Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Tiryək
müharibəsi
Tiryək məsələsi XIX əsrdə ilk
Çin-Britaniya toqquşmasına səbəb oldu. Britaniyalılar
çalışırdılar ki, Çinin xeyrinə olmayan
ticarəti Hindistandan tiryək gətirməklə əks
tarazlığa nail olsunlar. 1779-cu ildə
Şərqi İndiya Kompaniyası tiryək ticarətini
inhisara aldıqdan sonra, onun hökuməti 1780-ci ildə
Hindistandan tiryəki Çin alıcılarına göndərməyə
başladı. 1819-cu ildə kompaniya tiryəkdən
gələn gəlirin böyük hissəsini ələ
keçirməyə başladıqda, bu Çinə gətirilən
narkotikin həcminin kəskin sürətdə artmasına səbəb
oldu. Pekin sarayı dəfələrlə
tiryək idxalını qadağan etdi. Lakin
həmin tədbir uğursuz olurdu. Çünki
qadağanın özü bununla məşğul olan məmurların
və əsgərlərin korrupsiyasına şərait
yaradırdı. Ona görə də yerli
tədbirlər vasitəsilə tiryək məsələsini
həll etmək mümkün deyildi.
XIX əsr başlandıqda tiryək
qaçaqmalçılarının başlıca vasitəsi
- kompaniyanın lisenziyası ilə Asiya daxilində ticarət
aparmağa icazə verilənlər yalnız ölkənin
öz tacirləri idi. Kompaniyanın himayəsi olmadan onlar
Çində özlərinin tiryək bazarını
yaradırdılar. Onlar Çindəki tiryək
qadağasına məhəl qoymurdular və tədricən
Çin qanunlarını və ümumi qaydaları pozmağa
başladılar, çünki pul qazanmaqdan başqa heç nə
barədə düşünmürdülər.
İngiltərə parlamenti 1834-cü ildə Şərqi
İndiya Kompaniyasının inhisarını ləğv etdikdən
sonra, Uilyam Con Napier Çində Britaniya ticarətinə nəzarətin
başçısı təyin edildi və o, Kantona gəldi. O, Çin hakimiyyəti ilə
danışıqlar aparmağa cəhd etdi, lakin onun missiyası
uğursuzluğa uğradı.
1836-cı ildə imperator antitiryək kampaniyasını
aparmaq üçün imperial komissioner vəzifəsinə
radikal vətənpərvər olan Lin Tse-hsunu təyin etdi. 1839-cu ilin
martında Kantona gəldikdən sonra o, 20 min qutu tiryəki
müsadirə edib, məhv etdi. Çinlilərlə
britaniyalılar arasında sentyabrdan sonra toqquşma
başlandı.
1840-cı ilin fevralında Britaniya hökuməti
Çinə ekspedisiya göndərməyi qərara aldı. İyunda 16
Britaniya hərb gəmisi Honkonqa gəlib, şimala tərəf
üzməyə başladı. 1841-ci ilin
mayında britaniyalılar divarlarla əhatə olunan Kantona
hücum etdilər və 6 milyon dollar məbləğində
bu həmlədən azad olunmağa görə pul aldılar.
Lakin belə hadisə Kanton sakinlərinin bir hissəsinin
əks-hücumunun meydana gəlməsinə səbəb oldu.
Bu, britaniyalılarla Kanton sakinləri arasında
davam edən münaqişənin başlanğıcı oldu.
Tsin Britaniyanın güclü donanmasına qarşı
heç bir səmərəli taktikaya malik deyildi. Onlar
düşmən donanması üzərinə gedən yanan
körpücüklər düzəldirdilər və
adamları düşmənin dənizçilərini ələ
keçirməyə həvəsləndirirdilər, bunun
üçün mükafat da təklif edirdilər. Yaşıl ştandart qoşunları düşmənlə
vuruşmaqdan daha çox mülki adamları təşkil etməyə
yarayırdı. Britaniyalılar elan etdilər
ki, onların məqsədi xalqı təhqir edən dövlət
qulluqçuları ilə və əsgərlərlə
vuruşmaqdır, heç də Çin əhalisinə
qarşı müharibə aparmaq deyildir. Həqiqətən
də hökumətlə xalq arasında dərin uçurum
var idi və britaniyalılar bundan asanlıqla fayda götürə
bilərdilər. Tsin cəmiyyətinin zəifliyi
isə müharibə böhranında aydın görünməyə
başladı. 1842-ci ilin mayında
britaniyalılar Şanxayı və digər iki şəhəri
tutdular. Nankin isə üç ay sonra təslim
oldu və Nankin müqaviləsi ilə sülh bərpa olundu.
