Dərslik - hər kəs üçün
Özünün bütün fəaliyyət istiqamətləri
ilə dünyaya tam müstəqil bir dövlət kimi
inteqrasiya olunmuş Azərbaycanın siyasi, ictimai, iqtisadi
çalarları ilə elmi təhlilə cəlb edilməsi
bu günün çox aktual məsələlərindən
biridir.
Əlbəttə,
ölkəmizin dünya çapında getdikcə daha
çox hiss olunması, bir çox siyasi, iqtisadi məsələlərdə
dövlətimizin rəyinin xüsusi nəzərə
alınması kimi proseslərin genişlənməsi ölkə
rəhbərliyinin ardıcıl və mükəmməl
siyasi fəaliyyətinə bağlıdır. Lakin
artıq özünün müstəqil düşüncəli
siyasətlə məşğul olan kadrlarını
yetişdirməkdə olan Azərbaycan bu dövləti
aşağıdan yuxarıya idarə edən və gələcəkdə
idarə etməli olacaq dövlət idarəçilik
kadrlarının daha savadlı, daha səriştəli və
ciddi vətəndaşlıq səyləri ilə seçilməsini
təmin etməlidir.
Hər an dəyişən dünyada və bu dəyişmələrdə
daha çox öz hegemonluğunu artırmaq iddiasında olan
dövlətlərin yaratmaqda olduqları siyasi narahatlıqlar
fonunda müasir Azərbaycan vətəndaşı öz
ölkəsinin sabahını dəqiq görməli və
davamlı inkişafın fonunda baş verə biləcək hər
cür narahatlıqların qarşısını almağa
hazır olmalıdır. Sovet dövründə
ayrı-ayrı milli respublikaların diplomatik kadr
hazırlığı Kommunist Partiyasının ideoloji
tribunası rolunu oynayan Ali Partiya Məktəbləri,
birbaşa Moskvanın nəzarətində olan Beynəlxalq
münasibətlər məktəbi kimi təhsil ocaqları
vardı ki, bu məkanda oxumaq da adi adamlara nəsib olmurdu.
Müstəqil ölkəmizin bu gün Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Ali Diplomatiya Akademiyası, Bakı Dövlət
Universiteti nəzdində Beynəlxalq münasibətlər
fakültəsi və digər universitetlərdə fəaliyyət
göstərən müvafiq təhsil qurumları indi
savadlı milli diplomatlarımızın
hazırlanmasını həyata keçirir. Bu
işin uğurlu təminatçısı bir tərəfdən
adı çəkilən tədris müəssisələri,
müəssisələrdəki müəllim kadrları, digər
tərəfdən mükəmməl dərsliklərdir.
Aydın məsələdir ki, dövlətimizin
müasir fəaliyyət istiqamətini müəyyənləşdirən
və ölkəmizi müxtəlif diplomatik sahələrdə
təmsil edən kadrların hazırlandığı bu tipli
təhsil ocaqları üçün müasir tələblərə
cavab verən dərslik və dərs vəsaitləri təkcə
kitablardan, xarici ədəbiyyatdan, elmi tədqiqatlardan
alınan biliklə meydana çıxa bilməz. Bu cür əsərlərin mükəmməlliyi həm
də və yəqin ki, daha çox dərslik müəllifinin
şəxsi təcrübəsindən asılı olur. Azərbaycan elmi-siyasi və ictimai mühitində bu
keyfiyyətləri özündə birləşdirən tədqiqatçılarımızdan
biri kimi tarix elmləri doktoru, professor Əli Həsənovun bu
sahəylə bağlı dərsliklərin yaranmasında
xüsusi xidmətləri var.
Əli Həsənovun Azərbaycan diplomatiyası sahəsindəki
tədqiqatları - dərslik, dərs vəsaiti və
monoqrafiyalarının uğurunu təmin edən əsas faktor
həm də bu əsərlərin müəllifinin
özünün praktik fəaliyyəti ilə çox
bağlıdır. Moskva Dövlət Universiteti kimi fundamental
bir elm və təhsil müəssisəsini həm tələbə,
həm də aspirant olaraq bitirmiş Əli Həsənov tarix
elmləri doktoru, professordur. Azərbaycanın
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının müdiridir. Digər tərəfdən,
Əli müəllim təxminən iyirmi ildir ki, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri vəzifəsində
çalışmaqdadır, hazırda isə həm də Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi kimi son dərəcə məsuliyyətli
bir vəzifəni yerinə yetirməkdədir. Əlbəttə,
Əli müəllimin fəaliyyəti və bioqrafiyası bir
ictimai xadim kimi Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur.
Lakin bu məqamda onun bir alim və bir dövlət
məmuru kimi bioqrafik faktlarını yenidən
xatırlatmağımız onunla əlaqədardır ki, oxucu
bu məhsuldar alimin praktika ilə necə ahəngdar
bağlı olduğunu bir daha xatırlasın.
Xüsusi qeyd edək ki, Əli Həsənovun bir alim
kimi tədqiqatçılığı, çoxsaylı
kitablarının başlanğıc çağı onun məhz
Prezident Administrasiyasında işə başladığı
zamanla çox bağlıdır. Əli Həsənov
elmdə qazandığı - həm də qısa zamanda
qazandığı bilikləri praktikadan gələn faktlarla
birləşdirərək 1995-2015-ci illər arasında 22
kitab hazırlayıb nəşr etdirmişdir. Bu əsərlərin hamısı Azərbaycanın
dövlətçilik tarixinə düşəcək, milli
taleyimizlə bağlı elmi-praktik əhəmiyyət
daşıyan kitablar səviyyəsindədir. Bu sətirlərimizdəki epitetlərin tamamilə
yerində olduğunu bir daha sübut etmək üçün
alimin həmin əsərlərinin yalnız dərsliklərlə
bağlı siyahısını verməyi lazım bildik.
