IV Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasına böyük maraq var
Sentyabrın 16-da açılan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 22 ölkədən
120 nəşriyyat, o cümlədən,
100-dən artıq yerli
nəşr qurumu qatılıb.
Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri Anar, Atatürk Mərkəzinin
rəhbəri, millət
vəkili Nizami Cəfərov, AYB katibi Rəşad Məcid və başqaları iştirak ediblər.
Nazir Əbülfəs Qarayev bildirib ki, artıq
ənənə halını
alan Kitab
Sərgi-Yarmarkasına maraq
hər il daha da artır,
Azərbaycanda poliqrafiya
işi genişlənməkdə
davam edir: "Kitab Sərgi-Yarmarkasına
əvvəllər 30 nəşriyyat
qatılırdısa, indi
nəşriyyatların sayı
120-yə çatıb. Sərgi-yarmarkada
Türkiyə, Rusiya, Özbəkistan, Misir, İran, Bosniya və Herseqovina, Nigeriya, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna,
Belarus, Estoniya və Yunanıstandan nəşriyyat
və poliqrafiya müəssisələri, eləcə
də digər müvafiq qurumlar iştirak edir".
Üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab
təqdimatlarının, müzakirələrin
aparılacağını söyləyən
Ə.Qarayev son illər
yeni, latın
qrafikalı nəşrlər
hesabına kitabxanaların
zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü
də diqqətə çatdırıb.
Nazir nəşriyyat sahəsinin
hər zaman dövlətin diqqət mərkəzində olduğunu
qeyd edib: "Əsas məqsədimiz kitab nəşri sahəsində ən müasir texnologiyaların
ölkəmizə gətirilməsinə
nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin,
lüğətlərin, tərcümə
və elmi ədəbiyyatların işıq
üzü görməsinə
yönəlmiş qərar
və göstərişlərin
vaxtında icrasını
təmin etmək, gənc nəslin kitaba maraq və
sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı
nəşriyyatlarının məhsulları ilə tanış etməkdir".
Açılış mərasimi başa çatdıqdan sonra kitab sərgisinə baxış keçirən
nazir ümumilikdə sərgidən və təşkilati məsələlərdən
məmnunluğunu ifadə
edib.
Sərgi
ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən
Baş nazirin müavini, Xalq yazıçısı Elçin
Əfəndiyev bütün
oxucuları kitab bayramı münasibətilə
təbrik edib: "Bu kitab sərgisi bizim mədəni həyatımızda çox
böyük hadisədir.
Məndə həmişə belə bir təəssürat
olub ki, bəşəriyyətin ən
böyük kəşflərindən
biri kitabdır. Bugünkü həqiqətsə ondan ibarətdir ki, kitaba maraq
xeyli azalıb. Bunun xeyli obyektiv və subyektiv səbəbləri var. Amma
istisnasız olaraq kitab bəşəriyyətin
inkişafında mənəvi
bir dəyər kimi böyük rol oynayır və inanıram ki, bundan sonra
da belə olacaq".
Xalq yazıçısı
sərgidə nümayiş
olunan kitabların, demək olar ki, bütün sahələri əhatə
etdiyini də diqqətə çatdırıb.
Baş nazirin müavini sərgidə xoş sürprizlə qarşılaşdığını
dilə gətirib:
"Türkiyə köşkündə
türkcəyə tərcümə
olunmuş öz kitabımı gördüm.
Belə bir kitabın olduğunu bilmirdim, maraqlı sürpriz oldu".
Elçin Əfəndiyev bildirib
ki, bu kitab
bayramı ölkəmizin
dünyada tanınmasında
əhəmiyyətli addımdır:
"Eyni zamanda iştirakçılar yarmarkada
sərgilənən kitablar
vasitəsilə Azərbaycan
xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı
və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər".
Sərgidə Türkiyənin "İleri
Yayınları" stendinə
nəzər salanda Elçin Hüseynbəylinin,
Yunus Oğuzun kitabları diqqəti çəkir. Nəşriyyatın
direktoru Murad Küçük ölkəmizə
gəlişindən və
sərgidə iştirakdan
məmnunluğunu ifadə
edir: "Sərgidə
hər şey çox gözəl təşkil edilib. Türkiyə olaraq bu sərgidə iştirakımızı
vacib hesab edirəm. Çünki türk xalqları
dünyada böyük
bir əraziyə səpələniblər. Fikrimcə, bu xalqlar və
dövlətlər mədəni-mənəvi
cəhətdən də
yaxınlaşmalı, yumruq
kimi bir olmalıdırlar. Bu yolda mühüm addım kimi ədəbiyyatımızın, mədəniyyət və
tariximizin qarşılıqlı
öyrənilməsi vacibdir.
"İleri Yayınları" olaraq bu yolda əlimizdən
gələni etməyə
çalışırıq. Sərgiyə təxminən 300 kitabla qatılmışıq.
Əksəri də türkçülük,
dövlətçiliklə bağlı olan nəşrlərdir".
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu da sərgi haqqında təəssüratlarını bölüşüb: "Avrasiya
Yazarlar Birliyindən əlavə "Bengü"
nəşriyyatı və
"Kardeş kalemler"
jurnalı olaraq sərgiyə qatılırıq.
Bəzi kitablarımız hətta
ilk dəfə bu sərgidə təqdim olunur. Buna misal
olaraq Rəşad Məcidin "Bir də gəlməyəcək"
kitabının türkcə
variantını göstərə
bilərəm. Bundan əvvəlki
sərgiyə də qatılmışdıq. Əminliklə
demək olar ki, hər il təşkilati məsələlər daha
irəli səviyyədə
olur. Bundan əlavə builki
yarmarka daha geniş tərkibdədir.
Ölkələrin və nəşriyyatların
sayı daha çoxdur. Düşünürəm ki, bu tip ədəbi-mədəni tədbirlərin
keçirilməsi çox
vacibdir. Həm ədəbiyyatı
dünyaya tanıtmaq,
həm də ortaq türk ədəbiyyatını formalaşdırmaq
baxımından böyük
addımdır".
Sərgiyə Türkiyədən qatılan
şair Mehmet Nuri Parmaksız da tədbir haqqında yüksək fikirdə olduğunu dilə gətirib.
Daha sonra sərgi-yarmarka çərçivəsində Rəşad Məcidin
"Çiyələk qadın",
Vaqif Bəhmənlinin
"Belə yaxşıdı",
Mehmet Nuri Parmaksızın "Həsrət,
eşq və sükut", Çingiz Əlioğlunun "Qonşunun
iti", Elçin İsgəndərzadənin "Sevənlərə" və
Hüseynbala Mirələmovun
"Axirətdən gələn
zəng" kitablarının
imza mərasimi keçirilib.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.4.