Ardı gələn dəfə və ya
dünyanın ilk günü
Murad Qoçuoğlu şeirlərinin həyatını
yaşayan şairdir. Hər şeirində oxucunun
danışmağı üçün yer saxlayır.
Yəni oxucunun həmin yerdən başlamağına bir
abzas yer qoyur.
Elə şairlər var ki,
yaradıcılığı çevrə kimi qapanır və
oxucunun danışmağı üçün gizli mətləblər
saxlamır, hamısını izah edir, oxucunu
danışdırmır.
Murad
yazır:
Qonşu
harayına yetməyənlərin,
Xeyrinə,
şərinə getməyənlərin,
Ataya
oğulluq etməyənlərin,
Vətənə oğulluq keçir könlündən.
Vətən, bağışla bizi.
(“Vətən,
bağışla bizi”)
Sanki Murad əllərini oda toxundurub və sonra cəld
geri çəkib. Mətləbin, mənanın yerini bizə nişan verib: "Mən göstərdim yerini,
indi arxasını özün danış" -deyir.
Murad 80-cı illərin sonunda ədəbiyyata gəlib. Şeirdə
baş verən forma və məzmun dəyişikliyi göz
önündədir. Klassik və həm də
vətənpərvərlik hissi aşılayan bu şeirin
sonuna Murad sadəcə yeni bir sətir - "Vətən,
bağışla bizi" mirasını artırmaqla şeirdə
yeni forma yaradır və sovetizmə mənsub olan ənənəvi
stixiya bir anda dəyişir. Şairin
mövcud vətən anlayışına alternativliyi
müasirlik kimi özünü təqdim edir. Çünki vətən qarşısında
günahını etiraf eləmək o vaxtlar çətin məsələ
idi.
Murad epik heca şeirinin görkəmli nümayəndəsidir. Min illik heca
şeirini öz hisslərinin ritmini verməklə yeni şair
ünvanını yaradıb. Çox
asanlıqla bu ünvanın qapısını döymək
olar və içəridən, min illərin arxasından gəlirmiş
kimi sehirli bir səs eşidərik.
Çəkdiyim
əziyyət getməsin hədər,
Qoy
daşa dəyməsin oxum, Allahım!
Mənə
öz rəhminlə mərhəmət göstər,
Pislik eləməkdən
qorxum, Allahım!
(“Məni günahlardan qoru,
Allahım”)
Müstəqillik dövr ədəbiyyatımızda
forma və məzmun dəyişikliyi əsasən sərbəst
şeirdə baş verib. Amma heca şeirinin qəliblərində
məzmun dəyişklyi eləmək şairdən hünər
istəyirdi. Həm də bu dəyişiklik
gərək şairin içindən gəlsin. Murad şeirlərində belə dəyişikləri
zaman-zanan edib. Amma bu, qabarıq şəkildə
görünmür.Yuxarıdakı şeirə diqqət etsək,
görərik ki, ilk baxışda gözə dəyməyən
bir həqiqət kül altında köz kimi qalıb. Allaha bu cür xitab tamamilə ilə yeni bir
baxışdır, demək, Murad qəlibi sındırıb.
İndiyə kimi deyirdilər ki, ey Allah, bir
görk elə, bəndələrini qorxut. Muraddan isə
tamamilə fərqli bir xitab: Mənə mərhəmət
göstər, pislik eləməkdən qorxum. Nə qədər
adi və ali bir həqiqət. Bu şeirdə
mərhəmət hissi ən ali qanun kimi
önə çəkilir. İstər dini,
hüquqi, sosial və başqa məsələlərdə mərhəmət
idarəedici bir stimil rolunu ifadə edir. Şeirin
mətləbi xalq düşüncə tərzi ilə,
xüsusən folklorla sıx bağlıdır.
Folklar təkçə
dil arnomenti deyil , həm də hadisə, əhvalatdır.
Keçmiş zamanlarda şahların sadə insanlara,
xüsusən də oğrulara etimadı və
tanınmış pedoqoqlar: Uşinskinin ,
Kamenskinin pedaqoji əxlaq məsələlərində dayanan
mərhəmət hissi Muradın şeirlərində yeni bir
aspektə, yeni bir dialoqda, özü də şərq
düşüncə sistemində, obrazlı şəkildə
meydana gəlir.
