Dram Teatrı yeni islahatlar dövründə
142 illik zəngin tarixi olan Azərbaycan teatrı dedikdə,
bizcə əsasən Akademik Milli Dram Teatrının
keçdiyi mürəkkəb yaradıcılıq yolu nəzərdə
tutulmalıdır.
Milli dramaturgiyanın banisi M.F.Axundzadənin "Təsnifatı"
özül rolunu oynayaraq xalq teatrının ənənələrinə
və mövcud dramaturgiya qaydalarına müvafiq işlənmişdir. Bu əsərlərin
ilk qələm təcrübəsi olduğuna inanmamaq çox
çətindir. Axundzadə dramları həm milli
rejissuranın, həm də "aktyor məktəbləri"nin inkişafında və formalaşmasında əvəzsiz
rol oynamışdır. Onun pyesləri
olmasaydı bəlkə heç milli dramaturgiyamız da
olmazdı və ya olsaydı da, tam fərqli şəkildə
meydana çıxardı. Məhz Axundzadə
komediyalarından sonra peşəkar dramaturgiya yaranmağa
başladı.
Milli
teatrşünaslıq elminə qiymətli töhfələr
vermiş görkəmli teatrşünas-alim Cəfər Cəfərov
hələ 1968-ci ildə çap olunmuş 2 cildlik
"Əsərləri"nin I cildində
yazırdı. "Axundov əsərlərinin səhnə
tarixi göstərir ki, bu əsərlər Azərbaycan
teatrının, birinci növbədə Əzizbəyov adına teatrının (Akademik Milli Dram
Teatrı) inkişafına olduqca səmərəli təsir
göstərmiş, onun yolunun, məqsədinin, metodunun müəyyənləşməsində
son dərəcədə mühüm rol oynayaraq, milli səhnə
sənətinin ən üzvi, ən ayrılmaz bir
parçası olmuşdur".
Ölkədə
fəaliyyət göstərən 27 Dövlət Dram və
Musiqili teatrların birincisi hesab olunan Akademik Milli Dram Teatrı
Axundov ənənələrinə söykənərək hər
zaman olduğu kimi bu gün də axtarışlarla zəngin
olan yaradıcılıq yolu keçməkdədir. İlkin
dövrlərdə bu teatrın
yaradıcılığına digər millətlərin
nümayəndələri başçılıq etsələr
də, 1932-ci ildən başlayaraq Yusif Yulduz, Adil İsgəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov, Hüseynağa
Atakişiyev, Həsən Turabov, Əliabbas Qədirov bu sənət
ocağının bədii rəhbəri olmuşlar. Adil
İskəndərov,
Mehdi Məmmədov və Tofiq Kazımov
rejissurası, hər biri ayrı-ayrılıqda, milli
teatrının inkişafında mərhələ rolu
oynamışdır.
Adil İsgəndərovun romantik, Mehdi Məmmədovun
romantik-realist, Tofiq Kazımovun realist-novator rejissurası milli
teatrda romantik, realist və lirik-psixoloji aktyor məktəblərinin
inkişafına təkan verib. Bildiyimiz kimi, baş
rejissor teatrda yaradıcılıq istiqamətini müəyyənləşdirən
şəxsdir. Lakin sənət məbədgahımızın
baş rejissor və bədii rəhbərsiz işlədiyi
dövrlər də az olmayıb.
Adətən belə dövrlərdə teatrın
yaradıcılığında müəyyən geriləmələr
nəzərə çarpıb və səbirsizliklə yeni
baş rejissorun yolu gözlənilib.
2011-ci ildən Milli Akademik Dram Teatrı fəaliyyətini
baş rejissorsuz və bədii rəhbərsiz davam etdirsə
də, nə yaxşı ki, yaradıcılıqda heç
bir geriləmələr nəzərə çarpmadı. Əksinə məhz bu illərdən
başlayaraq teatr əsaslı dəyişikliklərə
köklənərək, Tofiq Kazımov dövründə
olduğu kimi axtarışlara və daha çox gənclərlə
işləməyə üstünlük verdi.
