Dövrün ədəbi salnamələri - yazıçı gündəlikləri

 

 

Ədəbi-bədii, ictimai-siyasi nəşrlər arasında gündəliklər müstəsna yer tutur. Keçən əsrdə bir çox  siyasi  və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir. Gündəliklərə müraciət əsasən tarixin mürəkkəb, keşməkeşli  dövrlərində daha intensiv xarakter alır. Müstəqillikdən sonra 90-cı illərdən başlayaraq bir çox gündəliklər işıq üzü gördü ki, bunlara ictimai-siyasi məzmunlu gündəliklər, hərbi gündəliklər, yazıçı gündəlikləri aiddir. Onların arasında yazıçı gündəlikləri xüsusi yer tutur: Y.V.Çəmənzəminlinin, S.Rəhimovun, B.Vahabzadənin, K.Kələntərlinin gündəliklərindən parçalar, Xəlil Rzanın gündəlikləri əsasında çap olunmuş elmi- tarixi memuarları bu qəbildəndir.

 

Sovet dönəmində ədəbi prosesə hakim olmuş dövlət nəzarəti, qatı senzura rejimi gündəlik janrına müraciəti artırmışdı. Lakin bunu yalnız dövrlə əlaqələndirmək düzgün deyil. Belə ki, gündəliyə müraciət daha çox daim narahat, düşünən, axtaran  yazıçı dünyasının özəlliyindən irəli gələn bir tələbat kimi də özünü göstərə bilər. Hər bir dövrün gündəliklərinin öz spesifik xüsusiyyətləri var. Bu baxımdan Sovet dövründə yaranmış gündəliklərin ayrıca bir mərhələ şəklində öyrənilməsi xüsusi önəm kəsb edir.

 

Uzun zaman çap üçün nəzərdə tutulmayan gündəliklər yazıçı üçün öz daxili aləmini "canlandırmaq, özünü narahat edən suallardan "yaxa qurtarmaq ücün" yeganə vasitə idi. Lakin məlum olduğu kimi, heç də bütün gündəliklər "sandıq ədəbiyyatına" aid edilə bilməz. Gündəliklər əsasən çap üçün nəzərdə tutulmur. Avtokommunikativlik bu yazıların əsas xüsusiyyətlərindəndir. Bir çox müəlliflərin gündəlikləri ölümündən sonra çap olunur. Bəzi müəlliflər isə, özləri öz gündəliklərini çapa təqdim edirlər. Sovet dövründə də bir çox gündəliklər çap olunurdu. Məsələn İ.Şıxlının "Cəbhə gündəlikləri", B.Polevoyun, K.Simonovun hərbi gündəlikləri ilə yanaşı Çukovskinin, Oleşanın,  M.Prişvinin və b. Lakin bu əsərlərin çap versiyası əsl variantdan çox fərqlənirdi. Oxucuya dövrün senzurasından keçə biləcək "rəndələnmiş, hamarlanmış" gündəliklər təqdim olunur, zamanın tələbləri ön plana çəkilirdi. Bu səbəbdən də bu gün ilk dəfə nəşr olunan əsərlərlə yanaşı, əvvəllər çap olunmuş nəşrlərə daxil olmayan hissələrə xüsusi diqqət verilir, həmin əsərlərin məruz qaldığı təqib və təsirlərdən bəhs olunur.  Çünki ümumiyyətlə, memuar tipli ədəbiyyatın, insanın gizli, daxili hisslərinin və baxışının əks olunduğu gündəliklərin çapı dövr üçün arzuolunmaz idi.

 

