“Xeyrəddin Qocanın gülüşüminiatür nəşr kimi

 

 

BugünlərdəYazıçınəşriyyatındaXeyrəddin Qocanın gülüşüadlı miniatür kitab işıq üzü görüb.

 

Nəşriyyatın oxuculara ünvanladığı “Ürəkdən gülmək istəyirsinizsə...” adlı önsözdə qeyd olunub ki, yazıçı Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki naqislikləri tənqid atəşinə tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim edir.

 

Beləliklə, sözün əsl mənasında nələrə, kimlərə isə gülür. “Xeyrəddin Qocanın gülüşünün əlyazması ilə tanış olan Xalq şairi Nəriman Həsənzadə yazır: “Hörmətli qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca, gözlərim önündə həyatın istisini, soyuğunu görmüş bir insan canlanır. O birinci növbədə müsahibindən yüksəkdə durmağı bacaran hazırcavabdı. Müdrikdi. Buradakı fəlsəfi ümumiləşdirmələr sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə meyillidi. Çünki müəllif bilir ki, onun oxucuları da müxtəlifdi-hər kəsin özünəməxsus dərketmə qabiliyyəti olur.

 

Buradakı pritçalar, atmacalar, lətifələr, kiçik hekayələr, məişət söhbətləri, düzünə tuşlanmış eyhamlar, satirik müraciətlər, ismarıclar, bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda olduğunu və həyatın, cəmiyyətin müəyyən məqamlarında mənalar axtardığını, eləcə də mənəvi paklığını göstərən nümunələrdi”.

 

Önsözdə Akademik İsa Həbibbəylinin Xeyrəddin Qocanı “satirada qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyiMolla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısı” adlandırdığı da vurğulanıb.

 

Xeyrəddin Qocanın kitabın sonunda əksini tapan fikrində qeyd olunur: “Mən gülüş dolu əsərləri ona görə yazmıram ki, yalnız oxuyub gülsünlər, yazıram ki, “marallarım”ın düşdüyü vəziyyəti görsünlər və düşünsünlər...”

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.24.