Bir təşəbbüsün tarixçəsi
1907-Cİ İLDƏ BAKIDA AÇILAN DARÜLMÜƏLLİMAT NİYƏ QAPANDI?
(Əvvəli
ötən şənbə sayımızda)
Heç şübhəsiz, bütün fəzilətlərinə
baxmayaraq Axund Əbu Turabın Bakı Darülmüəllimatının
tədris proqramı, xüsusi burada türkcənin elmi
qrammatikasını öyrədilməsi ilə bağlı
tutduğu mövqe də eyni dərəcədə yersiz idi. Öz-özlüyündə
aydındır ki, hövsələsizliyi və sərtliyi ilə
ad çıxarmış “Firəng Əhməd bəy” belə məqamda
susa bilməzdi. Hətta Axundun bir işarəsi ilə adam başı üzməyə hazır olan
müridləri, daha dəqiq desəm, qoçuları da onu
qorxutmamışdı.
“Zavallı Cövdət əlində qələm durdu və
ətrafa baxdı. Hər kəs başını
aşağı salmış, kimsədə nəfəs almaq
qüdrəti qalmamışdı. Axundun
müridləri isə qızğın-qızğın ətrafa
bakıyorlardı. Bir kaç dəqiqə
bu öldürücü sükut içində keçdi.
Nəhayət, mən dayanamadım və
büzülə-büzülə, kiçilə-kiçilə
(Ah, bu büzülmələr! Ah, bu
kiçilmələr!)
- Cənabi-Axund!
Hər dilin kəndisinə görə sərf və nəhvi
vardır, - dedim və misal olmaq üzərə kəndi
namımı (adımı) alaraq “Əhməd, Əhməddən,
Əhmədə” - deyə təsrif etməyə
başladım.
Axund qızdı (əsəbiləşdi).
- Sus,
cahil! Ərəbcədən başqa heç bir dilin sərf
və nəhvi olamaz!
Müridlər gözlərini mənə dikmişdilər. Fəqət mən
də dayanamadım.
- Cənabi-Axund!
Məsəla, ruscanın da sərf və nəhvi
vardır. Rus məktəblərində tədris
ediliyor.
Axund
bütündən bütünə qızdı və bir
küfr sovuraraq:
- Demək
ki, sən bizi rus yapmaq istiyorsun, kafir! - dedi.
Heyrətlər içində qaldım. Milli məktəblər təsisi
üçün bir darülmüəllimat açmaq,
İstanbuldan bunun üçün adamlar gətirmək
xalqı rus yapmaq imiş!
Cavab vermək istədim. Fəqət müridlərdən
biri ayağa qalxaraq belindəki tapançaya əl uzatdı və
mənə xitabən:
- Sus!
Yoxsa həmən leşin ortada qalar! - deyə
bağırdı.
Ətrafdan da mənə göz elədilər, susdum”.
Bir
neçə il əvvəl “Axund və
islam” adlı sərt pamflet çap etdirən Əhməd bəyin
din adamlarından özünə və fikirlərinə
qarşı yumşaq, anlaşıqlı münasibət
gözləməsi, aydın məsələdir ki, sadəlövhlük
olardı...
Bakıda Darülmüəllimat açmaq istəyənlər
belə məqamlarda islamın yol verdiyi “hiyleyi-şəriyyəyə”
əl atdılar. Üzdə özlərini Axund Əbu
Turabın iradəsinə tabe olan kimi göstərdilər.
Ağsaqqal və hökmlü din adamının
sözünün üstündən söz deməyi rəva
bilməyib türk dili qrammatikasının tədrisini
proqramından çıxarıldığını bildirdilər.
Əslində isə Əhməd Ağaoğlunun da xatirələrində
göstərdiyi
kimi Darülmüəllimat fəaliyyətə
başlayandan sonra Cövdət “türk sərf və nəhv
dərslərini də müntəzəmən verdirirdi”.
Tezliklə İstanbuldan daha iki müəllim dəvət
olunmuşdu. Onlardan birincisi Bəha Səid, ikincisi isə
“Darüşşəfəq” məzunu Beşikdaşlı
Kiçik Fuad idi. “Füyuzat” məcmuəsinin
nəşri dayanandan sonra Əli bəy Hüseynzadə də
özünü pedaqoji sahədə sınamaq qərarına
gəlmişdi. Yaradıcısı və
baş redaktoru olduğu məcmuə kimi müsafir müəllimlər
vətənlərinə döndükdən sonra rəhbərliyini
öz üzərinə götürdüyü məktəbə
də “Füyuzat” adı vermişdi. Məktəbin
ömrü təxminən üç il- Əli bəy 1910-cu
ilin dekabrında Bakını tərk edib İstanbula
köçənə qədər davam etmişdi.
