kampaniyası şəklində aparılaraq yalnız ictimai fikri yanlış istiqamətlərə yönəltməyə xidmət edir.

 

Yaxın Şərqdə baş verən hadisələr də onu göstərir ki, demokratiyanı kütləvi qətllər hesabına "qurmağa" çalışan xarici dairələr yüz minlərlə qaçqını dağıdılmış evlərini tərk etməyə və insan hüquqları müdafiəçilərinin onlara qarşı əsl soyqırımı təşkil etdiyi "demokratiya beşiyi"ndə sığınacaqlar axtarmağa vadar edib. Ali dəyərləri əllərində spekulyasiya vasitəsi kimi istifadə edən Avropa Parlamentində ABŞ-da polis özbaşınalığının və irqçiliyin qınanması və ya Avropada mühacirlərə qarşı zor gücündən istifadə edilməsinin qarşısını almaq üçün çətin ki, sanksiyaların tətbiq olunmasına dair çağırışlar eşidək. Ən acınacaqlısı isə odur ki, Ermənistan kimi uçurumun astanasında olan dövlət belə bu qurumların hədəfinə tuş gəlmir. Sanki xristian dünyasında bütün problemlər həll olunubmuş kimi Qərb yalnız "demokratiya yaratma" adı ilə soyqırım siyasətini müsəlman dövlətlərə qarşı həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu rəzil fəaliyyətin arxasında milyonlarla insanın qanı bahasına dünyanın xəritəsini yenidən dəyişmək məqsədi dayanır.

 

Avropa bumeranq effektini yaşayır

 

Qərbin həyata keçirdiyi siyasi oyunlar bumeranq effekti verərək Avropanı humanitar fəlakətə qərq edib. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkün düşən insanlar müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tuturlar. Lakin mühacirlərin köhnə qitədə qarşılaşdıqları mənzərə onların təsəvvür etdiyindən tamamilə fərqli olub. Yaşanan son hadisələrin fonunda özünü "demokratiya beşiyi" hesab edən Avropa daha çox işğalçı və müstəmləkəçi, faşist keçmişi ilə ön plana çıxıb. Təkcə bir faktla bu gün Qərb və Amerika dairələrinin geosiyasi fəaliyyətinin hansı məqsəd və niyyətlər üzərində qurulduğunu söyləmək mümkündür. 2011-ci ildə Vaşinqtonun Liviyada başladığı hərbi əməliyyatlara qoşulan Böyük Britaniya ölkənin bombalanmasına 320 milyon funt sterlinq xərclədiyi halda, Müəmmər Qəddafi hakimiyyəti devrildikdən sonra bərpa işlərinə bundan 13 dəfə az - cəmi 25 milyon funt sterlinq ayırıb. "The Morning Star" nəşrinə müsahibəsində "Müharibəni dayandırın" koalisiyasının zabiti Kris Naynhem bildirib ki, bu rəqəmlər 2011-ci ildəki təcavüzün heç vaxt situasiyanın Liviya xalqı üçün inkişaf etdirilməsi məqsədi daşımadığını göstərir. Söhbət regionda Qərbin maraqlarının təmin olunmasından gedir. Bu o deməkdir ki, Qərb öz keçmişi ilə vidalaşmaq fikrində deyil. Sadəcə olaraq, insan hüquqları, dini və irqi bərabərlik - tolerantlıq kimi ali və humanist dəyərləri sözdə qoruduğunu göstərməklə qara və qanlı keçmişini, əsl iç üzünü gizlətməyə çalışır. Çünki bu humanitar fəlakətin əsas səbəbi də Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətdir. Avropa Parlamentinin 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində həyata keçirilən terror aktının 14-cü ildönümündən bir gün əvvəl Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə irəli sürülən olmazın ittihamlar, aşağılayıcı müddəalar əslində, elə siyasi terror hadisəsidir. Terror təkcə silahla həyata keçirilmir: bir xalqı, bir dövləti, bir toplumu layiq olmadığı şəkildə aşağılamağa, mərhumiyyətlərlə üz-üzə qoymağa çalışmaq, təhdid və təzyiqlər vasitəsi ilə onu inkişaf yolundan döndərməyə cəhd göstərmək özü də bir terror hadisəsidir.

 

Azərbaycan xalqı öz liderinə inanır!

 

Əsrlər bir-birini əvəz edəcək və yenə də Qərbin terror üzərində qurulan çirkin siyasəti tarixin qanlı və utancverici səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Ölkə rəhbəri cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qərbin bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiq olduğunu həyat göstərəcək: "İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir. Bunun nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bax bu bəlalardan qorumuşuq. Bizə qarşı uzanan o çirkin əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik".

 

Afrika, Yaxın və Orta Şərq ölkələrində demokratiya adı altında çevrilişlər, qarşıdurmalar törədən Qərb və Amerika siyasi dairələri bununla çətin ki, əsl iç üzünü gizlədə bilsin. Bu gün həmin bölgələrdən olan mühacirlərin Aralıq dənizi ilə Avropaya üz tutmasında məhz Qərb və ABŞ məsuliyyət daşıyır. Həmin insanlar ölkələrində bu dünya gücləri tərəfindən törədilən siyasi çevriliş, hərbi müdaxilələrin qurbanı olublar. Bundan sonra hansı dövlət və xalq həmin dairələrin çirkin siyasi oyunlarının qurbanına çevrilmək istəyər? Bu hadisələr bir daha dünya insanına göstərib ki, demokratiya, insan hüquq və azadlıqları adı altında ölkələrin daxili işlərinə qarışmaq istəyən qüvvələrin bir məqsədi var, o da dövlətin varlığına son qoymaq, xalqın keçmiş və gələcəyini əlindən almaqdır. Əgər həmin inqilab layihələri Azərbaycanda baş tutsaydı, on illər bundan əvvəl yaşadığımız qaçqın və köçkünlük həyatı yenidən təkrarlanacaqdı. Bu çirkin layihələri Azərbaycanda da gerçəkləşdirmək istəyənlər xarabazarlığa, dağıntılara, tayfalar arasında toqquşmalara sanki investisiya qoymuş olurlar.

 

Hər halda miqrant axını problemi ilə üzləşməyən ABŞ hadisələri kənardan izləməklə kifayətlənmək fikrində deyil. Əksinə, yeni dünyalılar Qərb siyasi dairələrinin təkanverici qüvvəsi kimi çıxış edərək fəlakət bölgələrinin sayını artırmaqla məşğul olurlar. Bu məqsədlə məlum çevrələr nəzarətlərində olan ayrı-ayrı beynəlxalq qurumlar vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlər göstərirlər. Çünki Azərbaycanın müstəqil siyasəti, sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyaların əsas səbəbləri də məhz bu amillərdən qaynaqlanır. Şübhə yox ki, bu cəhdlər digərləri kimi heç bir nəticə verməyəcək və məlum dairələr dövlətimizə barmaq belə uzada bilməyəcəklər. Dövlət başçısı cənab İlham Əliyevin təbiri ilə desək, Azərbaycanda "maydan hərəkatı"nın növbəti dalğasını törətməyə çalışanlar - inqilaba investisiya qoyanlar məğlub olublar və hər zaman məğlub olacaqlar.

 

Hacı İBRAHİMOV

525-ci qəzet.- 2015.- 16 sentyabr.- S.5.