“Azərbaycan” toponiminə fərqli yanaşma

 

 

 

Bu yazıda “Azərbaycan” toponiminin etimologiyası, daha anlaşıqlı tərzdə desək, “Azərbaycan” sözünün mənası haqqında danışacağam. Sübut etməyə çalışacağam ki, “Azərbaycan” “Odlar diyarı” demək deyil, ümumiyyətlə, bu adın odla, atəşlə heç bir əlaqəsi yoxdur. Təxminən 100 illik bir mifi dağıtmağa hazırlaşıram, yəni ki, başımdan böyük işlərə girişmişəm, görək nə olur!

 

Məsələnin ciddiliyi barədə

 

Əvvəlcə bu suala cavab vermək lazımdır: doğrudanmı, ölkənin adı, adının mənası bu qədər vacib məsələdir? Məncə, bir o qədər də yox. Məsələn, “Braziliya” adı qırmızı çiçəklər açan “Braz-vill”  gülünün, “Argentina” adicə kimyəvi elementin- gümüşün (“Argenium”), “Amerika” səyyah Ameriko Vespuçinin, “Kolumbiya” Xristofer Kolumbun, “Flippin” fransız kralı Filipin adı ilə bağlıdır. Sadə, aydın və pafosdan uzaq. Qısası, “Azərbaycan” toponiminin mənşəyi o qədər də ciddi məsələ deyil. Amma bir sapma, yalnışlıq varsa, onu düzəltmək lazımdı. Bu işi öz boynuma götürürəm.

 

Problem nədən qaynaqlanır?

 

Problem ondan qaynaqlanır ki, uzun illər “Azərbaycan” adının mənşəyi barədə dilçilər yox, tarixçilər fikir söyləmişlər. Tarix isə dəqiq elm sayılmır, mənim fikrim deyil, “tarixin atası” Heradot belə deyib: “Tarix elmlərin ən subyektividir”. Bundan əlavə, bu və ya digər sözün etimalogiyası ilə məşğul olmaq dilçilik elminin vəzifəsidir, tarixin yox.

 

Birinci yanaşma və birinci yanaşmanın iflası

 

Mənbələrdə “Azərbaycan” sözünün “azər” və “baycan” birləşməsindən əmələ gəldiyi göstərilir. “Azər” pəhləvi və müasir fars dilində “od” mənası verir. Sual yaranır, niyə “od”? Arqument ondan ibarətdir ki, Azərbaycan ərazisində daim yanan odlar var, ona görə də bu ölkə “Odlar diyarı  adlanır. Doğrudanmı, Azərbaycan ərazisində çoxlu sayda daim yanan od var?! İkinci bir tərəfdən, bunu atəşpərəstliklə bağlayırlar. Ümumiyyətlə, atəşpərəstlik adlı dinin mövcud olması, mövcud olsa belə, Azərbaycan türklərinin hansısa tarixi dövrdə atəşə sitayiş etmələri haqqında dəqiq fakt yoxdur. Bəzən isə, manizm atəşpərəstliklə qarışdırılır, daha doğrusu, eyniləşdirilir.   Çox vaxt atəşgahın qədim atəşpərəstlik məbədi olması buna sübut kimi göstərilir. Lakin atəşgahın dəniz yolu ilə bura gəlib-gedən hind mənşəli “multanı” qəbiləsindən olan tacirlərin inşa etdikləri sübut olunmuşdur. Bu yaxınlaradək Bakı kəndlərində rəngi qaralmış adamları “multanı” adlandırırmışlar.

 

Ümumiyyətlə, tarixi ərazilərin adı adətən məhz həmin ərazidə yaşayan xalqların dilində olur. Sual yaranır, əgər Azərbaycan adlanan ərazi türklərin tarixi məskənləridirsə, ad niyə farscadır?