Muradın şeirlərində məna ilk baxışda
üzdə deyil, hazırlıqlı oxucu lazımdır ki,
sözün və alternativliyin dərinliyində və yaxud
hadisə və misraların paralelliyində mənanı
seçə bilsin.
Murad istər təbiət, istər cəmiyyət, bir
sözlə, bioloji, sosioloji və filoloji məsələlərdə
həmişə insan axtarışındadır. İnsan onun əbədi
və əzəli obrazıdır. Müharibə,
sevgi, qocalıq, ehtiyac, dəlilik, ahıllıq dövrlərini
yaşayan insan Muradın şeirlərinin baş qəhrəmanıdır.
Şeir labarotoriyasında şair insanı
sintez, təhlil edir, onun müxtəlif yaşam vəziyyətlərini
göstərir və insanı onu yaradan Allahın bir
qütbündə, ibadətində tərənnüm edir.
Allahdan kənarda insan yoxdur. Bu
stixiya belə qütbləşir. Allah, insan,
sevgi, zəhmət və torpaq. Bu məfhumların
enerjisində şeir axını var və Murad həyatın
şeir mənbəyini çox dəqiq bilən şairdir.
Baxın, insan yağan qar dənəciyinə əllərini
açır və heyrətlənir.
Uçurdu,
uçurdu azad quş kimi,
Qayıdıb ovcuma düşürdü yenə.
Bəlkə
ovcumdakı qar dənəciyi,
Səmanın sirrini deyirdi mənə.
(“Bu gecə ruhları
bağışladılar”)
Bu heyrət min ildir var. Səmanın sirrini qarın
soyuqluğunda, təmizliyində axtarmaq həmişə olub. Ələ
düşən qar dənəciyi hamının başına
gələn bir hadisə kimi qədimdir. Bəs
bu hadisəyə şair kimi Muradın əlavəsi nədir?
Muradın "bəlkə" sözü ilə
başlayan keçmiş zamanın rəvayəti ilə
(de-yir-di) sonuclanan təəssüf hissi şeirin yeniliyidir.
Çünki artıq dənəcik əlimizdə
yoxdur. Bu, təkcə təbiət hadisəsi
kimi yox, sosial bir məsələ kimi də gündəmdə
qalır. Əlimizdə qar dənəciyi əriyəndən
sonra yaranan təəssüf hissi şeirin əsas
ideyasıdır.
Necə
ki, Hüseyn Arif deyirdi:
Zirvədə
zirvənin qədri bilinməz,
O gözdən
itəndə hayıf deyərlər.
Və
yaxud
Əli Kərimin
"O göz yaşların" şeiri ilə Muradın bu
şeiri arasında səmavi əlaqə var. Əli Kərim
deyir:
Ağlatdım
mən səni, nəyə gərəkdir,
Demirəm bağışla, ya gül, üzümə.
Bağışlanmağımsa,
yersiz bəzəkdir,
Onsuz da çəkdiyim bəsdir özümə.
Şeirin sonrakı bəndlərində deyilir ki, sənin
o göz yaşların buxarlanıb qalxdı havaya, sonra gah
yağışla birgə, gah qarla birgə qayıdır
üstümə, qayıdır yerə. Bu şeirdə
əsas məsələ budur. Muradın
şeirində isə göyün heyrəti yerə
düşür, amma biz həmişə o sirri öyrənməyə
gecikirik. Əli Kərimdə, Hüseyn
Arifdə çevrə qapanır, Muradda isə çevrə
açıq qalır.
Muradın şeirləri şaquli istiqamətdə deyil,
əsasən "yaylım" şəklindədir. Sadəliyin
altında mürəkkəblik yaşayır bu şeirlərdə.
Bürkünün bətnində soyuq var,
soyuğun canında bürkü. Murad şeirlərində
"var"la "yox"un kontekstini elə verir ki, əslində
Füzuli demişkən: "Var" olan yoxdur, "yox"
olan var. Yəni materiyanın, görünənin (insanın)
mahiyyəti əslində başqa yerdədir.
Yaxşı yadımdadır, ötən əsrin 80-ci
illərində Murad "Yazıçı" nəşriyyatına
xeyli sayda şeirlərini göndərmişdi.
O vaxt
İmişli rayonunda yaşayırdı.