Oxucudan dərsliklərin adlarına - mövzu
dairəsinə xüsusi diqqətlə yanaşmasını
xahiş edərdik. Beləliklə, tarix elmləri
doktoru, professor Əli Həsənovun dərslikləri:
“Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti” (Azərbaycan və rus dillərində), “Azərbaycanın
və xarici ölkələrin siyasi sistemləri”, “Geosiyasət”
(Azərbaycan və rus dillərində), “Dünya ölkələrinin
müasir siyasi sistemləri”, “Müasir beynəlxalq münasibətlər
və Azərbaycanın xarici siyasəti” (Yenilənmiş, təkmilləşdirilmiş
- Azərbaycan və rus dillərində) və “Azərbaycanın
geosiyasəti”.
Əli Həsənovun fundamental tədqiqat obyektləri
bir-birinə yaxın olan və bir-birini tamamlayan beynəlxalq
münasibətlər sistemi və geosiyasət sahələridir. Dünyanın və həmin
kontekstdə Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yeri, ölkəmizin geosiyasət konsepsiyası
kimi bu günümüz üçün taleyüklü əhəmiyyət
daşıyan problemlərə Əli Həsənovun təkcə
bir alim-tədqiqatçı kimi deyil, həm də ciddi vəzifələr
daşıyan dövlət xadimi, ictimai xadim kimi xüsusi
marağı heç də təəccüblü deyil. Əli müəllim yaxşı bilir ki, bu gün Azərbaycanda
ictimai elmlərin bir çox sahələrinin yeni zaman
kontekstində fundamental və obyektiv şəkildə işlənməsinə
böyük ehtiyac duyulur. SSRİ dövründə
sırf ideoloji kanonlar və partiya sifarişləri ilə aparılmış tədqiqatların,
yazılmış dərslik və monoqrafiyaların
böyük əksəriyyəti bu gün makulatura keyfiyyəti
daşımaqdadır. Saxta ideoloji sifarişləri postulatlar səviyyəsində
cəmiyyətə təqdim edən elmi kommunizm, partiya tarixi,
siyasi (?) iqtisad, Marksizm-Leninizm fəlsəfəsi və s. tipli
tədris fənlərini və “elmi” ədəbiyyatı Qərb
standartlarına uyğun və əsl həyatı əks etdirən,
yeni cəmiyyətin tələblərinə cavab verən
keyfiyyətli elmi araşdırmaların əvəz etməsi
prosesi də baş verməkdədir. Əlbəttə,
ictimai elmlərin keçmiş nəzəri kanonlarından
birdən-birə çıxmaq heç də hamıya
müyəssər olan keyfiyyət deyil. Bunun
üçün yeni təfəkkür tərzi, yeni
düşüncə və ən əsası, müasir
dünyanı duymaq bacarığı çox vacibdir. Azərbaycanda belə bir elmi təfəkkür tərzi
işığında fundamental əsərlər ortaya
çıxmaqdadır. Bu sırada professor
Əli Həsənovun həm də “Müasir beynəlxalq
münasibətlər və Azərbaycanın xarici siyasəti”
adlı fundamental dərsliyi xüsusi qeyd edilməlidir.
Əvvəlcədən
deyək ki, beynəlxalq münasibətlər kimi özündə
çox ciddi elmi, siyasi, kulturoloji bir yük
daşıyan anlayışın nəinki araşdırma
faktları, hətta bir leksik söz birləşməsi şəkli
də Azərbaycan gerçəkliyi üçün yenidir. Niyə yenidir? Bu sualın
cavabı da məlumdur. Cəmi 10-15 il
bundan əvvəl bütün Sovet respublikalarının xarici
siyasəti yalnız deklorativ mahiyyət
daşıyırdı. Bu respublikaların “əvəzindən”
bütün beynəlxalq münasibətləri Moskva
özü aparırdı. Ona görə də
təkcə Azərbaycanda deyil, bütün Sovet respublikalarında
beynəlxalq münasibətlər sisteminə elmi cəhətdən
də böyük bir etinasızlıq olmuşdur. Deməli, bu sahədə aparılacaq elmi
araşdırmalarda müəllif, əslində,
sıfırdan başlamalı olur.
Bu sətirlərin
müəllifinin Əli Həsənovun bütün
kitabları və xüsusilə dərslikləri barədə
geniş məlumatı var. Ona görə də Əli müəllimin
bir tədqiqatçı alim kimi Azərbaycan dövləti və
dövlətçiliyi, xarici ölkələrin Azərbaycana
və Azərbaycanın dünya dövlətləri sisteminə
münasibəti ətrafında elmi konsepsiyasına yaxından
bələddir. Bu konsepsiya müasir Azərbaycanın
arxitektoru Heydər Əliyevin dövlət quruculuğu siyasəti
kontekstində formalaşıb və Ümummilli liderimizin
dövlətçilik konsepsiyası Əli Həsənovun
elmi-nəzəri müddəalarına kod rolu
oynamışdır. Bütün dediklərimizin
bariz nümunəsi kimi alimin bu yaxınlarda çapdan
çıxmış “Azərbaycanın geosiyasəti” dərsliyi
ətrafında geniş dayanmaq istərdik.