Məhz bu illərdə teatrda mükəmməl
layihələr, maraqlı tamaşalar, möhtəşəm
rejissor yozumları, baxımlı aktyor ifaları diqqət
çəkməyə başladı.
Teatrın
çox böyük perspektivlərə hesablanmış
inkişaf yolu, söz yox ki, məhz 2011-ci ilə təsadüf
edir.
Belə
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 2009-cu il 18 may tarixində 227 saylı sərəncamı
ilə "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını
imzaladı. Vaxtında qəbul edilmiş bu
möhtəşəm Proqram Mədəniyyət və Turizim
Nazirliyinin qarşısında çox böyük vəzifələr
qoydu. Respublika Teatrları, o cümlədən, Milli səhnə
məbədgahı olan Akademik Milli Dram Teatrı bu vacib sənəddən
irəli gələn çoxşaxəli fəaliyyətini
müəyyənləşdirdi.
Bu səhnə ocağında geniş miqyaslı təmir-tikinti,
quraşdırma işlərinə başlanıldı. 2011-ci ildə bu işlər
sona çatan kimi teatrda struktur islahatlara start verildi. Bu mürəkkəb
iş 2011-ci ildə teatra yeni direktor təyin olunmuş əməkdar
incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor İsrafil İsrafilova həvalə olundu. Hər zaman teatrın təəssübünü
çəkən tanınmış ziyalı sənət
ocağına direktor təyin olunan gündən nizam-intizam
qaydalarını möhkəmlətdi. Çünki
hər şey nizam-intizamdan başlayır. Görkəmli teatr islahatçısı
K.S.Stanislavski deyirdi ki, teatrda dəmir nizam-intizam qaydaları
olmalıdır. Teatrın sonrakı
inkişaf mərhələsində aktyor heyətinin
formalaşdırılması prosesinə başlanıldı.
Aktyor heyətini formalaşdırmadan teatrın repertuar zənginliyinə
nail olmaq olmaz. Hər iki proses paralel aparılmalıdır. Bir əsr yarıma yaxın tarixi olan qocaman sənət
məbədgahında illərin sınağından
çıxmış yaradıcılıq ənənələri
qorunmalı, səhnə sənəti dünya standartları səviyyəsinə
yüksəldilməli, geniş əhatə dairəsinə
malik olmalıdır. Bütün bu mürəkkəb
və ağrılı proseslər çox da asanlıqla həyata
keçirilmir. Teatr canlı bir orqanizm
olduğu üçün burada illərlə kök
salmış və yaradıcılığın
inkişafına mane olan köhnə qaydalarla işləmək
olmazdı. Zamanın inkişaf axarında
hər yerdə olduğu kimi səhnə sənətində də
islahatlar aparılmalı idi, zamanla ayaqlaşmağı
bacarmayan teatr ətrafında peşəkar
tamaşaçı yığa bilməz.
Bu bir həqiqətdir
ki, tamaşaya baxmağa gələn iki növ
tamaşaçı mövcuddur: peşəkar və təsadüfü.
Peşəkar tamaşaçı teatrın bütün
tamaşalarını izləyən, yaxşını pisdən
ayıran, az qala teatr tənqidçısınə
çevrilən tamaşaçıdır. Təsadüfi
tamaşaçı isə, bu teatra zörən gətirilən
və ya gələn tamaşaçıdır.
Məlum məsələdir ki, yeniliyə yol açmaq
zaman-zaman maneələrə tuş gəlib, onu qəbul etməyənlər
olub. Beləliklə,
az bir zamanda teatrda dəmir intizam
yaradıldı. Bəzi neqativ halların
qarşısı alındı. Stereotiplərdən
qurtulmaq bir o qədər asan olmur.
Çətinliklə olsa da, teatrda əmək və
yaradıcılıq intizamı möhkəmləndiriləndən
sonra, aktyorlarla əməkdaşlıq münasibətləri,
bütün dünyada olduğu kimi, müqavilə əsasında
quruldu. Sovet dövründən bizə miras qalan qaydalar
dağıdıldı. Aktyorun aylıq
maaşının oynadığı rollar müqabilində
hesablanmasına qərar verildi. Aktyor
artıq öz üzərində işləyib, rol almaq
marağında olduğunu anladı. Teatrda
aparılan növbəti islahat rejissorların fəaliyyətinin
qonorar sisteminə keçirilmə, müəllif və tərcüməçilərlə
qarşılıqlı əməkdaşlıq münasibətlərinin
yaradılması oldu.