"Yazıçı" nəşriyyatının
böyük redaktoru gözəl şair Müzəffər
Şükür Murada məktub yazmışdı ki, şeirlər
münsiflər tərəfindən müsbət rəy
alıb və bir az də şeir əlavə
etsən, dövlət hesabına nəşriyyat sənin
kitabını çap edəcək. Mənim təkidlərimə
baxmayaraq, Murad kitabının arxasınca getmədi. Aradan nə qədər illər keçib.
Murad çoxsaylı kitabların redaktoru olsa da, öz
kitabını indı çapa hazırlayır, kitaba
yuxarıda qeyd etdiyim məsələyə və digər həyat
münasibətlərinə uyğun olaraq bir ad qoyub: "Bir
az gecikəndə". Çox maraqlı
addır. Mənə elə gəlir ki, nəyəsə
bir az gecikəndə həyat başqa bir məcraya
yön alır. Muradın bu mövzu ilə
bağlı bir şeiri də var.
Duysam da qəlbinin
sızıltısını,
Neyləyim, ovuda bilmədim onu.
Kövrək
ürəyinin pıçıltısını,
Dinləyib,
mən həmdəm olardım sənə,-
Gecikdim.
Vaxtı
ilə, elə indi də dillərdə əzbər olan, daim
xatırlanan Muradın "Dəli olmayanın ağlı
yoxdur" şeiri həyatın problematik situasiyalarına
uyğundur, kimsə, nə vaxtsa işi düz gəlməyəndə
və bir az haqsızlıqla üzləşəndə tez bu
şeirə "əl atır".
Deyirsən
dəliyəm, sən deyən olsun,
Mənsiz də dünyada ağıllı çoxdur.
Dünya
belə gəlib, belə gedirsə,
Dəli olmayanın ağlı yoxdur.
(“Dəli olmayanın
ağılı yoxdur”)
Muradın
bu şeirinin yazılma tarixi qədimdir, yəni 80-ci illər,
sovetizm irticası, ədalətsizlik, istər millət, istər
fərd baxımından sosial bərabərsizlik və sair məsələlər...
Bir zamanlar (elə indidə) Azərbaycan ədəbiyyatına
"Dəli" şeirləri dolu kimi yağırdı.
Ancaq Muradın bu şeirə əlavə elədiyi
ciddi bir fakt var. Ağıl məsələsi (“Dəli
olmayanın ağılı yoxdur”). "Dəli
və ağıl" məsələsi artıq sosial
anlayışın təzahür məsələsidir. Dəli və ağıl məsələsinin
yanaşı qoyulması artıq cəmiyyətdə qeyri bərabərliyin
hökm sürdüyünün dəqiq diaqnozudur.
Ölümün həyatı, şirinliyin acısı
və yaxud acının şirinliyi, dəlinin ağlı məsələləri
həyat, cəmiyyət proseslərinin canlı
gedişatıdır.
Muradın şeirlərində ədəbi fakt var, həyat
faktlarının qoyuluşu və düzülüşü
şeirin onurğasıdır. Seirin beyni və
onurğası, bazisi və usqurumu yoxdursa, o şeirin
yaşamaq haqqı yoxdur. Bir sözlə, həyat
faktları şeirin yaşamağını
stimullaşdırır. Aşağıdakı
iki misrada böyük bir həyat faktı gizlənib. Hər zaman bu faktın yanından keçmişik, hər
zaman bu həyat faktını həm oxumuşuq və həm də
görmüşük. Amma bu iki
misradakı qədər onu dərk etməmişik.
Zirvəyə
qalxmağa can atan kəslər,
Özünü zirvədən atanı görməz.
(“Görməz”)
Şeirin əsas
missiyası nədir? Həyat hadisələrini
yol nişanları kimi işarələmək. Sağa və sola dönmək, durub gözləmək
və ya keçmək. Burda bir "olmaz" işarəsi
var, yəni can atmaq qadağandır işarəsi. Zirvədən özünü atanlar, həmin zirvəyə
özləri çıxmayanlardır, kiminsə yedəyində,
ətəyində dırmaşanlardır, ona görə də
onları zirvə saxlamır.
Xalq şairi Məmməd Araz bir
şeirində dediyi kimi:
Bu fikirdən
qəlbim yaman xallanır,
Çox ünvanda qaçaq tərif yallanır.
