Hüseynbala Mirələmov kimdir...

 

 

Nəsə yerlibazlıq eləməyim gəlir. Deyirlər ki, bakılılar, şirvanlılar yerlibaz olmur. Bunu lap çoxdan, uşaq vaxtı atam Qabildən eşitmişəm. Az-çox, 49 yaşım var, görürəm ki, doğrudan da elədir. KVN-də bir epizod var e... Soruşur ki:

- Haralısan?

- Bakılı.

- Onda Allah köməyin olsun.

Düzdür, bu bir yumor, bir zarafatdır. Amma bu ifadədə həm də bir həqiqət yükü var. Subyektiv fikrim kimi qəbul edin bunu, mümkünsə. İndi deyəcəksiniz ki, bəs sən şirvanlısan, Hüseynbala Mirələmov isə talış zonasından - Lerikdən. Düz deyirsiniz. Amma burda yenə el kəlamına müraciət etməli olacağam. Bir gəncdən soruşurlar:

- Haralısan?

- Hələ evlənməmişəm, - deyə cavab verir.

Mən isə artıq 27 ildir ki, evliyəm. Özü də Yardımlı yeznəsiyəm (Talış zonasında kürəkənə yeznə deyirlər). Atam da ordan evlənmişdi.

Qeyri-adi giriş verdim yazıma. Bəlkə də bir az yüngül qəbul elədiniz. Yox. Sadəcə bir az sevincək, bir az da kədərliyəm. Sevincliyəm ona görə ki, dördüncü nəvəm dünyaya gəlib. Kədərli olmağımın səbəbi isə qocalmağıma sübutların artmasıdır. Ürəyimdə də söz o qədərdir ki... Hamısını yazmağa vaxtım olacaq, ya yox? Bilmirəm.

Sualı qoydum: “Hüseynbala Mirələmov kimdir?” İndi də cavab verim. Ardıcıllıqla.

Əslində bu yazını yazmağıma əsas səbəb yuxarıda qeyd etdiyim kimi, yerlibazlıq deyil. Bu bir yumor idi. Kaş atam sağ olaydı. Bir fikrinin yanlışlığını ona əyani sübut edərdim. Hüseynbala Mirələmovla özüm arasında paralellər apara-apara.

 

AzTV-nin “Qaradağ müxbiri”

 

Əslində belə bir post yox idi. AzTV-də işləyəndə qeyri-rəsmi olaraq Bakının rayonlarını öz aramızda bölmüşdük. Mənim bəxtimə Qaradağ rayonu düşmüşdü. Rayonda nə tədbir olurdusa, icra başçısı Yaqub Əliyev məni dəvət edirdi. 1998-ci ildə belə tədbirlərdən birinə dəvət aldım. Azərbaycan Qaz Emalı Zavoduna. Ora yeni direktor təyin olunurdu. Onu da qeyd edim ki, o dövrlərdə Qaradağ Bakının əsas diqqət yetirilən rayonlarından sayılırdı. Beynəlxalq neft layihələrinin böyük payının bu rayonda yerləşməsi öz yerində. Gələcək Prezidentimiz olacaq İlham Əliyevin bu rayondan deputat seçilməsi Qaradağın inkişafına təkan vermişdi.

Qaz Emalı Zavodunun zalında iclas başladı. Direktor təqdim olundu. Bəstəboy, nurani bir kişiydi. Adı da Hüseynbala Mirələmov. 53 yaşlı Hüseynbala müəllimlə ilk tanışlığımız ordan başladı.

 

Ziyalı

 

Azərbaycanda 100 zavod var. O 100 zavodun da 100 direktoru. Birini çıxarırlar, o birini təyin edirlər. Bəzən zavodun fəaliyyətini dayandırırlar da, təməldən söküb yerində yaşayış binası da tikirlər. Hüseynbala Mirələmov da o yüz zavod direktorundan biriydi. Səxavətli olmasıyla o birilərindən bəlkə də fərqlənirdi. Bu xüsusiyyətinə görə əgər mənim fikrimi cəlb etmişdisə, onda Hüseynbala müəllim haqqında yazmağa heç dəyməzdi də... Çünki bu gün o, zavod direktoru deyil. Sadəcə, deputatdır. AzTV-dən çıxdığım müddətdən bu yana heç işim də düşməyib ona. Yoxsa, “Hüseynbala Mirələmov kimdir?” sualıma “Zavod direktoru, millət vəkili, YAP-ın Xətai təşkilatının sədri” cavabı verib, yazımı elə burdaca bitirərdim. Amma bu suala “Hüseynbala Mirələmov əsl ziyalıdır” cavabı verib yoluma davam deyirəm. Amma hələ 1998-ci ildir. Hüseynbala müəllim də mənim gözümdə sadəcə zavod direktoru.

