Nurəngiz Günün poetik ağrısı

 

 

Müasir Azərbaycan poeziyasını Nurəngiz Günsüz təsəvvür etmək qeyri-mümkündür. Poetik təfəkkürü, həssas qəlbi, özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən Nurəngiz xanım XX əsrin 70-ci illər ədəbi nəslinə mənsubdur.

 

Daha dəqiq desək, onun əsərləri dövri mətbuatda 70-ci illərin sonundan çap olunmağa başlayıb. Ara-sıra şeirlər yazsa da Nurəngiz peşəkar ədəbiyyatçıların cərgəsinə bir qədər gec qoşulub. Onun həmyaşıdlarından ədəbiyyatı seçənlər artıq 60-cı illərdə özlərini bir yazar kimi təsdiq etmişdilər. Lakin bu gecikmə Nurəngizin, necə deyərlər, özü üçün də, sözü üçün də, sözün həqiqi mənasında xeyirli, uğurlu olub. Çünki bu yaşda artıq o, nəyi, necə yazmağı, nələrə önəm verməli olduğunu çox yaxşı bilirdi, dərk edirdi. Odur ki, müəllifin əsərlərində artıq bir sözə, yersiz bir cümləyə, mənasız-məntiqsiz misraya rast gəlinmir.

 

N.Günün poeziyası daima yaşarı bir poeziyadır. Çünki yaşarı mövzuların məcmusudur. Hay-küydən, pafosdan uzaq, həyat hadisələrini reallıqla əks etdirən bu poeziya həm də səmimi hisslərin tüğyanıdır, fırtınasıdır! Xəyal qırıqlığına uğramış  bir könlün mənəvi ağrısıdır, əzablarıdır. Bir sözlə, hərəsi bir  ovqatdı. Bu ovqatın yaxşı anları da, yaman günləri də eyni ahənglə, eyni ürəklə təsvir, tərənnüm olunur. Şair nə yazıbsa ürəyinin səsi, qəlbinin odu-közü ilə yazıb. Yazdıqlarına dərdin özünü, sevincin üzünü, nifrətin bozunu, həsrətin izini gətirib. Bu şeirlər ağılar, oxşamalar kimi süzülüb axır, qanadlanır, mütləq  dərdlini, dərd əhlini, dərd xiridarını, yəni əsl oxucusunu tapır, qəlbini titrədir, onu kövrəldir, ağladır... Və şairin lirik “Mən”inin əzablarına şərik edir...

 

Nurəngiz xanım ilk şeirlərini valideynlərinin itkisinə, dünyadan, onlardan vaxtsız, vədəsiz ayrılmasına həsr edib. Bu dərdin ağırlığını da şair elə yaradıcılığının ilk günlərindən şeirlərinə yükləyib:

 

Nağılım, bayatım, qeyrətim,

qanım atam!            

Bu dağlar sənə ağlayır,

hərlənib gəliblər...

Qolların niyə süst düşüb,

qucaqlasana... atam!

 

Şairin birinci şeiri 9 noyabr 1964-cü ildə atasının qəfil ölümünün əks-sədasıdır və “Amandı, dağlar” adlanır:

 

Dağlar sənə dumandan örtük

gətirib, gəlib...

Bu da vüsal! Örtüyünü yavaş sərin,

könlü didilər....

Aman, aman! Aman dağlar!

Gözl

ərinə əl çəkməyin...

Kirpiklərdə donub qalan... incilərdi,

incidər...

 

Dağların bu örtüyü atanın sonu deməkdir. Şair ürəyi, övlad qəlbi sızlayır. “Örtüyünü yavaş sərin, könlü didilər!” - deyə fəryad qoparır... Gözlərinə əl çəkməyin, donub qalmış son göz yaşları muncuq kimidir, gözlərini incidər ... - pıçıldayır... Demək, N.Gün yaradıcılığına ağrılardan yazmaqla başlayıb. Və öz ağrılarını, öz əzablarını qələmə alıb, desək, səhv etmərik. Ağrı isə hər zaman şairin yanında, qəlbində olub, onu çox “sevib”, ondan ayrılmaq istəməyib.... Budur, şair ikinci şeirini də anasının ölümünə həsr etməli olub. Bu şeiri o, 29 yanvar 1977-ci ildə yazıb və “Anam Böyükxanıma” adlandırıb:

 

Oh! Anam idi gətirdim,

ac torpağa yetirdim,

Qara gözləri itirdim,

zülmətlər içrə bitirdim...

