“Avropa İttifaqının icraçı
qurumları Avropa Parlamentinin qətnaməsinin icrasını
planlaşdırmır”
Fuad
İsgəndərov: “Siyasi dialoq birtərəfli monoloqa
çevrilməməlidir”
Azərbaycanın Belçika Krallığındakı
səfiri və eyni zamanda Avropa İttifaqı yanında
nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun
APA-ya müsahibəsini təqdim edirik.
- Avropa Parlamentində Azərbaycanla bağlı qəbul
olunan qətnamə ilə bağlı mövqeyiniz necədir?
- Öncə
qeyd etmək istərdim ki, növbədənkənar iclasda
Milli Məclis məsələ ilə bağlı öz
mövqeyini çıxışlar və qərarın qəbulu
ilə ortaya qoyub. Bu sənəddəAvropa
Parlamentində baş verən və Aİ-Azərbaycan
parlamentlərarası münasibətlərində
yaranmış vəziyyətin hərtərəfli təhlili
verilib, onun qərar hissəsində konkret tələb,
çağırış və tövsiyələr öz əksini
tapıb. Aİ yanında nümayəndəliyin
başçısı kimi, mən yalnız bir neçə məsələyə
aydınlıq gətirə bilərəm.
Birincisi, Avropa Parlamentinin məlum qətnaməsi
yalnız Azərbaycan üçün deyil, həm də
Avropa İttifaqının icraçı qurumları
üçün hüquqi əhəmiyyət kəsb etmir. Sənəd
tövsiyə xarakteri daşıyır. Ona
görə də hüquqi nöqteyi-nəzərdən
onunAvropa İttifaqının gündəlik fəaliyyətinə
heç bir təsiri yoxdur. Avropa
İttifaqının icraçı qurumları (Avropa
Komissiyası, Aİ-nin Şurası, Xarici Fəaliyyət Xidməti)
qətnamənin icrasını planlaşdırmır. Əksinə, AP-də dinləmələr zamanı
Avropa komissarının çıxışına əsasən
Aİ Azərbaycanla münasibətləri inkişaf etdirmək
niyyətində olduğunu bildirib.
İkincisi, bu qətnamə Avropa Parlamentinin bütün
deputatlarının Azərbaycana olan münasibətini əks
etdirmir. Gərgin müzakirələr zamanı AP-nin
aparıcı Avropa Xalq Partiyası fraksiyası (Aİ ölkələrindəki
xristian-demokratlar) qətnamənin əleyhinə
çıxış edib. Səmimi desək,
bu fraksiya əvvəllər qəbul edilmiş anti-Azərbaycan
qətnamələrinin müzakirəsi zamanı heç vaxt
Azərbaycanı dəstəkləməyib. Lakin bu dəfə ilkin qətnamə layihəsini irəli
sürən üç kiçik siyasi qrupdan fərqli olaraq,
böyük siyasi təcrübəyə malik Avropa Xalq
Partiyasının dinləmələr və səsvermə
zamanı nümayiş etdirdiyi yetkin mövqe bu qətnamənin
qəbulu nəticəsində Aİ-nin Azərbaycan kimi
etibarlı tərəfdaşını itirmək təhlükəsindən
irəli gəlib.
Üçüncüsü, qətnamənin əsas təşəbbüskarı
parlamentin kiçik qruplarından biri olan Yaşıllar /
Avropa Azad Alyansı qrupudur. Avropa Azad Alyansının
üzvləri Aİ ölkələri daxilində
separatçı təşkilatların nümayəndələridir.
Onlar dəfələrlə Azərbaycanın
işğal altındakı ərazilərində olub, orada
separatçı rejimin “rəsmiləri” ilə
görüşlər keçiriblər. Avropa
Azad Alyansı 17 aprel 2015 tarixində “Artsax Demokratik
Partiyası” adlanan qondarma təşkilatı özünün
üzvlüyünə qəbul edib.
-
Çox az sayda olan ermənipərəst
qrupların fəaliyyəti nəticəsində qətnamənin
qəbulu onu deməyə əsas verirmi ki, Avropa Parlamenti ermənipərəst
təşkilatdır?