Nankin
müqaviləsinin başlıca faydası Honkonqun Britaniyaya
verilməsi və beş limanın onun
ticarəti üçün açılması oldu. Həm də Çin 21 milyon dollar məbləğində
təzminat verməli idi. Bu, Çinlə
ilk toqquşmanın nəticəsi oldu və britaniyalılar
üçün ticarət və kommersiya “sivilizasiyanın həqiqi
heraldikasına” çevrildi.
Bundan sonra Çin Birləşmiş Ştatlarla və
Fransa ilə müqavilə bağladı. Bu müqavilələr həmin
ölkələrə ən xoş münasibət bəslənilən
millət ləyaqətinə xas olan qaydada imtiyazlar verdi. Bütövlükdə isə
bunlar Çinin tarixi muxtariyyətinin itirilməsinə, həmin
ölkələrin eks-ərazi hüququndan- kapitulyasiyadan
istifadə etmələrinə və missionerlərin sərbəst
hərəkəti üçün sonrakı şər
işlərə də yollar açdı. Lakin Kantonda
britaniyalıların şəhərə daxil olmasına
qarşı narazılıqlar baş verdi.
Britaniyalılar nəticədə güzəştə
getdilər və əcnəbilər əleyhinə olan
mübarizə qalib gəldi. Baxmayaraq ki,
faktiki olaraq Pekin sarayı “müvəqqəti daxil olmağa”
icazə vermişdi.
Tsin nümayəndələri britaniyalıların və
fransızların tələblərini icra etməkdən
başqa bir çıxış yoluna malik deyildilər. Rusiya və
amerikan diplomatları da həmçinin imtiyazlar əldə
etdilər. 1860-cı ildə müttəfiq
qüvvələr Pekinə müdaxilə etdilər, imperator
Hsien-feni (1851-1862-ci illərdə hökmranlıq etmişdi)
paytaxtdan qovdular. İmperatorun kiçik qardaşı
prints Kun danışıqlar aparmaq üçün imperial
komissioneri təyin edildi. Britaniyalılar oktyabrda
məşhur Yay sarayını məhv etdilər.
1841-ci ildə kantonluların müqavimətindən sonra
Kvantunda kiçik torpaq sahibləri daha mütəşəkkil
anti-əcnəbi hərəkata başladılar. Kanton şəhəri
də həmçinin ksenofobiyanın yayılmasının mərkəzi
oldu, ona görə də şəhərin böyük
akademiyalarının alimləri Konfutsi nəzəriyyəsinə
əsaslanaraq elan etdilər ki, mədəniyyətsiz barbarlar
şəhərdən qovulmalıdırlar. Kantonlular öz vətənlərini qorumaq
üçün barbarlarla mübarizəyə qalxdılar.
Britaniya konsulu vuruşmaq üçün Kantona
donanma göndərdi. Fransız qüvvələri
bu riskli işdə onlara qoşuldular. Ruslar
və amerikanlar bundan imtina etsələr də, diplomatik manevrlər
üçün nümayəndələrini göndərdilər.
1857-ci ilin sonunda ingilis-fransız qüvvələri
Kantonu işğal etdilər.
Şərqi Sibir qubernatoru olan Nikolay Muravyov 1858-ci ildə
Tsin generalına təzyiq etdi ki, Ayqun müqaviləsini
imzalasın. Bu sənədlə Amurun şimal sərhədindəki
ərazi Rusiyaya verilirdi. Lakin Pekin
müqaviləni ratifikasiya etməkdən imtina etdi.
