Gənc Tamaşaçılar Teatrında 88-ci mövsümün ilk tamaşaları sabah olacaq

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni - 88-ci teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 19-da nümayiş etdiriləcək.

 

Tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün saat 12:00-da H.K.Andersenin "Çirkin ördək balası", saat 19:00-da U.Şekspirin "Romeo Culyetta" tamaşaları göstəriləcək.

 

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

 

Tamaşada əsas rolları Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

 

İkihissəli məhəbbət faciəsi olan "RomeoCulyetta" tamaşasının  quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə Əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər. Sentyabr ayının 20-də saat 19:00-da yazıçı - dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış "Miras" tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, Əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

 

Səhnə əsərində obrazları Əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.7.