- Belə
deyək: Avropa Parlamentində belə qüvvələrin fəaliyyəti
üçün geniş imkanlar mövcuddur. Söhbət
yalnız anti-Azərbaycan mahiyyətli qətnamələrdən
getmir. Azərbaycan tərəfinin kəskin
etirazlarına baxmayaraq, müvafiq deputatların dəvətinə
əsasən 2013-14-cü illərdə Bako Saakyan, Ələkrəm
Hümmətov (iki dəfə) və vətənimizin
şimalında separatçılıq meylləri yaratmağa
çalışan ünsürlər (iki dəfə) AP-də
keçirilmiş tədbirlərdə iştirak və hətta
çıxışlar ediblər.
- Qətnamədə Aİ-yə Azərbaycanla “Şərq
tərəfdaşlığı” çərçivəsində
əməkdaşlığa yenidən baxmaq və maliyyələşdirməni
kəsmək tövsiyə edilir. Bu, nə dərəcədə
realdır?
- Bir daha
qeyd etmək istərdim ki, Avropa Parlamentində qəbul edilən
sənəd nə Azərbaycan, nə də Aİ-nin Azərbaycanla
əməkdaşlıq edən icra qurumları
üçün hüquqi öhdəliklər
daşımır. Ən əsas məqam isə
ondan ibarətdir ki, Azərbaycanın Aİ ilə “Şərq
Tərəfdaşlığı” proqramında iştirakı
barədə qərarı yalnız Azərbaycan tərəfi
verə bilər. Heç kəsin buna
şübhəsi olmasın. Bu məsələdə
son söz Azərbaycana aiddir.
Azərbaycan yeganə şərq tərəfdaşı
ölkəsidir ki, Aİ-yə öz sərmayələri,
öz genişmiqyaslı layihələri ilə gedir. “Şərq tərəfdaşlığı”nda
iştirakından və Aİ tərəfindən
asılı olmayaraq, Azərbaycan özünü təmin edən
dövlət kimi çıxış edir və hətta digər,
o cümlədən bir sıra Aİ dövlətlərinə
öz köməyini əsirgəmir. Qətnamədə
əks olunmuş bu “hədələr” Aİ-nin özü
üçün heç bir pozitiv nəticə verməyən
təkliflərdir. Bunu Aİ
icraçı qurumları da yaxşı bilir. Mən,
Avropa Komissiyası, Xarici Fəaliyyət Xidməti tərəfindən
Azərbaycana aid hər hansı mənfi dəyişikliklərin
həyata keçiriləcəyini gözləmirəm. Əksinə, Milli Məclisin qərarından sonra
Aİ institutları ciddi tədbirlər görməlidirlər
ki, Azərbaycan tərəfinin ittifaqla əvvəllər
olmuş münasibətlərini tam bərpa edərək
ölkəmizin tərəfdaş kimi qoruyub saxlanmasına,
bizimlə hərtərəfli (parlamentlər daxil olmaqla) siyasi
dialoqun yenidən başlanmasına nail olunsun.
- Belə
çıxır ki, AP Azərbaycana dair hər hansı
obyektiv münasibət bildirməyib?
- Avropa
Parlamentinin əvvəlki tərkibdə 23 oktyabr 2013-cü il
tarixində qəbul etdiyi qətnamədə Azərbaycanın
ərazi bütövlüyü, erməni
işğalçılarının Azərbaycan ərazisindən
çıxarılması, BMT-nin 4 qətnaməsinə tam dəstək
və bir “Şərq tərəfdaşlığı”
dövlətinin digərinin ərazisini işğal etməsinin
qəbuledilməz olmasına dair xüsusi maddə əks
olunub. Bu, Avropa Parlamentinin bütün sonrakı
qətnamələrində də öz əksini tapıb.