 

İlk şeirləri iki böyük dərddən yaranan, yazılan şairin, təbii ki, sonrakı yazdıqlarından da qəm-kədər süzüləcək, göz yaşı töküləcəkdi:

 

Gün xanım, Günəş xanım!

Agah ol!

Çatarsam,

odundan ovuc-ovuc udacağam...

Boğazımda qurşun qalacaq, Günəş!

Bir qurşuna möhtacam...

Eşidirsənmi, ulu nənəm,

Hey, Gün xanım, Günəş xanım!

Sap sarı xanımanım!

 

Şair dərdini göylərdən boylanan sapsarı Günəşə söyləyir, ondan təsəlli, ümid gözləyir:

 

Yadındamı,

tellərindən bir cüt hörük toxudun,

bağışladın anama?

Hə, bax onu deyirəm, e!

Allah apardı, getdi...

O telləri bu torpaqdan

uf demədən,

zorla qopardı, getdi.

 

Bir cüt hörüklü gəlin anası, su sonası ondan da, dünyasından da zorla qopardıldı.... Vaxtsız qopardıldı.... Təzəcə çiçəkləyib bar verən ağac kimi doğrandı, budandı... getdi...

 

Nurəngiz xanımın anasına, onun ölümünə həsr etdiyi şeirləri yetərincədir. “Hanı”, “Darıxmışam, ana”, “Gəl, birlikdə unudaq”, “Sənə borcluyam, ana”, “Köçür o nazlı durnam”, “Eşidərmi o gözəgörünməz” və s. kimi şeirləri dərdin içindən boy verir... “Köçür o nazlı durnam” poetik parçası isə ananın son köçünə elegiyadır:

 

Yıxılım yoluna mən,

Fələk, qulun olum mən.

O mənim öz anamdı,

Qıyma, qərib durnamdı.

Fələk, saxla əlini,

sığallayım telini!..

 

Əslən Cənublu olan ana heç xoş gün görmədi. Əzizləri “37”nin qurbanı oldu, Təbrizə sürgün edildi. O isə dözüb dayandı. Düşündü ki, bir gün gedənlər dönəcək, qayıdacaq. Onu intizarla sınağa çəkməyəcəklər. Amma... illər keçdi, gedənlər dönmədi. Üstəlik sevib-seçdiyi, könül verdiyi, uşaqların atası da onu çox tez tərk etdi. Fələyə qoşulub getdi. Doğmalar azaldıqca xoş günlər də ilğıma döndü, ondan uzaqlaşdı, itdi... İntizar zülmətlə bitdi:

 

Uçur bir nazlı durnam,

Köçür, o nazlı durnam.

Qıyma, anamdı, tanrım,

O mənim bir ayrıca Vətənim !...

 

Ancaq.... Tanrı şairin ah-naləsini, yalvarışlarını eşitmədi. Fələk ananı, bu qərib durnanı, bir nazlı dünyanı da övladının əlindən, isti yuvasından, sevdiyi insanlardan alıb gedər-gəlməzə apardı.  Təbrizdə bir ana xəbərsizdi cavan balasının son köçündən...

 

Nənəm, di çal laylanı,

Təbrizdə...

oxşa cavan balanı

boş qalmış dizlərinin üstündə.

 

Akademik Teymur Kərimli “Nurəngiz Günün poeziyası” adlı məqaləsində yazır: “Bəlkə də təbiiliyindən, səmimiliyindən, fitriliyindən doğan bir xüsusiyyətdən yana N.Günün şeirləri oxucuya bir başlanğıc yoluxdurmaq qabiliyyətinə malikdir. Bu mənada onun əsərlərini oxumaq bir qədər də “təhlükəlidir”.