Əhməd Ağaoğlu bu münasibətlə
yazırdı: “Cövdətin qurmuş olduğu “Füyuzat”
adındakı Darülmüəllimini kəndisindən sonra
Hüseynzadə Əli yürütdü və bu məktəb
Azərbaycan türklərinin oyanışında ən müəssir
(təsirli) bir amil oldu. Onun yetişdirdiyi tələbə sayəsindədir
ki, azərbaycanca istanbulcaya yaxınlaşa-yaxınlaşa bu
gün iki ləhcə arasındakı həmən fərq qalmamış
gibidir”.
Lakin Hacı Zeynalabdin Tağıyevin səxavətinə,
ortadakı niyyətin xoşluğuna və göstərilən
bütün səylərə baxmayaraq Bakıda ibtidai məktəbləri
müasir pedaqoqlarla təmin edən həqiqi Darülmüəllimat
qurmaq mümkün olmamışdı. Hər halda mənbələrdə
belə bir təhsil ocağının fəaliyyəti, onun
yetişdirdiyi kadrlar haqqında səhih məlumatlara rast gəlmək
mümkün deyildir.
Doğrudur, bunun əksi olan iddialar da yox deyildir. Məsələn, Əli bəy
Hüseynzadənin dəvəti ilə Müəllim Cövdətdən
bir neçə ay əvvəl Bakıya gəlib bir müddət
“Füyuzat” redaksiyasında çalışan, sonradan
özünü müəllimlikdə sınayan Əhməd
Kamal yazırdı: “Məktəblər irəlilədikcə
müəllim ehtiyacı artdı və bir müəllim kursu
açmaq düşünüldü. İştə qiymətli
Müəllim Mehmet Cövdətin Bakıya gətirilməsi
bu lüzuma məbnidir (bağlıdır) ki, bu da 1323 sənəsinə
(miladi 1907-ci il) müsadifdir (təsadüf
edir). Çarlıq Rusiyasının bizi orada
uzun sərbəst müddət buraxmayacağı aşkar
olduğundan bu kursa çox əhəmiyyət verildi. Və Mehmet Cövdət də yaratırcasına
müəllim yetişdirməyə müvəffəq oldu”.
Həmin
uğurlar sırasında isə Əhməd Kamal gənclərin,
xüsusən də uşaqların Osmanlı türkcəsi
ilə danışmağa başlamalarını, hətta
yaşlı nəsil nümayəndələrinin ara-sıra nitqlərinə
Osmanlı söz və ifadələri qatmalarını, təliq
xətt növünün yerini riqə xəttinə verməsini,
məzhəb fərqləri ucbatından biri-birinə əl
uzatmayan millətin övladlarının bir yerdə
oxumalarını göstərir. Təbii ki, daha
çox zahiri effektə əsaslanan bu dəyişikliklərin
yalnız Müəllim Cövdətin, yaxud onun həmfikirlərinin
bir illik fəaliyyətinin bəhrəsi saymaq düzgün
olmazdı. O biri tərəfdən məzhəb
qarşıdurmaları Azərbaycan türkləri
üçün heç vaxt prinsipial məsələ
sayılmamışdı. Siə, yaxud sünni
olmaları onların özlərindən daha çox “ayır
və buyur!” siyasətini həyata keçirmək istəyən
müstəmləkə məmurlarını
maraqlandırmışdı. Şiələrin
və sünnilərin ayrı-ayrılıqda təhsil
almaları üçün Tiflisdə Əli və Ömər
məktəblərinin qurulması da məhz bu qara niyyətdən
irəli gəlmişdi.
Maraqlıdır ki, Əhməd Ağaoğlu da
Bakıda Darülmüəllimat qurulmasını, həm də
bu təhsil ocağının uzunmüddətli səmərəli
fəaliyyətini gerçək fakt kimi qələmə
vermişdi.
