"Dünənki sabah"ın uğurlu
sabahı
Şairə Sevinc Nuruqızıyla həmredaktor
olduğum bir kitabdan söz açmaq istəyirəm.
Naşir-publisist,
Azərbaycan Naşirlər və Poliqrafçılar
İctimai Birliyinin sədri, Azərbaycan və Avrasiya
Yazıçılar birliklərinin üzvü, Əməkdar
mədəniyyət işçisi, dosent Bəhruz Axundovun
"Dünənki sabah" kitabından. "Dünənki
sabah" Bəhruz Axundovun sayca dördüncü
kitabıdır. Əlbəttə, Bəhruz
Axundov "Təhsil Nəşriyyat-Poliqrafiya" Birliyinin
direktoru kimi istəsəydi, bugünə kimi onlarca kitab
yazıb çap etdirərdi. Lakin o, bəziləri
kimi say dalınca yox, müqəddəs SÖZÜN ardınca
gedib. Sözü həmişə
urvatlı tutub. Naşiri olduğu kitablara
və müəlliflərə hansı tələbkarlıqla,
məsuliyyətlə yanaşıbsa, özünə,
yaradıcılığına da onqat artıq tələbkarlıqla
yanaşıb. Bu mənim müşahidələrimdən
doğulan qənaətimdir.
Bəhruz
Axundov heç bir kitaba hobbi kimi, gəlir vasitəsi kimi
baxmayıb, müqəddəs iş kimi, ağlın,
idrakın sabaha daşıyıcısı kimi baxıb. Buna görə də hər bir nəşr olunan
kitab onun üçün müqəddəs dəyərdir.
Bu mənada, Bəhruz Axundov "Dünənki sabah"
kitabının da hər kəlməsi, cümləsi üstə
əsib, düşünüb, ortalığa
çıxartmağa tələsməyib. Nə az,
nə çox bu kitabın üzərində bir il iş
aparıb. Bir müəllif olaraq kitabına ad
verməyə belə günlərini sərf edib, nəhayət,
çox götür-qoydan sonra, onlarla uğurlu addan birini -
"Dünənki sabah"ını seçib. Əlbəttə, kitaba verilən ad şərti olsa
da, çox önəmli məsələdir və deyim ki,
uğurlu, gözlənilməz, diqqətçəkən ad
seçmək elə də asan deyildir.
Bəhruz Axundov janr əlvanlığı ilə zəngin
olanı "Dünənki sabah" kitabında
özünün yaradıcılıq politrasını bir
çox aspektdən göstərə bilib. Kitabdakı "Hekayə və
esselər", "Publisistika", "Şeirlər",
"Gərək elə yaşayaq ki..." bölmələrində
qruplaşdırılmış yazıları oxuyandan sonra onu
bir yazıçı, publisist, şair və ən nəhayət,
səriştəli naşir olaraq görürük. O, oxuculara
təqdim etdiyi hər bir hekayəsində, essesində,
şeirində, məqaləsində özüdür və
olduqca səmimidir. Bəhruz Axundovun SÖZ haqqında gəldiyi
qənaət belədir:
Sözü
uca tutmaq istədin sən də,
Bununçün ucada durasan gərək.
Əgər
o ucalıq yoxdursa səndə,
Ən azı, ən azı susasan gərək.
Bəhruz Axundovun kitabı illər öncə
yazdığı və üstündə dönə-dönə
işlədiyi "Tanrım bərabəri" xatirə-hekayəsi
ilə başlayır. Müəllif bu xatirə-hekayəsində
uşaqlıq və gənclik illərindən, ata və
anasından söz açmışdır.
Bu hekayədə Bəhruzun valideynləri ilə bağlı
qəlb döyüntüsü aydınca eşidilir. Biz bu
yazıda müəllifin ata-anaya olan tükənməz
sevgisini görürük. Ona görə də
"Tanrım bərabəri" sərlövhəsi hekayənin
bütün ruhunu, məğzini özündə tam
dolğunluğuyla əks etdirir. Bəhruz
Axundova görə, ata-ana övladın gözündə
"...Tanrı qədər böyük, müqəddəs
olmalıdır. Kim bu həqiqəti dərk etməsə,
Allah onun ruzisini, bərəkətini kəsər, həyatda
heç bir uğuru ola bilməz o
adamın. Atasına, anasına oğul-qız ola
bilməyən nə millətinə, nə də vətəninə
övlad ola bilər və o, cəmiyyət üçün
tam yararsız bir insan olar. Öz Yaradanının qədrini
bilməyən kəs heç kimin və heç nəyin qədrini
bilməyə qadir ola bilməz. Bu həqiqəti həyat dəfələrlə
sübut etmişdir".
Müəllif
bu xatirə-hekayəsində atası, el ağsaqqalı Həsən
Axundovun dəfələrlə qonağı olmuş Səməd
Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev, Bəxtiyar
Vahabzadə kimi görkəmli sənətkarlarla bağlı
xatirələrindən də söz açıb.