 

Azad Sucayev

 

Qaradağ rayon İcra Hakimiyyətində Azad Sucayev adlı bir şöbə müdiri vardı. 2002-ci il idi. Günlərin bir günü zəng etdi mənə. AzTV-nin qapısında görüşdük. Elə bildim ki, nəsə tədbir kasseti var, onu efirə vermək lazımdır. Amma mənə başqa bir məsələylə bağlı sual verdi:

- Mahir, sizdə ədəbi-dram verilişləri redaksiyası var?

- Var, Azad müəllim, - deyə cavab verdim.

- Onun rəhbərini tanıyırsanmı?

-  Tanıyıram.

-  Məni onunla görüşdürə bilərsənmi?

Elə Azad müəllimin yanından daxili telefonla zəng etdim. Sadıq müəllim otağındaydı. Azad müəllimi onun otağınacan müşayiət edib, öz redaksiyama qayıtdım.

Üstündən bir-iki ay keçmişdi. Azad müəllim yenidən zəng vurdu. Məni Hökumət evinin binasında yerləşən Kinematoqrafçılar İttifaqının zalına çəkilişə dəvət etdi. Onu da əlavə etdi ki, bəs tədbir Hüseynbala müəllimin tədbiridir. Özüm də məəttəl qaldım ki, niyə tədbiri zavodda yox, məhz hansısa yaradıcı ittifaqda keçirirlər. Getdim. Zal tanınmış ziyalılarla dolu idi. İşıq söndü. Kinoproyektor işə düşdü. Ekranda “Güllələnmiş heykəllər”, “Müəllif Hüseynbala Mirələmov” sözlərini oxuyandan sonra artıq Hüseynbala Mirələmovu ilk dəfə bir yazıçı kimi də tanımağa başladım. Film bitdi. Çıxışlar, müzakirələr oldu. Təqdimat mərasimi beləcə başa çatdı.

Bilmirəm fiziklərin “bir fakt təsadüfdür, ikincisi - tendensiya, üçüncü qanunauyğunluq” deyimini bədii ədəbiyyata şamil etmək olar, ya yox? Bundan çıxış edərək, mən də bu əsərə, yaxud da onun AzTV-də ekranlaşdırılmasına, Qarabağ yanğılı Hüseynbala Mirələmovun içindən gələn əsərinə bir təsadüf kimi yanaşdım. Burdan da başqa müsəlmansayağı bir məntiq ortaya çıxartdım ki, “yəqin kiməsə pul verib yazdırıb. Nə çox pula ehtiyacı olan “ac həriflər”, yəqin kişinin başını bişirib, beş-on manatını alıb, onu şirnikləndiriblər”. Qınamayın məni bu fikrimə görə. Əsl müsəlman deyilik məgər?

57 yaşlı Hüseynbala müəllimlə ikinci dəfə belə tanış olduq. Və bu tanışlıqda deyəsən mənim də rolum olmuşdu. Sonradan bildim ki, Azad Sucayev Hüseynbala müəllimin qohumudur, AzTV-yə də məhz bu əsərin televiziya tamaşası kimi meydana çıxması üçün danışığa gəlibmiş. Yəqin özü ürək eləməyib. Ağır və məsuliyyətli addır yazıçı, şair, publisist titulları. Bunun məsuliyyətini isə indiki dövrdə hər adam başa düşmür.

 

Təsadüfün qanunauyğunluğa çevrilməsi

 

2003-cü il. “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu” əsərləri, 2004-cü il “Simuzər”, “Babadil əfsanəsi”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq” romanları, “Xəcalət”, “Cəza” povestləri və daha sonra üç pyes və daha iki roman. Artıq Hüseynbala Mirələmov zavod direktoru kimi yaddaşımdan silinmişdi. Nasir, ssenarist. Onu belə təqdim edirdilər. Bu onun zavod direktoru kimi kollektivə təqdim olunması deyildi. Bu titulların ömrü uzun və adı isə daha yüksək idi.