O, Müəllim Cövdətin bir çıxışı
münasibətilə əsas müəlliflərindən
olduğu “Hakimiyyəti-milliyyə” qəzetində (10 yanvar
1918-ci il sayı) yazırdı:
“Bən dün Cövdət bəyi dinlərkən bu
hadiseyi - təhəttür (örtülü qalan hadisə) və
on dörd sənə əvvəlki maziyə (keçmişə)
ricayi-nəzər ediyorum. Təyyedilmiş (keçilmiş)
olan yol nə qədər uzundur! O cənabi-ağalardan
Kafkasiyada bu gün əsər belə qalmamışdır. Cövdət bəyin qurmuş olduğu
Darülmüəllimin vəsi (geniş) bir müəssisə
şəklini almışdır. Buradan nəşət
etmiş yüzlərlə əfəndi Kafkasiyanın müxtəlif
köşələrinə, mərkəzi aşaraq
Türküstanın hər tərəfinə türk
irfanını saçmışlardır. Bu gün bir çox yövmü (gündəlik) türk
qəzetləri, məcmuələri, risalələri nəşr
olunuyor və bütün o aləm İstanbuldakı qəlbin
həyəcanı ilə yaşayırlar. Bütün o yerlərlə canlı yaşayan
ocaqlar şölələnmiş və bütün o ocaqlar hərarətlərini
yenə buradan alıyorlar. Osmanlı
Darülmüəlliminin mənkibəsi (tarixçəsi)
zikr olunurkən bütün bu xüsusların unudulmaması
icab edər”.
Fikrimcə, burada söhbət daha çox Müəllim
Cövdətin də iştirakçısı olduğu tarixi
prosesdən - milli təhsil yolu ilə Azərbaycanda
türkçülük ruhunun, milliyyət duyğusunun
oyandırılmasından gedir. “Həyat”dan, “Füyuzat”dan,
“İrşad”dan keçən, ana dilli məktəblər
vasitəsi ilə daha böyük toplumu əhatə edən və
başlıca mərkəzlərindən biri Bakı olan bu hərəkat
həqiqətən də türk dünyasının mənəvi
birliyində, təsirli qüvvəyə
çevrilməsində mühüm rol oynamışdı.
Darülmüəllimata gəldikdə isə onu yüksək
tələblərə cavab verən müəllimlər
seminariyası halına gətirmək mümkün
olmamışdı. Bu təhsil ocağı ən
yaxşı halda Əhməd Kamalın da etiraf etdiyi kimi,
müvəqqəti olaraq müəllim hazırlayan kurs
funksiyasını yerinə yetirmişdi. Əhməd Cəfəroğlu
da Darülmüəllimatdan daha çox müvəqqəti
kurslar kimi bəhs açır: “Məktəb ilk öncələri
ancaq otuz kişi (nəfər) üçün idi. Proqram isə altı aylıq bir kurs mahiyyətində
bulunurdu. İlk müdavimləri türk
köy məktəbləri müəllimləri idi”. Darülmüəllimat adı ilə
açılan tədris ocağı bir müddət sonra
ibtidai sinif müəllimləri hazırlayan kurs mahiyyətini də itirərək
sadəcə milli ruhlu məktəblərdən birinə
çevrilmişdi.
Təşəbbüsün
uğursuzluqla nəticələnməsi 1908-ci il
noyabrın 3-də Müəllim Cövdət Bakıdan gedərkən
“Nəşri-maarif” cəmiyyəti tərəfindən verilən
sənəddən də məlum olur. İdarə heyətinin
sədri Hacı Zeynalabdin Tağıyevin, heyət üzvü
İskəndər bəy Məlikov və katib Cəfərzadənin
imzaladıqları arayışın əvvəlində
türk pedaqoqun gəlişini zərurətə çevirən
amilə diqqət çəkilmişdi: “Kafkasiyanın ən
parlaq bir mərkəzi-müslimin olan Bakıda keçən
il bir Darülmüəllimini-islam açmaq təşəbbüsündə
bulunulmuş və bunun üçün İstanbula vəkil
göndərərək Darülmüəllimini-Osmaniyyə məzunlarından
İbn Sədi Mehmet Cövdət bəy cənablarını
şəhri (şəhər müəllimləri kimi) 172 rublə
müdirlik maaşı ilə dəvət etmişdik. Bu müəssisəyi açmaqda məqsədimiz əlan
(indi) Kafkasiyada, bilxassə Bakıda mərəzi-səri kimi
müntəşir olan (epilepsiya xəstəliyi kimi yayılan)
cəhalət və səfahətin təzayüdünü mən
etmək (artmasının qarşısını almaq) və
yaxşı ibtidai müəllimlər yetişdirərək
cabəca üsuli-cədidə üzərə (yerlərdə
yeni üsulla) məktəblər güşadı ilə
(açmaqla) tərbiyeyi-evladi-vətən eyləmək idi”.