İlk növbədə qeyd edək ki, Əli müəllimin
2005 və 2012-ci illərdə nəşr etdirdiyi “Geosiyasət”
dərsliyi əslində geosiyasətin ümumi nəzəri
aspektlərini geniş şəkildə ortaya qoymuşdur. Bu dərslikdə Əli Həsənov
geosiyasətin tarixi köklərini, qədim və orta əsrlərdə
geosiyasət ideyaları və nəzəriyyələrinin
gerçəkləşmə məqamları, ayrı-ayrı
ölkələrdə təzahür formatları, onun Şərq
və Qərb modelləri, klassik geosiyasətin Avropa,
Amerikadakı göstəriciləri, İkinci Dünya
müharibəsi dövründə dövlətlərin
taleyini həll edən geosiyasət, bizə qonşu olan
Rusiyanın, Türkiyənin bu sahədə fəaliyyəti
barədə geniş tədqiqat aparmışdır. Bu dərsliyin çox ciddi bir fəslini təşkil
edən geosiyasət elminin əsasları ilə bağlı səhifələr
bu mürəkkəb sahənin obyekt və predmetini,
kateqoriyalarını, qanunlarını, funksiya və
metodologiyasını geniş izah və təhlilləri ilə
oxucuya fundamental informasiyalar verir. Oxucu həmin
kitabda dünyanın geosiyasət strukturunun formalaşması,
müasir dünya sistemi və onun geosiyasət
reallıqları kimi maraqlı elmi təhlilləri tapır.
Göründüyü kimi, professor Əli Həsənov
qanunauyğun olaraq, əvvəlcə xüsusi bir kitabda
geosiyasətin bütün mahiyyətini təqdim edir və
yalnız bundan sonra məhz Azərbaycanın dünya sistemindəki
geosiyasətini tədqiqata cəlb edir.
Yuxarıda qeyd etdiyimiz kimi, “Geosiyasət” dərsliyinin əhatəli
təhlilləri birbaşa Azərbaycanın geosiyasəti
probleminin elmi-nəzəri və praktik istiqamətlərini əks
etdirən bu yeni dərslikdə termin ətrafında artıq
səhifələrə yer qoymur. Əsər birbaşa
Azərbaycanın geosiyasi maraqlarını və bu sahədəki
təcrübəsini tarixi-xronoloji tədqiqat prinsipi ilə
oxucuya çatdırır. Kitabın oxucuya nə
verdiyini və oxucu arealını nə dərəcədə
geniş nəzərdə tutduğunu dərsliyin anonsu daha dəqiq
təqdim edir: “Geosiyasət elmi beynəlxalq münasibətlərin
bütün səviyyələrində - ölkələrarası, təşkilatlararası,
hətta fərdlərarası əlaqələrdə,
ayrıca götürülmüş məkanlarda ətraf aləmin,
ümumi geosiyasi vəziyyətin düzgün qavranması, təbii,
ictimai və elmi məlumatların, innovativ biliklərin
dolğun qiymətləndirilməsi üçün
mühüm vasitə rolunu oynayır. Dövlət təhsil
standartlarına uyğun olaraq ali məktəblərin
müvafiq ixtisasları üzrə təhsil alan tələbə
və doktorantlar, ixtisaslaşmış akademiyaların dinləyiciləri
və elmi işçilər üçün dərslik kimi
yazılmış bu kitabdan həm də ictimai-siyasi xadimlər,
millət vəkilləri, dövlət qulluqçuları,
xarici siyasət, təhlükəsizlik və hərbi-geostrateji
planlama sahəsində çalışan mütəxəssislər
və ən geniş intellektual oxucu təbəqəsi - milli
elita istifadə edə bilər”. Əlbəttə,
kitabdan istifadə edə biləcək zümrənin konkret
ünvanında - məsələn, jurnalistləri də
mütləq göstərmək olar. Çünki
“Azərbaycanın geosiyasəti” dərslik
anlayışının tipoloji mahiyyətini özündə
əks etdirməklə bərabər, mövzunun
aktuallığı onu bütün ziyalı təbəqəsinin,
dövlətinə, dövlətçiliyinə məhəbbət
bəsləyən müasir ziyalı gəncliyin
DƏRSLİYİNƏ çevirir. Bəs
bu dərslik hansı konkret göstəriciləri ilə hər
kəsin stolüstü kitabı kimi qiymətlidir? Bu suala cavab vermək üçün əsərin məzmunu,
mahiyyəti ətrafında bəzi təhlilləri vacib
saydıq.
İlk növbədə qeyd edək ki, müəllif bu
kitabı “müstəqil Azərbaycan dövlətinin banisi -
Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə
ithaf” etmişdir. Bu sətirdə müəllifin Heydər
Əliyevə dərin hörmət və ehtiramı Azərbaycana
və millətə hörmət və məhəbbəti kimi
qəbul olunur. Lap cavan
çağlarından Heydər Əliyev kimi böyük
ictimai və dövlət xadiminin yanında diplomat kimi
çalışması Əli Həsənovun elmi, ictimai və
dövlət məmuru statusunu müəyyən etmiş və
bu fakt alimin, dövlət məmurunun ictimai hörmət
qazanmasına bilavasitə zamin olmuşdur.
“Azərbaycanın geosiyasəti” əsəri də
öz elmi xarakteri ilə milli dövlətçilik geosiyasətimizin
qədim çağlarından başlayır və Heydər
Əliyev fenomeni ilə, onun dövlətçilik
konsepsiyasını yüksək şəkildə davam etdirən
Prezident İlham Əliyev epogeyində tamamlanır.
Bu çoxəsrlik, çoxmərhələli geosiyasi
dönəmlərin fundamental elmi təhlilini vermək
üçün müəllif əsəri dörd bölməyə
və hər bölməni bir neçə fəslə
ayırmışdır. Bu bölmələr və fəsillərin hər biri
mühüm elmi mahiyyət daşımaqla, problemlərin oxucu tərəfindən
daha konkret və daha aydın anlaşılmasına xidmət
edir.
I bölmə “Azərbaycanın geosiyasi inkişaf tarixi
və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları”
adlanır.