 

Kifayətlənmək, deməli, həyatın sonu

 

İnsan dayanırsa, arzuları ölürsə, bu, bir növ cismani məhvə bərabər bir şeydir. Yaradıcı adam daim axtarışda olmalıdır. Nasir, ssenarist. Bu mərhələ keçildi. Bəs sonra? Bu sualı onda Hüseynbala Mirələmova xitabən qiyabi mən də vermişdim. Cavab isə özünü çox gözlətmədi. Növbəti hədəf publisistika idi. Özü də yüksək səviyyədə. Geniş arenada. Beynəlxalq miqyasda. Sovet dövründən əsası qoyulan “JZL” - “Jizn Znamenitıx Lyudey” adlı bir layihə var. Rusca nəşr olunur. Hüseynbala Mirələmov Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev kimi görkəmli şəxsiyyətlərə həsr olunan kitabları ərsəyə gətirdi. Daha sonra azərbaycanca da çap etdirdi. Hüseynbala Mirələmov bununla kifayətlənmədi. Kitabları digər xarici dillərə tərcümə elətdirərək dünyaya yaydı. Hər halda yaradıcılıqla məşğul olan bir adam və şair oğlu kimi Hüseynbala müəllimin zəhməti, xalqımız qarşısında xidməti öz yerində, təkcə bu nəşrlə bağlı ideyasını yüksək qiymətləndirirəm.

 

Qabil və “Gəlinlik paltarı”

 

Bir dəfə atamla söhbət zamanı Hüseynbala müəllimin adını çəkdim. “Adını çəkdim” yox, sadəcə təriflədim. Əlini yellədi. Bu o demək idi ki, xoşum gəlmir ondan. Mən də başladım sualları yağdırmağa:

- Tanışsan?

- Yox, - deyə cavab verdi. Əsərləri də bir şey deyil. Yəqin kimsə yazır əvəzinə.

- Oxumusan hansınısa? - bu dəfə də dilimi dinc qoymadım.

- Yox. Amma hiss edirəm.

Onları yaxınlaşdırıb tanış etmək istəyirdim. Atamın da xasiyyətini bilirdim, Hüseynbala müəllimin də. Bilirdim ki, söhbətləri tutacaq. 19 yaş fərqləri olsa da, 55-dən sonra bu fərq çox da gözə çarpmır. Nəsə mənim bu təşəbbüsüm alınmadı. Amma...

Günlərin bir günü atam özü:

- Bu Hüseynbala nə yaxşı kişidir. Mən elə bilirdim ki, cavandır. Demə, yaşlı, nurani bir adammış. Fəxri Xiyabanda idim. Özü yaxınlaşıb görüşdü. Kepka qoymuşdu. Hələ bir zarafat da elədim ki, “kepka qoyma, buxara papaq qoy, mənim kimi. Yerini bilirəm harda tikirlər. Göstərərəm sənə”.

İlk tanışlıqdan söhbətləri tutmuşdu. Hüseynbala müəllim atama “Gəlinlik paltarı” adlı romanını avtoqrafla bağışlamışdı. Bu kitab bir növ test idi. Qabil Hüseynbala Mirələmovu oxuyub bəyənəcəkdimi? Bəyənsəydi, bu, mənim yazıçı Hüseynbala Mirələmovu tanımağım üçün də bir etalon olacaqdı. Çünki atam hər əsərə yaxşı, əla, hər yazana yazıçı deməzdi. Bu romanı mən oxumamışdım. Amma “Güllələnən heykəllər” teletamaşasının rejissoru Nadir Diridağlı dəfələrlə mənə “bilirəm ki, birinci işdə sənin də zəhmətin olub. Hüseynbala müəllimə de ki, “Gəlinlik paltarı” romanı ekranlaşdırmaq üçün gözəl əsərdir. Nə çəkərdim onu...” deyə müraciət etmişdi. Atam da bəyəndi bu romanı. Özü də çox bəyəndi.

 

Tənqid, yoxsa tərif?

 

AzTV-də işləyəndə Xətai rayonuna reydə çıxmışdıq. Həyətbəhəyət gəzib nəsə neqativ bir şey axtarırdıq. Bu dəm kameramızı görən bir qrup sakin həyətdə qabağımızı kəsdi. Onlardan biri - ağsaqqalı - inadla:

- Məndən müsahibə almalısan. Danışacağam.

 

Sevindik. İstədiyimizi tapmışdıq. Sakinlər belə hay-huyla üstümüzə gəldilərsə, 200 faiz həll olunmayan problemləri var. Mikrofonu qoşduq. Ağsaqqal da başladı, nə başladı.

 

- Hüseynbala müəllim filan işi gördü, Hüseynbala müəllim filan problemimizi həll etdi...