Daha sonra etiraf olunurdu ki, niyyət xeyirxah olsa da,
mühüm işə lazımi səviyyədə
hazırlıq görülməmişdi. İlk növbədə məktəbin
gələcək tələbə kontingenti nəzərə
alınmamışdı: “Ancaq hər bir şeyin bir şərti-münasibi
olmaq qaidəsincə məzkur Darülmüəllimin əvvəlcə
iki-üç il tərbiyə görmüş və müsəlmanca
məlumatı artmış şagirdlər bulduqdan sonra
açılmaq lazımdı. Lakin bir xəta əsəri
olaraq vaxtsız güşad edildi. Mücərrəd
bu səbəbdəndir ki, güşadında lazım
olduğu qədər qabiliyyətli, savadlı şagirdan tədarük
edilmədi. Darülmüəllimin
mövcud iki ehtiyat şöbəsindəki az şagirdlə
dari-məzkurun birinci sinfini açmaq mümkün olmadı”.
Bütün
bunları nəzərə alan “Nəşri-maarif” cəmiyyəti
son toplantısında əslində tam gücü ilə fəaliyyət
göstərməyən qurumun maliyyələşməsini
dayandırmaq və izafi xərclərin
qarşısını almaq məqsədi ilə Müəllim
Cövdətlə anlaşmanın pozulmasını məqsədəuyğun
saymışdı: “Buna binaən məclis son ictimaında bu
iki şöbənin ayda 172 rublə alan bir müdirlə idarəsi
qabil olmadığına görə müdirliyinin ləğvi
ilə cənabi İbn Sədi Mehmet Cövdət bəyin
İstanbula övdətinə (qayıtmasına) və
özünə üç aylıq fəzlə məvacib ətası
ilə təfsiyyəsinə qərar verdi”. İş
təkcə maddi təzminatla bitməmişdi. Cəmiyyət
maarifin yayılması sahəsində göstərdiyi xidmətə
görə ona minnətdarlıq bildirməyi də
unutmamışdı: “Mümaileyh (adı çəkilən),
Cövdət bəy cənablarının məktəb naminə
səy və qeyrətindən məclis ümumən razı və
şu iftiraki-zərurisindən (bu labüd
ayrılışından) nəşi-mütəəssifdir”.
Göründüyü kimi, Müəllim Cövdətin
Azərbaycanı tərk etməsini onun siyasi
baxışları ilə əlaqələndirmək
inandırıcı görünmür. Hər
hansı təqib və basqılar olduğunu söyləməyə
də ciddi əsas yoxdur. Doğrudur,
özü Türkiyədə qələmə
aldığı tərcümeyi-halında Qafqazdan “rus təzyiqi
altında ayrıldığını” iddia etmişdi. Türk həmkarını yaxşı tanıyan
Əhməd Cəfəroğlu da “Cövdətin Azərbaycanda
açdığı ilk Darülmüəllimatın pəncərələri
az zaman açıq qaldıqdan sonra rejimin yeni rüzgarı
ilə qapandı” - sözlərini yazmağa özünü
haqlı saymışdı.
Əlbəttə, mətləb düşündürücüdür. Rus hakimiyyətinin
daim “pantürkizm” xofu ilə yaşadığını diqqətə
alsaq, bəlkə deyilənlərdə müəyyən həqiqət
var. “Nəşri-maarif” cəmiyyətinə türk pedaqoqla
üzülüşmək barəsində müəyyən
siqnallar göndərildiyini də istisna etmək olmaz.
Amma o da həqiqətdir
ki, həmin dövrdə Bakıda Darülmüəllimat
qurmaq üçün Müəllim Cövdətin
özünün və onu dəvət edənlərin yetərincə
hazırlığı yox idi. Hər şey daha
çox şövqə, istəyə əsaslanırdı. Azərbaycan maarifinin
ilk türk müəllimi üzərinə Mirzə Fətəlinin
məşhur sözləri ilə desəm, “bir nümunə
göstərmək, baniyi-kar olmaq” vəzifəsi
düşmüşdü. Həm də
çox qısa müddət fəaliyyət göstərməsinə
baxmayaraq Darülmüəllimat cəmiyyətdə türk
sevgisi, türklüyə dönüş
qığılcımlarını alovlandıra bilmişdi.
Siyasətə gəldikdə
isə Müəllim Cövdət tarixi vətənində də
heç vaxt siyasətlə maraqlanmamışdı. Osmanlı imperiyasının süqutu, Türkiyə
Cümhuriyyətinin tarix səhnəsinə gəlişi kimi
milyonlarla türk insanını ayaqda tutan möhtəşəm
hadisələr onu hər hansı simpatiya, yaxud antipatiyanın
ifadəsinə vadar edə bilməmişdi.