Göründüyü kimi, müəllif elə ilk bölmədən
Azərbaycanın geosiyasi inkişaf tarixini tədqiq etməklə:
birincisi, bizim milli dövlətçilik tariximizin dərin və
qədim qatlarını təqdim edir və bu təqdimatla
milli dövlətçiliyimizin qədimliyinə şübhə
yaratmağa çalışan bədxahlara xüsusi mesaj
göndərir; ikincisi, millətə onun qədimliyini və
bu qədimlikdən başlayan dövlətçilik
bacarığı ətrafında xüsusi elmi izahları ilə
xalqımızda özünə bir qürur hissi yaradır. Azərbaycanın dövlətçilik ənənələrinin
tarixi köklərini tədqiq etmək H.Əliyevin belə bir
tezisindən irəli gəlir ki, “XX əsrdə bizim
qazandığımız uğurlar, o cümlədən,
müstəqil dövlət qurmaq əzmimizin köklərini
uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə
formalaşmış və təşəkkül
tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır”.
Ona
görə də “Azərbaycanın geosiyasi inkişaf tarixi”
adlı I fəsildə ölkəmizin qədim zamanlardan
Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti,
Cənubi Qafqazdakı geosiyasi mühit kontekstində Azərbaycan
gerçəkliyi, Xalq Cümhuriyyəti kimi müstəqil bir
Azərbaycan dövlətinin Qafqaz siyasətinə təsiri,
Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi manevrləri, bu
dövlətin iflası və bunun geosiyasi nəticələri
kimi fundamental problemlərin elmi tədqiqi, sözün həqiqi
mənasında, böyük əmək və bacarıq tələb
edir. Çünki belə bir tədqiqat təkcə
bir ölkənin - indiki halda Azərbaycanın deyil, diplomatik
manevrlərin aparıldığı digər dövlətlərin
də geosiyasi tarixini araşdırmağı, xarakterini tədqiq
etməyi zəruriləşdirir.
Əlbəttə, biz Azərbaycanın tarixi dövlətçilik
ənənəsi ilə, ölkənin digər dövlətlərlə
qədim dövrlərdəki geosiyasəti ilə nə qədər
qürur duysaq da, belə bir həqiqəti də etiraf etməliyik
ki, Azərbaycan özünün qeyd etdiyimiz kontekstdə
inkişaf prosesinin zirvəsini daha çox müasir dövrdə
yaşamaqdadır. Ona görə də dərsliyin müəllifi
arada məsafə qoymadan tarixi inkişaf mərhələlərinin
təhlilindən dərhal sonra inkişafımızın
müasir mərhələsinə keçir. “Azərbaycan Respublikasının müasir milli
inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri
və tələblri” adlanan ikinci fəsil çox ciddi bir
problemin elmi-politoloji təhlilini təqdim edir. Mən bu anda diqqəti fəslin sərlövhəsində
özünü göstərən “vəzifələri”
leksikonuna cəlb etmək istərdim. Çünki
bu söz əvvəlcədən belə bir qənaətə
gəlməyə imkan verir ki, müəllif faktların sadəcə
konstatasiyasından uzaq olub, özünün də dövlətin
inkişaf konsepsiyasına xidmət edən müddəalarını
ortaya qoyur. Bu yerdə yenə də Əli Həsənovun
səriştəli dövlətçilik təcrübəsindən
dərs aldığı böyük Heydər Əliyev məktəbini
yada salmaq zərurəti yaranır...
Müəllif ilk növbədə Milli inkişaf strategiyası
kimi mürəkkəb bir anlayışın elmi-politoloji
xarakterini verir.
Bu aydınlatmaya görə milli inkişaf strategiyası “hər
bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq
dairələrini və onların təminatını, beynəlxalq
aləm və region ölkələri ilə münasibətlərinin
taktikasını, vəzifələrini, yollarını, vasitələrini
və ehtiyatlarını, onu əhatə edən geosiyasi
subyektlərin hərəkətlərini və buna müvafiq
olaraq geosiyasi davranışını müəyyən edən”
bir faktordur. Habelə, məlum olur ki, milli
strategiya həm də milli inkişaf və milli təhlükəsizlik
kimi fundamental vəzifələrin həyata keçirilməsi
yollarıdır. Müəllif milli
inkişaf startegiyasının dövlət maraqlarına xidmət
edən cəhətlərini on mühüm müddəada
ümumiləşdirmişdir. Bu müddəalarda milli
inkişaf strategiyasının problemlərə elmi yanaşma
prinsipini formalaşdırmaq, təhlükəsizlik
konsepsiyasını meydana qoymaq, dövlətçiliyin
müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik,
digər vacib atributlarını hazırlamaq, insan və təbii
resursların səmərəli istifadəsini, dövlətin
və ictimai həyatın milli, hərbi, sərhəd,
iqtisadi, sosial, informasiya, ərzaq, enerji və s. sisteminin
uğurlarını təmin etmək, hərbi və sərhəd
təhlükəsizliyi doktrinalarını hazırlamaq,
ölkənin geosiyasi kodunun, xarici siyasət
konsepsiyasının yaradılması kimi mühüm məsələlər
əhatə olunur.
Daha sonra əsərdə Azərbaycan
Respublikasının milli inkişaf siyasətinin
formalaşması, onun əsas mərhələləri və
xarakterik xüsusiyyətləri açılır. Bütün bu elmi məsələlər
Heydər Əliyevin belə bir tezisi üzərində qurulur:
“... Müstəqilliyi qazanmaq, dövlətin tam
müstəqil olmasına nail olmaq üçün
xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq,
möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə
nail olmaq, vətəndaşlara müstəqil dövlət
şəraitində layiqli həyat şəraiti təmin etmək
daha çətindir”. “Azərbaycanın
geosiyasəti” əsərinin nəzəri əsasları
inkişafın bütün olmuş və olacaq mərhələlərində
Heydər Əliyevin bu fikrinin ardıcıl təmin
olunmasından keçir. Əli Həsənov
bir elm adamı və bir dövlət xadimi kimi keçdiyimiz və
keçəcəyimiz yolların strateji xəritəsini
cızmaqla dövlətini, vətənini sevənlər,
xüsusilə dövlətin və vətənin taleyinə
cavabdeh olanlar üçün H.Əliyevin
arzuladığı şəraitin necə yarandığı
və necə inkişaf edəcəyini göstərir.