 

Biz bu cür tərifli sözləri gözləmirdik. Nəsə giley-güzara öyrəşmişdi qulağımız. Yaxşı... icra başçısı İbrahim Mehdiyevdir, müavini də Ceyhun Cəfərov. Bəs bu Hüseynbala müəllim kimdir? Sonradan bildik ki, bəs rayonun deputatı Hüseynbala müəllimi tərifləyirlər - Hüseynbala Mirələmovu.

 

2005-ci il

 

Noyabrın 30-da atamın ürəyi tutdu. Xəstəxanaya çatdırdıq. Mərkəzi Klinik Xəstəxanada yatanda, mən də palatada onun yanında qalırdım. Səhv etmirəmsə dekabrın 5-i, axşam saat 9 idi. Cib telefonuma zəng gəldi. Azad Sucayev idi. Atamın hansı mərtəbədə, hansı palatada yatdığını soruşdu. Üstündən yarım saat keçməmiş Hüseynbala müəllim qapını açıb içəri girdi. Döşündə də deputat nişanı. Hələ atam zarafatyana:

- İçəri necə keçdiz? Axı qəbul saatı bitib. Hə e... Gör nə qəribə sual verirəm... Deputatın qabağını kəsə bilərlər? - deyib gülüşdülər.

 

Səxavət

 

Atam səxavətli insanları bircə ifadəylə qiymətləndirirdi: “Pulunu verən canını da verər”. Pulunu yığan, heç kimə yardım göstərməyən, əl tutmayan adamlar isə “Qızıl üstündə yatan əfi ilandan da pisdir”. Bu mənim sözüm deyil. “İmkanlı olarsan qapını döyərlər, imkansız olarsan qapı döyərsən”. Amma bu zəmanədə qapı döyən imkansıza hər imkanlı qapı açmır, o ki qalsın yardım edə. 1998-ci ildən bəri bir adam da görməmişəm ki, Hüseynbala müəllimdən zavod direktoru, millət vəkili, ya bir insan kimi narazılıq etsin.

 

Övlad

 

Zəmanə pis zəmanədir. Özün yaxşı olursan. Bir də görürsən ki, övladın pis çıxır. Yaxud da qohum-əqrabadan biri nəsə qələt eləyir. Onun əvəzinə, sənin adın qəzet və saytların manşetini “bəzəyir”.

Qaradağ rayonunda tədbirlərə gedəndə bizi İcra Hakimiyyətinin bir gənc işçisi müşayiət edirdi. Çox mədəni, qanacaqlı bir oğlan idi. Səliqə-səhmanlı geyimi, davranışı ilə diqqətimi çəkmişdi. Bir müddətdən sonra onu görmədim. Adını da soruşmamışdım.

 

“Yəqin Hüseynbala müəllimin oğlunu deyirsən. Başqa işə keçib. Daha icrada işləmir” dedilər. Neçə ay bir maşında bizlə çəkilişlərə getmişdi, bir qram da bu uşaqda lovğalıqdan, qudurğanlıqdan əsər-əlamət görmədim. İşini dəyişməsəydi, yəqin ki, heç bilməyəcəkdim kimin oğludur.

 

Atam sağ olsaydı, deyəcəkdilər atası yazıb

 

Mən uşaqlıqdan belə görmüşəm ki, yaradıcılığa erkən yaşlarında başlayarlar. İllər keçdikcə püxtələşər, qələm cilalanar. Amma özüm 47 yaşında başlayanda həm müsbət fikirlər, həm də haqlı iradlar eşidəndə gördüm ki, bəs belə də olurmuş. Yaradıcılıq yaşla deyil. Bu yazıda Hüseynbala Mirələmovun qələminə ilk vaxtlarda mənim də, atamın da şübhəylə yanaşdığımız məqamları da qeyd elədim. Sonda isə müqayisə yox, sadəcə özümlə paralel apararaq deyirəm. Yaradıcılıq nə yaşa, nə də ki, vəzifəyə, ixtisasa baxır. Atam sağ olsaydı, mənimçün də deyəcəkdilər ki, “Mahirin əvəzinə atası yazır”. Yaradıcılıq bulağı birində 20 yaşında qaynayır. Kimsə də 47 və ya Hüseynbala Mirələmovdakı kimi 57. Azərbaycan ədəbiyyatına çoxları gəlib, çoxları gedəcək. Deputatlıq da daimi deyil. Həyat da qısa. Amma “JZL” layihəsi çərçivəsində Hüseynbala Mirələmovun yazdığı və çap etdirdiyi üç kitab əsrlərə yoldaş olacaq. Hələ romanlarını, teletamaşaları və insanlara etdiyi təmənnasız yaxşılıqları demirəm.

 

 

Mahir QABİLOĞLU

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.29;31.