Əli Cura:"Yunus Əmrə İnstitutu
bütün dünyada
yetərlilik sertifikatı verən qurumdur"
Yunus Əmrə
Türk Mədəniyyət
Mərkəzi hazırda
dünyanın bir çox ölkələrində
fəaliyyət göstərir. Azərbaycan və
Türkiyə prezidentləri
tərəfindən imzalanan
əməkdaşlıq müqaviləsi
çərçivəsində qurum 2012-ci ildə ölkəmizdə də fəaliyyətə başlayıb.
Bakıdakı Yunus Əmrə
İnstitutunun rəhbəri
əvvəllər Türkiyənin
məşhur qəzetlərindən
birində jurnalist kimi çalışmış
Əli Curadır.
Onunla müsahibə zamanı qurumun gördüyü işlər, fəaliyyət
istiqamətlərinə ətraflı
nəzər saldıq.
- Əli bəy,
bu qurumun yaradılmasını daha
çox zəruri edən səbəblər
nə oldu?
- Yunus Əmrə İnstitutu Türkiyədə
2007-ci ildə Böyük
Millət Məclisində
qəbul edilən qanuna əsasən qurulub. Qurum Türkiyənin tarixini,
mədəniyyətini, incəsənətini,
ədəbiyyatını, mətbəxini,
musiqisini, ənənəvi
əl sənətlərini
tanıtmaq, eyni zamanda türk dilini digər dünya ölkələrində
öyrətmək məqsədilə
qurulan ictimai vəqfdir. Xarici ölkələrdə isə Yunus Əmrə İnstitutu olaraq fəaliyyət göstərir. 2009-cu ildə ilk mərkəzimizi
Sarayevoda (Bosniya və Herseqovina) açdıq. Artıq
dünyanın müxtəlif
ölkələrində - Yaponiya,
Gürcüstan, Azərbaycan,
Qazaxıstan, Rusiya
(Kazan), İran, Misir, Serbiya, Rumıniya, Almaniya, Fransa, Hollandiya, Belçika, İngiltərə və digər yerlərdə
40-dan çox mərkəzimiz
fəaliyyət göstərməkdədir.
Əsas məqsədlərimizdən biri
2023-cü ilə qədər,
Türkiyə Cümhuriyyətinin
100-cü ildönümündə institutlarımızın sayını
100-ə çatdırmaqdır. Əlbəttə, Türkiyənin mədəniyyətini təbliğ
edərkən, türk
dilini də öyrətmək lazımdır.
Çünki mədəniyyətin ən böyük vasitəsi dildir. Bu baxımdan Anadolu
böyük mədəniyyət
məkanıdır.
Xüsusi olaraq onu da
vurğulamaq istərdim
ki, biz yalnız Türkiyəni deyil, bu coğrafiyada vaxtilə mövcud olan digər mədəniyyətləri də
dünyaya tanıdırıq.
- Yeri gəlmişkən, Yunus Əmrə İnstitutu dil, din, tarix, mədəniyyət baxımından fərqli ölkələrdə fəaliyyət
göstərir. Maraqlıdır, qurum öz fəaliyyət
prinsiplərində bu
amili nəzərə
alırmı?
- Təbii ki, nəzərə alırıq.
Fəaliyyətimizi hər ölkənin
təhsil və mədəni mühitinə
uyğun qururuq. Məsələn, həm Türkiyənin
tarixini, mədəniyyətini
Azərbaycanda, həm
də ölkənizin
tarixini, ədəbiyyatını,
mədəniyyətini Türkiyədə
tanıdırıq. Bu
günə qədər
40 ölkədə 5 mindən
çox müxtəlif
tədbir və layihələr gerçəkləşdirmişik.
Yunus Əmrə
Vəqfinin baş ofisi Ankarada yerləşir, oradan bizə layihələr göndərilir və biz onları ilk öncə Azərbaycanda reallaşdırmağa
başlayırıq. Məsələn, "Səhnədəki Türkiyə"
adlı böyük bir layihə çərçivəsində Türkiyənin önəmli
səslərinin konsertlərini
təşkil etdik.
2015-ci ildə bu layihəni Azərbaycandan başlamış
olduq. Önəmli layihələrimizdən olan "Yerində tarix" isə Türkiyənin tarixini başqa ölkələrdən
gələn tələbələrə,
alimlərə, ziyalılara
bilavasitə həmin məkanlara ziyarətlər
təşkil etməklə
göstərilməsidir. Məsələn, Osmanlı dövləti
harada quruldu, paytaxtları hansı şəhərlər oldu.
Aprel ayında başda Azərbaycan Diplomatik Akademiyası olmaqla 25 müəllim və tələbəni Türkiyəyə
yolladıq. Bu layihə Ankaradan başladı.
