Könül Bünyadzadənin təqdimatında:
“İnsan: kamilliyin arxitektonikası”
Fəlsəfə
elmləri doktoru Könül Bünyadzadənin çapa
hazırlanan “İnsan: kamilliyin arxitektonikası”
kitabının nəşrini səbirsizliklə gözləyirdim.
Çox
vaxt mətni kənara qoyub müəllifdən
danışmağın əDƏBiyyat adına
təqdim olunduğu çağdaş zamanımızda hər
dəfə bacardıqca bundan qaçmaq istəyimi bu dəfə
boğa bilmədim. Könül xanımla
neçə illik tanışlığımızın,
dostluğumuzun, ya da öz təbirincə desək, ruh
doğmalığımızın diqtəsi ilə müəllifin
haqqında da bir neçə mətləbi vurğulamaq arzusu
öz-özlüyündə yazıya giriş oldu.
Könül xanımla fəlsəfə, həyat həqiqətləri
ilə bağlı apardığımız çoxsaylı
mükalimələrdə, söhbətlərdə kübar,
intellektual, yetkin və bütün bunlarla yanaşı hədsiz
təvazökar əsl qadınlıq simasıyla üzbəüz
olduğumun fərqindəliyində olmaq, həm də belə
bir alimimizin olması, onun ölkəmizi vaxtaşırı
xaricdə layiqincə təmsil etməsi ayrıca
qürurverici bir məqamdı. Mərkəzinə
həmişə Kamil İnsan anlayışını
qoyduğu, intellektual yüküylə yanaşı həm də
anlaşıqlı, içimli söhbətlərinin birində
yeni kitabında bütün bu fikirlərini cəmləşdirəcəyini
bildirmişdi.
Kitablar hər şeydən öncə müəllifin
şəxsi malıdır. Bütün şəxsi
mallar kimi onların da “haramı”, “halalı” olur.
Halallıqla olan hər şeyi ürək xoşluğu ilə
“həzm eləməyin” verdiyi böyük zövqlə
“İnsan: kamilliyin arxitektonikası”nı
mütaliə elədim. Fəlsəfi nəşrlər
adətən geniş oxucu auditoriyası, kütlə
üçün nəzərdə tutulmur. Azərbaycanın tək-tük sanballı qadın
filosoflarından olan Könül Bünyadzadənin bu
kitabı elmi-fəlsəfi terminlərdən xali olmasa da,
anlaşıqlığı, axıcılığı, ədəbi-bədii
yüklü dəyərli esselərin toplandığı bir
nəşrdir. Könül Bünyadzadə
əsrlərdir ədəbiyyatın, fəlsəfənin, incəsənətin
axtarışında olduğu Kamil İnsan mövzusuna öz
könlünün işığında baxıb...Nəşrdə
kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi
kimi fəlsəfə tarixi, daha sonra isə ictimai bir hadisəsi
kimi sosial fəlsəfə kontekstlərində
araşdırılıb. Kamillik prinsipinin
keçdiyi inkişaf yolu orta əsrlər, yeni dövr və
müasir dövrün meyarları və prinsipləri
baxımından ayrı-ayrılıqda nəzərdən
keçirilib və problemin ümumi mənzərəsi
yaradılıb.
“Kamil İnsan-xəyal yoxsa reallıq?”
Kitaba professor Səlahəddin Xəlilov önsöz
yazıb. Alim
mətləbə kəsə yolla gəlib: “Söhbət yenidən
insana qayıdışdan gedir... Qayıdış
deyirik, ona görə ki, nə qədər təəssüflənməli
olsaq da, dövrümüz daha çox insanın
yabançılaşması ilə səciyyələnir.
Bir tərəfdən rasionalizmin neçə
yüz illik təntənəsi ərzində mənəviyyat
intellektin kölgəsindən çıxa bilmədi. Digər tərəfdən də guya, rasionalizmə
reaksiya və alternativ kimi meydana çıxmış
postmodernizm rasionalizmdən daha çox mənəviyyata qənim
kəsildi. Və nəhayət qloballaşma... İnsanın kamillik yolu sadəcə
özünüdərk məqamına yüksəlişdən
deyil, həm də özünü aşmaq, özündən
yüksəyə qalxmaq əzmindən keçir. Və bu yüksəlişin elmi-fəlsəfi təhlinin
verə bilmək üçün müəllifin özü də
bu yolu keçmiş olmalıdır. Könül
Bünyadzadə bu mötəbər mövzuda söz demək
haqqını qazanmaq üçün öncə təsəvvüfün
sirli-sehrli aləminə varid olub, “ilahi eşq”, “ənəlhəqq”,
“damlada dərya”, “öz nəfsinə qarşı cihad” təlimlərini
mənimsəyib, böyük sufi mütəfəkkirlərini
oxuculara daha canlı təqdim edə bilmək
üçün özü də onlar kimi olmağın təcrübəsini
yaşamağa çalışıb. Kitabda
insan, onun amalı, missiyası, faciə və xoşbəxtliyi
Şərq və Qərb dəyərləri kontekstində
araşdırılır. Könül Bünyadzadə bu
kitabında kamillik idealının Qərb fəlsəfəsində
keçmiş olduğu “əzablı yollara” bir islami nur
qatmaqla probemlin üzərindən nihilist pərdələrin
qismən də olsa qaldırılmasına nail olub”.