Bütün
bu adı çəkilən islahatlar Dövlət Proqramına
müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
altında həyata keçirildi.
Teatrda aparılan köklü islahatlar tezliklə
öz bəhrəsini verməyə başladı. Ötən 2011-2014-cü illər ərzində
teatrda müxtəlif janr və üslubda 39 dram əsərinə
səhnə həyatı verildi, onlardan 17-si Dövlət
sifarişi ilə, qalan 22-si isə teatrın daxili imkanları
hesabına ərsəyə gəldi. Bu rəqəmləri illərə bölsək,
çox maraqlı bir mənzərə yaranar.
2011-ci ildə
hazırlanmış 9 tamaşadan 4-ü Dövlət
sifarişi ilə, 5-i daxili imkanlar hesabına,2012-ci
ildə hazırlanmış 11 tamaşadan 7-si Dövlət
sifarişi ilə, 4-ü daxili imkanlar hesabına, 2013-cü
ildə hazırlanmış 8 tamaşadan 3-ü Dövlət
sifarişi ilə, 5-i daxili imkanlar hesabına, 2014-cü ildə
hazırlanmış 11 tamaşadan 7-i Dövlət sifarişi
ilə, 4-ü daxili imkanlar hesabına ərsəyə gəlib.
2015-ci ilin 6 ayı ərzində hazırlanmış 4
tamaşa da tamaşaçıların diqqətindən kənarda
qalmamışdır.
Teatr hər mövsümünü ənənəvi
olaraq görkəmli dramaturq İlyas Əfəndiyevin
"Qarabağnamə" tamaşası ilə açır. Nə qədər
ki, doğma torpaqlarımız düşmən
taptağındadır, teatr bu ənənəyə sadiq
qalacaqdır.
Teatrın rəngarəng və əhatəli
repertuarında klassik, yerli və xarici müəlliflərin əsərləri
ilə yanaşı, müasir yerli və xarici müəlliflərin
də əsərləri yer alıb. Repertuara salınmış dram əsərlərində
müxtəlif
yaş kateqoriyaları və maraq dairələri nəzərə
alınmışdır. Teatrın repertuarında milli klassik
nümunələrdən birincisi, söz yox ki, M.F.Axundzadənin
"Sərgüzəşti Vəziri-Xani Lənkəran",
C.Məmmədquluzadənin "Anamın kitabı",
H.Cavidin "Əmir Teymur", A.Şaiqin "Danışan gəlincik"
və "Qaraca qız", "Kitabi-Dədə
Qorqud" əsəri əsasında
"İlahi oyun", xarici dram nümunələrindən
M.Frişin "Don Juan və həndəsə", B.Brextin
"Kuraj və uşaqları", E.D.Filipponun
"Kabuslar", S.Şendilin "Qanlı Nigar",
V.Saqarelinin "Xanuma", V.Hüqonun "Qadın məhəbbəti",
F.Bruknerin "Napaleon", R.Kuinin
"Zorən şorgöz", V.Şvartsın "Kölgə", müasir
milli dramlardan İ.Əfəndiyevin "Qarabağnamə",
"Boy çiçəyi", Elçinin "Qatil",
"Teleskop" və "Şekspir", A.Məsudun
"Qatarın altına atılan qadın",
Ə.Əmirlinin "Şah Qacar", H.Mirələmovun
"Gəncə qapıları", H.Həsənovun
"Qürbətdən gələn məktublar",
K.Abdullanın "Şah və Şair", V.Səmədoğlunun "Generalın son əmri",
Ə.Əsgərovun "Oliqarx", Y.Oğuzun "Nadir
şah", M.Musabəylinin "Tıq-tıq xanım və
onun yeni dostları", xarici dramaturqlardan F.Durrenimattın
"Yaşlı qadının gəlişi", M.Vişnekin
"Qoca kloun tələb olunur" əsərləri
teatrın repertuarını bəzəyir. Repertuarın
zənginliyini və geniş əhatə dairəsi teatrın
həmçinin, aktyor heyətinin inkişaf perspektivinə də
hesablanıb. Teatr repertuarını zənginləşdirməklə
bərabər, həm də müxtəlif beynəlxalq
festivallarda, o cümlədən, Gürcüstanda, Belarusda,
Makedoniyada, Rusiyada keçirilən müxtəlif formatlı tədbirlərdə
ölkəmizi uğurla təmsil edərək, mükafatlara
layiq görülmüşdür. Onu da
qeyd etməliyik ki, külli miqdarda vəsait aparan bu tədbirlər
teatrın daxili imkanları hesabına həyata keçirilir.