İngilis-fransız müttəfiq qüvvələri
1860-cı ildə Şimali Çinə hücum edəndə,
Rusiya diplomatı İqnatyev Çinin dostu kimi hərəkət
etdiyindən, müttəfiqlər tezliklə Pekini tərk edəndə,
Çinlə Rusiya arasında yeni Pekin müqaviləsi Ayqun
müqaviləsini təsdiq etdi və Ussuri çayı ilə
dəniz arasındakı ərazi də Rusiyaya çatdı.
Xarici ölkə nümayəndələrinin daim Pekində
məskunlaşması Çinlə digər millətlər
arasında baş verən münaqişələrə uzun
müddət üçün son qoyulması ilə əlamətdar
oldu. Bac sisteminin müəyyən qədər
süqutu imperator ləyaqətlərinin itirilməsi,
Çinin sülalə roluna ciddi zərbə vurulması demək
idi.
Qarışıq 1858-1860-cı illər ərzində
Çin bürokratiyası iki yerə - müharibə və
sülh partiyalarına bölündü. Sülh
partiyasının liderləri əcnəbilərlə
danışıqlar aparmaq vəzifəsini öz üzərilərinə
götürdülər. Onlara bunu heç
də öz prinsipləri deyil, böyük böhranın
mövcudluğu məcbur etmişdi.
Çinlilər qərblilərin Çinə zəhərli
narkotiklərin təchizatçıları kimi gəlib
çıxdıqlarını görməli idilər. Sözün
bütöv mənasında barbarlar olmaqla, çinlilər
onlardan heç nə öyrənə bilməzdilər.
Həm də çinlilər möhkəm
qaydada öz ənənələrini qoruyub
saxlayırdılar, bunlar da iki cəhətə - ideoloji və
institutsional cəhətlərə malik idi. Çinlilər Qərb təsirini yeni əlavələr
üçün vacib olan yeni situasiyadan daha çox öz ənənəsinin
genişlənməsi kimi qiymətləndirirdilər. Ən azı 1860-cı ilə qədər Tsin liderləri
öz ənənə qılafına çəkilib
qalmışdılar, keçmişin yükünü
qırıb dağıtmaqla, yeni mühitlə bacarmaq
üçün heç bir cəhd etmirdilər.
Taypin
üsyanı
XIX əsrin üçüncü rübü yenə də
sosial narazılığın nəticəsi kimi bir sıra
iğtişaşlar görürdü. XIX əsrin birinci
yarısında Taypinin (“taypin” sözü Çin dilində
“dinc”, “sülhsevər” demək idi) vətəni olan Kvantun əyalətini
sosial iğtişaş bürüdü. Tiryək
müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə
uğramışdı, qulluqçular icma düşmənçiliyini
barışdırmaq sahəsində öz qabiliyyətlərini
itirmişdilər. Belə münaqişələrin ən
böyüyü yerli sakinlərlə gəlmə sakinlər
adlanan hakkalarla - onlar keçmiş vaxtlarda bu əyalətə
mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər
assosiasiyasının ardıcılları
şaxtaçılar, ağac kömürü istehsal edən
fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus
adamlar idi. Üsyana
Tiryək müharibəsi nəticəsində meydana gələn
yüksək inflyasiya nəticəsində və iri mülkədarların
qoyduqları ağır vergidən daha çox yoxsullaşan
minlərlə kəndlilər qoşulmuşdular.
1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo
(Böyük sülhün səma səltənəti)
adlanırdı. Taypin üsyanının
başçısı Hun Hsiu-çüan özünü
İisus Xristin qardaşı adlandırırdı və o, Səma
kralı elan edildi. Yeni dövlət iri
torpaq sahibliyinin ləğv edildiyini elan etdi. Torpaqlar bərabər qaydada bölünməli və
xalqa paylanmalı idi. 1852-ci ildə onlar imperial ordunu mühasirədə
saxladı, sonra mühasirəni qaldırıb, Hunanın
içərilərinə soxuldular. 1853-cü
ildə Nankini işğal edib, onu özlərinin paytaxtı
etdilər.