 

Qısa bir haşiyə                                                                                                       

 

“Azərbaycan” adlı xalq mövcud deyil, ən yaxşı halda bu söz “Azərbaycan ərazisində yaşayan insanlar” anlamına gəlir. Bu mənada, biz “Azərbaycan xalqı” deyərkən Azərbaycan ərazisində yaşayan bütün xalqları nəzərdə tuturuq. Qonşu xalqlar həmişə bizi “türk” (bəzən də “tatar”, “tatar” həm də “vəhşi” anlamına gəlib, bu, türklərin həyat tərzi ilə bağlıdır) adlandırıblar. Türkiyə xalqının isə tarixi adı “osmanlı”dır, bu, son yüz ilədək belə olub. Müxtəsəri, “Azərbaycan” yalnız və yalnız  yer adıdır.

 

Haşiyədən çıxırıq

 

“Bakı” toponimini də eyni prinsiplə “badi” ( “külək”) və “kubə” ( “şəhər”) sözlərinin birləşməsi kimi izah edirlər. Bəşər tarixində bir şəhər adının iki müxtəlif əcnəbi dildə olan sözlərin birləşməsindən əmələ gəlməsi faktı yoxdur, bu olsa, olsa, xalq etimalogiyası səviyyəsində bir fikirdir. Vaxt itirməyə dəyməz! “Bakı” sözünü türk mənbələrində axtarmaq lazımdır. Bir ipucu verim, Qırğızıstan prezidentlərindən birinin soyadı belə idi: “Bakiyev”. “Baki” əski türkcədə, səhv etmirəmsə, müasir qırğız dilində də “xoşbəxtlik, müqəddəslik” mənasını verir. Yaxud, dialektlərimizdə “yüksəklik, təpəlik” mənası verən “bəki, bakı” sözü var. Qalanı mənlik deyil!

 

İkinci yanaşma və ikinci yanaşmanın iflası

 

Qeyd etdiyim kimi, “Azərbaycan” sözünün etimalogiyası ilə bağlı fikirlərin çoxu dilçilərə yox, tarixçilərə aiddir. Bəzi mənbələrdə (bu məqalə sırf elmi araşdırma xarakterli olmadığına görə mənbələri qeyd etməyi vacib saymıram, bundan əlavə, mən konkret fikirləri yox, mövcud olan fikirlərin toplusunu, yanaşmaları inkar etmək niyyətindəyəm) bu ad belə izah edilir: “az+ər+bay+can”. Bu yanaşma haqqında uzun-uzadı danışıb vaxt itirməyə dəyməz. Bircə faktı demək kifayət edir ki, bu izahın elmi əsası olmadığı aydınlaşsın: Azərbaycan dilində mürəkkəb söz yaradıcılığı prosesi passivdir, bu proses əsasən şəkilçilər vasitəsi ilə gedir. Dilin ilkin inkişaf mərhələsində mürəkkəb sözlərə demək olar ki, rast gəlinmir. Ən yaxşı halda, mürəkkəb sözlər iki komponentdən yaranır. Müasir Azərbaycan dilində isə üç komponentdən ibarət mürəkkəb sözlərə cəmi bir-iki nümunə tapmaq olar, məsələn, “əlüzyuyan”. Biz isə dörd komponentdən yaranan mürəkkəb addan danışırıq. Daha doğrusu, danışası olmadıq.

 

Gülməli bir əhvalat

 

Xatırlayırsınızsa, 2000-ci ildə Bakıda “Kitabi -Dədə Qorqud”un 1300 illik yubileyi keçirilirdi. “Respublika” Sarayında böyük bir tədbir təşkil edilmişdi. Türk dövlətlərindən ən yüksək səviyyədə qonaqlar gəlmişdilər, ölkə prezidentləri sıra ilə çıxış edir, pafoslu nitqlər söyləyirdilər. Nəhayət, söz verildi Türkiyənin o zamanki prezidenti S.Dəmirələ. Cənab Dəmirəl əvvəlki natiqlərin dediklərini təkrar etdikdən sonra sözünü təxminən belə tamamladı: “Dədəm Korkut demişdir ki, çox ərlər qırıldı, az ərlər qaldı, azərlər qaldı...” Halbuki “Dədə Qorqud” dastanında belə bir ifadə yoxdur, bu, “Dədə Qorqud” filminin ssenaristi yazıçı Anarın improvizələridir.                                                                                                      

 

Daha sonra Ə.Akayev tribunaya yaxınlaşdı və təxminən belə bir nitq söylədi: “Mənim iki seçimim var: ya indiyə qədər deyilənləri təkrar edərək sizi yormalıyam, ya da deyilənlərlə razılaşıb, yerimə oturmalıyam”. Zaldakılar Akayevi bərk alqışladılar. Akayev “görürəm ki, oturmağımın tərəfdarısız”- deyib yerinə əyləşdı. Məncə, bu ən səmimi çıxış idi.