Bundan əlavə Akademik Milli Dram Teatrı Dövlətin
gənclər siyasətinə uyğun olaraq istedadlı
cavanları yaradıcılıq prosesinə cəlb edərək,
onlara hər cür imkanlar yaratmışdır.
2011-2014-cü illərdə hazırlanmış 39
tamaşadan 25-nə gənc rejissorlar quruluş vermiş, cavan
aktyorlar və rəssamlar yaradıcılıq işinə cəlb
edilmişdir.
Bu özü özlüyündə çox
böyük bir göstəricidir.
Teatrda həmçinin gənc teatrşünasların
laboratoriyası və aktyor studiyası təşkil
olunmuşdur.
Qocaman sənət ocağı Dövlət Proqramına
uyğun olaraq dünya teatr prosesinə də uğurla
inteqrasiya olunur. Müasir dövrün tələbləri
budur. Dünyada baş verən teatr hadisələrindən
xəbərdar olmadan inkişaf etmək olmaz. Teatr həmçinin
bu illər ərzində ölkəmizin ayrı-ayrı
bölgələrində qastrol səfərlərində də
iştirak edərək, yerli əhalini yeni tamaşaları ilə
tanış etmişdir.
Milli Akademik Dram Teatrı Moldova teatrı ilə də
yaradıcılıq əlaqələrini davam etdirmişdir. Teatrın
kollektivi Kişinyov şəhərinin E.İonesko teatrında
H.Mirələmovun "Xəcalət" əsərini
tamaşaya qoymuş, M.Eminesku teatrının səhnəsində
V.Şekspirin "12-ci gecə" əsərini
nümayiş etdirmişdir. Moldovanın
tanınmış rejissoru P.Vutkereni milli səhnəmizdə
Elçinin "Şekspir" əsərinə quruluş
vermişdir.
Teatr Dövlət proqramına uyğun olaraq
vaxtaşırı müxtəlif layihələrə
qoşularaq, milli səhnə sənətimizi uğurla təmsil
edib.
Biz yazımızda bilərəkdən daha çox
statistik rəqəmlərə yer verdik ki, bu müddət ərzində
görülən işlər göz önündə
canlansın. Çünki çox qısa müddətdə,
böyük işlər görülüb. Əlbəttə, hazırlanan tamaşaların
araşdırılması aparılsaydı daha yaxşı
olardı. Çünki
tamaşaçıların əksəri layiqli tənqidini
gözləyir. İsrafil İsrafilov teatra
direktor təyin olunduqdan sonra sənət ocağının
siması və hüsnü dəyişdi. Tofiq Kazımovun layiqli tələbəsi kimi
İ.İsrafilov ortaya mükəmməl işlər qoydu.
Yaradıcılıq ab-havasına təravət
gətirdi. İlyas Əfəndiyevin "Boy
çiçəyi" və "Qarabağnamə",
Elçinin "Mənim ərim dəlidir",
"Teleskop" və "Şekspir", H.Mirələmovun
"Xəcalət", Ə.Əmirlinin "Şah
Qacar", "Dədə Qorqud" əsərlərinin
motivləri əsasında "İlahi oyun" və sair əsərləri
mükəmməl rejissor yozumları, obraz
bütövlüyü və maraqlı aktyor ifaları ilə
diqqət çəkir.
Bu illər
ərzində Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun,
Bəhram Osmanovun, Mikayıl Mikayılovun və
başqalarının hazırladığı tamaşalar
geniş uğur qazana bildi.
