Kitablarla söhbətləşənlərin
imza günü
Yəqin
ki, bir yerə
qonaq gedəndə adamların “xoş gəlmisiniz, hər zaman siz gələsiniz”
ifadələrini eşidib
eyni səmimiyyətlə
də cavab vermisiniz. Amma bu qarşılamanın
kitablarla olması ayrı bir ləzzətdir.
Bu gün Əl
Oyunları İdman Sarayında keçirilən
IV Beynəlxalq Kitab Sərgi Yarmarkasına təşrif buyursaydınız,
özünüz də
bunun şahidi olardınız.
Ətrafda hər şey sanki kitab rəngindədir.
Adamlar da elə bil
kitablaşmış şəkildə
yanımızdan keçir.
Nəşriyyatlara məxsus olan
stendləri bir-bir adlayırıq. Burada həm
ayrı-ayrı nəşriyyatlara,
həm müxtəlif
maarifçi təşkilatlara,
həm də xarici ölkə nümayəndəliklərinə aid olan kitab stendləri
bir-birini əvəz edir. Aha! Uzaqdan görünən bir stendin ətrafındakı
qələbəlik diqqətimizi
çəkir. Bu Azərbaycan Yazıçılar
Birliyinə aid “AYB kitab
stendidir. “AYB kitab” Azərbaycan Yazıçılar
Birliyinin kitaba və müəlliflərə
dəstək olan layihəsidir. Belə
ki, burada bir çox gənc və özünü təsdiqləmiş
orta yaşlı müəlliflərin
kitabları nəşr
olunur və hazırkı stenddə də həmin müəlliflərin bəzilərinin
imza günü keçirilir.
İlk olaraq
“525-ci qəzet”in baş
redaktoru və Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcidə yaxınlaşdıq. Modern.az saytının hazırlayacağı
reportaj üçün
həm yarmarka, həm də imza günü barədə təəssüratlarını
xəbər alırıq.
Qeyd edək ki, “AYB kitab” layihəsi çərçivəsində Rəşad müəllimin
“Çiyələk qadın”
kitabı oxuculara təqdim olunur və layihəyə məsul şəxs Xəyal Rzanın da dediyinə görə, elə bu iki gün
ərzində ən çox satılan da məhz “Çiyələk
qadın” olub. Amma Rəşad Məcid ayrı kitabdan söz açır:
“IV Beynəlxalq Kitab
Sərgi Yarmarkasının
açılış günündə
mənim üçün
xoş bir sürpriz oldu. Belə
ki, Avrasiya Yazarlar Birliyi, dostumuz Yaqub Öməroğlunun rəhbərlik
etdiyi “Bəngü” nəşriyyatı mənim
“Bir daha gəlməyəcək” adlı
qalın kitabımı
Türkiyədə nəşr
etdirib. Kitabı jurnalist, Azərbaycan
ədəbiyyatının tərcüməçisi
Seyfəddin Altaylı
türkcəyə uyğunlaşdırıb.
Bu kitab yarmarkasının
ilk günündə mənim
üçün xoş
bir sürpriz oldu. Dünəndən bəri də
kitabı imzalamaqla məşğulam. Təxminən 50-dən çox kitab oxucular tərəfindən
alınıb. Bu gün də “AYB kitab” layihəsi çərçivəsində gənc yazarların imza günü keçirilir. Düşünürəm ki, bu cür
mərasimlər, imza günləri gənc yazarların daha da tanınmasına xidmət edəcək.
Ona görə də IV Beynəlxalq Kitab Sərgi Yarmarkasını
təşkil etdiyi üçün Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm”.
Daha sonra isə Rəşad müəllimin dediyi AYB kitab layihəsinin gənc müəlliflərinə
yaxınlaşırıq. Qeyd edək
ki, onlardan əvvəl Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Elçin İsgəndərzadə kimi
şairlərin məhz
bu layihə çərçivəsində elə bu stendin
qarşısında imza
günü keçirilib.
İndi isə növbə gənclərindir. Onlar
da həvəslə iş başındadırlar.
Stendin önündə
Emin Piri özünün “Tanrının
kölgəsi”, Vüsal Nuru “Prezidentin qızı”, Arzu Hüseyn “Sonu əlvida”, Səidə Haqverdiyeva “İsanın yatağındakı
ilahə” kitablarını
oxucular üçün
məmuniyətlə imzalayırlar.
Amma gənclər nədənsə
təvazökarlıq edir,
reportajın bir ştrixini vurmaq istəmirlər. Emin
Piri az
qala deyə ki, mən yazıçı
masasının arxasında
oturub kitab imzalamağa da çəkinirəm. Amma bunu demir. Çox razılıq
edir. Kitabını
alan və
imzaladan hər bir kəs avtomatik
olaraq onun üçün doğmalaşır.
Vüsal Nuru gənc kolleqasına baxanda daha sakitdir. Bu artıq
onun ikinci kitabıdır və layihə çərçivəsində
öz kitabını imzaya- imzalaya təşəkkürünü də bildirir: “Görürsən də, gəlib alırlar. Bu kitab Azərbaycanda
qotik ədəbiyyatın
ilk nümunələrindən biridir. İnşallah xoşlarına gələr.
Onların xoşlarına gəlsin
ki, biz də davamını yazaq. Nə deyim, sağ olsun, bu sərgi-yarmarkanı
təşkil edənlər”.
Həə, Vüsal, biz də
elə səninlə həmfikirik. Həqiqətən də sağ
olsun, bu kitab bayramının təşkilatçıları. Bu “sağ ol”un
dərəcəsi gənc
yazar Arzu Hüseynin necə sevinclə hər kitabını imzalamasını
görəndən sonra
daha da artır.
Arzu xanımın ürəyi doludur: “Yarmarkada imza günlərinin keçirilməsi
çox təqdirəlayiqdir.
Ən azı oxucuların reaksiyalarını aydın
görmək olur.
Həmin
münasibətlər bizi
bir yazıçı
olaraq istiqamətləndirir.
Bir sözlə, bütün kitabsevərləri və müəllifləri təbrik
edirəm”.
Stendin önünə
oxucu axını davam edir. Lazımi şəkilləri
çəkib oxuculara
və müəlliflərə
mane olmamaq qərarına
gəlirik. Bu zaman
Rəşad Məcid stendin önündəki oxucu çoxluğunu görüb zarafatla deyir: “Nə yaxşı bu qədər oxucu?! Ən çox kitabı kim imzalayıb?”.
Elə imzalamaq demişkən, özünün yuxarıda
adını çəkdiyi
“Bir daha gəlməyəcək” kitabını
bizim üçün
də imzalayır:
- Buyur həm sənə, həm də Modern.az-a hədiyyəm olsun.
Türk dilində nəfis tərtibatla nəşr olunan kitabı alıb yarmarkanı dolaşırıq. Müxtəlif yazarlar, ziyalılar
rastımıza çıxır.
Hamısı ilə salamlaşırıq.
Amma salam
verən zamanda belə, həm onların, həm də bizim gözümüz
elə kitablarda qalır. Rasim Qaraca, Aydın xan Əbilov, İbrahim İlyaslı, Elçin Mirzəbəyli,
Şahbaz Xuduoğlu, Elxan Qasımov, Vaqif Bəhmənli, Azad Yaşar və daha kimlər, kimlər... Hamısını bu gün kitablarla söhbət edən zaman müşahidə etdik.
Şəxsən mən
birinci dəfə idi ki, insanın
bu qədər kitab rənginə çaldığını görürdüm...
Elmin Nuri
Leyla Əfqan
525-ci qəzet.- 2015.- 19 sentyabr.-
S.25