 

Kaşğarlı Mahmud   Divanü-luğat-it Türk”  (“Türk dilləri lüğəti divanı”) əsəri

 

Adaşım olduğuna görə demirəm, Kaşğarlı Mahmud türk xalqları tarixində ən görkəmli şəxsiyyətlərdən biridir. O, Qaraxanlılar dövründə yaşamış, yaxşı təhsil almış, ömrünü türk qövmləri yaşayan əraziləri gəzməyə həsr etmiş, Bağdada gedərək yuxarıda adını çəkdiyim əsəri yazmış (1074-76-cı illər), daha sonra öz vətəni Kaşğara qayıdaraq burada vəfat etmişdir. Məlumat üçün deyim ki, məşhur türk sərkərdəsi Alp Ər Tonqanın ölümünə həsr edilmiş “Alp Ər Tonqa öldümü? Fani dünya qaldımı?” misraları ilə başlayan ağı da həmin əsərdəndir. Orijinalı belədir: “Alp Ər Tunka öldümü? İssız acun kaldumi?...Millətçi gənclərin sevə-sevə təkrar etdikləri “Türkün dilini öyrənin, onların uzun sürəcək hakimiyyəti vardır” hədisi də məhz bu mənbədəndir.                                                                                                                                        Müəllif “Divan”ı yazmaqda məqsədinin ərəblərə türk dilini öyrətmək olduğunu qeyd edir. Əsərin quruluşu belədir: türk dilində (türk ləhcələrində) olan söz və ya ifadənin orijinalı verilir, sonra onun ərəbcə mənası göstərilir, daha sonra ərəbcə həmin nümunə izah edilir. “Divan”da 8000-ə yaxın nümunə yer alıb. Hər bir söz izah edilərkən həmin sözdən istifadə edən türk tayfalarının həyat tərzi, məişəti haqqında əvəzsiz məlumatlar verilir. Bu məlumatlar müasir türkologiya elmi üçün çox dəyərlidir. Müəllif əsərə xəritə də əlavə etmişdir, bu haqda bir az sonra.

 

Bir nümunə

 

Müasir Azərbaycan dilində belə bir atalar  sözü var: “İlanın yarpızdan zəhləsi gedir, o da gəlib yuvasının ağzında bitər”. Diqqətli olsanız, görərsiz ki, atalar sözündə kobud bir məntiqsizlik var: ilanın yarpızdan zəhləsi getməsi faktı mübahisəlidir, axı yarpız xoş ətirli bitkidir. İkincisi, yarpız su kənarında bitir, ilan isə öz yuvasını quru yerdə qurur. Kaşğarlı Mahmud “Divan”da yazır: Yarpız- türklər yaşayan ərazidə yayılmış gəmirici heyvan növüdür. Əsasən, ilanla qidalanır. İlanı tutmaq üçün həmişə onun yuvasının ağzında bitir. “Bitmək” burada “dayanmaq” mənasındadır. Yarpız isə bu gün “tunqus” adlandırılan heyvandır.  Bu atalar sözündəki yarpız bitki deyil.

 

Bu misal görkəmli türkoloq-alim Məmmədəli Qıpçağın “Söz aləminə səyahət” adlı kitabında da yer alıb.