Azər
Paşa Nemətovun hazırladığı tamaşalarda zəngin
fantaziya, müəllif ideyasını dolğunlaşdıran
mizan-hərəkət toplusunun az qala riyazi
hesablanması, tamaşanın bütün hissələrinin
vahid nöqtədə birləşməsi, əsərin daxili
plastlarının kəşfi maraqla qarşılanır. Bu tamaşaların məna çalarları
tamaşaçını düşüncələrə qərq
edir. Azər Paşa Nemətov obrazları
gözlənilməz rakuslarda kəşf etməkdə
mahirdir. Mərahim Fərzəlibəyov da
quruluş verdiyi tamaşalarda ilk növbədə məntiqli
fantaziyaya üstünlük verib, tədricən müəllif
ideyasının gözlənilməz məqamda
açılmasına çalışır. Bu obrazların xarakteri təklif olunan vəziyyətə
uyğunlaşsa da, dəyişkənliyini də qoruyub
saxlayır. Bu tamaşalarda görünənin
görünməyən hissəsi maraq doğurur. Sanki bu tamaşalarda dramatik hadisələr
okeandakı aysberqləri xatırladır. Görünən
hissənin kiçikliyi nisbətində, görünməyənin
əzəməti hiss olunur. Tamaşalarda
insan duyğularının burulğanı, forma və məzmun
vəhdəti ilə tamaşaçılarda xoş
duyğular oyadır.
Bəhram Osmanovun tamaşaları klassik üslubda insan mənəviyyatının tərənnümü də adlana bilər. Bu tamaşalarda müəllif ideyasına müvafiq fantastik elementlər olsa da, daha çox real görüntülərə üstünlük verilir. Sanki teatrın sərtliyi daha çox reallığa söykənir. Bu söz yox ki, rejissorun fərdi düşüncəsinə əsaslanır.
Mikayıl Mikayılov teatrda nisbətən gənc nəsli təmsil edir. Onun tamaşalarında gənclik eşqi, aşıb-daşan fantaziya, hadisənin plastikada çözümü, obrazın mətndən əlavə hərəkət-mizan toplusunda təsviri və təqdimi əsas olur. Bu tamaşalarda görüntünün rəng və səslərdə həllinə diqqət verən rejissor, həm də pantomim teatr elementlərinin qabarıqlaşdırılmasına diqqət çəkir.
Söz yox ki, teatrda tamaşa quran digər rejissorlar da maraqlı işləri ilə, milli teatr prosesinə qatılırlar, biz bu yazımızda bir neçə rejissorun adını çəkməklə kifayətləndik. Məqsədimiz, 2011-2015-ci illərdə Akademik Mili Dram Teatrında gedən mükəmməl yaradıcılıq işlərini işıqlandırmaq idi. Bütün bu mürəkkəb proseslərə teatrşünas-alim, 40 illik dəyərli dostumuz İsrafil İsrafilov başçılıq edib.
Teatr yeni mövsümü yeni təyin olunmuş baş rejissor və bədii rəhbərlə - Xalq artisti, professor və görkəmli sənətkarımız Azər Paşa Nemətovla açacaq. Uğurlu olsun!
Elə bilirik ki, 2011-ci ildən bu günə qədər teatrda yaradılmış yaradıcılıq atmosferi yeni təyin olunmuş bədii rəhbərin işini xeyli asanlaşdıracaq. Belə ki, İ.İsrafilov bu günə qədər teatrın inkişafında əvəzsiz xidmətlər göstərərək vaxtı ilə görkəmli sənətkarların çalışdığı sənət ocağında yaradıcılığı yeni və müasir müstəviyə yüksəldə bilmişdir.
Biz inanırıq ki, Azər Paşa Nemətov İsrafil İsrafilovun başladığı böyük islahat işlərini layiqincə davam etdirəcəkdir. Əminliklə deyə bilərik ki, İsrafil İsrafilov və Azər Paşa Nemətovun müştərək fəaliyyəti teatrın daha yeni bir inkişaf mərhələsi olacaq.
Aydın
AĞAZADƏ
525-ci qəzet.- 2015.- 17 sentyabr.-
S.7.