Müəllif
özü kitabın girişində xalqların tarixində
qızıl dövrlərin təsadüfən yetişmədiyini,
hər bir dövrün əyarının məhz həmin
zaman kəsiyində yaşamış kamil insanlarla
ölçüldüyünü vurğulayıb. K.
Bünyadzadə hesab edir ki, bu gün insan özü bir
böhran halı yaşayır: “Bu səbəbdən onun əlaqəli
olduğu hər bir sahə, hər bir istiqamət
böhrandadır. Əslində belə
böhranlar çox olub və məhz bu böhranların əsası
olan insan böhranının kökünü, səbəblərini,
xüsusiyyətlərini öyrənməklə onların
öhdəsindən gəliblər. Sual
oluna bilər ki, böhran və kamillik nə dərəcədə
bir-biri ilə əlaqəlidir ki, biz öz
kitabımızı məhz bu notlarla başlayırıq?
Cavab: kamilliyə can atmayan insan böhranda olan, yəni
insanlığını unudan insandır...”
K.
Bünyadzadənin gəldiyi qənaət budur ki, hər nə
qədər kamilləşmə prosesində əsas rol
mühitin olsa da və kamilliyin təzahürü məhz cəmiyyətdə
özünü büruzə versə də, kamillik fenomeni
birmənalı olaraq ruh hadisəsidir: “Digər tərəfdən,
kamillik ağıl və ruhun harmoniyasının nəticəsidir,
yəni ruh və ağlın bir-birini tarazlaşdıraraq
yüksəltməsidir”. Ruhun kamilləşməsi prosesinin məqamlarına
toxunan müəllif hesab edir ki, kamilləşmə ruhun
güclənməsidir: “Ruh ali varlıqla vəhdətdə
olub yenidən ilkin nöqtəsinə qayıtmaqla bir idrak
tsiklini tamamlamış olur. Belə məlum olur
ki, ruh təkrar olunan tsiklik xarakterli idrak prosesinə malikdir.
Kamil İnsan ilahi xəttin son ucunda duran tək
varlıqdır. Bu, onun ilahi keyfiyyətlərə
malik, Allahın maddi dünyadakı ən kamil təzahürü
olmasına açıqlıq gətirir. Allah
bütün yaradılanlardan müəyyən məsafədədir,
yəni onlara birləşmir, qarışmır, eyni zamanda O,
hər biri ilə əlaqədədir, onların mənbəyi
mahiyyəti kimi. Allah Zatı baxımından təkdir və
hər cür düşüncədən, xəyaldan kənardır,
lakin o yaratdıqları ilə həm də vəhdətdədir,
onlar vasitəsilə tanınır...”
Müəllif
sevgi, iman və ağılı kamilləşmənin
stimulları kimi müəyyənləşdirir: “Kamilliyin ən
böyük stimulu da bir növ elə kamilliyin özünə
bənzəyir-sevgi. Daha dəqiq desək,
eşq-hətta öz hədəfinin aşiqi olmaq.
Qısa desək, öz naqisliyini tamamlamaq, kamilləşmək
yolunda insanlığın ən böyük kəşfi
eşqdir! İnsan məhz aşiq olduğu hədəfə
doğru gedir, can atır. Eşq -maddi aləmdən
çıxıb mənəvi dünyaya üz tutmağın
ilk səbəbidir, könül gözünü açan,
ruhu düşündürən bir hissdir. Eşq
yaradılışın səbəbi kimi Mütləqdən
nisbiyə enən nur zolağı olduğu kimi, nisbidən də
Mütləqə uzanan yoldur. İnsan ona doğru uzanan həmin
nur zolağını kəşf etməklə eşqi və
bununla da həqiqəti dərk etmiş olur... Platonun
yazdığına görə, insan əvvəlcə vahid bir
varlıq olmuş, sonra Allahın qəzəbinə gəlib
iki yerə bölünmüşdür. O vaxtdan
yarıya bölünmüşlər bir-birini axtarır və
yalnız bir vahidin tərkib hissələri bir-birinə
qovuşanda əsl səadətə çatırlar,
tamamlanırlar. Maraqlıdır və bizim dediklərimizə
uyğundur. Lakin nəzərdən qaçan bir məsələyə
diqqəti yönəldək: vahid varlığa
çevrilmiş iki insan, yəni öz yarısını
tapmış insanlar kamil bir varlıq sayılmalıdırlarsa,
...evlilikdən sonra davam edən axtarışların
mahiyyəti nədir? Həm də bu
axtarışlar istisna hallarda bərabər olsa da, əksər
hallarda yalnızlıqda, fərdi qaydada aparılan
axtarışlar olur. Və ya necə olur
ki, yarına olan məhəbbət (deməli, yarın
özü də) başqa bir kamilliyə çatmaq
üçün vasitə olaraq görür? Fərqi yoxdur, istər arxa-dəstək olaraq fiziki
baxımdan, istərsə də ilham pərisi olaraq ruhi
baxımdan olsun. Vasitə vasitədir”.