Bir
ağılın budağından sallanıb,
Neşə-neçə ağlı dayaz yaşayır.
Layiq olanları zirvə özü başına
çıxardır. Şeirin mahiyyəti elə bundadır.
Muradın şeirlərinin qafiyə sistemi, sintaksisi və
morfologiyası zəngindir. Şeirin dili
axıcı və yumşaqdır.
Şeirin
içindəki adam dünya hadisələrinə
vaqifdir. Xətib Təbrizi deyirdi ki, "Ey
ölüm, gəl həyat öldürdü bizi".
Murad isə ölümin sirrini öyrənməyin daha
optimal variantını tapır. Dirikən ölənlər
əsas səbəbi göstərə bilərlər. Dirikən ölmək nədir? Bu
maraqlı ifadə insan həyatının sosial-ictimai mahiyyətini
və həm də ölüm qəddarlığının
kuliminasiyasını sərgiləyir. Əslində
bu ölümün ölümüdür.
Düşürür
yəhərdən bu köhlən bizi,
Qorxudur bu torpaq, bu kəfən bizi.
Nədir
bu dünyada öldürən bizi,
Onu diri ikən öləndən soruş.
(“Soruş”)
Həyatda diriykən ölənlər çox sirlərdən
xəbərdardır. Xəstəlik ölümə səbəb
deyil əslində. Əsas mahiyyət və
gerçəklik diri-diri ölməkdir. Yenə
ictimai məzmun məsələsi ortaya çıxır.
Murad Qoçuoğlu Şərq poeziyasının
estetikasında boy atan və qərb modernizmin qəbul edən
söz adamıdır. Amma bu modernizm forma ilə
anlaşılmır, məzmun dəyişikliyi ilə mahiyyətə
varır. Şərq ürfan estetikası
Muradın şeirlərində haysız-küysüz, sakit və
həzin, qəbiristanlıq səssizliyi ilə meydana gəlir.
Bu anlayış Muradın istedadının və
ilhamının enerjisindədir. Şərq
fəlsəfəsi və ürvan səltənəti sakitcə
ruhun daxili enerjisi kimi səmavi sehrin dərinliyinə hopur.
Yol gəlirəm,
gün doğandan bu yana,
Yol
getdiyim gün batana, salam var.
Gündoğanla
günbatanın arası,
Tanrım, şükür, gör nə boyda qalam var.
(“Bilmirəm”)
Təkcə bu bəndi Murad Qoçuoğlunun
bütün yaradıcılığına epiqraf kimi
yazardım. Bu şeir müstəqillik dövr ədəbiyyatında
ürfanla bağlı çox sevdiyim üç şeirdən
biridir. Bəli, insan Gündoğan və
Günbatan arasında Allahla həmrəy, onunla həmsöhbət,
onun əmrlərinə qul və yaratdıqlarına
aşıqdır. Aşiqin hər iki tərəfə
salamı var. Burda yalnız bir söz verilir və
alınır: Onun adı "Salam"-dır. Gündoğan
və Günbatan arası...
Uzun bir əzan
səsi, dəvə karvanı, həzin qaibanə bir səs,
göydəki ay işığına dolaşmış
insanlar, carıx və əsa, saqqal işığı, qum təpələri və qum
xırçıltısı... Əgər mən
Muradın bu şeirindən film çəkəsi olsam,
şübhəsiz, bu tərtibatlardan istifadə edərdim.
Çünki bütün bunlar şeirin mahiyyətindən
doğur.
Əsl şeir odur ki, oxucuyla reaksiyaya girə bilsin. Daha dəqiq,
oxucuya nəyisə xatırlatsın, oxucu nə vaxtsa onu
görmüş olsun. Muradın şeirləri
keçmişi xatırladır həmişə. Onun şair həqiqəti real həyatdır. Fikir verin, uğursuzluğun başlıca
düsturudur aşağıdakı misralar.
Xəyalında
düz yollarsa,
Dayan, qayıt, getmə uzaq.
Özgə
yolda gözün varsa,
Bu yol səni tez yoracaq.
(“Yola
çıxdın”)
Yol burda məcazdır, yolun yerinə çoxlu sayda ismlər
qoymaq olar. Özgə yolda gözü olmaq məsələsinin
cəzasını Murad göstərir. Mən
bilmirdim ki, özgə yolda gözü olmağın hansı
tənəzzülü var? Murad o saat
faktı ortaya qoyur. Getdiyin yol səni tez
yoracaq.