Lakin məhz buna cavab olaraq erməni lobbisi ilə
əlaqəli qüvvələr münaqişənin həlli
ilə bağlı mövqelərimizi zəiflətmək
üçün AP-də müntəzəm olaraq Azərbaycanı
insan haqlarını pozan bir ölkə kimi təqdim etməyə
çalışırlar. Hazırkı AP
tərkibində belə qüvvələrin sayı bir qədər
çoxalsa da, sonuncu qəbul edilmiş qətnamələrdə
Azərbaycanın ərazi bütövlüyü böyük
səs çoxluğu ilə 2015-ci ildə bir daha təsdiqlənib.
Bundan hiddətlənmiş adını çəkdiyim qruplar
Azərbaycanda “demokratiya problemi”ni yenidən
gündəmə gətirməklə məsələnin
şişirdilməsinə, onun plenar iclasda təcili dinləmələrlə
müzakirəyə çıxarılmasına və səsverməyə
qoyulmasına nail olublar. Reallıq ondan ibarətdir
ki, heç kəs, beynəlxalq hüquq normalarının tətbiqinin
qarşısını süni şişirdilmiş
mövzunun müzakirəsi ilə ala bilməz.
- Belə
bir vəziyyətdə Aİ-Azərbaycan münasibətlərinin
gələcəyini necə görürsünüz?
-
Hazırkı vəziyyətdə Avropada müəyyən
qüvvələr var ki, Azərbaycanla münasibətlərin
inkişafını istəmirlər. Təsəvvür edin
ki, ölkəmizin ticarət dövriyyəsinin 50 faizindən
çoxu Aİ üzv dövlətlərinin payına
düşür, xarici sərmayənin təxminən 50 faizi
Avropa İttifaqından gəlir. Azərbaycan 45
milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi ilə
Avropa məkanına gedir. İqtisadi cəhətdən
belə güclü əməkdaşlığa malik olan
dövləti əlbəttə ki, bəzi xarici qüvvələr
müəyyən siyasi texnologiyalar vasitəsilə gözdən
salmağa çalışırlar. Bunu həm
AP qətnamələri, həm müəyyən digər məsələlərlə
bağlı şərhlərlə etməyə səy
göstərirlər. AP-nin bu qətnaməsi
birinci qətnamə deyil. Azərbaycana
qarşı keçənilki AP qətnaməsi 17 sentyabr, yəni
Cənubi Qaz Dəhlizinin təntənəli təməlqoyma mərasimindən
1 gün öncə qəbul edilib. Avropa Parlamentində
bu il təşkil olunmuş ilk anti-Azərbaycan
dinləmələri 12 iyun, yəni Avropa Oyunlarının
açılış günündə baş verib. Bunları təsadüf adlandırmaq olar?
- Qətnamədə
islamofobiya meylləri özünü nə dərəcədə
göstərir? Avropada islamofobiya varmı?
- Avropada
islamofobiya meylləri bu gün, yaxud bu il
başlamayıb. Bu proses çoxdan cərəyan edir. Mən Avropada artıq 8 ildir ki, fəaliyyət
göstərirəm. Niderlandda səfir
işləyərkən, qatı anti-İslam, dinimizi, millətləri
təhqir edən irqçi partiya kifayət qədər səs
toplayaraq Hollandiya hökumətində təmsil olundu. Bu gün onların rəhbər və təmsilçiləri
Avropa Parlamentində təmsil olunurlar. Bu
cür meyllər Aİ-nin bir sıra dövlətlərində
artıq müşahidə olunmaqdadır – haradasa Niderlandda
olduğu kimi, siyasi zəmində, digər yerlərdə ekstremist
və kriminal formada. Hazırkı
“qaçqınlar böhranı” bu problemi artıq qabarıq
şəkildə beynəlxalq ictimaiyyətə nümayiş
etdirdi.