Əlbəttə, dərslik ünvanlandığı
auditoriya üçün qoyulan problemin elmi-nəzəri cəhətlərinə
xüsusi diqqət yetirir. Lakin məsələnin
praktik tərəfinin göstəriciləri, misalları
olmasa, nəzəriyyə göydən asılı qalardı.
Beynəlxalq münasibətlər sisteminin
fundamental tədqiqatçısı Əli Həsənov əsərdəki
bütün nəzəri məsələləri praktik
göstəricilərlə əsaslandırır. Həm də bu praktik göstəricilər
birbaşa Azərbaycanın müasir milli inkişaf
faktları ilə müşayiət olunur. Belə
olduğu halda oxucu iki istiqamətdə - həm geosiyasətin beynəlxalq
nəzəri prinsipləri ilə, həm də müstəqil
Azərbaycan dövlətinin bu prinsiplər sistemində yerini
görmək istiqamətində biliklər əldə edir. Məsələn,
əsərin “Azərbaycan Respublikasının milli inkişaf
siyasətinin əsas prinsipləri, vəzifələri və
tələbləri” kimi bir bölməsi bizə bu gün
ölkəmizdə güclü dövlət yaratmaq və səmərəli
dövlət idarəçiliyi, ictimai-siyasi sabitliyin
yaradılması və qorunması, iqtisadi inkişafa nail
olunması, vətəndaş birliyi və cəmiyyətin
bölünməzliyi prinsipi, yüksək vətəndaşlıq
hissinin tərbiyə edilməsi, milli ideya birliyi, balanslı
xarici siyasət və tarazlı daxili inkişaf kimi məsələlərin
Azərbaycanda necə həyata keçirildiyini
inandırıcı illüstrativ faktlarla təqdim edir.
Əsərin maraqlı cəhətlərindən biri
budur ki, müəllif haqqında söhbət gedən məsələnin
tarixi inkişaf yolunda hər kəsin xidmətini qiymətləndirir
və bu inkişafın qaynaqlarını hörmətlə
xatırladır. Həm də bu məqamda xalqın iradəsi
əsas və təkanverici qüvvə kimi qiymətləndirilir.
Məsələn, ayrı-ayrı dövlətlərdə
xalqların və liderlərin - dövlət quruculuğunda, vətəni
qorumaq və bəzi kritik situasiyalarda onu xilas etmək
missiyasını üzərinə götürən
böyük insanların birləşdirici rolundan bəhs edən
müəllif belə bir missiyanı yerinə yetirənlərin,
konkret simaların xidmətlərini qeyd edir və bu anda həmin
xilaskarların istinad nöqtələrini xüsusi
vurğulayır. Belə bir misal: “XIX əsrin II
yarısı və XX əsrin əvvəllərində Azərbaycanın
maarifçi ziyalıları, 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti dövlətinin qurucuları və nəhayət,
1990-cı illərdə Heydər
Əliyev azərbaycançılıq ideyasına
müraciət edərək onu milli və birləşdirici təlimə
çevirməyə çalışmışlar. Məhz son mərhələdə Heydər
Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi
dövründə - azərbaycançılıq ideyası məzmunca
tamamlanaraq və zənginləşdirilərək, yeni
konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində
ölkə vətəndaşlarının və bütün
dünya azərbaycanlılarının birləşdirici və
səfərbəredici milli ideyası statusuna
qaldırıldı”. Və həqiqətən
də bu gün Azərbaycan xalqının bu milli ideologiyası
Heydər Əliyev tərəfindən müqəddəs bir
amal kimi ortaya qoyulmuş, formalaşdırılmış və
öz səmərəsini verməkdədir.
Dərsliyin
III fəsli Azərbaycan Respublikasının müasir geosiyasi
inkişaf xüsusiyyətlərini, geosiyasi statusu, vəzifələri
və perspektivlərini təhlilə cəlb edir. Bu yerdə
Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqaz, Orta Asiya, Rusiya və digər məkandakı
geosiyasi münasibətləri, birgə layihələr, bu
layihələrdə ölkəmizin üstünlükləri
təhlil edilir. Xüsusilə təbii iqtisadi
resursların gətirdiyi siyasi, iqtisadi dividendlər
araşdırılır. Bu yerdə “Azərbaycanın
planetar və regional geosiyasətinə həlledici təsir
göstərən əsas amillər” diqqətlə nəzərdən
keçirilir və müstəqilliyin bizə verdiyi imkanlar
geniş təhlilə cəlb olunur.
Bu fəsildə
habelə Azərbaycanın geosiyasi statusu və müasir
geosiyasi fəaliyyət kodeksinin bütün parametrlərini
araşdıran tədqiqatçı qürur doğuran belə
bir nəticəyə gəlir ki, “hazırda Cənubi
Qafqazdakı hər hansı regional məsələdə, nə
geosiyasi və geoiqtisadi imkanları zəif qiymətləndirilən
Gürcüstan, nə də ki, Rusiyanın “forpostu” hesab olunan
Ermənistan Azərbaycanla heç bir rəqabətə tab gətirə
bilmir”. Müəllif bunun səbəblərini
maraqlı illüstrativ faktlarla izah edir. Bir
tərəfdən Azərbaycanın tam müstəqillik faktı,
digər tərəfdən ölkə rəhbərliyinin
balanslaşdırılmış xarici siyasəti dövlətimizi
nəinki regionda, həm də beynəlxalq arenada
sayılıb-seçilən mövqeyə
çıxarmışdır. Müəllifin qənaətincə,
Azərbaycanın yeni geosiyasi reallıqlara və bundan irəli gələn
qlobal çağırışlara operativ reaksiyası,
praqmatik fəaliyyəti ölkənin geosiyasi
inkişafını təmin edən faktorlar sırasında
mühüm yer tutmaqdadır.