Murad Qoçuoğlu insanı tədqiq edir,
ölümün fəlsəfəsini açır şeirlərində. Vaqif
Bayatlı həyatda itirdiyi dostlar üçün
yazırdı. "İndi onlar
torpağın altını qızdırmış olarlar,
rahat girəcəm yerimə". Məhsəti
Gəncəvi deyirdi ki, sənin ayaqladığın bu torpaq
ya qadın yanağındır, ya da bir şah dəbilqəsi.
İndisə
Murad yazır:
Demə
ömür bir an imiş,
Gəlib keçir ildırımtək.
Məzarımın
qapısını,
Min il sonra kim döyəcək.
(“Min il sonra”)
Məzar
və onun qapısı... O qapının kimin döyməsi
dünya felidir, dünya həqiqətidir. Muradın
həqiqətləri özündən qabaq yazılanların
yeni bir formada, yeni bir quruluşda isbatıdır.
Murad hər şeirində yaratdığı metafora ilə
cəmiyyətə müdaxilə edir. Kəramət
Şükürovun bir lal uşağa əsr olunmuş
şeirində incə bir nüans var. Uşağın dilini
bilməyənlər deyirlər ki, anasını
çağırın. Xalqdakı deyim: lalın dilini
anası bilər. Və lalın anası gəlir.
Oğlunu qucaqlayıb deyir:
Nədir, nə deyirsən anası ölmüş?
Muradda isə:
Danışanlar susub daha,
Qəm eləmə, lal yiyəsi.
Köhlən atlar dırnaq saldı,
Harda qaldın nal yiyəsi? - deyir
(“İnsafa gəl”)
Yenə ictimai məzmun, sosial fakt. Qəribə
bir təsəlli, susanlara ironiya hissi... lalın yiyəsinin
kefi və sair təktərkibli fikirlər və cümlələr.
Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Muradın
şeirlərində bu cür "dayanacaqlar" boldu. Həmin dayanacaqlarda oxucuların
"tünlüyü" göstərir ki, Murad da "təkrar
fikir istehsalı" yoxdur. O, nə yazırsa
hamısını yenidən başlayır. Bu
yenilik hissi ən çox şairin xarekteri ilə
bağlıdır. Muradın şeirlərində
yenə abzaslar, həyat işarələri, dramaturji elementlər,
qarşılaşdırma, xaotik, qarışıq xətlər
versiyaları, həndəsi silsilələr, rəqəmlərin
bədilliyi, təbiətə qovuşmaq, ağacların
ahı, sosial mesajlar boldur. Muradın yeni və
qoca dünya ilə maraqlı söhbətidir bu şeirlər.
Murad şeirlərini quruluşca bitirsə də,
məna cəhətcə tamamlamır. Bütün
şeirlərinin ardını gələn dəfəyə
saxlayır. Əslində o şeirlərin
ardı bizdədir. Bizdə
yaratdığı assosasiyadadır. Tumurcuğun ardı
yarpaq və çiçək, çiçəyin ardı
meyvə olduğu kimi ("Yarpaq sevəndə çiçək
olur, çiçək sevəndə meyvə" Taqor) Murad
Qoçuoğlunun da şeirlərinin ardı ya film, ya nəğmə,
ya da dünyanın daha yeni sevgilərlə davam etməsidir.
Necə ki, yağışın
və qarın ardı bulaq, bulağın ardı çay,
çayın ardı dəniz, dənizin ardı okean,
okeanın ardı yenə bulud olur, bax, mənim də
yazımın ardı mən biləli böyük salonlarda
şair dostuma bağışladığım çiçəklər,
əllərimdə bənövşələr tək
çatlayan səslər olacaq və ya süjetli şeirlərinə
çəkəcəyim bir film, ya bir nəğmə, ya da
günlərin bir günü 2015-ci ilin əvvəlki ilk
gününə dönüşümüz olacaq. Deyək ki,
1-ci ilin birinci gününə, doğrudan da, həyatda həmişə
can atdığımız bir çox şeylərə bir az
geciksək də, dünyanın həmişə ilk
günü var. O ilk gündə görüşənədək.
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.- 2015.- 18 sentyabr.-
S.8.