 

Kaşğarlının xəritəsi

 

Dediyim kimi, Kaşğarlı Mahmud “Divan”a bir xəritə də əlavə etmişdir. Xəritədə türklər yaşayan ərazilər yer alıb. Bu ərazilərdə yerləşən yer adları göstərilib. Mənbələrdə göstərilir ki, Kaşğarlı Mahmud bütün bu əraziləri gəzmiş, məlumat toplamışdır. Mən bu fikrə şübhə ilə yanaşıram. Fikrimcə, müəllif bütün bu əraziləri gəzməyib. Məsələn, xəritədə İtil  (Volqa çayının qədim adıdır) çayının hansısa şimal dənizinə töküldüyü göstərilir, amma biz bilirik ki, Volqa Xəzərə tökülür. Yaxud, Xəritədə, şimali-şərqdə “Caparka” adlı ölkə göstərilir, bu Yaponiyadır. Müəllif etiraf edir ki, bu ölkədəki insanlar hansı dildə danışdıqlar haqqında məlumatı yoxdur, çünki ora getmək üçün böyük bir dənizi açmaq lazımdır.

 

Daha bir haşiyə, amma bu dəfə, doğrudan da qısa 

 

Yaponiyada ilk xəritə 14-cü əsrdə (Kaşğalı Mahmuddan 3 əsr sonra!) tərtib edilib, avropalılar isə Yaponiyanı ilk dəfə 15-ci əsrdə (Kaşğarlıdan 4 əsr sonra!) xəritəyə salmağa başlayıblar.

 

Ərzi-Adarbadkan (“Adarbadkan torpağı, ölkəsi”)

 

Sözü gedən xəritədə, Quzğun (Xəzərin qədim adıdır) dənizinin cənubunda belə bir ölkə göstərilir: Ərzi-Adarbadkan. Bu ölkə indi Cənubi Azərbaycan adlandırılan tarixi əraziyə uyğun gəlir. Mən  bu fikri irəli sürürəm ki, bu, məhz Azərbaycan ölkəsidir.  Hər halda, bunun əksini sübut edən heç bir fakt yoxdur.

 

“Divan”da “Adarbadkan” sözü izah edilmir. Lakin müəllif “adar” sözünü izah edərkən, bu sözün türklərdə işləndiyini və “dağlıq yer” anlamına gəldiyini göstərir. Məlumat üçün deyim ki, Cənubi Azərbaycan ərazisinin təxminən 70-80 faizi dağlıq və ovalıqlardan ibarətdir. Bu mənada, “Azərbaycan” toponiminin məhz “dağlıq yer” mənası verməyi fikri ağılabatandır.

 

Ziya Bünyadov əsərlərində göstərir ki, Azərbaycan ərazisində yaranmış bütün dövlətlərin adında “dağlı, yüksəklik” mənası var. Bundan əlavə, məlumdur ki, tarixən “Azərbaycan” adı, əsasən Cənubi Azərbaycan ərazisini, şimalda Kür çayına qədər olan əraziləri ifadə etmişdir.  Çox uzağa getmədən, məhz “Divan”a istinad edərək deyə bilərik ki, “kan, ğan” şəkilçisi də məhz ölkə adlarını ifadə edən sözlərə qoşulur, indi işlətdiyimiz fars mənşəli “-stan” vahidinə uyğun gəlir.

 

“Bay” komponenti haqda isə bunları demək olar: bu vahid müasir dilimizdə işlənən dördvariantlı “-lı” şəkilçisinə uyğun gəlir. Məntiqi olaraq, əsasən, varlıq mənası bildirir. Eyni zamanda bu, həmdə müstəqil söz kimi işlənə bilir: “bay, bəy”. “Dədə Qorqud” dastanından bir misal: “Tanrı verməyincə ər bayımaz”. (“Allah verməsə, kişi varlanmaz”)

 

Nəticə: “Azərbaycan” toponimi türkmənşəlidir, məna etibarı ilə “dağları çox olan ölkə” deməkdir.

 

P.S.: Bu yazıda məqsədim məsələyə birdəfəlik aydınlıq gətirmək deyil, bu iddiadan uzağam. Hər bir sahədə problemi müəyyənləşdirmək onu həll etmək qədər vacibdir. Məqsədimiz dilçiləri yeni bir baxış bucağına dəvət etməkdir. Mənim işim bitdi, buyurun!

 

Sim-sim.az

 

İkinci Mahmud

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.23.