Dərsliyin II bölməsi, bu bölmənin fəsilləri
və ayrı-ayrı hissələri Azərbaycanın beynəlxalq
aləmlə geosiyasi münasibətlərini təhlilə cəlb
edir. Bu məqamda ölkəmizin Avrasiya, ABŞ, Avropa
İttifaqı, Türkiyə, İran və digər ölkələrlə
geosiyasi münasibətləri real faktlar əsasında
araşdırılır və qiymətləndirilir.
Burada, habelə, postsovet - MDB məkanı, Orta Asiya və Xəzərətrafı
dövlətlər, Qara dəniz hövzəsi dövlətləri...
ilə Azərbaycanın geosiyasi maraqları ətrafında bu
gün hər kəsin bilməsi vacib olan məqamlara
elmi-politoloji baxış çox maraqla oxunur.
Eyni dövlətləri və eyni regionları bu dəfə
geoiqtisadi münasibətlər bucağından təhlil edən
III bölmənin Azərbaycanın iqtisadi münasibətdə
olduğu ölkələrin geoiqtisadi maraqlarının elmi təhlilləri
bu sahə ilə məşğul olan hər kəsi maarifləndirmək,
öz işində nələrə diqqət etməyin vacib
olduğunu bilmək mənasında da mühüm əhəmiyyət
kəsb edir.
Bir az da konkretləşdirsək deyə bilərik ki, III
bölmə özünün ayrı-ayrı fəsilləri və
paraqrafları ilə Xəzər hövzəsi və Cənubi
Qafqazın geoiqtisadi xarakteristikasını, bölgənin
müxtəlif parametrlərdən iqtisadi imkanları və
iqtisadi maraqları, bu sırada ölkəmizin dövlət
maraqlarını ifadə edən məsələlər, indi
bizim üçün çox böyük əhəmiyyət
kəsb edən Xəzərin hüquqi statusu, müstəqil
Azərbaycanın enerji resurslarının sərbəst
istehsalı və bunun H.Əliyev konsepsiyasına uyğun nəticələri,
transmilli enerji ixracının uğurları və problemləri
və s. kimi fundamental məsələlərə diqqət
yetirir.
Kitabda ölkəmizlə bağlı təhlil edilən
bütün məsələlər taleyüklüdür və
milli maraqlarımızın ümumi sisteminə
çevrilmiş bu məsələlərin elmi-nəzəri
şərhi, habelə praktik sahədəki mövcud vəziyyətinin
aydın təhlilləri dövlət maraqlarımızı
düşünən hər kəs üçün qiymətlidir. Lakin
sözün əsl mənasında fundamental bir məsələ
də var ki, onun inkişafı dövlətin
varlığını təmin edir. Bu da
Azərbaycanın ordu quruculuğu və ölkənin xarici aləmlə
hərbi-geostrateji münasibətləridir. Müəllif əsərin IV bölməsində
bütün addımlarda düşünülmüş siyasi
xət yeritmək tələb olunan bu məsələnin beynəlxalq,
regional və milli təhlükəsizlik siyasətinin əsasları
ətrafında geniş söhbət açır. Belə məqamda tədqiqat prinsiplərinə
uyğun olaraq, müəllif ilk növbədə beynəlxalq
təhlükəsizlik siyasətinin əsasları ətrafında
geniş araşdırma aparır. Bununla
bağlı tədqiqatın ilk hissəsi beynəlxalq təhlükəsizlik
sistemi, onun formalaşması, hüquqi əsasları, mahiyyəti,
geosiyasi ölçüləri və tələblərini
izah edir. Müəllif aydın bir üslubda dövlətlərin
tarixən öz təhlükəsizliyini qorumaq
üçün ayrı-ayrı təşkilatlarda birləşməsini
və bu prosesin müasir dövrdə yaratdığı
formatların - hərbi-siyasi ittifaqlar, koalisiyalar, o cümlədən,
İkinci Dünya müharibəsindən sonra yaradılan BMT,
NATO, Varşava Müqaviləsi Təşkilatı, ən
müasir dövrün ATƏT və s. təşkilatları,
onların tarixi və indiki fəaliyyəti haqqında bizə
bilgilər verir. Bu sırada müəllifin beynəlxalq təhlükəsizlik
anlayışı ilə bağlı izahı çox
aydın və maraqlıdır: “Beynəlxalq təhlükəsizlik
dedikdə, geosiyasətdə ilk növbədə, beynəlxalq
münasibətlər sisteminin və beynəlxalq hüququn
müharibə və silahlı münaqişələrdən,
dövlətlərarası qarşıdurma və qeyri-sabitlikdən
qorunması, dünya sisteminin əsas subyektlərinin - dövlətlərin
qarşılıqlı şəkildə
tarazlaşdırılmış milli maraq və milli təhlükəsizliyinin
təminatı sistemi başa düşülür”. Bu kontekstdən çıxış edən tədqiqatçı
beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsiplərinin
BMT Nizamnaməsinə uyğun müddəalarını şərh
edir. Bununla yanaşı, ATƏT-in
missiyası, bu missiyanın aparıcı prinsipləri və
bu sahəyə dair digər təşkilatların fəaliyyətini
təhlil edir.