Birbaşa oxucuya, müasirlərinə deyil, gələcək nəsillərə ünvanlanmış gündəliklər də mövcuddur.  Sovet dövrü ərzində yazılan gündəlikləri məhz bu növə aid etmək olar. Stalin dövründən bəhs edən, Sovet gerçəkliklərini əks etdirən gündəliklər sadəcə qeydlərdən ibarət deyil, onlar dövrlərini olduğu kimi gələcək nəsillərə çatdırmağa hesablanmış "salnamələrdir". Bu əsərlərdə müəlliflərin şəxsi həyatı, gündəlik problemləri, yaxınları haqqında məlumatlara çox az-az rast gəlirik.  Əsas mövzu zaman, sistem və yaradıcı insan qarşıdurmasıdır, yaradıcı insanın gizli yaşantılarının təsviridir. Gündəliklərin, gün sözü ilə əlaqələndirilərək, gündəlik qeydlərindən ibarət bir yazı kimi qiymətləndirilməsinə baxmayaraq, çap üçün nəzərdə tutulmuş gündəliklərdə müəllif qeydləri seçimə məruz qalır, maraq doğuran hadisələrin deyil, bütöv bir dövrün, nəslin həyatındakı mühüm, tipik hadisələrin təsvirinə üstünlük verilir. Burada  faktlar  kortəbii olaraq qeyd olunmur, əksinə, çox ciddi şəkildə seçilir, gələcək oxucularına dövrün mənzərəsini dolğunluğu ilə təqdim  edəcək, zamanın çətinliklərini, dəhşətlərini tam olaraq təsvir etməyə imkan verəcək məqamlar yer alır. Bu yazılarda  müəlliflər gündəlik qorxunu, narahatlığı nizamlayaraq, həyatdakı xaosdan azad olmağa çalışır, gündəlik qeydlər əvəzinə  düşüncələri, mülahizələri ilə bölüşürlər.  Avtobioqrafik əsərlərdə olduğu kimi, burada da müəllif özündən, öz ətrafından bəhs edir, həyatının başqa insanlara məlum olmayan məqamlarına toxunur, lakin gündəliklərdə əhatəli xronotop olmur.  Fərqlər - bəhs olunan faktlardan müəllifi müəyyən zaman kəsiyinin ayırması; gündəliklərə sinxronluq, xatirələrdə retrospektivlik; xatirələrdə hadisələr süjet xətti üzrə inkişaf edirsə, gündəliklərin diskret qeydlərdən ibarət olması kimi xüsusiyyətlərdə özünü göstərir. Müəllif mühakimələri, düşüncələri yer alan yazıları isə gündəlik adlandırmaq  o qədər də yerinə düşmür. L.Ginzburq çox  vacib bir fərqə diqqət yönəldir: "Gündəlik yazan kortəbii irəliləyir, o nə öz həyatı, nə də yaxınlarının taleyindən xəbərdar deyil. Burada  təsadüfi və dəqiqləşməmiş hadisələr yer alan yüksələn dinamika hakimdir. Romana isə qanunauyğunluğa və qiymətləndirməyə xas retrospektiv dinamika xasdır".

 

Sovet yazıçılarının gündəliklərə üz tutmalarına səbəb onların  insana, həyata  inamları, daha dəqiq desək, etibar etmələridir. Bir çox Sovet yazıçıları gələcək nəsillər qarşısında özlərinə bəraət qazanmağa, yaşananları olduğu kimi çatdırmağa çalışmışlar. 

 

Xəlil Rza Ulutürk 32 ildən artıq müddət ərzində gündəlik yazmış, ictimai-siyasi və ədəbi-mədəni həyatımızın ən mürəkkəb və məsuliyyətli məqamlarını əks etdirmişdi.  Bu yazılar tam şəkildə olmasa da qismən oxuculara təqdim edilmiş,  1998-2007-ci illər ərzində bu gündəliklərin qeydləri əsasında müəllifin bir neçə elmi-tarixi  memuarı çap edilmişdir.

 

Son dövr bir çox yazıçılarımızla bağlı xatirə topluları çap olunur. "Dədə Süleyman dünyası" xatirələr toplusunun digərlərindən fərqi ondadır ki,  bu topluya bir çox sənədlərdən - məktublardan, gündəliklərdən  parçalar, istintaq materialları daxil edilmişdir.

 