 

Bundan sonra onun kimi düşünmək, onun kimi şeir demək, onun kimi pıçıldamaq və onun kimi hayqırmaq istəyirsən”. Daha sonra müəllif şairin “Anam Böyükxanıma” şeiri haqqında da maraqlı fikirlər söyləyir: “ Anasından sonra bu dünyanın mənasızlığını dərk edib həyatdan əl üzmək fikrinə də düşür, ancaq nə yaxşı ki, o özü də anadır və balasının xətrinə bütün ağrı-acılara dözüb yaşamalıdır. Klassik mərsiyyələr səviyyəsində qələmə alınmış bu ürəkdən gələn beyitləri hiss-həyəcansız oxumaq sadəcə qeyri-mümkündür”.

 

Xalq şairi Sabir Rüstəmxanlı da N.Günün “Yol gedirəm” şeirlər toplusuna yazdığı ön sözdə bu ağrıya toxunur: “Şeirlərindəki ağrı insan ömrü və həyatın mənası haqda düşüncədən doğur... Keçdiyi yollar çətindir, “döngəsiz dalanların” çıxılmazlığı, tərk edilmiş, yalqızlaşmış ata ocağının çarəsizliyi, ötən uşaqlıq xatirələrinin, gəncliyin, azalan ümidlərin ağrısı” bu şeirlərin mayasıdı, canıdı...

 

Xalq şairi “döngəsiz dalanlar” dedikdə Nurəngizin “Döngəli dalan” şeirindəki fikirlərinə, düşüncələrinə istinad edir. Bu şeirdə şairin lirik qəhrəmanı bir gün Döngəli dalanda yerləşən ata ocağını ziyarət etmək istəyir və bu məkana üz tutur.  Gördükləri isə onu peşman edir. Ata səsindən, ana nəfəsindən, uşaq gülüşündən, bir sözlə, insan hənirindən uzaq düşmüş bu bağ, bu ev, bu məkan uçulub, sökülüb, tökülüb getməkdədir:

 

Navaçalar əyilmişdi....

Şah tut boynunu əymişdi.

Elə o cürə də ölmüşdü...

 

Qurumuş meynələrin qoraları göz yaşı kimi, susuz qalmış həyətə tökülməkdəydi!

 

Bu poetik parçanı təkcə poeziya adlandırmaq azdı. Şeirin hər misrası həm də sahibsiz qalmış bir viranə bağın sözlə çəkilmiş rəsmidir...

 

Qollarım başıma dolaşıq,

Əllərim üzümə dolaşıq....

Üzüm gözümün yaşına bulaşıq -

Göynədim, kövrəldim,

           yönəldim taqətsiz... -

 

deyir şair. Külünü küləklər sovuran doğma ocağa necə sakit baxmaq olar ki... Üzərində ananın titrək barmaqları gəzən mis qazan ocaqsız qalıb... Divardan asılmış susqun, coşqun sarı ney, bir vaxtlar onu çalan atanı soraqlayır... Ev-eşik ananı gözləyir. Axı ana şəfqəti, ana nəvazişi, ana səliqəsi olmadığı üçün bu bağ-bağça viranədi.

 

Şair Elçin İsgəndərzadənin N.Günə həsr etdiyi “Cənnətin bütün sevgiləri sənin olsun” məqaləsindəki fikirləri də yazdıqlarımızı bir daha təsdiqləyir: “Nurəngiz Gün.... kitablarında gördüyü yox, görmək istədiyi dünyasını - Nurəngiz Gün dünyasını “çəkib”... Mən onun əsərlərini Vinset Van Qoqun “Günəbaxanlar”ı, Salvador Dalinin “Zaman-Əzik saat” tabloları, Pikassonun “Hernika”sı, Bəhlulzadənin “Kəpəzin göz yaşları” şedevrləri kimi təbiət hadisəsi olaraq qəbul edirəm”. Real, dəqiq yanaşmadı. Elçinin yazdıqlarına bir ona əlavə etmək olar ki, N.Gün şeirlərini oxuyan rəssam da o təbiət hadisəsini canlı görməsə belə öz şedevr - rəsm əsərini çox düşünmədən, asanlıqla yarada bilər!