Professor Əli Həsənov həyatda olduğu kimi, elmi
əsərlərində də böyük polemika mədəniyyəti
göstərir. Məsələn, müəllif BMT Təhlükəsizlik
Şurasının vəzifə və öhdəliklərini
təhlil edərkən bu təşkilatın və
bütövlükdə BMT-nin müasir dövrə yaramayan sənədlərinə
tənqidi yanaşma zamanı mütəxəssislərin
fikirlərini qabağa çəkir; bununla həm öz
sözünü demiş olur, həm də oxucunu daha dərindən
inandıra bilir. Belə anlardan birini misal çəkmək
yerinə düşərdi: “Mütəxəssislər
müasir beynəlxalq təhlükəsizlik sistemini həddən
artıq qeyri-təkmil, fəaliyyətini isə səmərəsiz
hesab edirlər. Onların fikrincə, BMT
TŞ-nin qərarvermə prinsipləri və metodları
münaqişəli halların qarşısının
alınmasında, beynəlxalq və regional təhlükəsizliyə
qarşı təhdidlərlə mübarizədə operativ
müdaxilə imkanı vermir. Bu qurum həm də öz
nizamnamə öhdəliyinə uyğun olaraq, nəinki
ayrı-ayrı ölkələrə faktiki təhlükəsizlik,
xarici hərbi müdaxilələrdən qorunma və s. sahələrdə
təminat verə bilmir, hətta özünün
yürütdüyü səbatsız, müxtəlif
standartlı, prinsipsiz siyasət nəticəsində, məsələn,
Ermənistan kimi cırtdan bir ölkəni beynəlxalq
hüququn ən əsas normasına tabe etdirə bilmir. Mütəxəssislər
bu vəziyyəti onunla əlaqələndirirlər ki, BMT
TŞ-nin hazırkı daimi üzvlərini öz milli
maraqlarından və onlara bilavasitə aid olan məsələlərdən
başqa heç nə düşündürmür”. Bu həqiqəti
hər kəs və xüsusilə diplomatiya üzrə təhsil
alan gənc tələbələr
yaxşı bilməlidirlər. Çünki Azərbaycana bu
günkü ikili yanaşma prinsipinin başında elə BMT
özü durur...
Lakin istər BMT-nin, istərsə də bir sıra digər
təşkilatların ölkəmizə münasibətdə
ikili standartlardan çıxışları sarsılmaz
dövlətçilik məktəbi yaratmış Heydər
Əliyevin siyasətini və bu siyasətin müasir
davamçısı İlham Əliyevin fəaliyyət
prinsiplərini sarsıda bilməz. “Azərbaycanın geosiyasəti” əsərinin
müəllifi belə bir məsələni xüsusi qeyd edir
ki, “Azərbaycan 1993-cü ildən başlayaraq prezident Heydər
Əliyevin rəhbərliyi altında öz praqmatik təhlükəsizlik
siyasətini və tarazlaşdırılmış xarici siyasət
fəaliyyətini formalaşdıraraq, ilk növbədə
müstəqil bir dövlət kimi dünya sistemindəki məxsusi
yerini, beynəlxalq münasibətlər sahəsində təmsilçiliyinin
strateji məqsədlərini və taktiki vəzifələrini,
xarici aləmlə əlaqələrinin, xarici təhlükəsizlik
siyasətinin konturlarını, prioritetlərini müəyyən
etdi, qabaqcıl xarici ölkələrlə... əməkdaşlıq
xəttini müəyyənləşdirdi”. Müəllif
bu yerdə Azərbaycan dövlətinin təhlükəsizliklə
bağlı xarici siyasətinin əsas vəzifə və
istiqamətlərini on bir istiqamət üzrə geniş təsnifatını
verir. Geniş təfərrüata varmadan
qeyd edərdik ki, bu fəaliyyət istiqamətləri
müasir dövlətçiliyin praktik fəaliyyət
parametrlərinin beynəlxalq ölçüləri kimi
ayrıca maraq doğurur.
Daha sonra
bölmədəki fəsil və paraqraflarda Azərbaycanın
hərbi təhlükəsizlik siyasəti, sərhəd təhlükəsizliyi,
enerji təminatı, geoiqtisadi müstəqilliyi, ictimai-siyasi,
sosial, etnik və milli insan ehtiyatlarının təhlükəsiz
istifadə və idarə olunması, ölkənin ərzaq təhlükəsizliyi,
informasiya təhlükəsizliyi,
ekoloji təhlükəsizlik kimi geniş miqyaslı məsələlər
ətrafında təhlillər aparılır.
Bu
sırada Azərbaycanın informasiya təhlükəsizliyi
siyasəti müasir jurnalistlərimiz üçün də iki
istiqamətdən maraq doğurur. Birincisi, dərslik müəllifinin
dediyi kimi, “XXI əsrin əvvəllərindən dünyada cərəyan
edən əsas geosiyasi proseslərin idarə edilməsi, beynəlxalq
münasibətlərin tənzimlənməsi, ölkələrin
milli təhlükəsizliyinin təmin olunması və s. məsələlərdə
ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi,
iqtisadi, siyasi, sosial və s. problemlərlə yanaşı,
dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi
məsələsi də ciddi müzakirə olunur”. Dərhal qeyd edək ki, hər hansı bir ölkənin
informasiya təhlükəsizliyi informasiya
texnologiyasının indiki inkişaf həddində prioritet məsələlərdəndir.
Müasir rus tədqiqatçısı S.P.Rastorquevin
də fikrincə, indiki çağda soyuq müharibə
yalnız informasiya vasitəsilə aparılır. Belə halda ölkənin informasiya təhlükəsizliyinin
prioritetliyi heç də təəccüb doğurmur. “Ölkənin informasiya təhlükəsizliyi”
dedikdə, əsasən, məqsədyönlü şəkildə
istər xaricdən, istərsə də daxildən ölkəyə
qarşı yönəldilmiş ziyanlı informasiyalardan
müdafiə cəhdi nəzərdə tutulur” (S.P.Rastorquev).