Eyni zamanda Azərbaycana bəslədiyi böyük
sevgini də qətiyyən örtülü
saxlamamışdı. “Cövdət çox qədirşünasdı,
- deyə dostu Osman Ergin yazırdı. - O, hasletini (təbiətini,
xasiyyətini) bunda da göstərirdi. Azərilər
yapdığı hizmətdən dolayı Cövdətə
qarşı nə qədər minnət və şükran
hissi besliyorlarsa Cövdət də onlar haqqında bu vəziyyətdən
dolayı ayni şükran hisslərini daşıyordu. Cövdət azəriləri bir vətəndaşı
gibi deyil, hətta bir həmşəhərlisi qədər sevərdi”.
lll
Müəllim Cövdət Bakıya təkcə öyrətməyə
gəlməmişdi. Özü də burada bir xeyli yeniliklərə
aşina olmuş, Azərbaycan ziyalılarını daha
yaxından tanımış, rus və Qərb mədəniyyəti
ilə sıx təmas qurmaq imkanı qazanmışdı.
İlk bioqrafı Osman Erginin yazdığına
görə, Əhməd Ağaoğlunun “İrşad” qəzetində
məqalələri çap olunmuşdu. Sonralar elmi fəaliyyəti,
xüsusən də mənbəşünaslıq və
kitabşünaslıq sahəsindəki
araşdırmalarının əsasında dayanan ərəb-fars
dilləri ilə bağlı biliklərini də Bakıda təkmilləşdirmişdi:
“Üçüncü kılavuzum (yol göstərənim)
Bakı mühitidir. Bakıda təmas etdiyim
axundlarla bir kaç Dağıstan müdərrisi bənim
üzərimdə mütəəssir oldular. Bunlarla ərəbcə və farsca konuşmağa və
ara-sıra mühabereye (xəbərləşməyə,
yazışmaya) məcbur olurdum. Fəzlə
olaraq azərilərin əhvalı, dili və tarixi üzərinə
uğraşmağa başladım”.
Ənənəvi Şərq təhsilinin müqayisəsi
zamanı Müəllim Cövdət üstünlüyü
Bakı və ümumən Qafqazda mövcud olan metodikaya
vermişdi. Çünki burada yerli ədəbiyyat biliciləri
və üləmalarla apardığı fikir mübadilələri
İstanbul təhsilinin qüsurlarını üzə
çıxarmışdı. Odur ki, vətənindəki
Şərq təhsilinin naqisliyindən söz açaraq
yazırdı: “Fəqət divan ilə şərihin (şərhlərin)
mütaliəsi Kafkasiya mühitində etdiyim istifadənin
yarısını belə mənə verməmişdi. Bizim
İstanbul müdərrisləri əksəriyyətlə ərəb
və fars dillərini konuşamazlar və
yazamazlar. Hətta türkcəyi belə layiqi ilə
yazamazlar. Halbuki Bakıda axundlar və
Dağıstanda müdərrislər ərəbcə və
farsca konuşarlar və yazarlar”.
1907-ci
ilin yayında, tədris ili başa
çatdıqdan sonra Müəllim Cövdət Rusiya səyahətinə
çıxmışdı. Özünün
yazdığına görə Rusiya dairələrində
geniş əlaqələrə malik tacir, Bakı
Dumasının qlasnısı İskəndər bəy Məlikovun
(məşhur fransız türkoloq İren Melikoffun atası -
V.Q.) yardımları ilə Yasnaya Polyanada Lev Tolstoyla görüşmüşdü.
Peterburqda rus şərqşünası, akademik
V.V.Bartoldla tanışlıq imkanı əldə etmiş, hətta
qədim əlyazmalardan birinin düzgün oxunmasında
ünlü alimə yardım göstərmişdi. Bütünlükdə isə zaman məhdudluğuna
baxmayaraq Bakı onun Rusiya və Qərbə
yaxınlaşmasında əlverişli mühitə
çevrilmişdi. Həyatının sonunda qələmə
aldığı tərcümeyi-halında bu mühüm cəhətə
diqqət yetirərək yazırdı: “Bakıda rus və latın
lisanlarını təhsil fürsəti də vardı. Ruscada xeyli irəliləmişdim. Latıncam da zərərsizdi. Fəqət
Kafkasiyadan rus təzyiqi ilə ayrılışım, xəstələnməyim
və bu iki dili illərlə təqib etməməyim
onların feyzindən bəni məhrum etmiş gibidir”. “Rusiyada zehnim
çox açıldı” - etirafını dilə gətirən
müəllif yalnız elmi, yaxud maddi cəhətdən deyil,
dünyagörüşünün inkişafı, ictimai-siyasi
proseslərə maraq baxımından Azərbaycanda
keçirdiyi bir ilin hər cəhətdən faydalı
olduğunu vurğulamağı lazım bilmişdi.