“Qadın
və kamillik-cəmiyyətin yazılmış və
yazılmamış qanunları”
Qadın və kamillik mövzusunda müəllifin özünəməxsus düşüncələri var: “Qadın məişət qayğılarını aşa bilmir. Ər-uşaq-ev müqəddəs üçlüyünə səcdə edə-edə ömrünü yaşayır. Arzuları, planları, problemləri bu üçlük çərçivəsindən kənara çıxa bilmir. Çıxsa... küfrdə günahlandırılır, cəzalanır. Ailə gözəldir, müqəddəsdir, lakin qadına insanlığını unutdurmamalıdır.
Gələcək nəslin qayğısına qalmaq vacibdir, ancaq gələcək boş yer üzərində qurula bilməz. Qadın öz varlığını, insanlığını ilk növbədə özü dərk etməli və bunu öz həyatında da göstərməlidir ki, övladı da bundan nümunə götürə bilsin. Qadın nəfsinin qulu olmaqdan xilas ola bilmir. Qadının insanlıq meyarı kişidir. Ən uca zirvə “kişi kimi” olmaq hesab edilir. Qadın hey kişinin ardınca qaçmaq, onun keçdiyi yolu keçmək, onun düşüncəsi ilə düşünmək istəyir. Bacarmırsa, özünü naqis, əskik bilir. Təbii ki, bacarmır və təbii ki, “əskik” qalır. Çünki o kişi deyil, qadındır. Özünün bu meyarından əl çəkə bilməyən, bütün həyatını onunla nizamlayan qadının zirvəyə gedən yolu da kişidən keçir! Qadın unudur ki, o da zirvədə kişi ilə eyni məsafədədir-o qadın qütbündədir və bu zirvəyə ən yaxın və real yol yalnız qadın kimi mümkündür... Qadın bəzən öz qütbünü zirvə bilir. Beləcə, özünü səcdəgah bilə-bilə tapdaq altına çevrilir. Reklam oluna-oluna hətta cansız şeylərin belə fonuna çevrilir. Qadın nəfsini ruhundan daha yaxşı tanıyır, ona görə də nəfsinin verdiyini daha ürəklə, həvəslə qəbul edir, nəinki ruhunun. Əslində isə... Qadın da kişi kimi Allahın kəlamını qəbul etməyə qadir bir varlıqdır. Qadın da bu kəlamı insanlara çatdırmağa məsuldur. Deməli, Kamil İnsan deyəndə yalnız kişi yox, həm də qadın nəzərdə tutulur”. Adıçəkilən mövzunun davamı olaraq “Qadın-dövrün qurbanı, yoxsa yeni qüvvəsi?” essesində müəllif XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlində düşüncələrin qadın -kişi qütbləşməsinin fonunda feminizmin kökləri, səbəbləri və nəticələri haqqında yazır: “İnsanın tam və kamil olması üçün qadın və kişi təfəkkürləri bir-birini tamamlamalıdır, ikincisi isə özünü artıq tükətmiş Qərb təfəkkürü yenidən qalxmaq üçün öz başlanğıc nöqtəsinə qayıtmalıdır. Qadınsız isə öz kökünə, əslinə dönmək mümkün deyil. Bunu Şərqə- Şərq fəlsəfəsində varlığın əsasında duran İn-Yan münasibətlərinə qayıdışa çağırış kimi də qəbul eləmək olar...”
Kitabda ideal və idol, mənəvi dəyərlərin tənəzzülü, xristian dünyasında insan və kamillik, islam fəlsəfəsində kamil insan problemi, dövrün üsyankar və xilaskar insanı, kamilləşmə yolundan çıxarılan Şərq və qorunan dəyərlər, dəyişən meyarlar, kamillik prosesi kontekstində qorxu, ölüm və ilahi zərrə, eləcə də digər mövzular ətraflı araşdırılıb, dəyərli qənaətlər qələmə alınıb.
lll
Kitabın annotasiyasında maraqlı qeyd var və
seçim oxucuya həvalə edilir: Kitab kamillik haqqında
anlayışa malik olmaq və kamilləşmək istəyən
şəxslər üçün nəzərdə tutulub...
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 19 sentyabr.- S.21