OĞUZ  RAYONUNA

 

Bu da bir oğuznamədi,

Qalıbdı dağlar başında,

Dağların daş yaddaşında.

Qəbələnin qardaşıdı,

Bir qardaş da Ağdaşıdı.

Qoca tarixin yaşıdı,

Oğuz bir oğuznamədi.

Minillər getdi tarixdən,

Oğuznamələr yaşadı.

Bu dünyanın göbəyində

Mən də varam deyir bu gün!

Yaşadıqca cavanlaşır,

Yeni libas geyir bu gün.

Bu dağların qucağında

Yaradılan cənnətə bax.

Bu dünyada cənnət də var,

Cəhənnəm də bizdən iraq.

Yer insan əlində yaşar,

Hər kəs əməlində yaşar.

Əvvəl cənnət belə olub,

Yerdi, sudu, saf  havadı.

Kişilər hamsı Adəmdi,

Qadınlar hamsı Həvvadı.

Doğma yurdum bu dünyada

Cənnət kimi cahan olub.

Burda bütün xalqlar birdi,

Burda hamı bir can olub,

Hamı Azərbaycan olub.

 

02.09.2015

 

RƏŞAD MƏCİDƏ

 

Köndələn çaydan gəlib o,

Damcı bulaqdan gəlib o.

Hərə bir yandan gəlibdi,

Şeirə haqdan gəlib o!

Rəşad Məcidi deyirəm.

 

Zaman piyada, o atlı,

Qarabağsız, quş qanadlı.

Hamı  pul yaradan zaman

Kağızdan qəzet yaratdı,

Rəşad Məcidi deyirəm.

 

Yoluna çöksə bulut,

Haqqın yolundan möhkəm tut,

Dönüklər min yola dönsün,

Umudsuz günləri, unut!

Rəşad Məcidə deyirəm.

 

İndi sənin Umudun var,

Öz ocağın, öz odun var.

Heyvərələr qoy danışsın,

Öz sözün var, öz adın var,

Rəşad Məcidə deyirəm.

 

17.09.2015

 

Düşünmədən danışanlara

 

Can evim bir kitabdı

Sən onu al, , bir oxu!

Necə deyirsən mənə sən

Eyni anda varla-yoxu!

 

Səbir haqqında

 

Sən doğru, düzsən əgər,

Səbir elə, daş əriyər

dağ yeriyər,

dözsən əgər.

 

10.09.2015

 

Ən böyük səbirli

 

(arxivimdən ilk variantında)

 

Buz kimi səbirin içində bişdim

Dedilər səbr edən böyükdü, haqdı,

Səbr edib, səbr edib,

mən başa düşdüm,

Ən böyük səbirli uzunqulaqdı,

Ulaqdı, ulaqdı, yenə ulaqdı.

 

1962-ci il

Moskva

Fikrət Qoca

525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.7.