Müəllim Cövdət Azərbaycanı tərk edəndən
sonra Bakı ilə, ilk növbədə də
ağsaqqalı və xeyirxahı saydığı Hacı
Zeynalabdin Tağıyevlə əlaqələri kəsməmişdi. İstər
Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti
zamanında bu qeyri-adi insan barəsində dəfələrlə
mətbuat səhifələrində söz açmış,
onu Türkiyənin və digər türk məmləkətlərinin
zənginlərinə örnək göstərmişdi.
Bakıda başlanan ata-oğul rəftarı qədər
səmimi münasibətlər Müəllim Cövdətin
Hacı Zeynalabdinə ünvanladığı məktublarda
öz əksini tapıb. Belə məktubların birini türk tədqiqatçısı
Osman Ergin bir neçə dəfə əsas qaynaq kimi üz
tutduğum “Müəllim Cövdət. Həyatı,
əsərləri və kitabxanası” məcmuəsində dərc
edib. Dəqiq tarixi göstərilməsə
də, məzmunundan məktubun artıq Azərbaycan
Cümhuriyyəti qurulandan sonra yazıldığı
aydın olur. Bu maraqlı sənəd
müəyyən mənada həm də təqdimat xarakteri
daşıyırdı. Mehmet Cövdət
İstanbulda və Almaniyada mükəmməl pedaqoji təhsil
almış üç nəfər türk gəncini
Hacıya təqdim edir və onların müstəqil Azərbaycanın
xalq maarifi sisteminin qurulmasında böyük fayda gətirəcəklərini
bildirirdi. Eyni zamanda milli dövlətçiliyin
guşə daşlarını qoyanların önündə
Hacının özünün gəldiyinə də xüsusi
bir qədirşünaslıqla işarə olunurdu. Səmimi
minnətdarlıq duyğusu ilə qələmə alınan
məktubda deyilirdi:
“Hacı
Cənabları!
Həmən hər kəsdən əvvəl Kafkasiya
müsəlmanlarının tərəqqisi üçün rəhbərlik
edən sizsiniz. Sənələrcə davam edən
çalışmanızın Cənabi-Haqq meyvəsini verdi. Rusiya və Avropa
darülfünunlarında, sənaye məktəblərində
paranızla oxutduğunuz gənclər bu gün Azərbaycanın
səadətini hazırlamaq üzrə iş başına gəldilər.
Sizin qoruduğunuz mühərrirlər, müəllimlər,
tələbələr yeni türk elinin xadimləri
bulunuyorlar. On dörd, on beş sənə
əvvəl açılmasına yardım etdiyiniz Bakı Nəşri-Maarif
Cəmiyyətinə aid Darülmüəllimini idarə edərkən
bu milli eşqinizi yaxından görmüş, zati-əsilanələrinizə
minnətdar qalmışdım. Tanrı Təala
həzrətlərinə çox şükür ki, on
dörd ildir xəyali-əzizini qəlbimdə
daşıdığım cənabınıza yeni övladlar
təqdim etməyə (söhbət artıq Azərbaycan
Cümhuriyyətinin açdığı məktəblərdə
çalışmaq üçün Bakıya göndərilən
müəllimlərdən gedir - V.Q.) müvəffəq
oluyorum. Sami, Kamal, Fəthi adlarını daşıyan
bu gənclər İstanbul darülmüəllimindən
çıxdıqdan sonra Almaniyanın Etlingen Darülmüəllimində də bulunmuşlardır. Bakıda milli məktəblər açılırkən
və türk dili, türk kültürü bunlarda
yaşatılırkən bu zəki və namuslu müəllimlərə
çox ehtiyac olacaqdır. Kafkasiyanın hər
dərdinə dava bulmaq istəyən və hər növ təkəmmülündən
sevinən zati-dövlətlərinə bu bir sürü fəzilət
gənclərini tanıdırkən sizə salamlar və on
dörd illik hicran işində məhbus qalan hörmətlərimi
ərz eyləyirəm”.
Osman Ergin xatırlayırdı ki, “Cövdət
Bakıda bulunduğu müddətcə Zeynalabdin
Tağıyevə son dərəcə minnətdar
qaldığını, ondan çox iyilik və ehsan
gördüyünü sağ ikən anladırdı. Hələ
Tağıyevin adını nə zaman anmaq lazım gəlsə,
“rəhmətullahi-ali” və “cənnətməkan” təbirlərindən
birini tərdif etmədən (dilinə gətirmədən)
söyləməzdi”. Öz növbəsində
Hacı nəvəsi yerində olan bu türk gəncini səxavətlə
qarşıladığı kimi eyni əliaçıqlıq
və comərdliklə də yola salmışdı.