Bu gün Aİ ölkələrinin hökumətlərində eşidirik ki, onlar yalnız xristian qaçqınları qəbul edə bilərlər. Təsəvvür edin, aparteidin ləğv olunmasından 25 il sonra Avropada selektiv yanaşma müşahidə edilir. Bu, islamofobiyadır ya yox? Bu o demək deyil ki, Aİ islam dünyasından gələn qaçqınlara yardım etmir, köməklik göstərmir. Lakin “qaçqın böhranı” Avropada kəskin diskussiyalara səbəb olub. Bu proseslər avropalılarda həm ürək yanğısı, humanizm, həm də narahatlıq, qorxu və hətta nifrət hissləri yaradır. Özlərini daim türk və islam dünyasının qurbanı kimi qələmə verən işğalçı qonşularımız bu vəziyyətdən istifadə edərək, Aİ institutlarının ictimai rəyini Azərbaycanın Avropa sivilizasiyasına, Avropa dəyərlərinə məxsus olmadığına yönəltməyə çalışırlar. Avropa Parlamentinin son qətnaməsi sözsüz ki, bu məqsədlər üçün də istifadə oluna bilər. Halbuki, multikulturalizmi, dünyəviliyi, tolerantlığı, dini və mədəniyyətlərarası dialoqu ən yüksək səviyyədə təmin edən Azərbaycanın təcrübəsinin öyrənib tətbiq edilməsi Avropa üçün məhz bu gün böyük əhəmiyyət kəsb edə bilərdi.
- Avropa İttifaqını Azərbaycanın xilaskarı kimi təqdim edən fikirlərə münasibətiniz necədir?
- Azərbaycan heç vaxt heç kəsə
xilas etmə ilə bağlı müraciət etməyib. Azərbaycan
bütün tərəfdaşları ilə, Ermənistan
istisna olmaqla, qonşuları ilə, beynəlxalq təşkilatlarla,
Aİ, onun institutları, üzv ölkələri ilə bərabərhüquqlu
münasibətlər yaratmağa çalışıb. Azərbaycan
Aİ ölkələrinə yalnız enerji təhlükəsizliyi
məsələsində deyil, terrorçuluq, qeyri-qanuni
miqrasiya, ekstremizm, mütəşəkkil cinayətkarlıqla
mübarizədə ciddi dəstək göstərir. Belə
bir vəziyyətdə, Aİ-nin daxilində mürəkkəb
böhran prosesləri getdiyi bir vaxtda, miqrantlarla bağla durumun
humanitar faciə səviyyəsinə çatdığı
bir halda, fikrimcə, Aİ sınaqdan keçmiş
dostları qoruyub saxlamalıdır. Özü də yaxın
qonşuluğunda. Azərbaycan Aİ ölkələrinin
etibarlı tərəfdaşı kimi artıq sınaqdan
keçib. Bu nöqteyi-nəzərdən Avropa özü təhlükəli
vəziyyətdə qaldığı bir vaxtda AP tərəfindən
qəbul edilmiş qətnamə nə dərəcədə
Aİ-nin maraqlarına xidmət edir? Fikrimcə, bunun
arxasında Avropanın özünün əleyhinə olan
qüvvələr durur. Aİ tərəfdən Azərbaycanın
itirilməsi, onunla münasibətlərinin pozulması
ehtimalı birinci növbədə Aİ-nin öz
marağında deyil. Bu reallığı Aİ-də,
xüsusən də onun komissiyalarında, xarici əlaqələr
xidmətində anlayan adamların sayı çoxdur. AP-də
bunu dəstəkləyənlər də az deyil. Aİ-nin Azərbaycanla
münasibətlərinin inkişafına marağı
artmaqdadır və bu proses yalnız iqtisadi əlaqələr
deyil, həm də siyasi dialoq vasitəsi ilə həyata
keçirilə bilər. Lakin, hazırda parlamentlərarası
dialoq təəssüf ki, AP tərəfindən yalnız tənqidedici
monoloqa çevrilib. Bu yanaşmanı biz heç zaman qəbul
etməyəcəyik. Avropa Parlamenti Azərbaycanla
konstruktiv siyasi dialoq istəyini konkret əməllərlə
nümayiş etdirəcəyi halda, Azərbaycan Aİ ilə,
Aİ-nin bütün institutları ilə yalnız və
yalnız bərabərhüquqlu əlaqələrə zəmin
yaradan münasibətləri bərpa və inkişaf etdirməyə
hazır ola bilər.
525-ci qəzet.- 2015.- 17 sentyabr.- S.4