Təsadüfi deyil ki, bu gün dünyanın bir sıra
güc dövlətlərində, o cümlədən, Rusiya,
ABŞ və Avropa ölkələrində “informasiya müharibəsi”,
“informasiya qarşıdurmasının aktual problemləri”,
“informasiya - psixoloji savaş”, “informasiya müharibəsinin fəlsəfəsi”,
“informasiya silahı” və s. problemlər ətrafında ciddi
tədqiqatlar aparılır. Əli Həsənov öz tədqiqatında
məsələyə ciddi istiqamət verərək göstərir
ki, “qloballaşmanın vüsət aldığı, virtual
informasiya məkanının günü-gündən
genişləndiyi, milli informasiya mühitinin pozulduğu, milli
dəyərlərin meyarlarının və sədlərinin
“universallaşdığı” müasir dünyada beynəlxalq
və yerli ictimai rəyin təyin olunması, siyasi proseslərin
məqsədli yönləndirilməsi günü-gündən
aktuallaşır. Transmilli informasiya siyasəti və
milli sədləri asanlıqla aşan beynəlxalq təbliğat
fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə,
daxili həyatına, milli cəmiyyətlərin vəziyyətinə
ciddi təsir göstərir”. Müəllif Azərbaycanın
müstəqillik dövrünün ilk çağlarından
gətirdiyi aydın misallarla belə bir “təbliğatın”
ölkəmizdən də yan keçmədiyini, bunun fəsadlarını
oxucuya çatdırır, 1990-cı illərin birinci
yarısından ölkənin informasiya təhlükəsizliyi
ilə bağlı görülən tədbirlər
haqqında maraqlı fikirlər deyir: “Prezident Heydər
Əliyevin bu sahədəki siyasətinin nəticəsi olaraq
“keçən iyirmi ildə Azərbaycanda milli informasiya siyasəti
və təhlükəsizliyi sahəsində müəyyən
qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət
proqramları və s. sənədlər qəbul edilib,
çoxsaylı praktiki addımlar atılıb və işlər
görülüb”.
Bütün
bu görülən və hələ zamana uyğun olaraq
görüləcək işlər əsərdəki “Azərbaycanın
dövlət informasiya siyasətinin əsasları: müstəqil
kütləvi-informasiya vasitələrinin
formalaşdırılması siyasəti və
informasiya-kommunikasiya texnologiyalarının inkişafı” kimi
maraqlı bir hissədə öz geniş təhlilini
tapmışdır. Bu sahədə aparılan tədqiqatdan
belə bir nəticə hasil olur ki, “Azərbaycan
Respublikasının milli təhlükəsizliyi bu gün də
ümumölkə səviyyəsində hərtərəfli
informasiya təhlükəsizliyinin təmin olunmasından əhəmiyyətli
dərəcədə asılıdır. Odur ki, fikrimizcə,
ölkənin gələcək informasiya Konsepsiyasında
müasir qlobal dünyanın çağırışları,
Azərbaycanın sabit, təhlükəsiz və dinamik
inkişaf səviyyəsini əks etdirən effektli informasiya təhlükəsizliyi
siyasəti və fəaliyyəti öz əksini tapacaq,
dövlətin informasiya təhlükəsizliyi siyasətinin əsasları
sistemləşdiriləcək, hakimiyyət orqanlarının
mövcud sahədəki fəaliyyət istiqamətləri dəqiqləşəcək
və qarşıda duran vəzifələr müəyyən
olunacaqdır”.
Göründüyü kimi, müəllif bütün əsər
boyu faktları konstatasiya etmək yolu ilə deyil, onları
araşdırıb ümumiləşdirmək və problemlərin
həlli yollarını göstərən fikir və
mülahizələr sistemini təqdim etməklə oxucunun
maariflənməsinə xidmət etmişdir.
“Azərbaycanın geosiyasəti” əsəri öz strukturu və məntiqi ardıcıllığı ilə də diqqəti cəlb edir. Müəllif tədqiqatında dünyanın aparıcı dillərində olan etibarlı və səviyyəli 300-dən çox elmi ədəbiyyata müraciət etmişdir. Bu istiqamətdə əsərin elmi-nəzəri mahiyyəti böyük əhəmiyyət daşıyır. Problem birbaşa Azərbaycanın geosiyasəti ilə bağlı olduğu üçün ölkə gerçəkliyindən alınan misallar nəzəriyyənin praktik göstəricilərini təmin edir və bitkin bir tədqiqatın ortaya qoyulmasına səbəb olur.
“Azərbaycanın geosiyasəti” dərsliyinin elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirovu elmi-ictimai-politoloji mühit çox yaxından tanıyır və onun elmi redaktorluğu kitabın daha etibarlı mənbə olduğuna bir daha zəmanət verir.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri, professor Novruz Məmmədov, tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru Hikmət Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov dərsliyin rəyçiləridir. Ümumiyyətlə, tədqiqatçı Əli Həsənov özünün dərslik və monoqrafiyalarında araşdırdığı sahənin tanınmış alimlərini kitaba elmi redaktorluğa, əsərə rəy verməyə cəlb edir və bu cəhət onun həm də elmi mühitə inamının ifadəsi kimi qiymətləndirilir.
Kitab “Zərdabi LTD” MMC-də nəşr edilmişdir. Xüsusi qeyd etmək istərdik ki, 66 çap vərəqi (1056 səhifə) həcmində bu kitabı nəşriyyat nəfis tərtibatda və müasir yüngül çəkili kağızda çap etmişdir.
Sonda onu da qeyd edim ki, “Azərbaycanın geosiyasəti” dərsliyinə dair bu məqalə xeyli vaxtdan bəri yazı masamın üstündədir. Məqalənin dərc olunmağa məhz indi təqdim edilməsi tələbələrin yay tətilindən qayıtması ilə əlaqədardır. Universitetlərin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrinə belə bir maraqlı dərsliyin ortada olmasını bildirməyi də özümə borc bildim. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu dərslik dövlətimizi, Azərbaycanımızı sevən hər kəs üçün qiymətli bir əsərdir və onun artıq stolüstü bir kitaba çevrildiyinə əminəm.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 19 sentyabr.- S.14-15-16