 

Unudulmaz şairəmizin xatirəsinə həsr edilmiş 6 iyun 2015-ci ilin “Şairlər günü”ndə çıxış edən akademik İsa Həbibbəyli maraqlı fikirləri ilə diqqətimizi çəkir. O, N.Günün Sovet dönəmində və müstəqillik illərindəki yaradıcılığına toxunaraq onlara başqa yöndən yanaşır, başqa aspektdən baxır, özünəməxsus şəkildə tədqiq, təqdir edir. Bu, İsa Həbibbəylinin baxış bucağıdır: “Mən Nurəngiz Günün yaradıcılığını Günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər Günəş işığı, Günəş obrazları vardır. Nurəngiz Günün yaradıcılığındakı Günəş işığı altındakı bu bənövşə rəngi Azərbaycanın müstəqilliyinin palitrasını, çoxrəngliyini, poetik bir qammasını çox dolğun şəkildə ifadə edir. Nurəngiz Gün təpədən-dırnağa qədər lirik şairdir”.

 

Şairənin Təbrizlə bağlı poetik misraları da oxunaqlıdı, duyğuludu. Vətənpərvərlik hissləri ilə zəngindir. “Ərk qalası”, “Bakı-Təbriz bayatıları”, Mədinə Gülgünə həsr elədiyi “Daha çağırma”, “Olsaydı”, “Ayrılıqlar boyum biçimi”... səpkili şeirləri N.Gün poeziyasının inciləridir...

 

Bu cığır hayanadı,

Arazdan o yanadı?

Tanrım! Bir cüt qanad ver,

Bu quş məni yandırdı.

 

Mədinə Gülgünə müraciətən yazdığı şeir Şəhriyar üslubunu, Şəhriyar dilini xatırladır:

 

Axı mən nə deyim belə naxışa,

Tutub məni ucdantutma yağışa,

İslanmışam, bəlkə yağış qığışa?

Faydası yox, göydəkini çağırma,

Çağırma, Gülgünüm, daha çağırma...

 

Həssas şair qəlbinin ağrı-acıları onun şeirlərində beləcə əks-səda verir. Ağrı N.Gün poeziyasının ana xəttini təşkil edir. Şairin şeirləri ağrıdan doğulursa, çox güclü olan ağrı da şeirlərdən doğulub böyüyür... Bu yerdə onun “Dincəl dünya” şeirinə də nəzər salsaq şairin ömür yolunun ağrısını bütövlükdə görərik, daha aydın hiss edərik:

 

Nuru yorğun gözlərimin

Ürəyimin, beynimin

Hesabına yaşayıram,

Əl çək məndən qarı dünya,

Yükümü tək daşıyıram

Minnətini çək üstümdən,

Cəncəl dünya, cəncəl dünya!

 

Şairin sağlığında bu şeir bəlkə də adi səslənə bilərdi. Amma ölümündən sonra bu əsəri oxuyan hər kəs göz yaşına bələnir:

 

Daha çəkil gözlərimdən

Əbədilik tək qalıram,

Dincəl dünya, dincəl dünya!

 

Şeir bizi düşündürdükcə, biz də müəllifi, xanım-xatın Nurəngiz Günü xatırlamaya bilmirik. Onun:

 

Günümmü qara,

             üzümmü?

Ömürdən əlim

              üzümmü? -

 

deyə fəryadını eşitməyə bilmirik. Artıq neçə aydır ki, N.Gün əlini ömründən də, dünyasından da, əzizlərindən də üzüb, bu yalançı, talançı dünyadan küsüb, gedib... İndi ikinci ömrünü - şair ömrünü yaşayır. Sentyabrın 21-i isə onun doğum günüdür. Bu doğum günündə N.Günün yerini yəqin ki, onun şeirləri, kitabları, tele-filmlərin yaddaşındakı əksi tutacaq. Və inanırıq ki, hər gələn nəsillə bahəm şairin özü də, sözü də əbədi yaşayacaq!

 

P.S. Sentyabrın 21-də saat 16:00-da Nurəngiz Günün məzarı ziyarət ediləcək. Arzu edənlər dəvətlidir.

 

Bahar BƏRDƏLİ

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.22