Burada topladığı paralar, xüsusilə də əlavə
üç aylıq maaş həcmində təzminat
alması nəticəsində Mehmet Cövdət Bakını
tərk etdikdən sonra bir neçə ay Qərbi Avropa
ölkələrində, ilk növbədə isə
İsveçrə və Fransada yaşayıb çağdaş
pedaqoji təlimləri mənimsəmiş, bilik və təcrübəsini
artırmışdı.
Artıq
Türkiyə Cümhuriyyətinin zamanında çox
güman, azərbaycanlı siyasi mühacirlərin təklifi
ilə Müəllim Cövdət Bakıda keçirdiyi
günlər və Azərbaycanın irəli gələn
insanları ilə birlikdə gördüyü işlər
haqda xatirələrini “Yeni Kafkasiya” məcmuəsi
üçün qələmə almağa
başlamışdı. “Bir hökmdar sarayı qədər
böyük və o nisbətdə təşrifata tabi olan
mülkünə getdiyi zaman Tağıyevin onu hər kəsə
tərcihən və təqdimən yanına
çağırıb dizinin dibində oturtduğunun” fəxrlə
vurğulandığı bu yarımçıq qeydlərdə
də Hacı böyük sayğı ilə
anılırdı: “Məni oğlu gibi sevdiyi
üçün həftədə iki dəfə xüsusi
olaraq çağırır və tarix oxutdururdu. Qapısında müsəlləh dörd kazak nəfəri
bəkləyən, idarəxanəsi tıpkı Banki-Osmanuiiə
gibi işləyən bu zənginin mülkündə
yaşadığım anları yad edərək
ağladım”.
Nəhayət, Hacı Zeynalabdinin vəfatı da Müəllim
Cövdətin diqqətindən yayınmamışdı. O, türk filosofu və
ictimai xadim Abdulla Cövdətin “İctihad” dərgisində (1
aprel 1925-ci il, sayı 177) azərbaycanlı
zənginin həyatından, xalqına
bağlılığından, xeyirxah əməllərindən
söz açan “Sahibül-xeyrat Hacı Zeynalabdun mərhun”
adlı ayrıca vida məqaləsi ilə
çıxış etmişdi.
Bir maraqlı məqama da diqqət yetirmək yerinə
düşərdi. Müəllim Cövdətin Bakıda qurduğu məktəbin
şagirdləri arasında gələcəyin
tanınmış Azərbaycan dramaturqu Cəfər
Cabbarlı da olmuşdu. Tam yəqinliklə demək
mümkündür ki, gənc Cəfərin atəşin
türkçü kimi formalaşmasında türkiyəli
pedaqoqun müəyyən pozitiv təsiri
danışmazdır. Böyük dramaturqun həyatı
haqqındakı “Bahar oğlu” romanının müəllifi
Seyfəddin Dağlı bir tərəfdən dövrün
ideoloji qəliblərindən çıxış edərək,
o biri tərəfdən isə çox güman, öz
subyektiv baxış bucağından yanaşaraq Müəllim
Cövdəti əsərində Bakı cəmiyyətində
ciddi qarşılanmayan, sərsəm türkpərəstlik
ideyasının yayıcısı kimi tanınan, Azərbaycan
gənclərinin beynini zəhərləyən Cüllüt bəy adı
altında məsxərəyə qoymuş, ələ
salmışdı...
lll
Türkiyəyə döndükdən sonra Mehmet Cövdət təxminən 25 il ərzində orta məktəblərdə, müxtəlif profilli litseylərdə, İstanbul Darülmüəllimatında müəllimlik etmişdi. Oxutduğu dərslər sırasına türk dili və ədəbiyyatı, Osmanlı tarixi, dini elmlər, coğrafiya, fransız və fars dilləri, yazı növləri daxil idi. “Böyük məcmuə”, “Dərgah”, “Müəllimlər məcmuəsi”, “Tənin”, “Təhsili-ibtidaiyyə”, “Yeni nəsil”, “Türk tarixi, coğrafiya və arxeologiya dərgisi” kimi dövrü nəşrlərdə pedaqogikaya, təhsil metodikasına dair onlarla məqaləsi dərc olunmuşdu.
Çağdaş Türkiyədə arxivşünaslıq və kitabxana işinin elmi əsaslarla qurulması böyük ölçüdə Müəllim Cövdətin adı və fəaliyyəti ilə bağlıdır. Onun qiymətli əlyazmaları da daxil olmaqla 11 min cilddən ibarət şəxsi fondu hazırda İstanbul Bələdiyyə Kitabxanasının mühüm bölümünü təşkil etməkdədir.