Bəhruz Axundov "Yola ver..." adlı irihəcmli
hekayəsində cəmiyyətimizdə özünə yer eləmiş
"yola verməyin" acınacaqlı nəticələrindən
söz açıb. Qarabağ müharibəsinin şiddətli vaxtında hərbi
vəziyyətlə əlaqəsi olan adamların ön cəbhəyə
silah-sursat göndərmək əvəzinə, batalyon
komandirlərinin birinə: "Qardaş, birtəhər yola
verin..." deməsi biganəliyin, məsuliyyətsizliyin son həddidir.
Müəllif məhz hər sahədə
"yola verməyin" sonda necə böyük fəlakətlər
törətdiyini real təsvirlərlə açıb
göstərir.
"Məhəkdaşı" xatirə-essesi
hamımızın Fred Asif kimi tanıdığı Azərbaycanın
Milli Qəhrəmanı Asif Məhərrəmovun həyat və
fəaliyyətinə həsr olunub. Müəllifin Fred
Asifin özünəməxsus insani keyfiyyətlərini, həyata,
cəmiyyətə münasibətini incələyən bu
xatirə-essesini həyəcansız oxumaq olmur. Müəllif bu xatirə-essesində xüsusən
qarabağlıların çox yaxşı
tanıdığı Fred Asifi bir qəhrəman, bir vətəndaş,
bir vətənpərvər insan kimi oxucusuna sevdirə
bilmişdir.
Yeri gəlmişkən, xatırladım ki, Bəhruz
Axundov xatirə-hekayə və xatirə-esselərində yeri
gəldikcə mövzunun ümumi ahənginə uyğun
olaraq şeirlər də yazmışdır. "Tanrım
bərabəri"ndəki "Anama hədiyyə",
"Atalar" şeirlərini həm də müstəqil
poetik nümunələr kimi qiymətləndirmək olar.
Bəhruz "Məhəkdaşı" xatirə-essesində
də bir bənd şeir yazaraq Fred Asifin bədii portretini
yaratmışdır:
Həyatda
heç nəyə əyilməz idin,
Vüqarın necə də sığdı məzara.
Özüntək,
qəlbintək böyükdür dərdin,
Vurdun ürəklərə sağalmaz yara.
Kitabda gedən hər bir yazı haqqında ayrıca
danışmaq mümkündür. Müəllifin mərhum doktor Cavad
Heyətə həsr etdiyi "Vətən sənə
oğul deyib", Xalq şairi Bəxtiyar Vahabzadənin
yaradıcılığına çıraq tutan "Əqidəsinin
və cəsarətinin Bəxtiyarı" yazıları
çox dəyərli bədii-publisistik nümunələrdir.
Maraqlıdır ki, yazılarda bu görkəmli
şəxsiyyətlərin özləri və
yaradıcılıqları ilə bərabər, müəllifin
öz şəxsiyyətini, onlara olan saf niyyətinin
ülviliyini də görürük.
Əgər "Vətən sənə oğul
deyib" bədii publisistikanın ən gözəl nümunəsidirsə,
"Əqidəsinin və cəsarətinin Bəxtiyarı"
yazısı isə şairanə yazılmış ədəbiyyatşünas
alim essesidir.
Kitabın "Gərək elə yaşayaq ki..."
bölməsində müəllifin kitab və nəşriyyat
işi ilə bağlı məqalələri, müsahibələri
toplanmışdır. Bu da təsadüfi deyildir. Bəhruz Axundov ölkəmizdə, hər şeydən
öncə, nüfuzlu, bacarıqlı, incə zövqlü
bir naşir kimi tanınır. Mübaliğəsiz demək
olar ki, kitabı, kitab işinin sirlərini Bəhruz Axundov qədər
bilən, qəlbən sevən, bu mədəniyyət sahəsinin
bu gününü və sabahını düşünən,
bu yolda ardıcıl və məqsədyönlü fəaliyyət
göstərən naşirlər çox azdır. Bəhruz
Axundov isə əsl naşirdi! Buna görə də
onun kitabdan bəhs edən yazıları, müsahibələri
mötəbər naşir sözü kimi qəbul edilməlidir
və edilir də.
Təsadüfi
deyil ki, Bəhruz Axundovun rəhbərlik etdiyi "Təhsil"
nəşriyyatının nəşr etdiyi "Çərçivə"
kitabı Azərbaycan nəşriyyat tarixində ilk dəfə
2010-cu ildə Moskvada keçirilən VII Beynəlxalq
"Kitab sənəti" müsabiqəsində baş mükafat
- "Qran-Pri" almışdır. "Təhsil" MMC
Avropa miqyasında keyfiyyətə görə
"Qızıl medala", müasir kommunikasiya sistemlərindən
səmərəli istifadə edərək yüksək keyfiyyət
əldə etdiyinə görə isə "Qızıl
delfin" mükafatlarına, çoxlu sayda diplomlara layiq
görülmüşdür.