Şamo Arif  topluya daxil edilən "Millət və Qeyrət" yazısında atası - Xalq yazıçısı Süleyman Rəhimovun "Gündəlik" başlıqlı xatirə yazmış olduğunu qeyd edir. Bu gündəliklərdən Ə.Həşimovun S.Rəhimovla bağlı məqaləsində də bəhs olunur. Gündəlikdən verilən parçada (20 may 1965-ci ildə qələmə alınmış) S.Rəhimov gündəlik yazmaq istəyinə bu cür açıqlama gətirir: " Görünür, mənim özümə görə çox qəribə, həm də mürəkkəb taleyim vardır. Haqqımdakı quyruqlu şayiələrin biri o birisinin də dirçəlməsinə səbəb olur. Madam ki, belədir, gərəkdir ki, öz qələmimi əlimə alıb aydınlıq, həqiqət, ədalət naminə olanı yazıb qoyasan. Bəlkə sübut etməyə ömür çatmadı!. Bəli, yazıb qoyasan ki, vicdanlı kəslər yoxlayanda görsünlər ki, düz kimdir, əyri kimdir!.. Görünür, mən bu növ sözlərdən istər-istəməz "Gündəlik"də yazmağa məcburam".  1965-ci ildə, altmış beş yaşlı yazıçı, həqiqətləri gündəlik şəklində qələmə alaraq gələcəkdə  bu yazıları oxuyacaq "vicdanlı kəslərə" ünvanladığını qeyd edir. Göründüyü kimi, qələmə alınan yazılar sinxron deyil, retrospektivdir. Müəllifin əsas məqsədi öz xatirələri əsasında, keçmişin o dəhşətli illəri haqqında həqiqətləri çatdırmaqdır. 

 

Toplunun sonunda verdiyi "Millət borcu - övlad borcu" yazısında Ş.Arif  S.Rəhimovun həyatının son dövrü ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə və həmçinin, Mehdi Hüseyn - Süleyman Rəhimov münasibətlərini çözməyə çalışır. Lakin çox hallarda cavablana bilməyən suallarla üz-üzə qalır. Çünki hər iki  yazıçının gündəlikləri, xatirələri tam şəkildə öyrənilmədən,  bir çox mənbələrdə eyni mətləblərə dəfələrlə müraciət edilsə belə, bir nəticə hasil edilməyəcək. Cavablar hələ də gizli saxlanılan, ictimaiyyətə tam şəkildə təqdim edilməyən  yazılardadır.

 

Bu əsərlərdə daimi həbs və sürgün qorxusu altında yazıb yaratmağa məcbur olan  narahat, faciəli yazıçı ömrü yer alır. Yazıçılar bu dəhşətləri bədii yaradıcılıqlarında bu və ya digər dərəcədə əks etdirsələr də (S.Rəhimov 1964-cü ildə "Şübhə", S.Azəri isə "Qorxu" povesti), baş verənlərin sadəcə yazıçı təxəyyülünün məhsulu kimi qiymətləndirilə biləcəyindən ehtiyatlanaraq, bu mövzulara bir daha qayıtmış  olanları gündəlik, bioqrafik-sənədli roman ("Tələbə məhbusun etirafları" S.Azəri) şəklində oxuculara təqdim etmişlər.

 

Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovla bağlı yazısında 1953-cü ildən 1990-cı ilin yanvar qırğınına qədər gündəlik yazdığını qeyd edir. Bu qeydlərdə şair yaxın dostu olmuş Xudu Məmmədovla bağlı xatirələrinin çox olduğunu göstərir. Görkəmli sənətkar "mübahisələr, çəkişmələr, məktublaşmalar və s. bu gündəliklərdən qırmızı xətt kimi keçir", "gündəliyim  yaradıcılıq həyatımla yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da maraqlı məlumatlarla zəngindir",-deyə öz gündəliklərinə münasibət bildirir.Əlbəttə ki,  bu qeydlərdə ədəbiyyatla da bağlı zəngin materialların əks olunduğu məlum məsələdir. Hələ 1996-cı ildə qələmə aldığı yazısında şair  gündəliklərini çap etdirmək qərarına gəldiyini bildirsə də, təəssüf ki, fikrini reallaşdırmır. B.Vahabzadə "Dədə Süleyman" başlıqlı  xatirə yazısını gündəlikləri üzərində qurduğunu diqqətə çatdırır (S. Rəhimovun gündəliyini vərəqlədiyini yazır). Bu xatirələri oxuduqca  "zəmanəsinin kürsüsünün qolları arasında bir növ sıxılan, fikir-düşüncələrə qərq olan müdrik bir insanın qarşısında dayanır, istər-istəməz  narahat dünyasının şəriki olursan". Şair  ürəyində "narahatçılıq" doğuran, eyni zamanda, müasir dövrümüz üçün də aktual olan suallarla bağlı məqamlara toxunur. Tanınmış Sovet şairinin  Sovet ədəbiyyatının  klassiki olan yazıçıya ünvanlanmış sualları qarşımızda hələ Sovet dövrü çərçivəsində (60-cı illər) ədəbi mühitdə hökm sürən abu-havanı canlandırır: B.Vahabzadə şair hissiyyatı ilə gələcəyi, əsl sənətə qoyulan tələbləri öncədən duya bilir. "Mən hələ gəncliyimdən bəri sosialist inqilabına, onun xalqlara verdiyi "səadətə" şübhə ilə yanaşmışam. Ümumiyyətlə, ədəbiyyatımızdakı inqilabçı obrazlarından xoşum gəlmir" kimi fikirləri ilə şair, "böyük yazıçının sosialist inqilabına bunca yüksək qiymət" verməsinin səbəbini aydınlaşdırmağa çalışır.  Bu fikirlər Sovet ədəbiyyatı ilə bağlı bugünkü mübahisələrlə üst -üstə düşür.  Şamo obrazına görə S.Rəhimovu hər iki tərəf-həm " ...sosialist inqilabına,  onun xalqlara verdiyi "səadətə"  şübhə ilə" yanaşan, ədəbiyyatdakı inqilabçı obrazlarını sevməyən gənc şair, həm də  yazıçını dindirən müstəntiq ittiham edir. "... 37-nin zirzəmisində müstəntiqin "Şamo"nu gözümə soxub bağırdığını indi də eşidirəm:

 

- Bu "Şamo"nu sənmi yazmısan?! Sağ əlinin bütün barmaqları kəsilməlidir!..." .

 

 S. Rəhimov  yazıçı kimi heç bir tərəf qarşısında zəiflik göstərmir. Qətiyyətlə, birmənalı şəkildə öz mövqeyini, amalını qoruyur. O, öz yaradıcılığını bu cür qiymətləndirir: "...nə yazıb yaratmışamsa, düşündüyüm, dərk etdiyim kimi də yazıb yaratmışam". O, inanmadığı halda qorxaqlıqdan təriflər yazmadığını söyləyir.

 

B.Vahabzadənin, habelə yazıçının öz gündəliyindəki qeydləri görkəmli Sovet yazıçısı Süleyman Rəhimovun  həyatının naməlum qatlarını əks etdirir. Gözlərimiz qarşısında 24 yaşında əks-inqilabçı və millətçi kimi DTK-nın siyahısına düşən, ömrünü səksəkə içində yaşamaqla daim təzyiqlərə məruz qalan, tənqidçilər tərəfindən sosialist realizmini lazımınca işıqlandırmadığına görə tənqid edilən Sovet yazıçısı obrazı canlanır.

 

Lakin bir çox arxivlər hələ də açılmamış qalır. Görkəmli ədib Mehdi Hüseynin ölümündən uzun müddət keçsə   arxivi hələ də ictimaiyyətə təqdim edilmir. Qurban Bayramov M.Hüseynlə bağlı məqaləsində bu məqama toxunaraq, Mir Cəlalın 20 il əvvəl söyləmiş olduğu fikrinə əsaslanır: "... Mehdi Hüseynin... şəxsi arxivinin qapısından asılan qıfılın tilsimi qırılmadı... O, bir şəxsiyyət kimi bütün Azərbaycan mədəniyyətinə və ədəbiyyatına məxsusdur. Və onun arxivinin də ...qapıları açılmalı, mənsub olduğu xalqa qaytarılmalıdır" .

 

Təəssüf ki,  gündəliklərin  tam mətnlərinin hələ də işıq üzü görməməsi bizə həmin əsərləri sistemli şəkildə tədqiq etməyə imkan vermir. Bu fraqmentar hissələrdə əsasən təlatümlü  ədəbi həyatın yalnız konturları cızılır, müəyyən məqamları açıqlanır, dolğun mənzərəsi isə qaranlıq qalır. Dəyərlərin yenidən qiymətləndirildiyi, yeni ədəbiyyat tarixlərinin yarandığı bir dövrdə, bu mənbələr öyrənilmədən ötən əsrin bitkin və hərtərəfli ədəbi mənzərəsini yaratmaq mümkün deyildir. Bu səbəbdən də yazıçı gündəliklərinin araşdırılması və tədqiqata cəlb edilməsi hələ də həllini gözləyən  vacib problemlərdən biri olaraq qalmaqdadır.

 

Lalə HƏSƏNOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2015.- 17 sentyabr.- S.8.