Həyatının son üç ilini Başbakanlıq Tarixi Əvraqı İncələmə Kurulunun (Baş nazir yanında tarixi sənədləri araşdırma qurumu) rəisi və İstanbul Kitabxanaları Təsnif Heyətinin üzvü kimi milli sərvətlərin qorunmasına, sistemləşdirilməsinə həsr etmişdi. Türk mənbələrində də göstərildiyi kimi, məhz Müəllim Cövdət 1933-cü ildə “İstanbul Dəftərdarlığı Xəzinə Dairəsindəki 400 sandıq tarixi vəsiqələrin Bolqarıstana satıldığını” eşidən kimi həyəcan təbili çalmışdı. Dövrün baş naziri İsmət İnönüyə, Türk Tarix Qurumuna və Bolqarıstan Türk Cəmiyyətinə teleqramlar göndərərək cinayət səviyyəsindəki səhlənkarlığın qarşısını almağa çalışmışdı. Nəticədə sənədlərin bir hissəsini xilas etmək mümkün olmuşdu. Bu təsadüfdəki ən böyük uğur isə hökumətin 1934-cü ildə dövlət sənədlərinin qorunması ilə bağlı xüsusi qərarının qəbul edilməsi sayılmalıdır.
Yenidən Müəllim Cövdətin milli maarifimiz qarşısındakı xidmətlərinə qayıdaraq qeyd etmək lazımdır ki, bəlli səbəblərdən Sovet Azərbaycanında onun hətta adını çəkməyin mümkün olmadığı dövrdə mühacirətdə ölkəmizi, mədəniyyətimizi təmsil edən görkəmli şəxsiyyətlərimiz qiymətini böyük səxavət və qədirşünaslıqla vermişdilər. Bu münasibətlə yenə Əhməd Cəfəroğlunun qeydlərinə diqqəti çəkmək istərdim: “Cövdət kəndisindən bəklənən bütün hizmətləri bila-mübaliğə yapdı. Yeni vətəninə çox çabuq isindi. Haluk (xoş xasiyyətli) təbiəti ona acüllüyün mazerretlərini (tələskənlik üçün üzrxahlıq) əsla daddırmamış olacaqdır ki, böyük bir səbirlə bütün müşkülatları yendi. Azərbaycanın Bakısında böyük bir məhəbbət qazandı. O, yerli qüvvələrdən istifadə etmək yolunu bildi. Hər kəndisinə mütəxəssis süsü verənlər gibi qarşısına gələn heç bir qüvvəti buynuzlamadı, əksinə olaraq oxşadı, kəndisini sevdirdi və Azərbaycan üçün həm kəndi, həm azərilərin bilgisini varlığı ilə sərf etdi. Cövdət mürəbbilik sirrinə kəlmənin tam mənası ilə vaqifdi. Əməkdar xoca Azərbaycanın inkişafında və yüksəlişində kəndi varlığını qoymaqdan çəkinmədi. Qədirşünas azəri kəndi böyüklərini əsla unutmadığı kimi Cövdətin də Azərbaycan üçün yapdığı iyilikləri və xidməti heç bir zaman unutmayacaqdır. Əl verir ki, bu qədirşünaslığı göstərəcək fürsət ələ düşsün”.
Əhməd Cəfəroğlu yaxşı başa düşürdü ki, Sovet rejiminin, kommunist ideologiyasının mövcudluğu şəraitində Müəllim Cövdətin adının və xidmətlərinin ölkəmizdə layiqli qiymətini alması müşkül məsələdir. Ona görə də şəxsi minnətdarlığını ifadə etməklə bir sırada millət səviyyəsində şükranlıq və təşəkkürü Azərbaycan türklərinin yenidən öz milli köklərinə qayıdacağı, talelərinin sahibi olacağı günə bağlamış, müvafiq şərait yaranan kimi xalqımıza xas qədirşünaslığın mütləq aşkara çıxacağına ümidini itirməmişdi...
P.S. XX əsrin əvvəllərində Azərbaycanın maarif və mədəniyyətində mühüm yer tutan, fəaliyyət göstərdiyi dövrdə mənəviyyat və milli pərvəriş ocağına çevrilən digər Darülmüəllimata (qızlar üçün) gəldikdə isə, o, milli ziyalıların səyi ilə 1922-ci ildə Sovet Azərbaycanında quruldu. Heç şübhəsiz, burada on beş il əvvəlki tarixi təcrübənin də müəyyən rolu, təsiri yox deyildi.
Avqust, 2015. Budapeşt
Vilayət QULİYEV
525-ci qəzet.-
2015.- 19 sentyabr.- S.18-19