Osmanlı dövlətinin paytaxtları
- Bursa, Ədirnə, İstanbul
onlara göstərildi. Həm də
bu layihəni 18 Mart - Çanaqqala zəfərinin
100-cü ildönümünə həsr etdik. Bu döyüşün aparıldığı yerlər
tələbələrə tarixçilərin müşayiəti
ilə göstərilir,
onlara bilgi verildi. Əlbəttə, buradan gedən
tələbə Türkiyədə
öz mədəniyyətini
də təbliğ edir. Bundan əlavə, 2010-cu ildən bəri "Türk dilində yay məktəbləri"
adlı layihə gerçəkləşdirilir. Türk dilini öyrənən və öyrənmək istəyən tələbələr
seçilir və Türkiyəyə göndərilir.
Layihə çərçivəsində
10 azərbaycanlı tələbəni
də Türkiyəyə
yolladıq. Artıq ay yarımdır
ki, onlar İstanbulda türk kino tarixi, mədəniyyət
tarixi dərsləri keçirlər. Nəticədə onlar həm də türk dilini də çox yaxşı öyrənir, təkmilləşdirirlər.
Bəlkə də elə bu tələbələr gələcəkdə bizim
qurumlarda işləyəcəklər. Ümumilikdə dünyanın müxtəlif
ölkələrindən olan
500 tələbə hazırda
Türkiyədə təcrübə
keçir. Onlar birlikdə
olanda yeganə ünsiyyət vasitəsi türk dili olur. Bu yolla
biz həm də bütün mədəniyyətləri
bir araya gətirmiş oluruq.
- Layihələr yalnız Yunus Əmrə Vəqfinə aiddir, yoxsa yerlərdəki institutların öz təşəbbüsləri də
olur?
- İki növ layihəmiz var: Ankaradan göndərilənlər və özümüzə aid olanlar. Məsələn, 2014-cü ildə Bakıdakı Muzey Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr edilən fotosərgi keçirdik. Bundan başqa, ötən il Türkiyənin qədim geyimlərindən ibarət sərgi düzənlədik. Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı Bakıda "Son məktub" filminin təqdimatı təşkil olundu, Bakıda və Gəncədə fotosərgi keçirdik. Biz Lənkəranda "Lavaş günü" keçirmək istəyirik. Çünki lavaş bizim mədəniyyətimizə aiddir. Bu gün də Anadoluda lavaş bişirirlər. Bu festivalı əvvəlcə Azərbaycanda, sonra isə iki ölkə arasında da keçirə bilərik. Onu əvvəlcə türk dünyası, sonra isə dünya festivalına çevirmək istəyirik. Ümid edirəm ki, "Lavaş günü" nün keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək verəcək. Artıq ikinci ildir ki, İçərişəhərdəki beynəlxalq Novruz festivalında biz də öz çadırımızı qururuq. Türkiyədən dəvət alan sənətkarlar gözəl ifalar edir, Türkiyə mədəniyyətini, mətbəxini təqdim edirik. Ortaq mədəni dəyərlərimizdən olan Nəsrəddin Hoca və ya Molla Nəsrəddinlə bağlı hər iki ölkənin elm adamlarının, folklorşünaslarının iştirakı ilə keçirdiyimiz konfrans da maraqlı idi.
- Mədəni əməkdaşlıq çərçivəsində qarşıda başqa hansı layihələr gözlənilir?
- Mədəniyyət həyatımız deməkdir. 2016-cı ildə iki ölkənin musiqisini Bakıda bir araya gətirərək, ortaq bir zəmin qurmağa çalışacağıq. Bizdə olan, amma sizdə olmayan, sizdə olan, lakin bizdə olmayan unudulmuş musiqiləri gündəmə gətirib bunları elmi müzakirələrə çıxarmaq istəyirik. Biz eyni mədəniyyətə aidik.
Azərbaycan-Türkiyə kino platforması da düzənləmək istəyirik. Hər iki ölkənin tanınmış filmlərini bir araya gətirib nümayiş etdirmək niyyətindəyik. Bundan başqa, gələcəkdə birgə sənədli filmlərin çəkilməsini də düşünürük. Qarşılıqlı şəkildə işləməli və ortaq zəmin qurmalıyıq. Türkiyədən Bakıya tez-tez jurnalistlər gəlir, onlarla söhbət zamanı da Azərbaycanla bağlı məlumatlar veririk. Jurnalistlər də Türkiyəyə döndükdə bunları yazarlar. Bizim hazırda institutumuzun fəaliyyət göstərdiyi Bakı Dövlət Universiteti ilə, Bakı Slavyan Universiteti, Bilik Fondu, Multikulturalizm Mərkəzi ilə işbirliyimiz mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi ilə daha yaxından təmas qurmaq, işləmək, regionlarda da tədbirlər keçirmək niyyətindəyik.
Bildiyimiz kimi, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı olacaq. Orada həm də Gəncədəki konsulumuz vasitəsilə də tədbirlər keçirmək fikrindəyik. Son olaraq bildirmək istərdim ki, Yunus Əmrə İnstitutu bütün dünyada türk dili imtahanı keçirən və yetərlilik sertifikatı verən qurumdur.
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.5.