Taypin dininin özəyi monoteizm olmaqla fundamental protestant
xristianlığına bənzəyirdi. Bu din həm də
güclü anti-mancurizmlə (Tsin sülaləsinin hakimiyyətinə
qarşı mübarizə kimi) qarışmaqla, Çin mədəni
ənənəsinə qarşı münasibətdə də
tolerant deyildi. Bu siyasi-dini mürəkkəblik
Taypinin döyüşən ruhu tərəfindən möhkəm
qaydada dəstəklənirdi. Taypin dini
ideyalarının, əxlaqının və
institutlarının başlanğıcı öz izini
Çin ənənəsindən götürə bilərdi.
Taypinlər Nankində məskunlaşdıqdan
sonra kənd məmurları təyin edildi, primitiv kommunizm
ideyalarına uyğun olaraq onlar əkin torpaqlarını yenidən
bölüşdürməyi planlaşdırırdılar.
Lakin faktiki olaraq torpaq islahatı həyata
keçirilən deyildi, kəndlərdə məmur vəzifələri
başlıca olaraq keçmiş torpaq sahibləri və ya
yerli hökumətlərin məmurları ilə dolmuşdu.
1853-cü ilin mayında Taypin Şimali Çinə
ekspedisiya göndərdi, lakin 1855-ci ilin yazında nəticədə
məğlub oldu. Bundan sonra Yantszı vadisindəki əlamətlər
mübarizənin başlıca səhnəsinə
çevrildi. Həmin illərin hökumət
orduları pis intizama malik idilər, ona görə də
başqa çıxış yolu olmadığından yerli
milisə bel bağlamalı olurdular. Bu
yerli ordular kənd fermerlərindən ibarət idi və
Konfutsi ortodoksiyasını himayə etmək missiyasından və
sadəcə öz kəndlərini mühafizə etməkdən
daha çox geniş miqyaslı əməliyyatlar həyata
keçirirdilər. Yerli kiçik torpaq
sahibləri onları lazım olan pul fondu ilə təmin
edirdilər.
Çindəki Taypin üsyanı (1850-1864-cü illər) nəticəsində on milyonlarla insan həlak olmuşdu. Bu tarixdəki ən qanlı və dağıdıcı vətəndaş müharibəsidir. Bəzi tarixçilər mübaliğəyə yol verərək, onun qurbanlarının sayını bəşəriyyətin I Dünya müharibəsində verdiyi dəhşətli rüsumun miqdarı ilə müqayisə edirlər. Əlbəttə, tarixdə əvvəllər mövcud olmuş və onunla elə eyni vaxtda gedən vətəndaş müharibələrindən kəskin surətdə fərqlənirdi. ABŞ-da təqribən eyni dövrdə gedən Vətəndaş müharibəsində isə həlak olanların sayı 600 min nəfər olmuşdu.
Taypin tədricən darmadağın edildi və 1861-ci ilin oktyabrında inqilabi səbəb artıq sıradan çıxdı. 1864-cü ilin iyulunda Nankinin ələ keçirilməsi ilə dünya tarixindəki ən böyük vətəndaş müharibələrindən biri başa çatdı. Onların enerjiləri də tükəndi. Üstəlik, din fanatizm, baxmayaraq ki, onu döyüşçülərin özü ilhamlandırmışdı, hərbi və inzibati işləri ələ keçirməyə mane oldu. Ənənəvi mədəniyyətə qarşı dözümsüzlük də həmçinin xırda torpaq sahiblərini və onlara bənzərləri bu hərəkatdan uzaqlaşdırırdı.
Yunnanda, Şensidə və Kansudakı müsəlman üsyanları həmin əyalətlərdə çinlilərlə müsəlmanlar arasında toqquşmalardan öz başlanğıcını götürmüşdü. Dini rəğbətsizlik nəzərə alınmalı idi, lakin daha əhəmiyyətlisi sosial və siyasi fon idi. Müsəlman-çinli rəqabəti 1821-ci ildən meydana gəlmişdi. Hökumət qulluqçuları çinliləri müdafiə etmişdilər və müsəlmanlar həm çinlilərə, həm də hakimiyyətə qarşı mübarizəyə qalxmağa məcbur olmuşdular.
1862-ci ildə Şensidəki digər müsəlman iğtişaşı Kansuya və Şərqi Türküstana yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.26