Yazının sonunda Bəhruz Axundovun şeirlərindən
söz açmaq istəyirəm. Kitabın "Şeirlər"
bölməsi müəllifin belə bir etirafı ilə
başlayır: "Şair fitrən, özü də təpədən-dırnağa
kimi şair olmalıdır, yəni anadan şair
doğulmalıdır. Onun ürəyi də
şeir ritmi ilə döyünməli, adi
danışığı da ən azı sərbəst, qafiyəli,
ritmik şeirə bənzəməlidir. Mən isə
hiss və düşüncələrimi misra-misra deyil, daha
çox sətir-sətir yazmağı xoşlamışam.
Ona görə də imkanım olduğu halda, illərdən
bəri yazılıb qalmış şeirlərimi bu günə
qədər kitab halında çap etdirməmişəm. Çünki
heç vaxt özümü şair hesab etməmişəm və
etmirəm də". Lakin müəllifin
ayrı-ayrı vaxtlarda yazdığı şeir nümunələrini
oxuyanda, doğrusu, bir qədər fərqli
düşündüm.
Fikirləşdim ki, naşirlik, kitab işi, üstəlik
ictimai vəzifə olmasaydı, özünü ancaq bədii
yaradıcılığa həsr etsəydi, Bəhruz Axundov bu
gün istedadlı şair kimi də tanınardı. Ancaq nə qəm,
baharın gəlişini çəmənlikdə ətir
saçan bir çiçəkdən də duymaq olur.
Müəllifin şairlik istedadını onun "Gəl,
yağış, gəl", "Yenə o bağ
olaydı", "Yalan dünya", "Torpaqsız,
obasız qarabağlıyam" və b. şeirlərini
oxuyanda etiraf etməli oluruq. Məsələn, müəllif
"Gəl, yağış, gəl" başlıqlı
şeirində adi təbiət hadisəsindən duyğulanaraq
belə sadə, amma poetik lövhə yaradıb:
... Gəl,
yağış, gəl,
Gəlişinə
quzu kəsim,
Nə yaxşı ki sən gəlmisən.
Xoş gəlmisən!
Həyətdəki
quşlar belə
Səsin
kəsib,
Ta oxumur.
Hətta
evin küncündəki
Hörümçək
də yoxa çıxıb,
Tor toxumur.
Nə
yaxşı ki sən gəlmisən,
İncə
narın damlaların
Pəncərəmin
şüşəsində
Cızdığı
o
Gözə bənzər naxışlar nə?
Yaxud onun
Mikayıl Müşfiqin "Yenə o bağ olaydı"
şeirinə nəzirəsinə diqqət edək:
Yenə o
bağ olaydı,
Görüşəydik ikimiz.
Yenə o
bağ olaydı,
Dil
açaydı eşqimiz...
Gecədən
də qapqara,
Günəşdən
də işıqlı,
Sulardan da
dupduru,
Aydan da
yaraşıqlı,
Gözlərini
sevəydim,
Səni əzizləyəydim.
Lalələrdən
rəng almış,
Eşqin hərarətindən,
Hicranın atəşindən
Alovlanmış, odlanmış
Qönçə dodaqlarımız
Bir-birinə sıxılıb
Hey susaydı, susaydı.
Sadədir, bəşəridir, ən əsası, insanidir. Qarabağ nisgili, Ağdam həsrəti, yurd itkisi Bəhruz Axundovun da yaradıcılığında, nəşriyyat işindəki fəaliyyətində ayrıca bir önəm daşıyır. O, təkcə sözündə yox, əməli işində, xidmətlərində də vətənpərvər qarabağlıdır. "Torpaqsız, obasız qarabağlıyam" şeirində dediyi kimi:
Soruşma halımı, qəlbim qan ağlar,
İçimdə bir od var, köksümü dağlar.
Ayağım altından qaçıbdır dağlar.
Soruşma halımı, qoyma ağlayam,
Torpaqsız, obasız qarabağlıyam.
Yox, mən o deyiləm, gülən-danışan,
Şaqraq zənguləylə muğam oxuyan,
Dünyanı xalçada hörüb-toxuyan.
Soruşma halımı, ələm çağlıyam,
Torpaqsız, obasız qarabağlıyam.
Bəhruz Axundovun "Dünənki sabah" kitabında toplanmış yazılarından və bu kitabın tərtibatının məziyyətlərindən çox danışmaq olar və yəqin ki, danışılacaqdır da. Yenicə çapdan çıxmış hər bir kitab gözünü dünyaya açmış körpə kimidir. Bu günlərdə işıq üzü görmüş "Dünənki sabah"ın qədəmləri sayalı olsun!
Mustafa
Çəmənli
525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.7.